Category: Cəmiyyət

  • Dilqəm və Şahbaz dəyişdirilə bilər

    Azərbaycan girovluqda olan erməni diversantların gələcək aqibəti ilə bağlı məsələni götür-qoy edir.

    Median.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov açıqlama verib.

    “Onların mübadiləsi ilə bağlı əvvəllər də təkliflər olub. Bu istiqamətdə işləməyə və irəliləməyə hazırıq”, – deyə İ.Axundov jurnalistlərə bildirib.

    Dövlət komissiyasının İşçi qrupunun rəhbəri Azərbaycanın işğal olunmuş torpaqlarında əsir saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun vətənə qaytarılması istiqamətində səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.

    “Bu istiqamətdə işlər davam etdirilir. Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir”, – deyə rəsmi bildirib.

  • Bakıda qaydanı kobud pozan qadın sürücü dava saldı (VİDEO)

    Bakıda qadın sürücünün kobud qayda pozuntusu kameraya düşüb.

    Baku.ws-in məlumatına görə, qayda pozuntusu “Yeganə” şadlıq sarayından “Memar Əcəmi” metro stansiyası istiqamətində gedən yolda qeydə alınıb.

    99 – LM – 404 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat”ın qadın sürücüsü əks yola çıxıb və qarşıdan gələn avtomobilin hərəkətinə mane olur. Sürücü ona yol verilməsini tələb edir. Hətta bir az da irəli gedən xanım sürücü digər sürücüyə tərbiyəsiz deyir. Daha sonra YPX avtomobilinin əraziyə yaxınlaşması ilə qadın sürücü əks yoldan çıxır.

    Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarda 327-ci “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsinin 2-ci bəndində qeyd edilir:

    1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 3 bal, 60 manat cərimə nəzərdə tutulur.

  • Qanunda dəyişiklik: Sərnişin daşıyanlar 40 manat cərimələnəcək

    Azərbaycanda beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqrafı olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı İnibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    Layihədə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bu maddədə yalnız beynəlxalq yükdaşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur. Təqdim edilən layihəyə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairəsi genişləndirilib və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də əlavə edilib.

    Qaydaları pozanlar 40 manat məbləğində cərimələnəcəklər.

    Bu layihə müzakirəyə təqdim edilməzdən öncə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin üzərinə həmin daşımaları həyata keçirən yük atomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchi etməli olmaları bir vəzifə kimi onların üzərinə qoyulmayıb. Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir. Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər bir çox hallarda sürət həddini aşaraq və istirahət rejiminə əməl etmədən nəqliyyat vasitələrini idarə etməkə davam edirlər. Bu da yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olur. Təqdim edilən qanun layihəsinə görə, həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqrafı olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar. Dəyişiklik beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən gələcəkdə baş verə biləcək qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunmasını məqsədini daşıyır.

    Dəyişiklik layihəsi Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  • 23 nömrəli məktəbin müəlliminin vərəm xəstəsi olduğu təsdiqləndi

    Bakının 23 saylı məktəbində şagird və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb.

    Bu barədə müəllimlərindən birinin vərəm xəstəliyinə yoluxduğu 23 saylı məktəbin yaydığı məlumatda bildirilir.

    Qeyd olunub ki, müəllimlərdən biri xəstələnərək dekabrın sonunda KRVİ diaqnozu ilə xəstəlik məzuniyyətinə çıxmış və bü günə qədər işə qayıtmamışdı. 9 fevral 2018-ci il tarixdə Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən gələn rəsmi məktubda müəllimənin başqa diaqnozu barədə məlumat alınıb və dərhal valideynlərə və müəllimlərə bu məlumat çatdırılıb.

    Hazırda məktəb Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əməkdaşlıq edərək bütün lazımı tədbirlərin həyata keçirilməsi üçün şərait yaradıb: şagirdlər, müəllimlər, inzibati və texniki işçilərin müayinəsi aparılır, həkimlər tərəfindən valideynlərin suallarına cavab verilir.

  • Bu görüntülər Azərbaycanda çəkildi – Kadrlar adamı şoka salır – VİDEO

    Şabranda mağazaya quraşdırılan təhlükəsizlik kamerasına bir neçə dəfə dövrə vuran naməlum işıq düşüb. Sonradan görüntülərə baxan mağaza sahibi bunun hansısa varlıq olduğunu idda edir. Məsələyə mütəxəssislərdə münasibət bildirib.

    Mağazada naməlum işıq təhlükəsizlik kamerasına düşüb. Sahibi isə bunun hansısa varlıq olduğunu iddia edir.

    Şabranda mağazada qəribə hadisə baş verib. Kamera görüntüsünə baxan mağaza sahibi əvvəlcə içəri oğruların daxil olduğunu zənn edib.Ancaq görüntülərə tam baxdıqdan sonra, bunun oğrular yox hərəkətdə olan naməlum işıq olduğunu görüb.

