Category: Cəmiyyət

  • Ağdamdakı məşhur “Çay evi” yenidən inşa olunur

    Ağdamın simvollarından biri olan Quzanlı qəsəbəsindəki “Çay evi” yenidən inşa olunur.

    “Unikal”ın məlumatına görə, məşhur tikili Ağdam şəhər mərkəzi parkının ərazisində, əvvəlki yerində və üslubunda qurulur.

    Qeyd edək ki, 1986-cı il iyulun 26-da açılışı olan bu unikal məkan, şəhər sakinlərinin və qonaqların rahat bir şəraitdə toplanıb çay içməsi və söhbət etməsi üçün yaradılmışdı. “Çay evi” həmçinin sosial və mədəni görüşlərin təşkil edildiyi mərkəzlərdən biri idi. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar kimi fəaliyyət göstərən Naiq Səmədov olub.

    Ağdam şəhərinin işğalı nəticəsində şəhərdəki bir çox tarixi və mədəni abidə kimi, “Çay evi” də tamamilə dağıdılmışdı. Lakin o, yenidən inşa olunaraq Ağdama qaytarılır.

  • Vəfat etmiş şəxslərin kredit borclarını kim ödəcəyək? – AÇIQLAMA (Video)

    Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.

    İqtisadçı-ekspert Xalid Kərimli bu prosesin hüquqi tərəflərinə aydınlıq gətirib.

    Ekspert bildirir ki, qanunvericiliyə əsasən, miras və borc vahid kompleks kimi nəzərdə tutulur. Bu o deməkdir ki, vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir.

    Miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. X.Kərimli qeyd edir ki, bu zaman banklar artıq yeni borcalanın – yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər.

    Ekspert vətəndaşlara ailə üzvlərinə əlavə yük yaratmamaq üçün kredit götürərkən həyat sığortasından istifadə etməyi tövsiyə edir. Həyat sığortası mövcud olduqda, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır.

  • Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq

    Xalq rəssamı Fərhad Xəlilov əsərlərini Bakıda satmadığını deyib.

    O bu barədə “Report”a müsahibəsində danışıb.

    F.Xəlilov əsərlərini daha çox xarici auksionlarda satdığını bildirib.

    “Çünki başa düşürəm ki, Bakıda o qiymətə əsər sata bilmərəm, mümkün deyil, başqa tərəfdən isə, qiyməti də sala bilmərəm”.

    Xalq rəssamı əsərlərə verilən böyük qiymətlərlə bağlı da fikirlərini bölüşüb.

    “Dünya dəli deyil ki, filan əsərə milyonlar verir. Əsər bu gün filan qiymətədirsə, alırsansa, o pul batmır, sabah onun qiyməti bahadan baha olacaq. Əsər olub ki, 1000 manata alınıb, mən ona baxmışam, demişəm ki, buna bu dəqiqə 5000 verərəm”.

  • Paytaxtın bəzi yollarında təmir-bərpa işləri başa çatıb

    Vətəndaşlar üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən istirahət günlərində həyata keçirilib.

    İşlərin vaxtında yekunlaşdırılması məqsədilə həftəsonu 24 saat fasiləsiz iş rejimi təşkil olunub.

    Təmir prosesi zamanı nəqliyyatın hərəkətinə minimum maneə yaradılması üçün bütün zəruri tədbirlər görülüb.

    Nəticədə dörd ərazidə təmir-bərpa işləri uğurla başa çatdırılıb:

    1. R.Behbudov küçəsi (Ş.Bədəlbəyli küçəsindən A.Bakıxanov küçəsinə qədər olan hissə);

    2. Z.Bünyadov prospekti (M.Nərimanov küçəsindən X.R.Ulutürk küçəsinə qədər);

    3. A.M.Şərifzadə küçəsi (Ə.Əhmədov küçəsindən A.Abbasov küçəsinə qədər olan hissə);

    4. Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

  • Naxçıvanda bir sıra çaylardan sel keçib

    Naxçıvanda müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Report”un yerli bürosuna verilən məlumata görə, Naxçıvançayın Qarababa, Gilançayın Nurgüt və Ordubadçayın Nüsnüs hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylardan sel sularının keçməsi qeydə alınıb.

    Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel və daşqınlar müşahidə olunub.

    Hazırkı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimalı qalır.

    Mütəxəssislər əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmağı tövsiyə edir.

  • “Belə hadisələr daha böyük fəsadlara yol aça bilər” – Deputat şagirdin sinif yoldaşını yandırmasından danışdı

    “Bakıda baş verən dəhşətli hadisə hər birimizi ciddi şəkildə düşündürməlidir. Belə ki, 2011-ci il təvəllüdlü məktəblinin üzərinə sinif yoldaşı tərəfindən spirt tökülərək alışqanla yandırılması ilə bağlı məlumat yayılıb. Hadisəni törədən 2010-cu il təvəllüdlü məktəblinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir”.

    Bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu cür ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq sadəcə fərdi hal deyil, cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir:

    “Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranışlarının, dəyərlərinin və münasibətlərinin formalaşdığı mühitdir. Bu mühitdə belə aqressiyanın ortaya çıxması xüsusi narahatlıq doğurur. Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq, aqressiyanın səbəblərini vaxtında müəyyən etmək və qarşısını almaq son dərəcə vacibdir”.

    Deputat qeyd edib ki, bu cür hallar nə normallaşdırıla, nə də diqqətdən kənarda qala bilər: “Uşaqlar arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır. Unutmamalıyıq ki, bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər. Buna görə də hər birimiz bu məsələyə həssas yanaşmalı və cəmiyyət olaraq düzgün nəticələr çıxarmalıyıq”.

  • Bəzi ərazilərdə külək güclənib, yağış yağır – FAKTİKİ HAVA

    Aprelin 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar intensiv xarakterlidir.

    Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Yardımlıda arabir yağış yağır.

    Hazırda bir sıra ərazilərdə əsən şimal-qərb küləyinin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.

  • Ukraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı

    Ukraynadan Azərbaycana idxal olunan 4.9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red) aşkarlanıb.

    Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

  • Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi

    Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

  • Masallıda 2 100 abonentin qazı kəsiləcək

    Aprelin 23-də saat 10:00-da Masallı rayonunun Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 100-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

    Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatının dayandırılması Masallı rayonu Türkoba kəndində yeni inşa olunmuş ortatəzyiqli daşıyıcı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.

    Qeyd edilib ki, işlər yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.