Category: Cəmiyyət

  • İtkin düşən alpinistlərlə bağlı AÇIQLAMA

    Qubaya güclü qarın yağmasına baxmayaraq, itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

    Median.Az xəbər verir ki, bu barədə AzVision.az-a “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl olunur.

    Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

    Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

  • Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı

    “Ölkə üzrə Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi 1000-dən artıq din xadimi maaş alacaq”.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman ismayılov deyib.

    Onun sözlərinə görə, din xadimlərinin maaşlarında fərq olacaq: “Bölgü imam, naibi-imam və mütəvəllilər (vəqfi idarə edən şəxs) arasında aparılacaq. Həmin din xadimlərinin işləri dəyərləndikdən sonra onlara müavinət veriləcək”.

    Təkliflərin sənəd şəklində hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunduğunu deyən M.İsmayılov qeyd edib ki, din xadimlərinin maaşları kart vasitəsi ilə veriləcək: “Sənədlər iki həftəyə yaxındır ki, nazirliyə göndərilib. Güman edirəm ki, yaxın günlərdə yekun qərar məlum olacaq”.

    Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din xadimlərinin işlərinə nəzarət ediləcək: “Təbii ki, işə gəlməyən din xadimlərinin maaşı kəsiləcək. Məqsəd məscidlərin nəzarətsiz qalmamasıdır”.

    Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin keçən ilin oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

  • Azərbaycanda evdən qaçan gəlin taksiyə oturub, əvvəlki sevgilisinin yanına getdi – Ailə dramı

    Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 9 gündür axtarılır. Qayınatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Asiyanın qayınatası Tanrıverdi Bayramov müsahibəsində gəlininin qardaşı arvadının əli ilə qaçdığını deyib. O, gəlinini fen almaq üçün mağazaya apardığını, oradan isə taksiyə minib getdiyini deyir.

    “Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir Gəncəyə. Asiya orada taksidən düşüb parka girir. Düşdüyü yer də aydın görünür. Düzülüb-qoşulmuş işdir”.

    Qayınatası gəlininin nikahdan əvvəl bir nəfərlə münasibətinin olduğunu deyir. T.Bayramov bu barədə ona gəlinin qardaşı arvadının məlumat verdiyini bildirib.

    Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva Publika.az-a açıqlamasında iddialara cavab verib:

    “Bizim Gəncədə qohumlarımız var, amma qızım onlara getməyib. O, fen almaq üçün mağazaya gedib, ondan sonra bir daha xəbər tutmamışıq. Qızım iki aydır ailə qurub, 9 ay da nişanlı olublar. Bu müddətdə bir narazılığı olmayıb. Onun nə üçün getməsi barədə heç nə bilmirəm. Maşın vurubmu, yoxsa başına nəsə iş gəldiyini bilmirik. Polisə məlumat vermişik, onlar araşdırırlar. Nə problemi var, onu da bilmirəm, çünki iki aydır mənim evimdə yaşamırdı”.

    A.Ağakişiyevanın qayınatasının sözlərinə gəldikdə, ana bu iddiaların hamısının yalan olduğunu deyib:

    “Mənim gəlinim yoxdur. Asiyadan başqa bir qızım var, o ailəlidir, öz evi var. Bir oğlum var o da balacadır. Qızımın heç kimlə münasibəti olmayıb, ev qızı idi, heç yerə getmirdi, ancaq evdə olurdu. Ailə qurmağa da biz məcbur etməmişik, özünün razılığı var idi. Biz telekanallara da müsahibə verəndə qayınatası elə sözlər demədi. İndi elə fikirləşirlərsə, heç nə deyə bilmirəm. Qızımın heç kimlə münasibəti olmayıb, o barədə də heç nə bilmirəm. Qayınatası nə deyirsə, yalandır. Ola bilər ki, sabah nəsə problem çıxsın, kiminsə əli olsun bu məsələdə. Qızım üzə çıxandan sonra günahkarın kim olduğu məlum olacaq”.

  • Bir ay evdə olmadı, 400 manatdan çox borclandı – Bakıda qəribə hal

    Qaz sayğacındakı nasazlığa görə Bakı sakininə cərimə yazılıb. O isə bundan narazılıq edir və “Azəriqaz” ASC-ni məsuliyyətsizlikdə günahlandırır.

    Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, ev 78 ünvanında yaşayan Ülvi Bağırzadə dövlət qurumundan şikayətçidir. Onun sözlərinə görə, smart tipli qaz sayğacı sıradan çıxdığından artıq borc yazıb:

    “2 həftə əvvəl “Azəriqaz” ASC-nin əməkdaşı gəlib sayğacı yoxlayıb. Deyir, qurğuda problem var, amma borc yazır. Çay filan qızdırmaq üçün odunu yandırırıq. Buna görə sayğaca 2-3 manat yükləyirdik. Hamam və ev üçün isə yalnız odundan istifadə edirik. Bizə deyirlər, sayğac 471 manat borc yazıb. 3 aydır evdə qalmırıq. Qardaşım torpağın altında qalmışdı. Xəstəxanaya gedirdik, başımız qarışıq idi. Axı bir aya bu qədər borc yazıla bilməz. Nəyə görə, vaxtında gəlib yoxlamırlar?! Bəlkə mən sayğacı çıxarmışam, “levı” işlədirəm. “Azəriqaz” ASC-nin əməkdaşı ötən ilin yanvarında yoxlama aparmışdı”.

