Category: Cəmiyyət

  • Ən çox şikayət edilən tikinti şirkətlərinin adları məlum oldu

    Şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olub.

    Bu mövzuda Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə, əsasən, yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

    Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

    S.İsmayılov həmin şirkətlərdən “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013″, “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK-nın adını çəkib:

    “Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olub və onların müəllifləri Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.

    Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

    Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilib.

    Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar.

    “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb.

    Qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir.

    Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib.

    Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb.

    Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.

    Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq.

  • Bəzi rayonların rəhbərliyindən prezidentə şikayət artıb

    2016-cı illə müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

    Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə bildirib.

    Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir.

    Ərizələr, əsasən, sosial müdafiə məsələləri, o cümlədən müvafiq əlillik dərəcələrinin, ünvanlı sosial yardımların, əlil arabalarının verilməsi, habelə xaricdə və respublikada müalicəyə kömək göstərilməsi, təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi, ixtisara düşmüş işçilərin işlə təmin olunması, mənzillə təmin olunma, sığorta və ipoteka kreditlərinin verilməsi və s. məsələlər barəsindədir.

    Şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlər Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artıb.

  • Androidlə çalışan qurğular kütləvi şəkildə virusa yoluxur

    Mütəxəssislər Android əməliyyat sistemi ilə çalışan milyonlarla mobil qurğuda, gizli kriptovalyuta mayninq funksiyası olan zərərli proqram təminatı aşkarlayıb.

    Oxu.az xəbər verir ki, bu barədə “Malwarebytes Labs” şirkətinin bloqunda məlumat yayılıb.

    Araşdırmaya görə, yeni virus qadjeti “Monero” kriptovalyutası əldə etmək üçün bir mexanizmə çevirir. Əldə olunmuş bütün vəsaitlər avtomatik olaraq dələduzların pul kisəsinə köçürülür.

    Ekspertlər müəyyən edib ki, ələ keçirmə sisteminə əsasən, qurğudan sayta sorğu göndərilir və bu zaman qadjet şəbəkədə “şübhəli fəaliyyətlə bağlı xəbərdarlığı bloklayır.

    “Malwarebytes Labs” şirkətinin mütəxəssisləri bildiriblər ki, mobil qurğulara nəzarəti ələ keçirmək üçün kiberhücum zamanı beş internet domenindən istifadə olunub. Onlardan ikisində təkcə son ay ərzində 30 milyondan çox giriş qeydə alınıb.

    İstifadəçilər müəyyən müddətdən sonra həmin saytı tərk etsələr də, belə saytlarda keçirilən 4-5 dəqiqə virtual dələduzların zənginləşməsinə kifayət edib.

    Kibertəhlükəsizlik mütəxəssisləri istifadəçiləri öz mobil qurğularını, fərdi kompüterlərini belə hücumlardan qorumağı tövsiyə edir.

  • Ata uşaqlarına görə intihar edəcəyini deyir: “Buna məcburam…”

    Şabran sakini sosial durumu pis vəziyyətdə olduğu üçün intihar edəcəyini deyir.

    Xırdaoymaq kənd sakini Azad Alışov çöllük ərazidə ailəsi ilə birgə çadırda yaşayır. Onun sözlərinə görə, evi yandıqdan sonra müvafiq dövlət qurumlarına müraciət edib. Lakin A.Alışovun müraciətlərinə baxan olunmayıb.

    “Uşaqlarım ağır xəstədir, imkanım yoxdur. Cəmi 55 manat müavinət alıram. Ailəmi çadırda qoyub getmək mümkün deyil. Buna görə, heç yerdə işləyə bilmirəm. Çöllükdə çaqqallar olduğu üçün məcburam ailəmin keşiyini çəkim. Bizimlə heç kim maraqlanmır” – Azad Alışov bildirib.

    Kənd sakini deyir ki, yerli telekanallara belə müraciət edib, amma ona məhəl qoyan olmayıb.

    Azad Alışov həmçinin intihar edəcəyini söyləyib: “Belə getsə, özümü öldürəcəyəm. İntihar etməyə məcburam. Uşaqlarım ölümün görməməkdən ötrü bu addımı atmalıyam. Bu, ata üçün ən böyük əzab olar”.//minval.info

  • Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, tibetli razılaşmadı…”

    Afrika meymunundan tutmuş Iran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya, yeni moda glock, istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı elan saytlarından gedir.