    Mağaza sahibi Məzahir Məmmədov deyir ki, hər gün axşam və səhər saatlarında evindən mağazada quraşdırılan təhlükəsizlik kamerası ilə içəridə oğurluq olub-olmamasına baxırmış.Elə bu hadisə də səhər saatlarında kamera görüntülərinə baxan zaman baş verib.Bundan sonra, dərhal mağazaya gedən Məzahir Məmmədov içəri daxil olduqda orada naməlum işığın yox olduğunun şahidi olub.Məzahir Məmmədovun oğlu isə idda edir ki, bu işıq yox hansısa varlığın görüntüsüdür.

    Hadisə şahidlərinin sözlərinə görə,görüntülərdə mağazada bir müddət dövrə vuran naməlum işıq bir neçə dəqiqədən sonra pəncərə tərəfdən yoxa çıxır.

    Bəs görüntülərə düşən naməlum işıq nədir? Bunu hansısa naməlum varlıqla əlaqələndirmək olarmı? Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov isə bildirir ki,videogörüntülərdəki naməlum işığın hansısa varlıq olmasından söhbət belə gedə bilməz.Çünki, bunun dində və elmdə heç bir fəlsəfi izahı yoxdur.

    Qeyd edək ki, mağaza sahibi bildirir ki,bu hal ilk dəfədir baş verib.

  • Bakıda bu yaşayış yerləri plana düşdü – Əvəzində pul veriləcək (ÜNVANLAR)

    Bakının daha bir rayonunda yaşayış üçün yararsız olan qəzalı binalar söküləcək.

    Bu barədə Baku.ws-ə Yasamal rayonu İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilir ki, pilot layihə çərçivəsində Yasamal rayonunda Qırmızı Şərq küçəsində yerləşən az mərtəbəli və yaşayış üçün yararsız olan tikililərin sökülməsi barədə qərar qəbul olunub.

    Adı çəkilən küçədə olan 101, 102, 103, 104 saylı qəzalı binalarda yaşayan sakinlər köçürüləcək və söküntü işlərinə başlanılacaq.

    Lakin hələlik pilot layihəni həyata keçirəcək şirkət müəyyən edilmədiyindən köçürülmə və söküntü işlərinin nə vaxt başlayacağı dəqiq bilinmir.

    Şirkət müəyyən edildikdən sonra sakinlərlə əldə olunan razılıq nəticəsində kompensaisya ödəniləcək.

  • Rusiyada yanğında ölən üç azərbaycanlının meyiti vətənə göndərilib

    Orenburqda baş verən yanğın zamanı ölən üç azərbaycanlının meyiti xüsusi aviareyslə Bakıya göndərilib.

    Median.Az-ın xəbərinə görə, bu barədə Report-a Orenburq vilayəti Azərbaycanlılarının Milli Konqresinin prezidenti Ələddin Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, bu gün meyitləri göndərilənlərin hər üçü Masallı rayonunda dəfn ediləcək. O, meyitin vətənə göndərilməsi üçün lazım olan pulun dünya azərbaycanlıları tərəfindən toplandığını vurğulayıb.

    “Bu, normal praktikadır: azərbaycanlılar həm ağır günlərdə, həm də şad günlərdə bir yerdə olmalıdır. Azərbaycanın Rusiyadakı səfirliyindən bizə zəng vurub yardım təklif etdilər, amma hələlik öz gücümüz çatır”, – Ə.Məmmədov bildirib.

    Konqres başçısı əlavə edib ki, dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Orenburq şəhərinin meri Yevgeni Orapov arasında telefon danışığı olub və onlar yanğında xəsarət alanlara yardım məsələsini müzakirə ediblər.

    Hazırda xəstəxanada olanlardan biri – səkkiz yaşlı Sevinc Quliyeva özünə gəlib və artıq danışır.

    Digər xəsarət almışların vəziyyəti sabit ağır kimi qiymətləndirilir. Onların hamısında bütün orqanların fəaliyyəti süni aparatlar vasitəsilə təmin olunur.

    Xatırladaq ki, Orenburqda yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları – Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

    İlkin məlumatlara görə, yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

    Şəhərin tibb məntəqəsinə yeddi nəfər, o cümlədən üç yetkinlik yaşına çatmamış uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər.

    Faktla bağlı cinayət işi açılıb.

  • Bakıda qatar küləyi gənc qızı ölümcül vəziyyətə saldı

    Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

    Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

  • Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

    Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na etdiyi dəyişiklikləri şərh edib.

    DİM-in mətbuat xidmətindən oxu.az-a bildirilib ki, dəyişikliklər Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

    “Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər.

    Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn, yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər.

    Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi”, – DİM-dən bildirilib.

    Mərkəzdən əlavə olunub ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

    Qeyd edək ki, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

    Bundan əlavə, Qaydaların 1 nömrəli əlavəsində I ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu üzrə siyahıya İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və Şərabçılıq, II ixtisas qrupuna Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupuna Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupuna Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları əlavə edilib.

  • Rezidenturaya sənəd qəbulu başlayıb

    Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir.

    DİM-in mətbuat xidmətindən oxu.az-ya verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

    İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

    Namizədin “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

    Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

    Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2018-ci il aprelin 1-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2018-ci il iyulun 8-də keçiriləcək.

    Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.

    İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

    Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

    Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci sayında dərc olunacaq. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda, “Rezidentura” jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.