Category: Cəmiyyət

  • 25 gün əvvəl itkin düşən Türkan tapıldı – “Ona yaxşı həyat yoldaşı ola bilmədiyim üçün getdim”

    Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.

    Median.Az xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-ya bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.

    Rüfət Məmmədov bu barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, “Qara Qarayev” metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.

    Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: “Yanvarın 18-də nahar vaxtı Türkan Lətifova mənə zəng etdi ki, evdə yeməyi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda “Rüfət səni sevirəm, amma gedirəm” sözlərini yazmışdı”.

  • Hökümət Evində pul üstündə dava: Keçmiş icra başçısı polisə müraciət etdi

    Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Lizinq sektorunda müdirlə işçilər arasında insident baş verib.

    Median.Az olke.az-a istinadən xəbər verir ki, nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri Ağayev Mübariz Alı oğlu Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edib. Belə ki, adları çəkilən şəxslər fevral ayının 7-də Mübariz Ağayevin otağına girərək səs-küy salıblar, nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb. Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib. 

    Sayt baş vermiş hadisə ilə bağlı şikayətçi Mübariz Ağayevlə əlaqə saxlayıb və o faktı təsdiq edib: “Otağıma hücum edən şəxslər ana və oğuldurlar və eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım”.

    Qeyd edək ki, Mübariz Ağayev bundan öncə Quba və Göyçay rayonlarının icra başçısı vəzifəsində çalışıb.

  • 204 saylı avtobusda sərnişinlərin həyatı təhlükədə – VİDEO

    Avtobus sürücülərinin qayda pozmaları ilə bağlı dəfələrlə xəbər vermişik. Hətta buna görə bir neçə marşrut xəttinin sahibkarı cəzalanıb, sürücü işdən azad olunub. Ancaq hələ də qayda pozan, insanların həyatını təhlükəyə atan sürücülərə rast gəlinir.

    Məsələn, 204 saylı avtobusun sürücüsü maşının qapısı açıq şəkildə hərəkət edir, içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallaşaraq gedir. Beləliklə, sərnişinlərin həyatını təhlükəyə atır. Bununla yanaşı, arxadan gələn avtomobili üçündə qəza şəraiti yaradır.

    “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən kadrlar avtobus sürücüsünün məsuliyyətsizliyini bir daha göstərir.

    Xezerxeber.az həmin görüntünü təqdim edir: //xezerxeber

  • Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritet imiş

    Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.

    Unikal.org-un məlumatına görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu kriminal aləmdə “Haqqı” ləqəbi ilə tanınan kriminal avtoritet olub.

    O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da kriminal aləmin üzvüdür və “İsim” ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir.

  • Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb

    Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

    Median.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: “Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir”.

    Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: “Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın”.

    Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: “Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb”.

    Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.

  • Bu görüntülər Azərbaycanda çəkilib – Mübariz İbrahimov üçün toplaşdılar (VİDEO)

    Abşeron rayonu Qobu qəsəbəsinin 1 saylı tam orta məktəbinin şagirdləri maraqlı bir flaşmob hazırlayıb. Onlar milli qəhrəman Mübariz ibrahimovun əziz xatirəsini həmin flaşmobla yad ediblər. İdeya müəllifi isə ibtidai sinif müəllimi olub.

    Əvvəlcə iki cərgə düzülürlər, sonra sıra ilə addımlayırlar

    Yavaş-yavaş isə gözəl bir görüntü yaranır.

    Məktəblilərdən ibarət uşaqlar Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə belə bir flaşmob hazırlayıblar.

    Görüntülər Abşeron rayonu Qobu qəsəbəsi 1 nömrəli tam orta məktəbdə lentə alınıb. Məktəbin ibtidai sinif şagirdləri başlarına ağ papaq qoyaraq Mübariz İbrahimovun adını hərflərlə yazıblar.

    Layihənin rəhbəri Həcər Quliyeva deyir ki, hər il onlar milli qəhrəmanlarımızın əziz xatirəsini uşaqlarla birlikdə belə layihələrlə yad edirlər. Elə bu fləşmoba da ibtidai sinif şagirdlərinin marağı böyük olub.

    Hazırda müəllimə şagirdləri ilə birlikdə yeni flaşmob üzərində işləyir.

  • Eldar Əzizov: Bayıldakı vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır

    “Bayılda baş verən sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, bizə məlum olan ilk belə hadisə 1842, 1847,1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib.

    Sonuncu böyük sürüşmə hadisəsi 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr qeydə alınıb”.

    Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

    Onun sözlərinə görə, Bayılda baş verən sürüşmənin səbəbləri barədə dəqiq söz demək, münasibət bildirmək hələ tezdir:

    “Lakin mütəxəssislərin verdikləri ilkin rəyə görə, sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə, sadəcə olaraq, az da olsa, təsir edə bilərlər.

    Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər birmərtəbəli, plansız, bünövrəsiz bir gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır”.

    Eldar Əzizov əlavə edib ki, XIX əsrdə Bayılın bu hissəsində yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib.

    “Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25%-nin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni, bir gecəyə tikilən evlər olduğu müəyyən edilib.

    Sakinlər bu evləri qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrıseçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır”.

    Qeyd edək ki, son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun nəticəsində sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus dörd fərdi ev tam, biri isə qismən dağılıb./oxu.az

  • Həcc ziyarəti üçün ayrılan kvota kəskin azalıb

    Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub.

    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək.

    Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır.

    Buna qədər ən az yer ötən il ayrılmışdı.

    2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.

    Bu il üçün Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu gündən başlayıb.

    Yalnız bir variantda təşkil olunan səfərin qiyməti 4150 ABŞ dollarıdır.

  • Əhalinin pulsuz tibbi müayinəsinə başlanılır

    Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır.

    Əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək.

    Respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.

    Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalayıb.

    Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

  • “Bir də gördüm ki, evin divarı uçub içəri töküldü…” BAKIDA ŞİRKƏT VƏTƏNDAŞIN EVİNDƏN İRİ DƏLİK AÇIB (FOTO)

    Bakıda tikinti-söküntü qalmaqallarının ardı-arası kəsilmək bilmir.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, tikinti şirkəti ilə evindən köçmək istəməyən vətəndaşlar arasında daha bir qarşıdurma Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi ,34 ünvanında baş verir. İş o yerə çatıb ki, ərazidəki köhnə evləri söküb yerində çoxəmərtəbəli bina ucaltmağa hazırlaşan şirkət bir neçə gün əvvəl sakinlərdən birinin evinin divarından iri dəlik açıb.

    Belə ki, fevralın 3-də səhər saatlarında qonşu həyətdə aparılan söküntü zamanı Zərbəliyevlər ailəsinin başına sözün əsl mənasında daş tökülüb.

    Həmin ünvanda yaşayan üç uşaq anası 36 yaşlı Vüsalə Zərbəliyeva virtualaz.org-a başlarına gələnlər haqda danışıb. Şikayətçinin dediyinə görə, 2004-cü ildə Zərbəliyevlər ailəsinə gəlin köçüb. O vaxtdan etibarən də ərazinin yaxın zamanlarda plana düşəcəyini eşidirdi. Bu üzdən mənzildə təmir-bərpa işləri aparmayıblar.

    Ötən ilin yazında Nərimananov Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Pearl Construction” MMC adlı şirkətin əməkdaşları göstərilən ünvana gəliblər. Sakinlərə yaxın günlərdə köçürüləcəkləri ilə bağlı xəbərdarlıq olunub.

    ”Çox sevindik. İllərdir iki otaqlı şəraitsiz, təmirsiz evdə yaşayırıq. Ölçüb-biçdilər, dedilər “pilot layihə”dir. Düşündük ki, razı salacaqlar, normal evlərdə yaşayacağıq”-Zərbəliyeva deyir.

    Şikayətçinin dediklərindən belə məlum olub ki, yaşadıqları ərazi “Aztelekom”un mülkiyyətindədir.  Elə buna görə də sonradan şirkət nüməyəndələri sakinlərlə deyil, birbaşa “Aztelekom”MMC ilə söhbətlər aparmağa başlayıb.


    ”Bizim sənədlərdə mənzillərimiz xidməti ev kimi  göstərilib. Qaynatam Əbil Zərbəliyev uzun illərdir ki,  “Aztelekom”da işləyir. 1989-cu ildə bu evi ona “Aztelekom”dan veriblər. Evin ancaq orderi var, “kupça”sı yoxdur. Ərazidə 1 hektara yaxın sahə doğurdan da “Aztelekom”un məxsusdur”-şikayətçi bildirir.

    V.Zərbəliyevanın sözlərinə görə, “Aztelekom” MMC-nin Kabel Magistral Texniki Qovşağının rəisi Ağamirzə Ağamirzəyev sakinlərə deyib ki, onlardan xəbərsiz şirkətlə razılığa gedəcəkləri təqdirdə hər hansı problem yaranarsa ona şikayət etməsinlər: ”Biz də müqavilə bağlamağa qorxurduq ki, birdən sonradan evsiz qalarıq. Çünki bu cür halların baş verməsini dəfələrlə eşitmişik, görmüşük. İki dəfə “Aztelekom”a çağırdılar. Bizə cəmi 48 kv.m mənzil sahəsi verəcəklərini deyiblər. Az olduğu üçün razılaşmadıq”.

