Category: Cəmiyyət

  • Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır

    Sosial şəbəkə platforması “Snapchat”ın sahibi olan “Snap Inc.” transformasiya mərhələsinə daxil olub.

    Şirkət rəhbəri Evan Şpigel əməliyyat strukturunu yenidən qurmaq məqsədilə işçi qüvvəsinin təxminən 16 faizinə bərabər olan 1.000 nəfərin ixtisar ediləcəyini açıqlayıb.

    Bu qərar yalnız mövcud işçiləri deyil, həm də hazırda açıq olan 300-dən çox vakansiyanın bağlanmasını əhatə edir. Şirkət bu addımlar nəticəsində 2026-cı ilin ikinci yarısına qədər illik xərc bazasını 500 milyon dollardan çox azaltmağı planlaşdırır.

    “Snap Inc.” üçün bu proses yeni deyil. Şirkət 2022-ci ilin avqustunda işçi heyətinin 20 faizini ixtisar etmiş, 2024-cü ilin əvvəlində isə strateji prioritetlərə fokuslanmaq üçün əlavə olaraq 10 faizlik ixtisar həyata keçirmişdi. Lakin Evan Şpigel bu dəfəki qərarın əvvəlkilərdən fərqli əsaslara söykəndiyini bildirib.

    Əvvəlki ixtisarlar pandemiya dövründə həddindən artıq işə qəbul və iqtisadi dalğalanmalarla əlaqələndirilirdisə, yeni strategiya şirkəti daha çevik və sürətli struktura çevirməyi hədəfləyir. Şpigel süni intellektin inkişafının bir çox rutin iş yükünü azaltdığını qeyd edib. Bu texnoloji dəyişiklik sayəsində istifadəçilərə, reklam tərəfdaşlarına və biznes müştərilərinə daha sürətli xidmət göstərilməsi planlaşdırılır.

    “Snap Inc.” son illərdə süni intellekti “Snapchat” təcrübəsinin mərkəzinə yerləşdirməyə çalışır. Şirkət “OpenAI” ilə əməkdaşlıq edərək “My AI” çat-botunu istifadəyə verib, daha sonra isə “Google”un “Gemini” modelini inteqrasiya edərək görüntü və video sorğularını dəstəkləyib. Hazırda isə bu texnologiyanın daxili əməliyyatlarda da geniş istifadəsi nəzərdə tutulur. Reklam platformasının optimallaşdırılması, “Snapchat+” abunəliklərinin artırılması və “Snap Lite” tətbiqinin təkmilləşdirilməsi kimi sahələrdə süni intellektlə dəstəklənən kiçik komandaların daha effektiv nəticələr verdiyi vurğulanır.

    İxtisar edilən 1.000 əməkdaş üçün sosial dəstək paketi hazırlanıb. Şirkət onlara dörd aylıq təzminat, sağlamlıq sığortasının davam etdirilməsi və səhmlərlə bağlı hüquqların qorunması kimi imkanlar təqdim edəcək.

  • Qobustanda yeni qayaüstü təsvirlər aşkarlanıb

    Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

    Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir.

    Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.

  • Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!

    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb.

    Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliləri imzalayıb.

    Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

    Əvvəlki qanuna əsasən, bu, 3 gün idi.

    Dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

    Sənədə görə, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.

  • Azərbaycanda uşaqlara qoyulan yer adları: Salyan, Şəki, Laçın…

    Azərbaycanda yeni doğulan körpələrə digər adlarla yanaşı rayon və şəhər adları da verilir.

    Son 5 ildə 5 uşağa Tovuz, 112 uşağa Cəbrayıl, 376 uşağa Oğuz, 2 uşağa Ucar adı verilib.

    Son beş ildə həmçinin, 49 uşağa Füzuli, 1 uşağa Lənkəran, 2 uşağa Quba, 1 uşağa Salyan, 1 uşağa Şəki, 13 uşağa Şirvan, 131 uşağa Babək, 1 uşağa Xızı, 44 uşağa Laçın, 1 uşağa Şahbuz, 1 uşağa Gəncə, 1 uşağa isə Şərur adı qoyulub.
    //unikal.az

  • Bazar günü 37 mindən çox şəxs imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 19-da imtahan keçirəcək.

    Bu barədə DİM məlumat yayıb.

    Qeyd edilib ki, sözügedən tarixdə əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı baş tutacaq.

    Həmçinin esternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı, Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

    İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək.

    İmtahanda 37338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

    İmtahanda 90 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

    İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

  • “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 83, “Mazımqara” gömrük postunda 2, “Samur” gömrük postunda 235 yük maşını var.

    Eyni zamanda, “Xanoba” gömrük postunda gözləyən avtomobillərin sayı isə 10-dur.

    Məlumata görə, hazırda “Biləsuvar” gömrük postunda gözləyən avtomobil yoxdur.

  • Sabah 21° isti olacaq

    Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

  • Bakının 2 rayonunda qaz kəsiləcək

    Sabah bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə sabah saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

  • “Sea Breeze Resort”a 55 hektar əlavə torpaq sahələri ayrıldı – BAŞ NAZİRDƏN QƏRAR

    “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında” qərar qəbul edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərar əsasən, Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9.08 hektar və su akvatoriyasında 46 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı, digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması məqsədilə ümumilikdə 55.08 hektar su fondu torpaq sahəsi ayrılıb.

  • Dövlət Gömrük Komitəsində iki rəis təyinatı olub

    Dövlət Gömrük Komitəsinin Kürdəmir gömrük postunda yeni təyinat olub.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, komitə sədri gömrük xidməti general-polkovniki Şahin Bağırovun müvafiq əmri ilə Zaur Quliyev sözügedən postun rəisi vəzifəsinə gətirilib.

    Şahin Bağırovun digər əmri ilə bir neçə ay əvvəl Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi təyin olunan Ramil Seyidzadə sözügedən qurumun rəisi vəzifəsinə təsdiqlənib.