Category: Cəmiyyət

  • Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb

    Aprelin 21-də “Bakı Metropoliteni” QSC-də yaranan texniki insident səbəbindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) təxirəsalınmaz tədbirlər həyata keçirib.

    Bu barədə AYNA-dan bildirilib.

    Belə ki, Agentlik daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

    “Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır və bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır. Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun “Elmlər Akademiyası”, “Nizami”, “28 May”, “Gənclik”, “20 Yanvar”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir”, – məlumatda qeyd olunub.

  • Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək

    Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Muğanlı-İsmayıllı yolu YEDDİ GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

    Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    “Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər”, – məlumatda qeyd olunub.

  • Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI

    Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

    Median.Az “Bakupost”a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

    “Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.

    Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox məşhurlaşıb.

    Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

  • Yağıntılar fəsad yarada bilər: Ekoloqdan ciddi xəbərdarlıq

    Azərbaycanda son günlər müşahidə olunan intensiv yağıntılar fonunda çaylarda su səviyyəsi yüksəlib, bəzi bölgələrdə isə daşqın riski artıb.

    Mövcud yağıntılı dövrün davam edəcəyi halda, daşqın riskinin azaldılması üçün hansı qabaqlayıcı tədbirlər daha effektiv hesab olunur?

    Məsələ ilə bağlı Median.Az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, ölkə ərazisi artıq yağıntılı iqlim mərhələsinə daxil olub.

    Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacı başda olmaqla, bir sıra bölgələrdə intensiv yağışlar müşahidə olunur və bu proses təbii iqlim dövriliyi ilə bağlıdır.

    Ekoloq qeyd edib ki, hazırkı vəziyyət Atlantik okeanından gələn rütubətli hava kütlələrinin təsiri ilə yaranıb və bu yağıntılar təkcə Azərbaycanı deyil, Cənubi-Qərbi Avrasiya və Aralıq dənizi hövzəsindən İrana qədər geniş əraziləri əhatə edir.

    Ənvər Əliyevin fikrincə, bu hal iqlim dəyişikliklərindən daha çox təbiətdə baş verən dövri proseslərin nəticəsidir.

    Ənvər Əliyev əlavə edib ki, yağıntıların artması ölkə çaylarında daşmalara səbəb olub. Xüsusilə Kür çayı hövzəsində vəziyyət gərgin olaraq qalır. Onun sözlərinə görə, su anbarları, o cümlədən Mingəçevir su anbarı artıq maksimum həddə çatıb və əlavə su qəbul etmək imkanları məhdudlaşıb.

    Ekoloq xəbərdarlıq edib ki, xüsusilə şimal-şərq bölgələrində, o cümlədən Quba-Xaçmaz zonasında güclü yağıntılar daşqınlara və təbii fəlakətlərə səbəb ola bilər. Eyni zamanda Kür çayının aşağı axınında – Neftçala və Səlyan rayonlarında da vəziyyətin mürəkkəbləşdiyi qeyd olunur. Bu ərazilərdə təkcə çay daşmaları deyil, həm də qurunt sularının qalxması nəticəsində yaşayış evlərinə ziyan dəyir.

    Mütəxəssis sonda bildirib ki, problemin qarşısını almaq üçün çay qollarının tənzimlənməsi və texniki tədbirlərin görülməsi vacibdir. Əks halda, yağıntıların davam etməsi daşqınların daha geniş miqyas almasına səbəb ola bilər.

    Dəniz Pənahova
    Median.Az

  • Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı – Video

    Aprelin 20-də Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti açıqlanıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, üzərinə spirt tökülərək yandırılan 9-cu sinif şagirdinin vəziyyəti ağırdır, onun həyatda qalması üçün qan axtarılır.

    Bu barədə zərərçəkənin bibisi Nərgiz Vəliyeva məlumat verib. O qeyd edib ki, yeniyetmənin sifət, baş, sinə, hər iki qolları, bütün qarnı və kürəyi, ümumilikdə bədəninin 66%-i yanıb: “Böyrək çatışmazlığı başlayıb. Çox pis vəziyyətdəyik”.

    “Xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib.

    Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

  • “İzini itirən NEFT”: İran sanksiyaları necə “aldadır”?

