Category: Cəmiyyət

  • Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    İyunun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 154 min 400 manat olan 12 nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.

  • Bank borcunu ödəməyənlərin NƏZƏRİNƏ!

    İcra məmurlarının hüquqları genişləndiriləcək.

    Bu, Milli Məclisin plenar iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.

    Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə biləcək.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
    //unikal.a

  • Dilənçilik edənlər həbs olunacaq

    Qanunda dilənçiliklə məşğul olmağa görə cəzalar müəyyən edilir.

    Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə – iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
    //unikal.az

  • Sabah çiskin olacaq

    Aprelin 22-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

  • Süni intellektlə saxta video və foto düzəltmək cinayət hesab olunacaq

    Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosesual Məcəllədə dəyişiklikdə öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi halda internet nümayiş informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi

    Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata keçiriləcək.

    Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:
    törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;

    cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

    cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

    cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;

    cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    //oxu.az

  • Kolbasanın içindən görün nə çıxdı – Video

    Azərbaycanda kolbasanın içində yad cisim aşkarlanıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, yayılan videoda doğranmış kolbasının içindən dəmir parçasının çıxdığı görünür.

  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – Video

    Azərbaycana idxal olunan bəzi balıqlar dəyərindən çox baha satılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Rusiyadan 1 kiloqramı 2 manata idxal olunan nərə balığı Azərbaycan bazarında 35 manata satılır.

    Məhsulun idxal göstəriciləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərq isə müzakirələrə səbəb olub. Ekspertlər deyirlər ki, gömrükdə bəyan edilən qiymət sadəcə məhsulun alış dəyəridir. Bura hələ bir çox əlavə xərclər daxil edilməyib.

    Qiymətin formalaşmasında digər bir məqam isə çoxpilləli satış sistemidir. Məhsulu ölkəyə gətirənlə onu piştaxtada satan şəxs eyni deyil. Pərakəndə satıcı bir neçə vasitəçidən sonra məhsulu əldə edir.

    Sahibkarların sözlərinə görə, son qiymətə təsir edən ən əsas faktorlardan biri də təmizlənmə zamanı yaranan çəki itkisidir. Satıcı məhsulu bütöv alsa da, müştəriyə hissə-hissə təqdim edərkən ciddi maya dəyəri artımı ilə üzləşir.

    Beləliklə, real görünməsə də, logistika, soyuducu xərcləri və təmizləmə zamanı yaranan təbii itkilər 2 manatlıq invoys qiymətini bazarda 30-35 manatlıq pərakəndə qiymətə çevirə bilir.

  • Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır

    Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır.

    Bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

    “Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun “28 May” stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən “28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətində, Mehdiabaddan isə “8 Noyabr” stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.

    Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək”,-deyə V. Qasımlı bildirib.

  • Masazırda YOL PROBLEMİ: “Maşınlar sıradan çıxır” – Video

    Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

    Problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ikitərəfli yolun hər iki istiqaməti yararsız haldadır.

    Mövcud vəziyyət həm sakinlərin, həm də sürücülərin hərəkətində ciddi çətinliklər yaradır. Yolların kələ-kötür olması avtomobillərin texniki vəziyyətinə də mənfi təsir göstərir.

    “Yolların bərbad halda olmasına görə maşınlar sıradan çıxır, “peredok” dağılır”, – sürücülərdən biri söyləyib.

    Digər bir sürücü isə qeyd edib ki, yağışlı günlərdə əraziyə daxil olmaq qeyri-mümkündür: “Yaxşı ki, bura quru havada gəlmisiniz. Yağış yağanda burada hərəkət etmək mümkün deyil. Yollara baxan da yoxdur”.

    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə hazırda “Qurtuluş 93” MTK tərəfindən kommunikasiya xətlərinin dəyişdirilməsi prosesi həyata keçirilir.

    İcra Hakimiyyətindən verilən məlumata görə, MTK-nın götürdüyü öhdəliyə əsasən, qeyd olunan işlər yekunlaşandan sonra yol əsaslı şəkildə təmir ediləcək.

  • Sərnişinlər metrodan belə çıxarılıb – Video

    Xəbər verdiyimiz kimi, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Nasazlıq aradan qaldırıldıqdan sonra, saat 15:00-da metronun fəaliyyəti bərpa edilib.

    “Unikal” tuneldə qalan qatarın içərisindəki sərnişinlərin evakuasiya edildiyi görüntüləri təqdim edir: