Category: Cəmiyyət

  • Magistraturaya qəbul imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.

    DİM-dən oxu.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın beş şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

    Ərizələrin qəbulu internet vasitəsilə fevralın 2 dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib.

    Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.

    Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində üç, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavrın imtahan verəcəyi gözlənilir.

    İmtahanın idarə olunmasına 123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci ildəndir.

  • Azərbaycanda yeni virus təhlükəsi

    Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.

    S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.

    S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiylarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb.

    İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb:

    “Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər”.

    Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə öz uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb.

    Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.

  • 500-dək məhkum Novruz bayramını evində keçirə bilər – VİDEO

    Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir.

    Median.Az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.

    Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir.

    Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

    Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.

    Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.

  • Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

    Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

    Şairin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə dünyasını dəyişib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edək ki, Bəxtiyar Vahabzadə həyat yoldaşından doqquz il öncə – 2009-cu il fevral ayının 13-də, 83 yaşında dünyasını dəyişib.

  • Bakıda I sinfə qəbul başlayıb

    2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.

    Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

    Vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallarına aydınlıq gətirə bilərlər.

    2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 51 000-dən çox uşağın qəbulu gözlənilir.

    Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinfə qəbul martın 12-də başlayır.

  • Sürüşmə zonasındakı sakinlərə verilən kirayə haqqı məlum olub

    Dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək.

    Bunu oxu.az-a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

    Onun sözlərinə görə, ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi səkkiz nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub:

    “Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin hesablarına köçürülüb

    Hazırda sürüşmə zonasında AMEA-nın mütəxəssisləri, FHN və ETSN əməkdaşları işləyib müəyyən ölçülər götürülər. Onların çıxacağı rəyi əsasında Nazirlər Kabinetinin qərarı əsasında ərazidəki tiklilərin taleyi aydın olunacaq. Ya ərazidəki tikliləri söküb kompensasiya təyin ediləcək, ya vətəndaşları evlərinə qaytaracaqlar. Hazırda bu məsələ həll olunur.”.

  • FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı – FOTO

    Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir.

    Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından oxu.az-a verilən məlumatda bildirilir ki, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

    “Son günlər hava şəraiti kəskin pisləşib, temperatur düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

    Fövqəladə Hallar Nazirliyi bir daha təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.

    Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, xilasetmə işlərinin aparıldığı ərazi və yaranmış vəziyyətlə birbaşa tanışlığı olmayan şəxslərin subyektiv fikirlərini yayarkən diqqətli olmağa çağırır və bu cür məlumat yayanlara yaranmış həssas vəziyyətə anlayışla yanaşmağı tövsiyyə edir”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, 2017-ci il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.



  • Nazirliyin əməkdaşı Şüvəlan sakinlərinin torpağını mənimsədi (FOTOLAR)

    Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin haqqında dələduzluq iddiası ilə bağlı redaksiyamıza şikayət daxil olub.


    Median.Az
    xəbər verir ki, Şikayətçilər Qaynarinfo-ya müraciət edərək bildirib ki, İbrahim Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Bağlar” adlanan ərazidə onlara məxsus olan təqribən 4 sotluq torpaq sahəsini qanunsuz olaraq zəbt edib və hasarlayıb.
    Şikayətdə qeyd olunur ki, İbrahim Əliyev həmin ərazidə torpaq sahəsi olan 4 nəfər vətəndaşın istifadə etdiyi yolu da bağlayıb:

    “İbrahim Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizə təzyiq göstərir. Bizdən xəbərsiz torpaq sahələrimizi hasarladıb. Həmin ərazininin qonşuluğunda İbrahim Əliyevin 22 sotluq torpaq sahəsində tikilmiş 2 mərtəbəli dəbdəbəli villası var. İndi bizim torpaqları da öz həyətinə birləşdirmək istəyir. Deyir ki, “yuxarılarda” adamım var, gedin hara müraciət edirsiniz edin, heç kəs bu torpağı məndən ala bilməz!”, – deyə şikayətçilər bildirib.
    Şikayətçilər İbrahim Əliyevin qanunsuz əməlləri ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Birinici vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşır.