    “Bloomberg” agentliyi gəmiçilik məlumatlarını təhlil edən şirkətlərə istinadən bildirir ki, İran ABŞ sanksiyalarına baxmayaraq, hələ də öz neftini ixrac etmək imkanına malikdir. İqtisadi hesablamalar göstərir ki, daşınan bu yüklərin ümumi dəyəri təxminən 910 milyon dollar civarındadır.

    Bu göstəricilər ABŞ-ın dənizdəki hərbi nəzarət cəhdlərinə baxmayaraq, Tehranın neft ticarətini effektiv şəkildə davam etdirdiyini nümayiş etdirir.

    ABŞ sanksiyalarına baxmayaraq İranın neft ixracını davam etdirməsi nə ilə izah olunur?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən amerikalı politoloq İrina Tsukerman bildirib ki, İran neft ixracını davam etdirə bilib, çünki illər ərzində əvvəllər sadə kommersiya fəaliyyəti olan prosesi daha çevik, daha qeyri-şəffaf və qəti şəkildə dayandırılması çətin olan bir sistemə çevirib.Amerikalı siyasətçinin sözlərinə görə, bu sistem artıq proqnozlaşdırılan axınla deyil, daimi uyğunlaşma prinsipi ilə fəaliyyət göstərir. Heç nə düz xətt üzrə hərəkət etmir, heç nə tək bir kimliyə əsaslanmır və heç nə başlanğıcdan son nöqtəyə qədər sabit tərəfdaşlar zəncirinə bağlı deyil.

    Tsukerman əlavə edib ki, İrandakı terminaldan yola çıxan bir yük çox vaxt alıcıya çatana qədər bir neçə dəfə dəyişən və mürəkkəb prosesdən keçir. Bu daşımada iştirak edən tanker gəmiləri adətən sabit kommersiya profilini qoruyub saxlamır. Onların mülkiyyət strukturları “şirkət-qabıq” sxemləri vasitəsilə dəyişir, qeydiyyat məlumatları yenilənir və izləmə siqnalları hər zaman fasiləsiz hərəkəti əks etdirmir.

    Siyasətçi onu da vurğulayıb ki, dənizdə yük tez-tez gəmilər arasında ötürülür, bəzən bu proses bir neçə dəfə təkrarlanır. Bu da ilkin yükün bölünməsinə, yenidən birləşdirilməsinə və ya faktiki olaraq başlanğıc nöqtəsindən “ayrılmasına” imkan yaradır.

    “Nəticədə neft emal zavoduna yaxınlaşdıqda, o artıq qarışıq bir axının tərkib hissəsi kimi və ya sənədlərdə İranla birbaşa əlaqəni dərhal müəyyən etməyi çətinləşdirən formada təqdim oluna bilər”, — deyə siyasətçi sonda yekunlaşdırıb.

    Dəniz Pənahova
    Median.Az

  • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi

    Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni cərimələyib.

    Bu barədə AMB məlumat yayıb.

    Bildirilib ki, buna səbəb 01.09.2025 – 17.10.2025-ci il tarixlərində həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanmasıdır.

    Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələrinə əsasən, hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min) manat məbləğində cərimə edilib.

  • Gömrük Komitəsində maliyyə nöqsanları aşkarlandı

    Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə nöqsanlar aşkarlayıb.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb.

    Audit 2023–2025-ci illəri əhatə edib.

    Qeyd edilib ki, bu dövrdə daxilolmalar 240,7 mln. manat, xərclər isə 238,8 mln. manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68,5 mln. manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5,7 mln. manat) və digər xərclərin artırılması (37,8 mln. manat) hesabına formalaşıb.

    Audit zamanı müəyyən edilib ki, 24,6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda “Azərterminalkompleks” Birliyinin hesabında saxlanılıb.

    İnzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib. Eyni zamanda, 602,3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.

    Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.

    Yeni inzibati binanın tikintisi üzrə 17,9 mln. manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb. Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746,9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.

    Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.

    Auditin nəticələrinə əsasən 966,1 min manat dövlət büdcəsinə qaytarılıb, 828,2 min manat natura formasında bərpa edilib, 3,2 mln. manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.

  • Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

    Həftəsonu 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

    İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4 171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

    Qeyd edək ki, aprelin 26-da Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.