Category: Cəmiyyət

  • Ordubadda qaya uçdu, yolda hərəkət çətinləşdi

    Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.

    Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan dəyib.

    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi dərhal əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin təmizlənməsi üçün işlər aparılır.

  • Bakıda şadlıq sarayının fəaliyyəti DAYANDIRILDI – FOTO – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən “Səbinə” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

    Məlumatda qeyd olunub:

    “Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, təxliyə planı tərtib edilməyib.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında yerləşən “Səbinə” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”.

  • Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ – Video

    Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir.

    Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksindən gedir.

    Sakinlər bildirirlər ki, günlərdir davam edən problem onların həyat və yaşayış şəraitini çətinləşdirib.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmisinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb və hazırda işlək vəziyyətdədir.

    Həmçinin qeyd olunub ki, rayonun Bakıxanov qəsəbəsi, Sabunçu qəsəbəsi və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından, aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, sözügedən ünvana Sabunçu Rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib. Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayət əsasında zirzəmidəki sudan nümunə götürülüb. Analizin nəticəsinə görə, zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib və sakinlərə bununla bağlı məlumat verilib.

  • Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? – Mütəxəssis rəyi

    Rusiyalı ekspert Vladimir Baxarev mühərrikdə yaxınlaşan nasazlığın əsas əlamətlərini açıqlayıb.

    Mütəxəssis bu barədə Lenta.ru-ya müsahibəsində danışıb. Ekspert bildirib ki, mühərrikin sıradan çıxacağını göstərən bir neçə kritik siqnal mövcuddur:

    “Birinci və ən aşkar əlamət mühərrikdəki qeyri-adi səslərdir: tıqqıltı, şıqqıltı, cingildəmə, fit və ya cırıltı. Bu səslər heç vaxt səbəbsiz yaranmır. Xüsusilə mühərrikdə tədricən artan tıqqıltı sürücünün eşidə biləcəyi ən təhlükəli siqnallardan biridir. Bu, şatun yastıqları (vkladışlar) və ya zəncirlə bağlı ciddi problemlərə işarə edir. Cingildəmə səsi hidrokompensatorlarda yağ çatışmazlığından, fit isə köməkçi aqreqatların qayışlarının aşınmasından xəbər verir”, – deyə mütəxəssis qeyd edib.

    V.Baxarev mühərrik nasazlığından xəbər verən digər amillərə də toxunub:

    “İşlənmiş qazların (tüstünün) rəngi də yaranan təhlükəni ayırd etməyə imkan verir. Qara tüstü qarışığın həddindən artıq zənginləşməsinə və ya yağın silindrlərə sızmasına, göy tüstü birbaşa porşen qrupunun aşınmasına, aseton qoxulu ağ qatı tüstü isə silindrlərə antifrizin düşməsinə işarədir. Hər üç hal, böyük ehtimalla, mühərrikin əsaslı təmirini qaçılmaz edir”.

    Bundan əlavə, avtomobilin dartma qüvvəsinin azalması, mühərrikin qeyri-sabit işləməsi və salonda kəskin yağ və ya benzin qoxusunun yaranması da maye sızmasının və ciddi nasazlığın əlaməti kimi dəyərləndirilməlidir.

  • Sürücüləri cana yığan iri çuxurlar: Nəqliyyat sıxlığına səbəb olan problem – Video

    Yolda yaranmış çuxur qəza şəraiti yaradır. Avtobuslar məcbur qalaraq öz hərəkət zolaqlarından kənara çıxırlar.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidəki vəziyyət, xüsusilə, pik saatlarda nəqliyyat sıxlığının yaranmasına və hərəkət axınının pozulmasına səbəb olur.

    Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Problemin operativ şəkildə həll olunması məqsədilə aidiyyəti üzrə əraziyə cavabdeh MMC-yə müvafiq tapşırıqlar verilib.

    Yaranmış problemin qısa müddət ərzində aradan qaldırılması nəzərdə tutulur.

  • Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü – Video

    Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizminin tətbiqinə başlanılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məqsəd gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsidir.

    Belə ki, “İkipilləli buraxılış” sistemi gömrük ödənişlərinin bank qarantiyası əsasında malların buraxılışından sonra 30 gün ərzində ödənilməsinə imkan yaradır.

    Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elşad Məmmədzadə bildirib ki, normal şərtlər altında gömrük ödənişləri malların buraxılışına qədər mütləq ödənilməlidir. Yalnız ödəniş həyata keçirildikdən sonra malların buraxılışı mümkündür. Lakin yeni sistem etibarlı tərəfdaşlara gömrük ödənişlərini malların buraxılışından sonra ödəməyə şərait yaradır.

    Elşad Məmmədzadənin sözlərinə görə, pilot layihə çərçivəsində həyata keçirilən yeni sistem sahibkarlığa dəstəklə yanaşı, idxal-ixrac əməliyyatlarını da sadələşdirir.

    Həmçinin bildirilib ki, ilin sonuna qədər yeni normativ-hüquqi sənədlərin hazırlanması və sistemin tam tətbiqi planlaşdırılır.

  • Daşınmaz əmlak bazarında qəribə tendensiya: Birmərtəbəli həyət evlərinin damları niyə satışa çıxarılır? – Video

    Daşınmaz əmlak bazarında yeni tendensiya müşahidə olunur: artıq fərdi həyət evlərinin damları da satışa çıxarılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Bazar qiymətlərindən ucuz evimin damını satıram” başlıqlı elanlar yayılıb. Belə ki, paytaxtın müxtəlif ərazilərində birmərtəbəli həyət evlərinin damını satışa çıxaran şəxslər var.

    Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc bildirib ki, bu cür təkliflər adətən söküntü planlaşdırılan ərazilərlə bağlı olur.

    Onun sözlərinə görə, aidiyyəti qurumların apardıqları təhlillər nəticəsində bəzi tikililərin sonradan daha yüksək kompensasiya əldə etmək məqsədilə inşa edildiyi müəyyən olunur. Vüqar Oruc vurğulayıb ki, ümumiyyətlə, fərdi yaşayış evlərinin damı ayrıca satıla və sənədləşdirilə bilməz.

    O qeyd edib ki, sənədləri olmayan əmlak alqı-satqı predmeti ola bilməz. Eyni zamanda dam üçün ayrıca mülkiyyət sənədi də verilmir. Sənədsiz əmlakı yalnız şifahi razılaşma əsasında almaq həm təhlükəli, həm də qanunsuzdur.

  • https://median.az/206805-resad-ehmedeliyev-vezifesinden-azad-olundu-sehid-ailelerinin-problemlerini-hell-etmrms.html

    Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ilk hadisə Ələt-Astara magistralının 213-cü km-də, rayonun Bürcəli kəndi ərazisində baş verib.

    Belə ki, rayonun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

    Qəza nəticəsində xəsarət alan sürücü və sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

    Buna baxmayaraq, Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Sadir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Onu da qeyd edək ki, sözügedən ərazidə daha bir qəza da baş verib. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

  • Rəşad Əhmədəliyev vəzifəsindən AZAD OLUNDU – Şəhid ailələrinin problemlərini HƏLL ETMİRMİŞ

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir.

    Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və digər sakinləri vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.

    Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.

  • Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM (Video)

    “Bu gün Beynəlxalq Mədəniyyət Günüdür. Günümüzə qədər gəlib çıxan, Qubadakı 18-19-cu əsrlərə aid Çuxur hamamından danışmaq yerinə düşər”.

    Bu fikirlər AzTV-nin videomaterialında yer alıb.

    El arasında “Hündürgünbəzli hamam” və ya “Bəkir hamamı” kimi də tanınır. “Çuxur hamam” adlandırılmasının səbəbi isə hamamın yerləşdiyi ərazinin yer səthindən bir neçə metr aşağıda olmasıdır. Abidənin unikallığından biri də buranın qırmızı kərpiclə tikilməsidir. Hamam Şərq memarlıq incilərindən hesab edilir.

    Ümumilikdə, bu tikili 1985-ci ilə qədər hamam kimi fəaliyyət göstərib, daha sonra isə tarixi mədəniyyət abidəsi olaraq qeydiyyata alınıb və Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır. 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətmiş olduqları soyqırımıların biri də Qubada baş verib. Həmin soyqırımı zamanı yerli sakinlərin bildirdiklərinə görə, məhz bu hamamda insanları buxarda boğaraq öldürüblər.