Category: Cəmiyyət

  • Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar – VİDEO

    Bakıda ürəyi dayanan xəstəni həkimlər həyata qaytarıblar.

    Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Həmin görüntülər Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində lentə alınıb.

    Kadrda ürəyi dayanan pasiyentin ürək masajı ilə həyata qaytarıldığı əks olunub.

    Həmin görüntüləri təqdim edirik:
    /oxu.az

  • Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq

    Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.

    Bunu “Report”a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

    Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.

    Qeyd edək ki, R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.

  • Gizli koordinasiya iddiası: ABŞ-İsrail-İran xəttində gərginlik pik həddə

    Benyamin Netanyahu Qüdsdə Xavyer Miley ilə birgə çıxışında İranla qarşıdurmanın bitmədiyini və regionda vəziyyətin “partlayış həddində” olduğunu bildirib. O, İsrailin Donald Tramp və ABŞ-la koordinasiyada hərəkət etdiyini vurğulayıb və yaxın günlərdə gözlənilməz hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib. Bu bəyanatlar fonunda İran, Hörmüz boğazı və Livan istiqamətində gərginlik yeni mərhələyə keçə bilər. Eyni zamanda aprelin 21-də bitəcək müvəqqəti atəşkəsdən sonra İranın nüvə obyektlərinə birbaşa hücumların başlaya biləcəyi ehtimalını maksimuma çatdırıb.

    Netanyahunun “müharibə hələ bitməyib” mesajı real hərbi eskalasiya siqnalıdır, yoxsa siyasi təzyiq aləti?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Yaxın Şərqdə müharibə faktiki olaraq davam edir.Onun sözlərinə görə, bölgədə hələ də sabit siyasi mexanizmlər formalaşmayıb, əsas silahlı qruplar — HƏMAS və Hizbullah tərksilah olunmayıb, Qəzza zolağında texnokrat hökumət qurulmayıb.

    Şərhçi qeyd edib ki, Livan və İsrail arasında yalnız qısamüddətli atəşkəs mövcuddur, Fələstinin ərazi bütövlüyü təmin edilməyib, bu dövlət ABŞ və İsrail tərəfindən tanınmayıb.

    Bundan əlavə, Vaşinqtonla Tehran arasında sülh sazişi imzalamayıb, İran isə regionda raket proqramı və proksi qüvvələrdən imtina etməyib. Habelə İraqda İslam Respublikasına bağlı “Həşdi-Şəbi” silahlı qruplaşması mövcudluğunu davam etdirir.

    “Bütün bu amillər regionun hələ də “barıt çəlləyi”ni xatırlatğıdını deməyə əsas verir”, – deyə S. Soltan vurğulayıb.

    Bununla yanaşı, müsahibimiz əlavə edib ki, normallaşma istiqamətində danışıqlar davam edir və bu proses uzunmüddətli perspektivdə Yaxın Şərqdə sülh və əməkdaşlıq ehtimallarını artırır.

    Sədrəddin Soltanın fikrincə, Netanyahunun “müharibə bitməyib” ismarışı əsasən, İranın proksi qüvvələrinə qarşı mübarizəyə və eyni zamanda Tehranla Vaşinqton arasında mümkün danışıqlara təsir göstərmək məqsədi daşıyır.

    Sədrəddin Soltan vurğulayıb ki, İran danışıqlardan imtina edərsə, yaxud şərtləri qəbul etməzsə, hərbi qarşıdurma yenidən alovlana bilər.

    Politoloq hesab edir ki, bu bəyanat həm də Donald Trampın son açıqlamaları ilə uzlaşır, onu dəstəkləyir.
    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də ölkəsinin ABŞ və İsraillə hələ də müharibə vəziyyətində olduğunu bildirib.
    Bu kimi açıqlamalar bölgədə gərginliyin davam etdiyini, müharibənin, silahlı qarşıdurmanın hələ bitmədiyini təsdiqləyir.

    Dəniz Pənahova
    Median.Az

  • Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

    Oğuz rayonunun Xaçmazqışlaq və Yaqublu kəndlərində qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacını kəsməkdə və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulmaqda şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

    Həmçinin rayonun Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Daha bir saxta həkim qalmaqalı – Katibə cərrahlıq edir? (Video)

    Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.

    Bu barədə jurnalist Qənirə Ataş instaqram hesabında paylaşım edib.

    Belə ki, paylaşılan videoda qadının klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür.

    İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb.

    Bildirilib ki, onun katibəlikdən özünü “cərrahiyəyə transfer etdiyi” iddia edilir.

  • Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

    Universitet və kolleclərə qəbulla bağlı təsdiqlənmiş ərizələrin sayı məlum olub.

    Median.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanlara ümumilikdə 133 813 nəfər qeydiyyatdan keçib.

    Statistikaya görə, 130 146 nəfər universitet, 120 644 nəfər kolleclərə qəbul üçün müraciətini tamamlayıb.

    Hazırki statistikaya görə, ən çox qeydiyyat 1-ci qrupda, ən az qeydiyyat isə 3-cü qrupdadır.

    İxtisaslar üzrə hazırda statistika belədir:

    1-ci ixtisas qrupu üzrə – 14 981;

    2-ci ixtisas qrupu üzrə – 11 527;

    3-cü ixtisas qrupu üzrə – 10 146

    4-cü ixtisas qrupu üzrə – 3 116 nəfər ərizəsini təsdiqləyib.

    Ümumilikdə indiyə qədər bütün ixtisaslar üzrə 39 770 ərizə qəbul edilib.

    Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar. 1-ci cəhd imtahanı üçün elektron ərizə qəbulu 29 aprel saat 23:59-da tamamlanacaq.

    3020 nəfər isə ötən ilin buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulacaq.

  • Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı (Yenilənib)

    Ucar rayonunda 15 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanılıb.

    Bu barədə oxu.az-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

    Məlumatda bildirilir ki, daxil olan məlumata görə rayon polis idarəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    * * * * *

    Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

    Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

    Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.

    Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

    Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

  • Sumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIB

    Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

    Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

    “Vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

    Qeyd edək ki, azyaşlı 04.04.2026-cı il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub. 2018-ci il təvəllüdlü (qadın cinsli) pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

  • Azərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış

    Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

    Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı müvafiq qərarına əsasən, ümumtəhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadə olunması qadağan edilən məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliklə bu tip müəssisələrdə istehlaka təqdim edilməsi qadağan olunmuş və yararlılıq müddəti bitmiş məhsulların uşaqlara satılmasına yol verilmir. Məktəblərin qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, istehlaka verilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri də tələblərə uyğun olmalıdır.

    Pozuntu aşkar edilən məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz

  • Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər?

    “2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir”.

    Bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib:

    “Həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə isə 6.6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

    İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. Dərman preparatlarının istehlakında artımlar tələb ilə yanaşı, qiymətin də yüksəlməsi ilə əlaqədardır”.