Category: Cəmiyyət

  • İlin ilk Günəş tutulması başlayır

    Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

    Şamaxı Astrofizika Rəsədxanasından oxu.z-a verilən məlumata görə, Günəş tutulması (qismən tutulma) bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək.

    Məlumatda qeyd olunur ki, tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

  • Boşanmaların sayı artıb

    2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halları qeydə alınıb.

    Bu barədə oxu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumatda qeyd olunur ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

    Qeyd edək ki, 2016-cı ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 114 min boşanma halları qeydə alınıb. 2016-cı il ilə müqayisədə ölkədə boşanmaların sayı isə əksinə, 10,8% artıb.

  • Azərbaycanda tələbə qəbulu qaydaları dəyişdirildi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

    Median.Az quruma istinadən xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

    Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

    Əvvəlki illərin məzunları isə DİM-in rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməlidirlər.

    Qaydaların ümumi müddəalarının 2.1.2-ci yarımbəndində “tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilib.

    Bundan əlavə, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edəcəklər.

    İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edəcəklər.

    Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyriməqbul”la qiymətləndiriləcək.

    Eyni zamanda, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

  • Ali məktəblərdə bir şəxsin 2 vəzifəni icra etməsi qadağan edilir

    Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.

    Təhsil Nazirliyinin Kollegiyasının 15 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” bu gündən qüvvəyə minir.

    Bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.

    Dövlət sirri və təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təyinatlı ali təhsil müəssisələri nizamnamələri ilə bu Qaydalar arasında ziddiyyət yarandığı halda öz nizamnamələrini əsas götürürlər. Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir.

    Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və üzrsüz səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru intizam məsuliyyəti daşıyır.

    Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil sahəsində qanunvericilik, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, bu Qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.

    Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

    – kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər;

    – dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.

    – Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;

    – Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə bu Qaydalarda qeyd olunan tələblərə uyğun gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.

    Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər. Kafedra müdirinin və dekanın fəaliyyətinə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydalarda oyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər./oxu.az

  • Eynulla Fətullayevdən generala sual: “Hansı nazirin oğlu orduda xidmət edir?…”

    Bu gün Müdafiə Nazirliyində KİV redaktorları ilə nazirliyin rəhbər şəxslər arasında görüş keçirilib.

    Görüşdə E.Fətullayev ermənilər tərəfindən həyata keçirilən informasiya diversiyasının qarşısının vaxtında və effektiv alınmasının mühümlüyü məsələsini qaldırıb. Jurnalist bildirib ki, bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi daha operativ işləyir və bunda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının günahı yoxdur.

    “Vaqif Dərgahlının telefonu sutka boyu jurnalistlərə açıqdır, sadəcə olaraq onun səlahiyyətlərini artırmaq lazımdır. Nəyə görə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünü daha sərbəst hiss edir və sosial şəbəkələrdə cəbhədən gələn xəbərləri operativ yerləşdirir?”-E.Fətullayev sual edib.

    Jurnalist xatırladıb ki, indi 21-ci əsrdir və internet əsrində hansısa informasiyanı gizlətmək mümkün deyil. O zaman erməni təbliğatçılarına informasiya manipulyasiyası üçün şərait nəyə görə yaradılır?

    Polkovnik Dərgahlı bu fikirlərə cavab olaraq deyib ki, o zabitdir və əmrə tabedir. E.Fətullayevin narahatlığını APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, jurnalist Rey Kərimoğlu və digərləri də dəstəkləyib.

    V.Mahirqızı ordu üzərində ictimai nəzarətin gücləndirilməsi məsələsini qaldırıb. “Dövlət sirri nə deməkdir? Əgər informasiya jurnalistin əlinə keçirsə o artıq dövlət sirri deyil, Müdafiə Nazirliyinin problemidir”-Mahirqızı deyib.

    Görüşdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, Azərbaycan ordusu onsuz da ictimai nəzarət altındadır.“Bizim hərbi hissələrə müntəzəm olaraq Ombudsman aparatının nümayəndələri baş çəkir. Baş prokurorluqla birlikdə vaxtaşırı olaraq profilaktik işlər aparılır. Hərbi hissələrə jurnalistlərin səfərləri təşkil olunur, ancaq onların bir çoxu sensasiya dalınca qaçır. Bəyəm Rusiya və ya ABŞ ordusunda problem yoxdur? Bəs siz görmüşünüz ki, onların mətbuatı itkilər barədə məlumatları dərc etsinlər?”-general bildirib.

    Nazir müavini əlavə edib ki, Vaqif Dərgahlının kifayət qədər səlahiyyətləri var. Lakin yaymazdan əvvəl informasiyanı dəqiqləşdirmək lazımdır. “Mən Eynulla Fətullayevlə haradasa razıyam, amma siz də bizi başa düşməlisiniz. Biz hamımız operativlik üçün can atırıq”-o deyib.