    Median.Az-ın məlumatına görə, Virtualaz.org araşdırıb ki, saytın “heyvanlar” bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda işə yarayır.

    “Bu soxulcanlarla kənd təsərrüfatı üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə – biohumus hazırlamaq olur. Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur. Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır”-elan müəllifi bildirir.

    Saytda ən çox it və pişik satışı elanlarına rast gəlmək olur. Qiymətlər isə əlbətdə, çox müxtəlifdir. Qafqaz cinsinə aid olan it 600 manat, labrador balaları isə 500 manata təklif olunur. Saytda həmçinin təmiz sivas kangalı it cinslərinin Türkiyədən sifarişi də təmin olunur. Bütün sənədləri ilə gətirilən heyvanların qiymətləri isə 1600 manatdan başlayır, 5000-10000-ə qədər davam edir.

    Satışda qiyməti 2 min manat olan Amerika Akita it cinsi, 10 min manata satılan Qurdbasara da rast gəldik.
    “Scottish fold” pisiyi 500 manat, “Şinşila” (İran pişiyi) isə 400 manata təklif olunur. Sahibinin sözlərinə görə, bu cins pişiklər sahibinə 3 ay ərzində öyrəşə bilir: “Pişik Türkiyədən gəlib. çox mehriban pişikdir. Cinsi “şinşila”dır (iran pişiyi), 2 yaşı təzə olub. Bütün peyvəndləri olunub. Pasportu da var. Alan adamın adına keçirilir. Bu cins pişiklər 3 ay müddətində sahibinə öyrəşir. Üstündə öz əşyaları (tualet qabı, daşıyıcı səbəti, yemək qabı, dırnaq qayçısı, darağı, ipi, şapmunu) ilə birgə verilir. Evdə təzə doğulmuş uşaq olduğuna görə satıram”.

    Saytda donuz satan da tapdıq. Məlum oldu ki, çəkisi 28-32 kq arası olan 17 baş donuz 5 min 500 manata təklif olunur.
    Digər elanda isə satıcı 15 manata satışa çıxardığı tısbağasını tərifləyir:”Quru tisbağasıdır, təmiz saxlayıram. Çimizdirirəm, dırnağına lak çəkirəm, evdə saxlayıram. Yemək almağa da ehtiyac yoxdur, nə olsa yeyir – xiyar, kahı, pomidor, kartof. Həm də çox yemir. Orta ölçüdədir – 15 sm. İnsanı dişləmir”.
    Saytda meymun satanlar da az deyil. Qiymətlər isə 2500-3000 manat arasında dəyişir. Bundan başqa, meymunu günü 100 manata icarəyə verən də var.
    Pasportlu Makaka meymunun qiyməti isə 2500 manatdır: “Makaka meymun 2 yaşındadır. Çox ağıllı meymundur. Əhliləşib, insan kimi dil başa düşür . Həm də maraqlı bacarıqları var. Pasportu var, bütün peyvəndləri vurulub”.

    Lakin saytda ən maraqlı və qeyri-adi elan “Tibet mastifi” cinsindən olan küçüklə bağlıdır. Belə ki, elanda bu it balasının 250 min dollara (!) satıldığı göstərilir. Axı bu nə küçükdür ki, qiyməti Bakının mərkəzində 3-4 otaqlı evin qiymətinə bərabərdir və hansı özəlliyi onu bu cür baha edir?
    Elanı yerləşdirən şəxslə-Vüsal Əsədovla əlaqə saxladıq. O bildirdi ki, it nadir cinsdəndir, ona görə də belə bahadır. “Bu itin qara rəngli dişi cinsini 23 min dollara, erkəyini isə 15 min dollara Azərbaycana gətirmişəm. Amma indiki – ağ rəngli it nadir tapıldığına görə bu qədər bahadır. Elanını saytda yerləşdirəndən sonra Azərbaycandan bir nəfər zəng edib bağ evi ilə barter etmək istədiyini bildirdi. Amma itin tibetli sahibi üçün Azərbaycanda bağ evi almaq maraqlı olmadığına görə təklifdən imtina etdilər”-V.Əsədov deyir.

    Belə məlum olur ki, Vüsal Əsədov xaricdən cins itlərin sifarişlə gətirilməsi ilə neçə vaxtdır məşğuldur. Elan sahibi deyir ki, Ukraynada təhsil alıb və orada çoxlu tanışlar tapıb.

    “Xaricdən sifarişlə it gətirmək işinə o vaxtdan başladım. Sifariş olsa istənilən cinsdən it gətirə bilərəm. Sifarişsiz bu işlə məşğul olmuram. Çünki bir dəfə özbaşıma gətirdim, sonra iti alan olmadı, üstümdə qaldı. Ona görə də sifarişi verərkən müştəri heyvanın qiymətinin 50 faizini ödəməlidir. Qalan hissəsi isə it təhvil veriləndə ödənir”.

    Vüsal Əsədov deyir ki, gətirdiyi itlərin bütün sənədləri qaydasında olur və sağlamlığına təminat verilir: “Mən itləri Çindən, Rusiyadan, Tatarıstandan və başqa ölkələrdən gətirirəm. Bu itlər təyyarə ilə gətirilir, adətən 5-8, maksimum 12 günə sifarişçiyə çatdırılır. Gömrükdə də heç bir problem olmur, çünki heyvanların doğum sənədləri, çipləri, sağlamlıq kartları var. Ölkəyə keçirərkən veterinar nəzarətindən keçir. İndiyə qədər əsasən 10-15 min dollarlıq itlər gətirmişəm”.

    Nə demək olar, Allah 250 min dollarlıq iti satmağda da bazar yetirsin. Bu itə görə Bakıda villa təklif edən tapılıbsa yəqin nəğd pul təklif edən də tapılar…

  • Məktəbdə nələr baş verir: valideynlər danışdı – VIDEO

    Son günlər qalmaqallarla gündəmdə olan məktəblərdən biri də 220 saylı məktəb-liseydir. Məktəbin direktor müavini Zeynəb Rzayeva ilə yeni direktor əvəzi Tural Mirzəyev arasındakı qalmaqala artıq ailələr də qarışıb.

    Publika.az xəbər verir ki, bir neçə gün əvvəl aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın vəzifəsinin aşağı salınmasına, məktəbin direktor əvəzi Tural Mirzəyevin məktəbdəki müəllimlərə davranışına etiraz edərək məktəbə gedib. Bu zaman onunla T.Mirzəyev arasında direktor otağında mübahisə yaşanıb. Mübahisənin videogörüntüləri yayılıb və həmin görüntülər artıq bir neçə gündür ki, medianın, habelə ictimaiyyətin müzakirə mövzusuna çevrilib. R.Rzayev bacısının direktor T.Mirzəyevin tapşırığı ilə məktəbdə pul topladığını iddia edir. O, direktor əvəzi T.Mirzəyevi açıq şəkildə təhqir edir. Yayılan bu görüntülərə və qalmaqala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin açıqlaması da gecikmədi. Yayılan məlumatda tərəflər arasında məsələnin əsas səbəbi belə izah edildi:

    “220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib.

    Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd edən siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub”.

    Hər iki tərəfin mediaya yetərincə açıqlama verdiyini nəzərə alaraq üçüncü tərəfin – valideyn və şagirdlərin dilindən real vəziyyəti öyrənməyə çalışdıq. Bunun üçün isə təhsil ocağının qarşısında, amma məktəb hasarlarından içəri keçmədən onların fikrini öyrəndik. Düzdür, bəzi qadın valideynlər həyat yoldaşlarının razılığını almadıqlarından kameraya danışmaqdan imtina etdi, lakin bir cümlə ilə Tural Rzayevdən razı olduqlarını dedilər. Bəziləri isə ümumiyyətlə, danışmaq istəmədi. Lakin istər kamera qarşısında, istərsə də kamera olmadan danışanlar hamısı T.Rzayevdən narazılıqlarının olmadığını dedilər.

    Məktəbin 10-cu sinif şagirdi Fidan Qəhrəmanlı da çəkiliş olmasa da, sadəcə səsinin yazılması şərti ilə danışdı. Tural Mirzəyevin məktəbə direktor əvəzi təyin ediləndən sonra müsbət dəyişikliyin hiss olunduğunu dedi:

    “Artıq məktəbdə ciddi nizam-intizam var. Yaşanan bu hadisələrdə Tural müəllimdə heç bir günah görmürəm. Bu da məni və digər şagirdləri narahat edir. Tural müəllim məktəbə gələndən heç bir neqativ hal yaşanmayıb, hətta əksinə əvvəl olan problemlər aradan qaldırılıb. Təktərəfli də deyiləm, heç kimin də tərəfini tutmuram. Ancaq bu söz-söhbətlərdən məktəbin adı ciddi şəkildə korlandı”.

  • Azərbaycanlı oliqarx balaları Dubayda: “Yerazıq, yerlibazıq” – VİDEO

    Azərbaycanlı gənclər lüks həyatlarını bu dəfə də Dubayda nümayiş etdiriblər.

    VİP yaxtada gəzintiyə çıxan gənclər “Yerazıq, yerlibazıq” mahnısını çaldırıb, həmin musiqi sədaları altında rəqs ediblər. Kifayət qədər əylənən 20-25 yaşlı gənclər həmin anları videoya da çəkiblər.

    Qeyd edək ki, ilin bütün mövsümlərində isti olduğu üçün istirahətsevərlər qış aylarında məhz Dubaya üstünlük verirlər.//a24.az

  • Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar (SİYAHI)

    Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.

    Valideynlər övladlarına Abaqa, Abdar, Abdil, Abdulşir, Ablı, Absalat, Acaralp, Adıbaba, Adıbala, Adıgün, Adlıbəy, Ağamal, Akim kimi kişi, Abayət, Abıtel, Adaxanım, Adıdan, Afəridə, Afiliyə, Afrizə, Aftab, Ağanənə, Ağçiçək, Ağnur, Ağnurə, Ağanurə kimi qadın adları da qoya bilərlər.

    Adlar siyahısında Atabərk, Ataqardaş, Ataulla, Ayman, Aləmgir, Amanulla, Amiyət, Anlar kimi kişi, Ağtab, Akça, Akpinar, Alabikə, Aldona, Aleftina, Aləmara, Aləməfruz, Aləmsuz, Alnarə, Alyanaq, Anabacı, Aybacı, Anatac, Anayə, Aniyə, Arasiyyə, Arasta, Ayat, Aysalı, Aytamam, Ayulduz, Aynaisə, Aznurə kimi qadın adları da yer alıb.

    Körpələrə Bağdasər, Balaman, Bayel, Bilən, Bilgər, Birnur, Borazan, Bozər, Calib, Carər, Cavlı, Cəsarətdin, Cövzalı kimi kişi, Bacıgül, Badamnar, Badəgül, Baxçagül, Bağdaxanım, Balacaxanım, Başxanım, Bəyanə, Cəbirə (zor işlətmə), Cəbriyyə, Cəzanə (təngə gəlmək), Cığalı kimi qadın adları da qoyula bilər.

  • Polis 7 il əvvəl itkin düşmüş qadını axtarır – FOTO

    Masallı sakini itkin düşüb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Təklə kəndində doğulmuş, hazırda Xoşçobanlı kəndində qeydiyyatda olan Məmmədova Ramilə Əsədxan qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb, indiyədək geri qayıtmayıb.
    Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də, sonradan belə olmadığı məlum olub. Ramilə Məmmədovanın əlamətləri belədir: Boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ-qara rəngli ətək, mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub.
    Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • “Azərbaycan və erməni xalqları düşmən deyil” — Əli Həsənov

    Azərbaycanda səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallström baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Vallström deyib ki, İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir.

    İsveç xarici işlər naziri bildirib ki, bu ölkəyə pənah gətirən qaçqınların əksəriyyəti valideynləri olmayan uşaqlardır, onların təhsil, səhiyyə və digər sahələrdə olan problemlərinin həlli müəyyən çətinliklər yaradır. M. Vallström buna görə Azərbaycanın bu sahədəki təcrübəsinin İsveç üçün çox önəmli olduğunu söyləyib. M. Vallström Azərbaycanın dostu kimi burada olduqlarını vurğulayıb. Onun sözlərinə görə, səfərin əsas məqsədi gələcək əməkdaşlığımızı daha da genişləndirmək və bununla bağlı mövcud potensialı öyrənməkdir.

    Ə. Həsənov isə nəzərə çatdırıb ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunması ölkəmizə inkişaf etmək imkanı verib, qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həllinə başlanılıb: “Bu gün demək olar ki, biz 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla, 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir”.

    Ə. Həsənov bildirib ki, 24 ildir Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb”.