  • ‎Bakıda “xərçəngsən” dedilər, Türkiyədə isə…

    Milli Onkologiya Mərkəzinin həkimi Bahadur Abbasov xəstəyə ölümcül diaqnoz qoymaqda ittiham olunur.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, şikayətçi Mahirə Allahverdiyeva adlı xanıma sözügedən mərkəzin həkimi tərəfindən səs tellərində xərçəng şişi diaqnozu qoyulub.

    Nəticələrə inanmayan M.Allahverdiyeva Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanalardan birinə müraciət edərək, növbəti dəfə orada analiz verib. Bu gün alınan nəticələrə görə, xəstədə heç bir bədxassəli şiş aşkarlanmayıb. Xəstəliyi ilə bağlı ciddi müalicə kursu yazılan pasient ölkəsinə geri göndərilib.

    M.Allahverdiyeva bildirib ki, Bakıda ona qoyulan diaqnoza görə maddi zərər görüb və mənəvi stress yaşayıb. Pasient ona yanlış diaqnoz qoyan həkimi məhkəməyə vermək niyyətindədir.

    İttihamlarla bağlı Axar.az-a açıqlama verən Milli Onkologiya Mərkəzinin həkimi Bahadur Abbasov bildirib ki, bu barədə bir söz deməsi üçün araşdırma aparmalıdır:

    “Mən istəməzdim xanımda təhlükəli bir xəstəlik olsun. Ola bilər ki, ona Türkiyədə yanlış diaqnoz qoyublar. Bu araşdırılmalı və dəqiqləşdirilməlidir ki, hansı diaqnoz yanlışdır. Mən bu barədə sabah sizə daha ətraflı və dəqiq cavab verə bilərəm”.

  • SOS: Bakıdakı 100 yaşlı bina hər an uça bilər – REPORTAJ

    Bakının mərkəzi ünvanlarından birində yerləşən 100 yaşlı bina hər an uçma təhlükəsi ilə üz-üzədir.

    APA TV-nin xəbərinə görə, Səbail rayonu Arif İsmayılov 51 ünvanındakı bu bina əvvəllər neftçilərin yataqxanası olub, daha sonra məcburi köçkünlər və yerli əhali də orada məskunlaşıb.

    Zemfira Məmmədova deyir ki, evim 2015-ci ildə zədələndi: “2014-cü ildə bu ərazidə olan iki qəzalı binanı sökəndə ətraf evlər kimi, mənim də evim ciddi zədə aldı. Söküntü işlərində yük maşınlarının ağırlığına evlər tab gətirmədi. Qızım, insan yaşamaz burda. 2015-ci ildə Avropa Oyunları ərəfəsində sakinlərə dedilər ki, buraları söküb hər şeyi qaydasına salacağıq. Yollarımız yaman gündədir”.

    Musayevlər ailəsi uzun illərdir bu mənzildə yaşayır. Mənzilin hazırkı durumu çox acınacaqlıdır, rütubət qoxusundan nəinki burda yaşamaq, nəfəs almaq belə olmur. Ailənin 3 azyaşlı övladı olmasına baxmayaraq, kommunal problemlərin məngənəsində yaşamaqda davam edirlər. Divarların hər an uçma təhlükəsi var.

    Kommunal çatışmazlıqlar bir tərəfə, binanın ən əsas problemi deformasiyaya uğramasıdır. A.İsmayılov küçəsi, bina 51-də mənzillərdə rütubət olduğundan, çürümə prosesi gedir və yuxarı mərtəbələrin sütunları sıradan çıxır.