    Bir müddət sonra ətrafdakı evlər bir-bir köçürülməyə başlayıb. Köçənlər də olub, şirkətin təklif etdiyi variantdan narazı qalıb imtina edənlər də. Və şirkət  qonşuluqda sahiblərindən aldığı evləri sökərkən ötən şənbə qəflətən Zərbəliyevlərin mənzilinin divarı uçub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

    Vüsal Zərbəliyeva başlarına gələni belə nəql edir: ”Səhər saatları idi.  Texnikanın səsi gəldi, gördüm söküntü başlanıb. Neçə vaxtdı ürəyimə dammışdı ki, evimiz bu gurultuya, evləri dağıdan ağır texnikanın zərbələrinə dözməyəcək. Çünki o təkanlara, o gurultuya bu cür evlər tab gətirə bilməz. Səs-küyə uşaqlar oyandı. Balacanı qucağıma alıb sakitləşdirirdim. Bir də gördüm ki, evin bir yanı uçub içəri töküldü. Həmin otaqda divarın altında gecələr yer salıram, uşaqlarım orada yatır. Həmin vaxt uşaqlar orada olsaydı faciə baş verərdi, bəs buna kim cavab verəcəkdi?  Belə də özbaşınalıq olar?”.

    V.Zərbəliyeva hadisə zamanı övladlarına psixoloji sarsıntı keçirdiklərini deyir. Bildirir ki, şirkət yararsız hala düşən ev əşyalarının pulunu ödəyib, amma uşaqları o hadisədən sonra psixoloji travma alıblar. Gecələr yata bilmir, oyanır, qışqırırlar.


    “Hazırda da söküntü aparılır. Elə bil Suriyada, İraqda yaşayıram. Təhlükəli vəziyyətdəyik, hər an evin çökmə ehtimalı var. Bulduzerlərin səsi evimizin içərisindədir. Mənzilin divarı torpaq kimi ovulub yerə tökülür. Bu boyda bina tikmək istəyirlər, təməlini qoyurlar. Bəs bu gurultuya bizim evlər dözərmi? Gərək ölüm hadisəsi olsun, faciə baş versin?”-Zərbəliyeva deyir.

    V.Zərbəliyevanın dediklərinə görə, mənzilin orta divarı sökülən evlərin divarına bitişik olub. Elə qəza da məhz bu səbəbdən baş verib. Şirkət açıq-aşkar insan həyatını təhlükəyə atıb, Nərimanov rayon İcra Hakimiyyəti isə hadisə ilə heç maraqlanmayıb da.
    V.Zərbəliyeva qəzalı vəziyyətdə yaşamaqdan, üç övladının həyatının təhlükədə olmasından qorxduğunu deyir, aidiyyatı orqanlardan onları müvəqqəti də olsa başqa yerə köçürülmələrini xahiş edir:”Hər şey bir yana, uşaqlarımın həyatı təhlükədədir. Mən əsas övladlarımın təhlükəsizliyinin təmin olunmasını istəyirəm. Hazırda uşaqlar söküntülərin, dağıntıların içərisində oynayırlar. Bizi normal şərtlərlə bu təhlükəli yerdən köçürmələrini xahiş edirik”.


    “Pearl Construction” MMC-dən virtualaz.org saytına bildiriblər ki, həmin mənzillərin istismar müddətini başa çatdığından qəzalı vəziyyətdədir. Bu üzdən də ərazidə hər hansı tikinti işləri aparılarkən mənzillərin zədə alma ehtimalı olduğundan beton bəndlər qurulur:”Biz orda tikinti işləri aparırıq. Müvəqqəti olaraq həmin vətəndaşlar orada yaşayırlar. Mənzilin tikinti işləri aparılacaq ərazi ilə arasında beton bəndlər qurulur . Onların təhlükəsizlikləri tam təmin olunub. Vətəndaşa dəymiş zərər ödənilib”.

    Şirkət əməkdaşı ərazidə aparılan söküntü işləri zamanı ağır texnikadan istifadə olunmadığını da bildirib. Əməkdaşın sözlərinə görə, fəhlələr evləri əlləri ilə söküb təmizləyirlər. Hazırda təhlükəsizlik hasarı çəkilir.

    Xatırladaq ki, bundan əvvəl Yasamal rayonunda “Olympus Star” MMC adlı şirkətin 20 nəfərə yaxın işçisi təklif edilən kompensasiyadan narazı qalaraq evlərini satıb köçmək istəməyən sakinləri sözün əsl mənasında daş-qalaq edib. Bu zaman bir neçə sakin xəsarət aalıb.