Category: Cəmiyyət

  • Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb

    Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası tərəfindən bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub. İdarədə müraciət əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, araşdırma gedir.

    Qeyd edək ki, Hesablama Palatasının bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinə dair auditində subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib. Audit 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edib. Hesabata görə, məhv olmuş əkin sahələrinə görə 10.1 milyon manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3.7 milyon manat subsidiya ödənilib. Bundan başqa, 157 min hektar torpaq sahəsi üzrə 34.55 milyon manat, 19 fermer üzrə isə 24.2 milyon manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi bildirilib.

    Palata, həmçinin qeyd edib ki, bəzi hallarda məhsul subsidiyaları və texnika güzəştləri üzrə də artıq ödəmələrə yol verilib, subsidiyaların bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürülüb. Audit zamanı 18.8 milyon manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.

    Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə öhdəlikləri yaradan nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verib.

  • Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək

    Sabah saat 10:00-dan etibarən Zaqatala şəhəri və Car, Zilban, Kebeloba, Aşağı Tala, Yuxarı Tala, Çökək kəndlərində 11 250 əhali və 150 qeyri-əhali abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin üzərində ölçü (balans) qovşağının quraşdırılması ilə əlaqədardır.

    İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • Abituriyentlərin NƏZƏRİNƏ: DİM-in sınaq imtahanına qeydiyyat bu gün BAŞA ÇATIR

    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Bu imtahan DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır.

    Bu barədə DİM-in yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, imtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.

    “Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələri tövsiyə olunur.

    Sınaq imtahanına qeydiyyat bu gün başa çatır. İştirakçılar saat 23:59-dək imtahana yazıla bilərlər.

    Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 manat) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

    Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “imtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “qeydə al” düyməsi basılır”, – deyə məlumatda bildirilib.

  • İmişlidə canavarlar kəndə hücum ediblər – Video

    İmişli rayonunda canavarlar kəndə hücum ediblər.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində baş verib.

    Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar.

    Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir olur.

  • Bakıda internat məktəbinin yataqxanasında YANĞIN OLDU – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kv.m sahədə deformasiya edib.

    Yataqxana binası yanğından mühafizə olunub.

    Xəsarət alan olmayıb.

  • Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb

    Bakı şəhərində sərnişin sıxlığının azaldılması məqsədilə bir sıra marşrut xətlərinə əlavə avtobuslar buraxılıb.

    Bu barədə “BakuBus” MMC-dən bildirilib.

    Qeyd olunub ki, 22 aprel 2026-cı il tarixində sərnişin axınının tənzimlənməsi üçün aşağıdakı marşrutlar üzrə əlavə nəqliyyat vasitələri xəttə çıxarılıb:

    Belə ki, 500 saylı marşrut üzrə 3 avtobus ayrılıb. Onlardan ikisi “Elmlər” – “Nizami” – “28 May” – “Koroğlu” – “Neftçilər”, biri isə “28 May” – “Koroğlu” – “Əhmədli” – “Ukrayna dairəsi” istiqamətində fəaliyyət göstərir.

    503 saylı marşrut üzrə 2 avtobus “Elmlər” – “Nizami” – “28 May” – “Koroğlu” xətti üzrə xidmətə cəlb olunub.

    508 saylı marşrut üzrə 1 avtobus “Elmlər” – “28 May” – “Koroğlu” – “Neftçilər” istiqamətində hərəkət edir.

    140 saylı marşrut üzrə 2 avtobusdan biri “Koroğlu” – “28 May” istiqamətində fəaliyyət göstərir.

    150 saylı marşrut üzrə 2 avtobus “Koroğlu” – “28 May” xətti üzrə sərnişin daşınmasını həyata keçirir.

    141E saylı marşrut üzrə 1 avtobus “Koroğlu” – “28 May” istiqamətində xəttə buraxılıb.

    49 saylı marşrut üzrə 3 avtobus “Ukrayna dairəsi” – “28 May” istiqamətində (Heydər Əliyev prospekti ilə) fəaliyyət göstərir.

    46 saylı marşrut üzrə 3 avtobus ayrılıb. Onlardan biri Əhmədli – Günəşli, ikisi isə Əhmədli – “28 May” (8 Noyabr prospekti ilə) istiqamətində hərəkət edir.

    62 saylı marşrut üzrə 3 avtobusdan biri Əhmədli – Tusi, ikisi isə “Koroğlu” – Sadıqcan xətti üzrə fəaliyyət göstərir.

    11 saylı marşrut üzrə 2 avtobus “Koroğlu” – Sadıqcan istiqamətində sərnişinlərə xidmət edir.

    2 saylı marşrut üzrə 2 avtobus Avtovağzal istiqamətində 13 saylı marşruta dəstək məqsədilə xəttə çıxarılıb.

    139 saylı marşrut üzrə 1 avtobus 13 saylı marşruta “Koroğlu” istiqamətində kömək üçün ayrılıb.

    163 saylı marşrut üzrə 1 avtobus isə 7B saylı marşruta “Koroğlu” istiqamətində dəstək göstərir.

