Category: Cəmiyyət

  • Övladla ünsiyyətə icazə verməyən valideyn CƏZALANDIRILA BİLƏR – Ali Məhkəmədən İZAH

    Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında izah edir ki, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər. Valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övladlığa götürənlərə də şamil edilir.

    Bu barədə Ali Məhkəmənin yaydığı məlumatda bildirilir.

    Qeyd olunur ki, uşaqların isə ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, təhsil almaq, istismardan, zərərli təsirlərdən, cinsi istismardan və cinsi zorakılıqdan müdafiə olunmaq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq və digər hüquqları var.

    “Valideynlik və uşaq şəxsiyyət hüquqlarının bir çoxu qarşı tərəfin öhdəlikləri ilə şərtləndirilib. Həmin öhdəliklərin pozulması mənəvi zərər yaradır.

    Valideynlik hüquqlarından sui-istifadə edən və onu uşaqların mənafeyinə zidd həyata keçirən, heç bir üzrlü səbəb olmadan uşağını doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edən, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən, uşaqları istismar edən, təhqir edən, mənəviyyatını alçaldan, qəddarlığa, kobudluğa, biganəliyə yol verən valideyn bu kimi hərəkətləri ilə uşaqların şəxsiyyət hüquqlarının pozur və onlara mənəvi zərər vurur.

    Eyni məsuliyyəti övladlığa götürən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar.

    Valideyn və uşaqların bir-biri ilə ünsiyyət hüququnun pozulması mənəvi zərərə səbəb olur.

    Uşaqlarla yaşayan valideynin digər valideynlə uşağın ünsiyyətinə qanunsuz maneəsi həm valideynin, həm də uşağın şəxsiyyət hüquqlarına müdaxilədir. Uşaqdan ayrı yaşayan valideynin və uşağın bir-biri ilə ünsiyyət hüququ məhkəmə qərarı ilə yaranmır, bu hüquq uşağın doğulduğu andan mövcud olan fundamental hüquqdur.

    Görüş tələbindən əsassız olaraq imtina edildiyi an pozuntu baş verir. Ona görə də, uşağı ilə ünsiyyət hüququ pozulmuş valideyn məhkəmədə uşaqla görüşmək tələbi ilə yanaşı mənəvi zərərin kompensasiyasını da istəyə bilər.

    Ünsiyyət hüququnun pozulması ilə bağlı vurulmuş mənəvi zərər tələblərində məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı ünsiyyətin pozulduğu müddət, valideynlə uşağın emosional bağlılığı və digər halları nəzərə ala bilər.

    Qeyd edilənlər həmçinin baba, nənə, bacı, qardaş və digər qohumların uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən də tətbiq edilir.

    Alimentin ödənilməməsi birbaşa mənəvi zərərə səbəb olmur.

    Aliment əmlak hüququdur və ödənilməməsi maddi zərərlə nəticələnir. Lakin bu hal uşağın yaşamaq, sağlamlıq, təhsil və digər şəxsiyyət hüquqlarını pozarsa mənəvi zərərə səbəb ola bilər. Bu əsasla mənəvi zərər tələbi irəli sürən şəxs öz tələbini əsaslandırılmalı və sübut etməlidir ki, uşağın sadalanan şəxsiyyət hüquqları məhz aliment ödənilmədiyi üçün pozulub. Əks təqdirdə, belə tələblər təmin edilməyəcək.

    Eyni qayda valideynin xroniki alkoqolizm və narkomaniya xəstəsi olması hallarına da şamil olunur.

    Aliment əmək qabiliyyəti olmayan valideynin saxlanması üçün əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladdan tutulduğu hallarda ödənilmədikdə isə, həmin valideyn yuxarıda sadalanan şərtlərlə çıxış edə bilər.

    Qanuni əsas olmadan uşağın ölkədən getməsinə icazə verməmək mənəvi zərərə səbəb olur.

    Belə hərəkətlər həm uşağın, həm də onunla yaşayan valideynin sərbəst hərəkət etmək azadlığının və digər aidiyyəti şəxsiyyət hüquqlarının (təhsil, sağlamlıq, istirahət, mədəni və mənəvi inkişaf və digər) pozulmasıdır. Belə hüquqlar məhkəmə qərarı ilə yaranmır, qanundan irəli gələn hüquqlardır. Ona görə də, uşağın ölkədən çıxışına qanunsuz maneə yaradıldığı an pozuntu baş verir. Odur ki, belə hallarda mənəvi zərərin kompensasiyası tələbləri buna dair icazənin verilməsi barədə iddia ilə birlikdə və ya ayrılıqda qaldırıla bilər.

