Category: Cəmiyyət

  • Azərbaycanın məşhur turizm bölgəsində DƏHŞƏTLİ MƏNZƏRƏ – Video

    Xızı rayonunun Altıağac qəsəbəsində məişət tullantılarının vaxtında daşınmaması sakinləri narahat edir. Yığılıb qalan zibillər ərazidə antisanitar vəziyyət yaradır, həm ekoloji, həm də sağlamlıq baxımından ciddi problemlərə səbəb olur.

    Bu barədə AzTV-nin videomaterialında deyilir.

    Sakinlər problemin tezliklə həll olunmasını istəyirlər:

    “Hara baxırsan zibil tökülüb. İstəyir çaylara, istəyir yollara. Bizim zibil qablarımız yoxdur. Zibil maşını gəlmir”.

    “Bu boyda Altıağacda iki dənə zibil qutusu var. Biri məktəbin həyətindədir, bunu da guya uşaq bağçasına qoyublar. Zibillik baş alıb gedir. Körpə uşaqlarımızı buraya gətirib bağçaya qoyuruq. Hər bir xəstəlik tapa bilərlər”, – digər bir sakin bildirib.

    Bu azmış kimi, qəsəbədən axan çay da çirkləndirilir.

    “Buna bir tədbir görmək lazımdır ki, gətirib zibil qutularını qoyaq, vaxtında gəlib aparsınlar. Düzdür, söz verdilər, gətirib qoyacaqlar. Hələ bir səs yoxdur”.

    Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məişət tullantılarının toplanması və daşınması xidmətlərinin təşkili üçün sakinlərin kollektiv şəkildə müqavilə bağlaması lazımdır.

  • Azərbaycan Dövlət Kukla Teatrında YENİ TƏYİNAT – Nazir əmr imzaladı

    Azərbaycan Dövlət Kukla Teatrına yeni direktor müavini təyin olunub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Elnur Abbasquliyev bu vəzifəyə təyinat alıb.

    O, bundan əvvəl Azərbaycan Dövlət Pantomima Teatrının direktor müavini idi.

  • Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü – Video

    “Paytaxtın Nizami rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən həmin əraziyə polis əməkdaşları tərəfindən baxış keçirilib və nəzarətə götürülüb.”

    Bu məlumatı açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov verib.

    O qeyd edib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ halların aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

    “Səlahiyyəti olmadan parklanma yerləri təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”, – deyə E.İbrahimov bildirib.

    Qeyd edək ki, ötən gün Bakıda rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən ərazilərdə avtomobillərini park edən sürücülərdən bir manat ödəniş tələb edilməsi ilə bağlı məlumat vermişdik.

  • Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək

    Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

    Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

  • Azərbaycanda demoqrafik təhlükə: uşaq pulu çıxış yolu ola bilərmi?

    Uşaq pulu məsələsi son illər cəmiyyətdə ən çox müzakirə olunan sosial mövzulardan birinə çevrilib. Bir çox ailələr bu dəstəyin onların gündəlik xərclərinə ciddi təsir edəcəyini düşünür. Digər tərəfdən, dövlət büdcəsi və sosial siyasətin balansı da diqqət mərkəzindədir. Uşaq pulu tətbiq olunmalıdırmı? uşaq pulu tətbiq olunarsa, bu, ailələrin rifahına nə dərəcədə real təsir göstərə bilər?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən sosioloq, fəlsəfə doktoru Mail Yaqub bildirib ki, uşaq pulu tətbiq olunmalıdır.Onun sözlərinə görə, bu addım ailələrə uşaq sahibi olmaq imkanı yaradacaq:

    “Azərbaycanda son illərdə demoqrafik problem müşahidə olunur və əhali artım tempi azalıb. Uşaq pulunun verilməsi sosial rifaha müsbət təsir göstərə bilər və ailələrin uşaq sahibi olma şəraitini yaxşılaşdıra bilər”.

    Sosiloq, həmçinin qeyd edib ki, dövlətin sosialyönlü büdcəsi müəyyən çətinliklərlə üzləşə bilər, lakin bu xərclərin uzunmüddətli perspektivdə ölkəyə müsbət qayıdışı daha yüksək ola bilər:

    “Bu baxımdan, belə bir təşəbbüsün dəstəklənməsi məqsədəuyğundur. Bundan əlavə, çoxuşaqlı ailə modelində uşaqların sayının beşdən üçə endirilməsi də müsbət addım kimi dəyərləndirilir. Bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb və onların qəbul olunması demoqrafik problemlərin həllinə töhfə verə bilər”.

    Qeyd edək ki, hazırda Azərbaycanda uşağın doğulmasına görə dövlət tərəfindən 600 manat məbləğində birdəfəlik müavinət verilir. İşləməyən ana və ya ana olmadıqda bu ödəniş işləyən ataya təyin olunur. Müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən proaktiv qaydada, yəni vətəndaş müraciəti olmadan elektron sistem üzərindən avtomatik şəkildə verilir.