    Dövlət qurumundan Ülvi Bağırzadəyə bildirilib ki, yeni kart almalıdır: “ASAN Kommunal getdim və xeyli növbədə gözlədim. Ailə üzvüm də xəstədir… Nəhayət, sıra mənə çatdı. Dedilər ki, ya 471 manat , ya da 170 manat rəhmətə gedən atamın adında var, onu verməliyəm. Bildirdim ki, bir köpük pulum yoxdur. Razılaşmadılar və iki seçimdən birini etməli olduğumu söylədilər”.

    Şikayətlə ilə əlaqədar minval.info “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, şikayətçi sözügedən quruma müraciət etməlidir və bunun əsasında araşdırılma aparılıb məsələyə qiymət verilməlidir.

  • Azərbaycanda sürücülər benzini maye qaza dəyişir – “Qiymətdə yarıbayarı fərq var…”

    Son illər Azərbaycanda avtomobillərə maye qazla işləməsi üçün quraşdırılan avadanlıqlara maraq çoxalıb. “Qafqazinfo” xəbər verir ki, elə buna görə də ölkədə mövcud sistemləri quraşdıran şirkətlərin da sayında artım müşahidə olunur. Paytaxt yollarında hərəkət edərkən müxtəlif reklam roliklərində, tablolarında bu cür şirkətlərin adına rast gəlmək mümkündür. Əsas məsələ isə təhlükəsizlik tələblərinə nə dərəcədə əməl olunmasıdır. Yəni, hər hansı şirkətin bu işlə məşğul olması üçün uyğunluq sertifakatı mütləq olmalıdır.

    Azərbaycanda bu işlə məşğul olan şirkətlərə lisenziya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir.

    Bu arada bildirək ki, minik avtomobillərini maye qazla işlətmək məsələsi ölkəmizdə yeni-yeni gündəmə gəlsə də, dünyada “Ekoqaz” sistemindən uzun illərdir ki, istifadə olunur. Çünki bu sistemdə qazın sərfiyyatı artıq olsa da, benzinə nisbətən daha sərfəlidir.

    “Qafqazinfo” mövcud avadanlıqların quraşdırılması, təhlükəsizlik qaydalarına əməl edilib edilməməsi ilə bağlı araşdırma aparıb.

    Ölkədə sözügedən avadanlığın quraşdırılması ilə məşğul olan “Ekoqaz” şirkətinin direktoru Muhtar Tayşi saytımıza açıqlamasında qeyd edib ki, mövcud qaz avadanlıqları benzinlə işləyən injektorlu bütün avtomobillərə quraşdırılır:

    “Ancaq bu avadanlığı dizel mühərrikli maşınlara quraşdırmaq mümkün deyil. Avtomobilin baqaj hissəsinə qaz balonu qoyulur və bundan sonra mühərrikə bir neçə detal əlavə edilir. Bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir. Sürücülər tərəfindən bizə sistemin quraşdırılması üçün çoxlu müraciətlər edilir. Elə buna görə də filiallarımızın sayını artırırıq”.

  • Türkiyədə maraqlı sorğu: “Azərbaycan deyəndə ağlınıza nə gəlir?”- VİDEO

    Türkiyədə “Azərbaycan deyəndə ağlınıza nə gəlir?” sualı ilə sorğu keçirilib.

    Musavat.com-un məlumatına görə, sorğuda iştirak edən Türkiyə vətəndaşları maraqlı cavablar veriblər.

    Həmin sorğunu diqqətinizə çatdırırıq:

  • DTX yol polisini işdən qovdurdu

    Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib.

    Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. DİN-dən verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib. Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.

  • Altı yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb

    Yeni tədris ilində altı yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan oxu.az-a verilən məlumata görə, altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə isə martın 12-dən iyunun 20-dək aparılır.

    “Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılır”, – deyə məlumatda deyilir.

  • Nərgiz Paşayevanın qızını Bakıda kinoteatra buraxmadılar

    “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova İnstaqramda “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.

    Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib.

    “Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər.
    İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”,- deyə o vurğulayıb. (Qafqazinfo)

  • Eminin Əminə ilə maraqlı görüntüsü – VİDEO

    Bəstəkar-müğənni və iş adamı Emin Ağalarov Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə birlikdə istirahət edərkən həmin anları telefonun kamerasına çəkərək, görüntüləri İnstagram hesabında izləyiciləri ilə paylaşıb.

    Baku.ws xəbər verir ki, Emin dünyaca məşhur “Snapçat” proqramından istifadə edərək, Əminə ilə maraqlı bir video çəkib.

    Həmin videonu sizə təqdim edirik: