Category: Cəmiyyət

  • Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə edilir

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    2. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    3. Zərifə Əliyeva küçəsində;

    4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    6. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    11. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    16. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    17. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    18. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

  • Metro fəaliyyətini bərpa etdi

    Bakı metropoliteninin fəaliyyəti bərpa olunub. Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

    “Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, – deyə məlumatda qeyd olunub.

  • Bu halda valideyn və müəllim 200 manat cərimələnəcək

    Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 525-1-ci maddədə əksini tapıb.

    Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

    Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Bakı metrosu nə vaxt açılacaq?

    Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib:

    “Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək”.

  • SON DƏQİQƏ – Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı (Video)

    Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    İlkin məlumata əsasən, bu gün saat 12:10-da “Ulduz” – “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

    Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov” – “Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

    Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.

  • TƏBİB-in yeni rəhbəri 5 müşaviri və departament rəhbərini işdən çıxardı

    TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

    Median.Az Manşet.az-a istinadən xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.

    Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

    * * * * *

    TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Hələ ki onların yerinə təyinat yoxdur.

    Direktorun digər Əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.

    Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

  • Bəzi yerlərdə YAĞINTI intensivləşib: Dağlıq ərazilərdə QAR YAĞIR – FAKTİKİ HAVA

    Aprelin 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

    Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.

    Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada 24, Göyçay, Balakəndə 22, Tərtərdə 21, Goranboy, Yevlaxda 20, Naftalanda 19, Göygöldə 18, Hacıqabul, Qobustanda 16, Lerikdə 14, Şəmkir, Xızıda 13, Xaltan, Bərdədə 12, Kürdəmir, Gədəbəy, Gəncə, Şahbuzda 11, Daşkəsən, Yardımlıda 10, Sədərəkdə 9, Zərdabda 8, Sabirabad, Lənkəran, Ağdamda 7, Bakıda və Abşeron yarımadasında 6, Astara, İmişli, Qusarda 4, Naxçıvan, Ordubad, Tovuz, Biləsuvar, Beyləqan, Şirvan, Qubada 3, Şabranda 2, Neftçala, Cəbrayıl, Culfa, Xaçmaz, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

  • Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək

    Sərnişin tələbatını təmin etmək məqsədilə 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.

    Bildirilib ki, həmin tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.

  • Bakıda NƏHƏNG LAYİHƏ: Metro xəttinin altından avtomobil yolu keçəcək – Video

    “Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək”.

    Bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

    “Şəhərin “Ulduz” və “Koroğlu” metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxır. Yeni bir qovşaq yaranır. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yolu xəttini özündə ehtiva edir”, – deyə o əlavə edib.

  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların SİYAHISI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, beş məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

    Görəsən, məktəb bufetində satılması qadağan edilən məhsullar hansılardır?

    Median.Az məktəblərdə qadağan edilən, eləcə də istifadəsinə yol verilməyən qidaların siyahısını təqdim edir.

    Belə ki, məktəbəqədər təhsil müəssisələrində qalan uşaqların qidalanması zamanı göbələklərin, qaynadılmamış çəllək südünün, çəllək xaması və kəsmiyinin, termiki emal edilməmiş konservləşdirilmiş yaşıl noxudun, qanlı və içalat kolbasalarının, baytar nəzarətindən keçməmiş ət və ət məhsullarının, su quşlarının yumurtası və ətinin, balıqların, ev şəraitində hermetik qablarda konservləşdirilmiş məhsulların, hermetikliyi pozulmuş bombajlı, deformasiya olmuş, paslı və etiketsiz banka konservlərinin, müxtəlif qatışıqlarla və anbar zərərvericiləri ilə çirklənmiş yarmanın, unun və quru meyvələrin, kiflənmə və çürümə əlamətləri olan meyvə və tərəvəzlərin istifadəsi qəti qadağandır.

    Uşaqların qidalanması zamanı süni mənşəli qida əlavələrindən, ədviyyatlardan, istiotlu xörəklərdən, tərkibində süni mənşəli qida əlavələri olan (sintetik aromatizatorlar, boyalar) məhsullardan, o cümlədən spirtsiz qazlı sulardan, qənnadı məmulatlarından, saqqızlar və çipslərdən, qəlyanaltı konservlərindən, duza qoyulmuş meyvə və tərəvəzlərdən (xiyar, pomidor, gavalı, alma), piylərdən, 72 faizdən az yağlılığı olan kərə yağından, hisə verilmiş məmulatlardan, mayonez, bibər, xardal, qıtıqotu, sirkə, istiotlu souslardan və təbii qəhvədən istifadə edilməsinə yol verilmir.

    Ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsulların istifadə olunması qadağandır:

    – çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

    – termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

    – təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

    – termiki emala məruz qalmayan yaşıl noxud;

    – ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından forşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);

    – termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

    – göbələklər;

    – yumurtalı makaronlar, qayğanaq;

    – kremli pirojnalar və tortlar;

    – çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;

    – xəmiri acılaşdıran naməlum tərkibli tozlar.
    //oxu.az