    3 saylı marşrut üzrə 2 avtobus “Elmlər” – Badamdar istiqamətində fəaliyyət göstərir.

  • Sənəd dəyişdirildi, evlər satıldı – Video

    Evi ola-ola evsiz qaldığını iddia edir…

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aşıq Alı küçəsinin sakini Sevda Bayramovanın başına gəlib.

    Onun sözlərinə görə, 6 sot torpaq sahəsi alaraq 2013-cü ildə iki övladı üçün ayrı-ayrı ev tikib. Lakin 2023-cü ildə qapıları döyülən ailəyə evin başqa sahiblərinin olduğu bildirilib.

    Bir həyətdə iki ayrı-ayrı ev tikdiyini deyən Sevda Bayramova qeyd edib ki, 2023-cü ildə naməlum şəxslər ondan yaşadığı evi tərk etməyi tələb ediblər.

    Belə ki, Sevda xanımın kiçik oğlu torpağı girov qoyaraq pul götürüb. İddiasına görə, övladı borcunu ödəsə də, girov qoyulan torpağın sənədi dəyişdirilib.

    Bundan sonra ailəyə məxsus iki ev Emin Rəsulov və Mübariz Bəbirov vasitəsilə Tofiq Səmədov və Səbuhi Abbasova satılıb.

  • Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

    Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.

    Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.

    Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9.52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1.28 milyon manat artıq ödəniş müəyyən olunub.

    Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.

    Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.

  • Ədəbiyyatda yeni dövr: Süni intellekt artıq yazı prosesinə daxil olur? – Yazıçıdan AÇIQLAMA

    Süni intellektin sürətli inkişafı artıq onun yazılı mətnlər, hətta hekayə və kitablar yarada bilməsini mümkün edib. Bu vəziyyət ədəbiyyatın gələcək istiqaməti ilə bağlı müxtəlif suallar ortaya çıxarır. İnsan təcrübəsindən qaynaqlanmayan bir texnologiyanın yazdığı əsərlərin oxucuya necə təsir edəcəyi isə hələ də müzakirə olunur. Buna görə də gələcəkdə kitabların süni intellekt tərəfindən yazılıb-yazılmayacağı maraq doğuran əsas mövzulardan biri kimi qalır. Gələcəkdə süni intellekt vasitəsilə kitablar yazıla bilərmi?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən yazıçı, tərcüməçi Cəlil Cavanşir bildirib ki, süni intellekt artıq bütün sahələrdə insanın əsas köməkçilərindən birinə çevrilib.
    Onun sözlərinə görə, yaradıcılıq sahəsində də süni intellekt insanın işini xeyli asanlaşdırıb.

    “Süni intellekt hazırda mahnı bəstələyir, tərcümə edir, istənilən dizayn işini görür, hətta film çəkir. Eyni zamanda ədəbiyyat və kitab sahəsinə də kifayət qədər nüfuz edib. Dünya da onlarla nümunə var ki, süni intellekt kitabın ərsəyə gəlməsində iştirak edir. Amma bədii yaradıcılıq bir qədər fərqlidir. Hazırda heç bir süni intellekt aləti mənim hekayəmi, əhvalatımı danışacaq gücdə deyil. Ədəbiyyata bu tərəfdən baxsaq, süni intellekt bizim üçün hələki heç bir qorxusu yoxdur. Süni intellekt mənim yazacağım hisslərlə, emosiyalarla, yazacağım əsərin məğziylə tanış deyil”.

    Yazıçı bildirib ki, o, yalnız düzgün hazırlanmış promtlar vasitəsilə müəyyən məsələlərdə süni intellekt alətlərindən istifadə edərək dəstək ala bilər.
    “Süni intellekt vasitəsi ilə bu gün də kitab yazılır, kitab bazarımızda da bunun örnəkləri az da olsa var. Amma süni intellekt ədəbiyyat yarada bilmir, yaratsa da bu süni olur və dərhal hiss olunur. Ədəbiyyat təbii intellektin və zəkanın məhsuludur. Ona görə süni intellektin gələcəkdə ədəbiyyat yarada biləcəyinə inanmıram. Amma dünyada hər gün yüzlərlə kitab süni intellekt tərəfindən yazılır və yazılmağa davam edəcək”.

  • Bu minib-düşmə yeri” sürücülərə problem yaradır – Video

    Durmaq qadağandır yazılsada, avtomobillər park edilib…

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu ərazisində yaradılan “minib-düşmə yeri”ndən gedir. Sürücülər yalnız dayanmaq üçün nəzərdə tutulan yerdə avtomobillərini park edirlər. Bu da digər sürücülərə çətinlik yaradır.

    Sürücülər yaranan vəziyyətlə bağlı narazılıqlarını dilə gətiriblər. Əsasən taksi sürücüləri bu problemlə üz-üzə qalırlar.

    Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirildi ki, sözügedən ərazidə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda yol hərəkəti əleyhinə qayda pozuntularının qarşısının alınması istiqəmətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Bununla yanaşı, aidiyyəti qurumla birgə aparılmış təhlillərin nəticəsinə uyğun olaraq qeyd edilən yolda əlavə nizamlama vasitələrinin də tətbiq edilməsi nəzərdə tutulur.