    Uşaqların məhkəmə müdafiəsi necə təmin edilir?

    Uşaqlara vurulan mənəvi zərərin kompensasiyası tələbləri üzrə iddialar tam fəaliyyət qabiliyyəti əldə edənədək qanuni nümayəndə qismində çıxış edən valideynlər və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən irəli sürülə bilər. Belə iddialar irəli sürülməmişsə, uşaqlar özləri tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra bu barədə müstəqil iddia qaldıra bilər.

    Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarının qəbulundan əvvəlki tarixlərdə baş verən pozuntulara görə mənəvi zərər tələb edilə bilərmi?

    Sözügedən qərar rəsmi izah xarakteri daşıyır və əvvəlki tarixlərdə baş vermiş pozuntulara görə mənəvi zərər tələbləri üçün heç bir maneə yaratmır”, – deyə məlumatda vurğulanır.

  • Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb

    Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb.

    Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.

    Bildirilib ki, mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilmiş, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.

    “Hesabat dövründə cəmiyyət tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3 800 yaşayış binası, təxminən 176 500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2 800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.

    O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.

    İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3 111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub.

    Mövsüm ərzində 1 309 qazan qurğusu, 3 450 nasos avadanlığı, 1 000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilib.

    2026-cı ilin birinci rübündə 924 820 Gkal istilik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 910 Gkal və ya 3.7 faiz çox olub.

    Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və istismara verilib.

    Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99.87 faizi qaz yanacağı, 0.13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. Ümumi istehsalın 513 Gkal və ya 0.055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.

    İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcək”, – deyə məlumatda qeyd olunub.

  • Xaricdə təhsil üzrə sənəd qəbulu BAŞLADI – Müraciət qaydası – Video

    “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ilində dünyanın məşhur universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu elan olunub.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 15 aprel 2026-cı il tarixindən başlayan sənəd qəbulu 5 iyun 2026-cı il, saat 18:00-dək davam edəcək.

    Məlumatda qeyd olunub:

    “Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.

    Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.

    Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız “universitetlər üzrə TOP 10″da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.

    Dövlət Proqramına seçim meyarları, müraciət üçün tələb olunan sənədlər və sənəd nümunələri ilə yerləşdirilmiş keçidlər vasitəsilə tanış olmaq mümkündür.

    Dövlət Proqramına müraciət etmək üçün klikləyin“.

    Sənəd qəbuluna dair təlimat videosu:

  • Xəzər dənizində daha bir zəlzələ oldu – FOTO

    Xəzər dənizində zəlzələ baş verib.

    Bununla bağlı Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.


    4.2 maqnitudalı zəlzələ yerli vaxtla 06:52-də qeydə alınıb.

    Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.

    Qeyd edək ki, son günlər Xəzərdə 10-dan çox zəlzələ olub.

  • Yaşayış binalarında tullantılarla bağlı qadağa – “Qaydanı pozan 300 manat cərimələnəcək” – Video

    Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır.

    Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.

    Son günlər bəzi zibilqabılarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarını deyirlər.

    Bəs bu plakatları əraziyə kim yerləşdirib?

    Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib ediblər.

    Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.

    Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən həyata keçirilir.

  • Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb

    Məhkəmələrdə xəstəliyə görə cəzadan azad edilmə ilə bağlı müraciətlərə baxılarkən məhkumun mövqeyi mütləq dəqiqləşdirilməlidir. Bu məqsədlə məhkumun iclasda bilavasitə iştirakı, zərurət yarandıqda isə videokonfrans formatında qoşulması təmin edilməlidir.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə göndərilən tövsiyədə bildirilib.

    Vurğulanıb ki, xəstəliyə görə cəzadan azad etmə institutunun tətbiqi zamanı məhkumun sağlamlıq vəziyyəti və onun cəzanı faktiki çəkmək imkanının olub-olmaması əsas götürülür. Mövcud qanunvericiliyə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulmuş şəxslər cəzadan azad edilirlər.

    Təcrübə göstərir ki, bəzi hallarda məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən edilən müraciətlərə xəstəliyi təsdiq edən sənədlər əlavə olunmur. Həmçinin, bəzən məhkumun iştirakı təmin edilmədən həkim komissiyasının rəyinin alınması üçün qərarlar qəbul edilir. Bu isə sui-istifadə hallarına, əsassız müraciətlər nəticəsində ehtiyac olmadığı halda təxliyələrin həyata keçirilməsinə və izafi tibbi müayinələrin aparılmasına səbəb olur.

    Qeyd olunanları nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilib:

    – Xəstəliyə görə cəzadan azad etmə barədə ərizələr üzrə işin halları tam, hərtərəfli və obyektiv araşdırılmalı;

    – Müdafiəçinin və ya qanuni nümayəndənin müraciətinə dair məhkumun mövqeyini öyrənmək üçün işə məhkumun iştirakı ilə baxılmalı;

    – Səhhəti məhkumun məhkəməyə gəlməsinə imkan vermədikdə videokonfrans sistemindən istifadə olunmalı;

    – Müraciətə tibbi sənədlər əlavə edilmədikdə, həmin sənədlər cəzanı icra edən müəssisədən tələb edilərək sənədlərdəki natamamlıq aradan qaldırılmalı.

  • Bakıda məşhur kafe SÖKÜLƏCƏK – Video

    Bakının Xətai rayonu, Zığ şosesi, 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüləcək işlər Bakının Baş planına əsasən həyata keçiriləcək.

    Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan “Nargilə” kafesi də var.

    Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun genişmiqyaslı abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıblar.

    Sakinlər bildirirlər ki, planlaşdırılan söküntülərlə bağlı onlara nə rəsmi məlumat verilib, nə də ev və obyektlərinə görə kompensasiya ödənilib-ödənilməyəcəyi, eləcə də yeni mənzillə təmin olunub-olunmayacaqları barədə xəbərləri var.

    Elə ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin əməkdaşları da söküntü işləri ilə bağlı onlarla hələ rəsmi danışığa başlanılmadığını dilə gətiriblər.

    Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır.

  • Tullantılarla bağlı qadağa – “Qaydanı pozan 300 manat cərimələnəcək” – VİDEO

    Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadagandır.
    Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.

    Son günlər bəzi zibilqablarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarının deyirlər.

    Bəs bu plakatları əraziyə kim yerləşdirib?

    Məsələ bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və komunallar xidmətinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib edib.

    Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.

    Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən ərazidən kənarlaşdırılır.

  • Elçin Əmirbəyov “CNN Prima News”a müsahibə verdi

    Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “CNN Prima News”a müsahibə zamanı bildirib ki, Azərbaycan ilə Çexiya arasında 2015-ci ildən Strateji Tərəfdaşlıq Haqqında saziş imzalanıb.
     
    Median.Az xəbər verir ki, bunu Çex Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “CNN Prima News” (CNN-in çex dilində filialı) telekanalına müsahibəsində Çexiya-Azərbaycan münasibətlərinə toxunarkən bildirib.
     
    “2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur”, – o qeyd edib.
     
    E. Əmirbəyov vurğulayıb ki, Çexiyanın yeni baş naziri və Azərbaycan Prezidenti ilin əvvəlində Davos İqtisadi Forumu çərçivəsində görüşmək imkanı əldə ediblər: “Buna görə də düşünürəm ki, yaxın həftələrdə və aylarda biz səfərlər və çoxlu sayda əlaqələrlə ən yüksək səviyyədə daha fəal qarşılıqlı fəaliyyət görəcəyik”.
     
    Onun sözlərinə görə, Çexiya ilə bu münasibətlər bu ölkənin sənaye bazası, texnoloji təcrübəyə sahib olması, Avropa İttifaqı və NATO üzvlüyünə görə yüksək qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya kimi çox vacib olan regionlara qapı qismində Çexiyaya fayda verə bilər. “Biz onilliklər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayırıq və həmçinin regional bağlılıq baxımından əsas ölkəyə çevrilmişik”, – E. Əmirbəyov vurğulayıb və əlavə edib ki, tərəflər çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıqdan danışa bilər:
     
    “Əgər biz Çexiyanın texniki nou-hausunu Azərbaycanın geoiqtisadi və geosiyasi mövqeyi, infrastrukturu baxımından oynaya biləcəyi rolla və energetika sahəsində oynadığı rolla birləşdirsək, birlikdə daha çox şey edə bilərik”.
     
    Jurnalistin Ukrayna və İrandakı proseslər fonunda enerji təhlükəsizliyi ilə bağlı sualına cavabında Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Azərbaycan enerji portfelini daha da genişləndirə bilər. “Azərbaycandan xam neft ixracı kimi ənənəvi sahə ilə yanaşı, Çexiyanın istifadə etdiyi neftin təxminən üçdəbirinin Azərbaycandan gəldiyini demək ədalətli olardı və bu əməkdaşlıq digər sahələrə də genişləndirilə bilər”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.
     
