Category: Cəmiyyət

  • Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Verilən xəbərə görə, aprelin 23-ü gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Bu gecə Bakıda bu ünvanlarda təmir işlərinə başlanacaq

    Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, bu çərçivədə yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraq Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər), Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə – Nərimanov metrosu istiqaməti) təmir işlərinin aparılması nəzərdə tutulur.

    Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

  • Məktəblidən şok etiraf: “Bufetdəki yeməkdən zəhərlənmişik” – Video

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.

    Yoxlamaların nəticələrinə əsasən, 263 məktəbdə sanitariya qaydalarının pozulduğu, 23 məktəbdə istifadə müddəti bitmiş, beş məktəbdə isə satışı qadağan olunmuş məhsulların olduğu müəyyən edilib.

    Məktəblilərdən biri bufetlərdəki vəziyyətlə bağlı narazılığını BAKU TV-yə belə ifadə edib: “Bufetdəki yeməklər çox pisdir. Keçən dəfə sinif yoldaşım hot-doqdan zəhərlənmişdi”.

    Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb: “Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib. Eyni zamanda məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə, həmçinin regional təhsil idarələrinə məktublar ünvanlanıb”.

  • Bazarlarda bu məhsullar UCUZLAŞDI – Video

    Paytaxtın”8-ci kilometr” bazarında mövsümi tərəvəzlərin qiyməti aşağı düşüb. Lobyanın kiloqramı 8 manat, badımcam 1-2.50, təzə kartof 1.50-1.80 , çiyələk 3 manatdan təklif olunur.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, iki həftə əvvəllə müqayisədə bazarda qiymət ucuzlaşsa da alıcı qıtlığı var.

    Bazarda bolluq olsa da alıcı qıtlığı kameramızın obyektivindən də yayınmadı. Meyvələrin qiymətində isə ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvələrin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.

    Kənd yumurtasının 1 ədədi 25 qəpik, pomidor 3, xiyar 1.50 -2.50 dək yüksəlir. Kələm 1.50 qəpk, təzə üzüm yarpağı 4 manat, rəngi bibərlərin qiyməti 3 manatdan təklif olunur.

    Satıcılar deyirlər ki, əvvəlki aylara nisbətən qiymətlər tədricən enir. Yaxın günlərdə bir çox məhsulun qiymətində də ucuzlaşma daha çox olacaq.

  • Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə aprelin 7-də keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

    Bu barədə DİM-dən məlumat verilib.

    Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz və Şəmkir regional bölmələrindən əldə etmək üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

  • Sabah 25° isti olacaq

    Aprelin 23-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

  • Güclü yağış və sel XƏBƏRDARLIĞI

    Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Bu ət mağazasında nöqsanlar aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Sübhi Firudin oğlu Kişiyevə məxsus ət satışı mağazasında yoxlama keçiriblər.

    AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub. Eyni zamanda, mağazada sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

  • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib

    Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qərar 2 və 1 ulduzlu hotellərə şamil olunub.

    Belə ki, üç 2 ulduzlu və bir 1 ulduzlu hotelin kateqoriyası ləğv edilib. Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin sayı 279-dan 275-ə düşüb.

    Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduzlu hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 73 %-ni təşkil edir.

  • Göygöldə qanunsuz tikintinin qarşısı alındı

    Göygöl rayonunun Firuzabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikili sökülüb.

    Monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.

    Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.