Category: Cəmiyyət

  • ”Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm” – DÖVLƏT MƏMURU XƏRÇƏNG XƏSTƏSİNİ HƏDƏLƏYİR

    Lerik sakini Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən şikayətlidir

    “Ağır xəstələrə verilən pensiya kartı üçün atamdan rüşvət istəyiblər. Pulu olmadığı, istənilən məbləği verə bilmədiyi üçün haqqı olan pensiyanı ala bilmir”. Bunu hazırda Norveçdə mühacirətdə yaşayan jurnalist İdrak Abbasovun həyat yoldaşı Yeganə Abbasova deyib.

    O bildirib ki, atası, Lerik şəhər sakini Yunus Ağayev 16 yaşından dövlət üçün çalışıb. Ötən ildən isə xərçəng xəstəliyinə düçar olub və əmək fəaliyyətini itirib: “Xərçəngdən əziyyət çəkənlərin xərci həddindən artıq çoxdur. Hər dəfə şua və digər mərhələləri keçməsi üçün xeyli xərc tələb olunur. Atamın yaxşı təsərrüfatı, mal qarası da var idi. Hamısını sataraq müalicəsinə xərcləyib”.

    ”Yaxşı pensiya almaq istəyirsənsə, əlin cibində olsun”

    Yeganə Abbasova deyir ki, 6-7 ay bundan əvvəl atası dövlətin onun kimi ağır xəstələr üçün nəzərdə tutduğu pensiya hüququndan istifadə etmək istəyib. Buna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə müvafiq sənədlərlə müraciət edib: “Amma şöbədə süründürməçilik və biganəliklə üzləşib. Səbəbini soruşduqda isə şöbənin müdiri Malik Mirzəyev birbaşa deyib ki, yaxşı pensiya almaq istəyirsənsə, əlin cibində olsun. Atamdan 3 min manat pul istəyib. Atam “mənim nə qədər ömrüm qalıb ki, o qədər pulu sənə borc-xərc edib verim. Elə o pulum olsa, özümə xərcləyərəm”, – cavabını verib. Malik Mirzəyev isə cavabında “oğlunun qoyunları var. Onları sat, pulunu gətir”, – deyib. Qardaşımın qoyunları var, düzdür. Ancaq ailəsi də var. Onlara necə baxsın?”

    ”Pul verməsən, sənə ən az məbləği təyin edərik”

    Y.Abbasova deyir ki, qardaşı mal-qarasının bir hissəsini atasının müalicəsinə görə satır və əgər hamısını satsa, ailəsini dolandıra bilməz: “Ondan başqa üç qardaşım da var. Onların da heç birinin işi yoxdur. İkisi Bakıda günəmuzd fəhləlik edir. Kiçik qardaşım isə rayonda təsərrüfatla məşğudur. Atam məcbur qalaraq Bakıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gedib. Bundan sonra sənədləri rayon şöbəsi tərəfindən qəbul edilib. Atamın Bakıya şikayətə getməsindən hiddətlənən Malik Mirzəyev onu təhqir edib ki, “işverənsən”, “demaqoqsan”. Amma sənədlər göndərilib. Buna baxmayaraq, sənədlərdən bir xəbər də gəlməyib. Atamın şöbəyə çoxsaylı müraciətlərinə baxmayaraq, “hələ kağızlar gəlməyib” – deyə, cavab verilib. Atam məcbur qalaraq yenə Bakıya şikayətə gedib və məlum olub ki, sənədlər çoxdan göndərilib, amma müdir sənədləri gizlədib. Nəhayət, iş gəlib pensiya məbləğinin təyinatına çatıb. Müdir deyib ki, pul verməsən sənə ən az məbləği təyin edərik və bu dəfə 2 min manat rüşvət istəyib”.

    ”Dövlətin məmuru atamdan pensiya üçün rüşvət istəyib”