    Binanın eyvanları yamaq-yamaqdır. Sakinlər öz bacardıqları qədər eyvanlarda bərkitmə işləri aparsalar da, bu, binanın ümumi görünüşünü də vahiməli edir. Sanki bina hər an üstünə gələcək kimi bir vəziyyət alıb. Bundan əlavə, 6-cı mədən sakinlərinin təkcə qəzalı bina deyil, həm də yol və marşrut problemi var: “Binaya gələn yollar da bağlıdır. Gördüyünüz hər iki binada 300 nəfərə yaxın ailə yaşayır. Bütün bu insanlar evinə gəlmək üçün yol bağlı olduğundan, Bibiheybəti fırlanıb qayıdırlar. Nə yeraltı, nə də yerüstü keçid yoxdur bu ərazidə. Bəs buna kim baxacaq?”

    Bina sakinləri marşrutdan istifadə etmək üçün kilometrlərlə yolu piyada, palçıq içərisində getməli olurlar. Palçıq binanın həyətindən başlayır və A.İsmayılov küçəsi boyunca davam edir.

    Gördüyünüz bu mənzərə Arif İsmayılov küçəsinin sakinlərinin mərkəzi yola çıxması üçün keçiddir. Binaya gedən su xətlərinin üstü açıqdır. Sakinlər bildirir ki, səhər saatlarında suyu təzyiqi yüksək olduğundan, hətta yay aylarında da burdan keçmək təhlükəli vəziyyət yaradır. Dəfələrlə “Azərsu” ASC-yə olunan müraciətlər isə digər müraciətlər kimi cavabsız qalıb.

    Təxminən 300 nəfər yaşadığı bu binada elektrik naqilləri bir-birinə dolanıb. Bu baxımdan burda yaşayan azyaşlıların həyətə çıxmaq imkanları da yoxdur. Onlar həm rütubətin, həm də pis şəraitin qurbanlarıdır. Elə valideynlər də hər həftə həkimlərdə olduqlarını deyirlər.

    Mənzillərdə isə vəziyyət daha dəhşətlidir. Bəzi evlərin tavanı, sadəcə, betonla örtülüb, beton döşəmə ilə sakinləri yalnız bir xalça ayırır. Kommunal xidmət də elə də ürəkaçan vəziyyətdə deyil.

    Binanın həyətində köhnə tikinti materiallarından tikilən daxmalara sığınanların həyat şəraiti də ürək ağrıdır. Onlarla məcburi köçkün ailəsi binanın həyətində özlərinə kiçik daxmalar tikib yaşayır. Dediklərinə görə, yağış yağanda elə vəziyyət yaranır ki, kanalizasiya suları daşıb evlərin içinə dolur. Ətrafa yayılan üfunət qoxusu isə dözülməz olur.

    Su İdman Sarayının aydın göründüyü bu boş ərazidə qəzalı vəziyyətdə olan iki bina sökülüb. Hazırda ərazi boşdur, dörd bir tərəfdən hasara alınıb. Əraziyə marşrut xəti işləmir, yaxınlıqda ərzaq mağazası belə yoxdur. Sakinlərin çağırışına təcili tibbi yardım maşınları belə gəlmir.

    Sözügedən ünvanda Zəngilan rayonu 4 saylı ümumi orta məktəbin binası da yerləşir. Bu təhsil ocağında 108 şagird təhsil alır. Təhsil ocağının direktoru Xanməmməd Xanməmmədovun sözlərinə görə, məktəb dövrün tələblərinə cavab versə də, qəzalı bina ilə üz-üzə olduğundan, uşaqlar hər an təhlükə ilə üzləşə bilər: “Məktəbimiz qəzalı olmasa da, üz-üzə olduğumuz binanın damı bərbad durumdadır. Binanın arxa tərəfi tam yararsız durumdadır. Bu durum isə ümumilikdə məktəb üçün təhlükəlidir”.

    Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, Arif İsmayılov 51 ünvanındakı hər iki yaşayış binası SOCAR-ın və 3 saylı Mənzil Kommunal Departamentinin balansında olduğundan, ərazinin pilot layihəyə salınması qeyri-mümkündür. Buna baxmayaraq, Səbail Rayon İcra Hakimiyyəti sakinlərin təhlükəli durumda olması ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.

    İnanırıq ki, ümidi yalnız Allaha qalan bina sakinlərinin də səsinə səs verən tapılacaq.