    Bundan başqa, iki və daha çox uşaq doğulduqda hər uşaq üçün ayrıca müavinət ödənilir. Ödəniş uşağın doğumu dövlət qeydiyyatına alındıqdan sonra həyata keçirilir və uşağın yaşama müddətindən asılı deyil.

  • Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI

    Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

    “Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, ötən gün Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdikləri təbdirlər nəticəsində saxlanılıb.

  • Bakı metrosunda qatarın informasiya sistemi sıradan çıxdı – Video

    Aprelin 20-də, saat 18 radələrində Bakı metropoliteninin “Dərnəgül – Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında stansiya məlumatlarının göstərilməməsi sərnişinlər arasında narahatlıq yaradıb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, əvvəlcə, elektron lövhədə məlumatın yenilənməməsi və daha sonra səsli anonsların da verilməməsi səbəbindən bir çox sərnişin hansı stansiyada olduqlarını müəyyən etməkdə çətinlik çəkdiklərini bildirib.

    Bu hal xüsusilə sıxlıq zamanı daha çox diqqət çəkib və şikayətlərə səbəb olub.

    Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, qatarın informasiya-məlumat sisteminin kəsilməsi müşahidə olunub:

    “Bu, qatarların texniki cəhətdən hərəkətinə hər hansı maneə və ya problem yaratmır. Maşinistə məlumat daxil olan kimi işlək vəziyyətə gətirilməsi təmin olunur. Kəsinti bloklanma xarakterli olursa, sonuncu stansiyada qatarın əks istiqamətdə hərəkətə keçirildiyi müddətdə proqram təminatının yenidən qoşulması ilə informasiya sisteminin işi bərpa olunur”.

  • Azərbaycanlı idman ustası vəfat edib – FOTO

    Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman işçisi Validə Firudin qızı Novruzova vəfat edib.

    Bu barədə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) məlumat yayıb.

    Qeyd edək ki, assosiasiyanın Protokol və Sənədlərlə iş şöbəsinin mütəxəssisi işləmiş Validə Novruzova kamandan oxatma üzrə SSRİ idman ustası olub.

  • Bakıda xəstəni həyata qaytaran həkimlərin adları məlum olub – FOTO

    Bu gün Bakıda ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıblar.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, pasiyentin qəbulu zamanı tibbi müdaxilə həyata keçirən həkimlərin adları məlum olub.

    Qeyd olunub ki, prosesdə xəstəxananın Ürək-damar cərrahiyyəsi şöbəsi, Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva, Reanimasiya şöbəsinin həkimi Salatın Babayeva, həmçinin Qəbul şöbəsinin həkimləri Kairə Yüzbaşıyeva, Könül Mirzəyeva və xəstəxananın digər tibb işçiləri iştirak ediblər.

    Həkimlərin bu cür peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib.

    Həmin həkimlərin fotolarını təqdim edirik:


  • Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

    Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçün ixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cü ixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır. Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığını itirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edir.

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında bildirib ki, süni intellekt dövründə İT texnologiyalarının sürətlə inkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyub saxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiya keçməsi zəruridir.

    Onun sözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə ya aktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:

    “Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə öz mövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu bir neçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımından ən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupa Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir. Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya, pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlət idarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıq praktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcümə sahələri də bu qrupa daxildir.

    Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcı və kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını və faydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq, muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzəri və konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənada sual altındadır.

    Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əmək bazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətlə üzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupu üzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlı məqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilli ixtisasları əhatə edir”.

    Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindən artıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarında balansın pozulmasıdır:

    “Üstəlik, pedaqoji uyğunluq qaydalarına əsasən, pedaqoji ixtisas bitirməyən şəxslərin də müəllim kimi fəaliyyət göstərməsi mümkün olduğundan, bu sahədə əlavə qarışıqlıq yaranır. Məsələn, kimya ixtisasını bitirən şəxs də kimya müəllimi kimi işləyə bilir ki, bu da bazarda rəqabəti qeyri-taraz hala gətirir.

    Ümumilikdə, ixtisas seçimi plan yerlərindən asılıdır, plan yerləri isə əmək bazarının real ehtiyaclarını əks etdirir. Bu baxımdan bəzi ixtisaslar üzrə plan yerlərinin azaldılması zəruri hesab olunur”.

    Elmin Nuri vurğulayıb ki, bütün bunlara baxmayaraq bu ixtisas qrupunun tamamilə sıradan çıxacağını gözləmək olmaz:

    “Bununla belə, üçüncü ixtisas qrupunun tam olaraq aktuallığını itirəcəyini düşünmürəm. Xüsusilə qadın abituriyentlər arasında bu ixtisaslara marağın yüksək olması həmin qrupun hələ uzun müddət öz aktuallığını qoruyacağını deməyə əsas verir”.