Category: Cəmiyyət

  • Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı

    Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilir.

    Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.

    Eyni zamanda, 2024-cü ildə Fondun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.

    Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

    Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

    Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.

    Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

  • Bakı metrosunda daha bir insident: Ölən var

    Bu gün saat 20:20-də metronun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirlib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

    İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

    Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

    Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

    Hazırda “İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa olunub.

    Xatırladaq ki, bu gün saat 12-də Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

  • Məktəblərdə “Son zəng”in keçiriləcəyi tarix açıqlandı

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son Zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.

    Bu barədə Agentlikdən bildirilib.

    Qeyd edilib ki, “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

  • Bakı metrosunun stansiya rəisi öldü

    Bakı Metropoliteninin əməkdaşı vəfat edib.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, metronun “Qara Qarayev” stansiyasının rəisi vəzifəsində çalışan 56 yaşlı Şaiq Heydərov bu gün səhər saatlarında dünyasını dəyişib.

    Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

    Qeyd edək ki, Ş.Heydərov Birinci Qarabağ müharibəsinin qazisi idi.

  • Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi – 9 nəfər isə…

    Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

    TƏBİB-dən bildirilib ki, Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) – 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

    9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

    Qeyd edək ki, saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.

  • Aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

    Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

  • Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı

    Aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.

    Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

  • Suraxanıda məktəbdə dərs dayandırılıb? – AÇIQLAMA

    Sosial şəbəkələrdə Bakı məktəbində dərslərin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

    87 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, aprelin 18-də sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

    Bildirilib ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

    “Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.

    Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır”, – məlumatda bildirilib.

    Qeyd edək ki, sosial mediada yayılan iddialara görə, Suraxanıda yerləşən məktəbin 7-ci sinfində oxuyan şagird rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib.

  • Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 faizi açılıb

    Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb.

    Bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclasında deyib.

    O bildirib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib.

    Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.

    Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.

  • Plastik qabların insan sağlamlığına təsiri nələrdən ibarətdir?

    Plastik qablardan gündəlik həyatımızda geniş istifadə edirik. Lakin onların yanlış şəraitdə və uzunmüddətli işlədilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

    Xüsusilə plastik qabların təkrar istifadəsi zamanı onların tərkibində olan kimyəvi maddələr qidaya keçir. Proses gözlə görünməsə də, orqanizmə təsiri zamanla özünü göstərir.

    Mikrodalğalı sobada plastik qabların istifadəsi zamanı materialın tərkibi dəyişir və zərərli birləşmələr qidaya qarışır. Bu isə həm qida təhlükəsizliyini azaldır, həm də hormonal balansın pozulması, immun sistemin zəifləməsi və digər sağlamlıq risklərinə səbəb olur.

    Buna görə də plastik qabların istifadəsində diqqətli olmaq vacibdir. Onların xüsusilə istiliklə təmasda və təkrar istifadə zamanı yaratdığı təhlükə nəzərə alınmalıdır.

    Düzgün seçim ilə daha təhlükəsiz qida istehlak edə, kimyəvi təsirləri azalda, sağlamlığımızı qoruya bilərik.