    E. Əmirbəyov Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada aparıcı dövlətlərdən biri olduğunu xatırladıb və bildirib ki, dünyanın 16 ölkəsinə təbii qaz ixrac edilir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. “Bu siyahıya Avstriya və Almaniya da qoşulub”, o bildirib və əlavə edib ki, ölkələr bərpaolunan enerji mənbələrini əhatə etmək üçün enerji portfelini genişləndirə bilər: “Azərbaycan günəş, külək enerjisi və elektrik enerjisi sahəsində böyük potensiala malikdir”.
     
    Onun sözlərinə görə, yeni ölkələrə qazın həcmini artıra bilmək üçün yataqların işlənməsinə, eləcə də mövcud infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsinə əlavə investisiyalar lazımdır: “Təbii qazımızı Avropaya ixrac etdiyimiz Cənub Qaz Dəhlizi artıq tamamilə rezerv edilib. Buna görə də bizə əlavə güc lazımdır və bunun üçün Aİ və Azərbaycanın birlikdə işləməsi zəruridir. Azərbaycanın Avropa üçün uzunmüddətli etibarlı enerji tərəfdaşı olmaq məqsədi artıq gerçəkləşib”.
     
    E. Əmirbəyov regiondakı qeyri-sabitlikdən danışarkən bu vəziyyətin bəzi ölkələr üçün alternativ enerji mənbələrinin axtarışının vacib etdiyini qabardıb. “Azərbaycan etibarlı tərəfdaş rolunu oynamağa davam etməyə hazırdır. Çünki bütün bu bazar dəyişkənliyinə və geosiyasi təlatümlərə baxmayaraq, Azərbaycan çox məsuliyyətli və etibarlı tərəfdaş olaraq qalır”, – o bildirib.
     
    E. Əmirbəyov Cənubi Qafqazda Rusiyanın rolu ilə bağlı vəziyyəti də dəyərləndirib:
     
    “Əlbəttə, coğrafiya burada çox vacib bir elementdir. Azərbaycan-Rusiya münasibətləri baxımından biz çalışırıq ki, qarşılıqlı hörmət əsasında hər iki tərəfin maraqlarını nəzərə alacaq qarşılıqlı faydalı, praqmatik və proqnozlaşdırılabilən münasibətlər quraq. Bu həm də Azərbaycanın bütün qonşularına münasibətdəki mövqeyidir, çünki biz həmişə çoxvektorlu, praqmatik və müstəqil xarici siyasətin lehinə seçim etmişik və münasibətlər üçün əsas meyar milli maraqlarımızı qiymətləndirməyimizdir”.
     
    O bildirib ki, ABŞ-də Donald Trampın ikinci müddətə prezident seçilməsi Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir səhifə açıb. ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər Azərbaycan və Birləşmiş Ştatlar arasında bir çox sahələri əhatə edən strateji tərəfdaşlıq haqqında xartiyadır:
     
    “Bu münasibətləri vacib edən ikinci element Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülhün təşviqində oynadığı müsbət roldur. Bilirsiniz ki, iki ölkə arasındakı 30 illik münaqişədən sonra keçən ilin avqust ayında D. Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması ilə nəticələnən zirvə görüşünə dəvət edib.
     
    Lakin onlar, həmçinin sülh ruhunun möhkəmləndirilməsinin vacibliyindən bəhs edən üçtərəfli bəyannamə imzalayıblar. Əsas olan kommunikasiyaların açılması məsələsi idi. Çünki Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında kommunikasiyaların bərpa edilməsi və Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi kimi bu çox strateji əhəmiyyətli layihəyə öz dəstəyini verib. Lakin məsələ yalnız bunda deyil, bu faktordan daha genişdir.
     
    Söhbət gələcəkdə Şərqi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qərbi Avropa ilə birləşdirəcək yeni və ya alternativ bağlantı marşrutunun yaradılmasından gedir. Beləliklə, düşünürəm ki, bütün bunları bir araya gətirsək, bu, Azərbaycan üçün Birləşmiş Ştatlarla olan münasibətlərin nə qədər vacib olduğunu nümayiş etdirəcək. Biz bu müsbət dinamikanı davam etdirməyə hazırıq və düşünürəm ki, bu baxımdan, 2026-cı il Cənubi Qafqaz regionu üçün həlledici olacaq, çünki ətrafımızdakı bütün bu qeyri-müəyyənlik, qeyri-sabitlik və münaqişələr, sadəcə olaraq, Azərbaycan və Ermənistan tərəfindən bu tarixi fürsətdən istifadə etməyin, sülhü rəsmiləşdirməyin və qanuniləşdirməyin vacibliyini vurğulayır.
     