    Görüşdə söz alan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi xadimlərindən əfsanəvi general Səmədbəy Mehmandarov haqda danışmağa başlayıb. Bildirib ki, bu il cümhuriyyətin qurulmasının 100 illiyi tamam olacaq. Lakin Eynulla Fətullayev gözlənilmədən onun sözünü kəsib. Bildirib ki, Mehmandarov 100 il bundan qabaq vəfat edib və Azərbaycan ordusundakı indiki problemlərdən danışmaq lazımdır.

    “Gəlin Mehmandarovun özünün sözlərini xatırlayaq: “Bizim ordumuzda nə bir nəfər xan, nə bəy oğlu yoxdur”. Sizin hamınızdan soruşmaq istəyirəm, bizim ordumuzada nazirlərin oğulları da xidmət edirmi?”-Eynulla Fətullayev bildirib. //Virtualaz.org

  • The Washington Times: Bakıda taksi sürücüləri qiymətdə “atır”

    Dünyanın nəhəng nəşri The Washington Times Azərbaycan haqqında böyük məqalə hazırlayıb. 


    Median.Az həmin məqalənin bir hissəsini təqdim edir. Yazıda Bakıda taksilərin fəaliyyəti qınanılıb. Belə ki, məqalədə qeyd olunub ki, şəhərin taksi sürücüləri turistlərə düzgün qiymət demirlər. 

    İngilis nəşri “Bakıda taksi ilə gəzə bilərikmi”? sualını belə izah edib.

    “Əgər siz aeroportdan Bakının mərkəzinə, yaxud Azərbaycanın istənilən nöqtəsinə taksi ilə getmək qərarına gəlsəniz, ilk növbədə sürücü ilə qiyməti razılaşdırın, yaxud sürücünün sayğacı qoşduğuna əmin olun. Taksidən istifadən etmiş bəzi xarici turistlər aeroportdan Bakının mərkəzinədək gedişə görə onlardan çox pul alındığını deyir. Bununla yanaşı, taksidə işlək vəziyyətdə olan təhlükəsizlik kəmərlərinin olduğuna da əmin olun”. //baku.ws

  • Xoşqədəmin verilişinə basqın – efirə gələn şəxs polisə təhvil verildi (VİDEO)

    Xəzər TV-nin “Səni axtarıram” verilişində polis efirə basqın edib.

    Baku.ws-in məlumatına görə, aparıcı Xoşqədəm Hidayətqızının efirinə qonaq olan şəxsin övladlarına görə kəsilmiş alimenti ödəmədiyi məlum olub.

    Söhbət zamanı öz üzərinə düşən öhdəliyi yeriə yetirməyən şəxsi kanala gələn polislərə təhvil veriblər. 2013-cü ildən aliment ödəyən şəxsin 2016-cı ildən ödəniş etmədiyini bildirib.

    Məhz bu etirafdan sonra polisə məlumat verilib və həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Həccdə ölən zəvvarın ailəsinə kompensasiya ödəniləcək

    Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də, səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

    Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla, ziyarət bitdikdən sonra iki aydan çox olmamaq şərtilə, müalicə üçün iki min manatadək maddi yardım ediləcək.

    Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

    Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

    Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.

  • Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

    Bakı Şəhər Nəsimi rayon T.Həsənov adına 23 saylı orta məktəbdə vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib.

    Bu barədə oxu.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

    Məlumatda qeyd olunub ki, müəllimin xəstəliyi o, qan öskürəndə bəli olub. İddia olunur ki, müəllim öz xəstəliyini gizlədib.

    Bildirilir ki, hazırda həmin şəxs vərəm əleyhinə müəssisədə müalicə edilir. Xəstə müəllimin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbirlər həyata keçirilir.

    Məktəbdə şagirdlərin və müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən bir həftə ərzində başa çatacaq.

    Vərəm xəstəsi olan müəllimin şagirdlərə dərs keçməsi digər valideynləri də narahat edib. Onlar sosial şəbəkələrdə müzakirə apararaq məsələnin həllini tapmağa çalışıblar.

    Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsində bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır. Yaxın zamanlarda ətraflı məlumat veriləcək.

  • Şəxsiyyət vəsiqəsinin rüsumları dəyişdirilir

    “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

    Qanuna dəyişiklik bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

    “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

    Xatırladaq ki, mövcud qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə 5 manat, üç iş günü müddətində edildikdə 25 manat, bir iş günü müddətində verildikdə isə 35 manat məbləğindədir.

    Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədilə hazırlanıb.

    Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

    Dəyişiklik qəbul edilərsə, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.