    Buna görə də ümid edirəm ki, Ermənistanda yaxından izləyəcəyimiz siyasi hadisələr, iyun ayında qarşıdan gələn parlament seçkisi və ardınca yeni konstitusiya üzrə keçiriləcək referendum Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanmasına keçməsinə imkan verəcək”.//sfera.az

  • Yeni rəhbərlik, yeni mərhələ: səhiyyədə vətəndaş məmnunluğu prioritetə çevrilir

    Azərbaycan səhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində TƏBİB-in yeni icraçı direktorunun təyinatı idarəetmədə keyfiyyətin artırılması və xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu dəyişiklik, xüsusilə vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş yeni islahat mərhələsinin başlanğıcı kimi diqqət çəkir.

    Yeni mərhələdə əsas hədəf tibbi xidmətlərdən istifadə edən vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi, xidmətlərin daha əlçatan və keyfiyyətli təşkili olacaq. 

    Qaynarinfo xəbər verir ki, bu yanaşma yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda idarəetmə fəlsəfəsinin yenilənməsini də nəzərdə tutur.

    Tibbi xidmətlərdə yeni yanaşma: vətəndaş məmnunluğu prioritetdir

    İslahatların əsas istiqamətlərindən biri vətəndaşların tibbi xidmətlərdən razılığının artırılmasıdır. Bu məqsədlə xidmət keyfiyyətinin ölçülməsi, müraciətlərin operativ cavablandırılması və pasiyent yönümlü yanaşmanın gücləndirilməsi planlaşdırılır. Yeni rəhbərliyin bu sahədə konkret nəticələrə yönəlmiş idarəetmə mexanizmlərinin tətbiqinə üstünlük verəcəyi gözlənilir.

    Səhiyyə və sosial müdafiə sistemləri arasında koordinasiya gücləndirilir

    İslahatların digər mühüm istiqaməti səhiyyə və sosial müdafiə sistemləri arasında əlaqələrin daha effektiv qurulmasıdır. Bu koordinasiya, xüsusilə həssas əhali qruplarının tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsinin artırılması və birgə proqramların tətbiqi nəzərdə tutulur.

    Tibbi sığorta vəsaitlərinin idarə olunmasında səmərəlilik artırılacaq

    İcbari tibbi sığorta sisteminin genişlənməsi fonunda maliyyə resurslarının düzgün və şəffaf idarə olunması əsas prioritetlərdən biri olaraq qalır. Yeni mərhələdə sığorta fondunun vəsaitlərinin daha səmərəli istifadəsi, xərclərin optimallaşdırılması və xidmətlərin real dəyərinə uyğun maliyyələşmə mexanizmlərinin tətbiqi gözlənilir.

    Əlçatanlıq, operativlik və keyfiyyət: əsas hədəflər

    Tibbi xidmətlərin əlçatanlığının artırılması, xüsusilə regionlarda səhiyyə infrastrukturunun gücləndirilməsi ilə paralel aparılacaq. Eyni zamanda, xidmətlərin operativliyi – yəni müraciətlərin tez və effektiv şəkildə cavablandırılması – və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətlərdəndir.

    TƏBİB-in rolu genişlənir və institusional gücü artır

    Yeni təyinat fonunda TƏBİB-in səhiyyə sistemində rolu daha da gücləndirilir. Qurumun institusional imkanlarının genişləndirilməsi, qərar qəbuletmə prosesində çevikliyin artırılması və resursların daha effektiv idarə olunması əsas məqsədlər sırasındadır. Bu isə nəticə etibarilə daha səmərəli və vətəndaşyönümlü idarəetmə modelinə keçidi təmin edəcək.

    Dayanıqlı və müasir təşkilat modelinə keçid

    İslahatlar çərçivəsində TƏBİB-in müasir, dayanıqlı və çevik təşkilat kimi inkişafı üçün zəmin formalaşdırılır. Bu, həm daxili idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini, həm də rəqəmsal həllərin geniş tətbiqini əhatə edir. Nəticədə qurum səhiyyə sistemində yaranan yeni çağırışlara daha operativ reaksiya vermək qabiliyyətini artıracaq.

    Yüksək səviyyəli tibbi xidmətlərə doğru

    Görülən tədbirlərin yekun məqsədi əhaliyə daha yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Bu isə yalnız tibbi infrastrukturun deyil, həm də insan resurslarının inkişafı, peşəkar kadr hazırlığı və beynəlxalq təcrübənin tətbiqi ilə mümkün olacaq.//qaynarinfo