    Y.Abbasova deyir ki, 2 min manatlıq rüşvəti verəcəyi təqdirdə atasına haqqı olan aylıq 300 manatlıq pensiyanı təyin edəcəklərini söyləyiblər: “Sözsüz ki, yarıcan və kasıb atamda pul yoxdur ki, məmura rüşvət verə. Nəticədə isə atama cəmi 103 manat, yəni ömründə bir gün belə işləməyən adam kimi pensiya təyin olunub. Atam nə qədər yalvar-yaxar eləsə də, hətta ona bir qoyun gətirib verəcəyini də boyun olsa da, müdir buna razı olmayıb və atam yenidən Bakıya şikayətə gedib. Bakıdan məktub göndərilib ki, adama pensiyası rəsmi staji 28 il doqquz aya uyğun təyin edilsin. Son sənəd məsələsindən isə bərk hiddətlənən Malik Mirzəyev bu gün atamı ağır şəkildə təhqir edib. “Sən ölsən də 103 manatdan artıq pensiya görməyəcəksən. Nə buynuz çıxarıb ora-bura vurnuxursan? Sənin ağlın olsaydı Bakıya şikayətə qaçmazdın, pulu tapıb gətirib verərdin. Sən bilmirsən ki, mən burda elə-belə oturmamışam. Mən də yuxarıya, yuxarı da lap yuxarıya haqq verir. Get kimə şikayət edirsənsə elə. Hamımız bir-bizimizə bağlıyıq. Onlar sənin şikayətini mənim üstümə yollayacaq, mən də onunla arxamı silib atacam”.

    ”Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm”

    Bu insan yarıcan atamı döymək də istəyib və hədələrini də davam edib: “Sən Altay Mirzəyevi eşitməmisən. O mənim müstəntiq qardaşımdır və o qədər sənin kimilərini gedər-gəlməzə yollayıb ki… Səni də, oğlanları da basdıraram, nəslini kəsdirərəm” və s. kimi sözlər deyib. Qeyd edim ki, xəstəlik atamın boğazındadır və onu əsəbləşdirəndə boğazı təmiz tutulur, nəinki danışa heç su da qəbul edə bilmir. Bunu görən və bilən Allahsız məmur isə atama birbaşa qəsd edib. Hazırda vəziyyəti çox ağırlaşıb. Bəyan edirəm ki, atamın başına nəsə bir iş gəlsə, hər kəs bilsin ki, onun qatili Malik Mirzəyev olacaq!”

    ”Deyilənlərin hamısı yalandır”

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin müdiri Malik Mirzəyevlə əlaqə saxlayıb. O, deyilənlərin yalan olduğunu, sifarişlə yazıldığını söyləyib: “O sənədini biz təqdim edib. Elə indi də sənədləri mənim önümdədir. O adama pensiya təyin olunub. 2 aydır ki, alır. Yenidən 2 illik sığortasını da təqdim edib. İndi ona 117 manatlıq pensiya təyin olunub. Yenidən daha 2 illik staj sənədini təqdim edib. İndi də pensiyası 125 manat hesablanıb. Artıq növbəti ay bu məbləği alacaq”.

    ”Dekabrdan bəri məzuniyyətdəyəm, işdə olmamışam”

    Malik Mirzəyev deyir ki, internetdə yayılan məlumat yalnışdır: “Onun qızı yayıb. Xaricdə yaşayır deyəsən. Deyir, 3 min manatlıq, 2 min manatlıq rüşvət istəmişik. Müstəntiq qardaşımla onlara hədə-qorxu gəlmişəm guya, kişini təhqir etmişəm və s. Bunların hamısı yalandır, iftiradır. Dekabrdan bəri məzuniyyətdəyəm, ümumiyyətlə işdə olmamışam. Bu, necə ola bilər axı? İşə dünən qayıtmışam. Tam əminliklə deyə bilərəm ki, barəmdə yazılanların milyonda bir faizi də düzgün deyil. Hardasa 5 dəqiqə öncə zəng etsəydiniz, ağsaqqal özü də burada idi. Məndən heç bir şikayətinin olmadığını deyirdi”.

    ”Kimsə deyə bilməz ki, Malik məndən pul tələb edib”

    Malik Mirzəyev deyir ki, Yunus Ağayevin pensiyası yeni qayda ilə hesablanıb. Yeni qaydalar da belədir: “Onun orta stajı pensiya kapitalı ilə hesablanıb 125 manat təyin edilib. Həmin pulu da alacaq. Nazirlik araşdırma aparsın. Əgər burada deyilənlərin cuzi hissəsi düz olsa, mən ərizəmi yazıb işdən çıxmağa hazıram. Mən o kişini təhqir etməmişəm, ona güldən artıq söz deməmişəm. Çünki mən o tərbiyənin yiyəsi deyiləm. Özümdən böyüklərə hər hansı pis söz deyə bilmərəm. Üstəlik, orada yazılıb ki, guya o, nazirliyə şikayət etdiyi üçün mən ona “işverən” demişəm. halbuki həmin şəxs ümumiyyətlə nazirliyə şikayət etməyib. Bilmirəm də bu insanın qızı niyə belə yalan məlumat yayıb. Bir nəfər deyə bilməz ki, Malik məndən pul tələb edib”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Ancaq bununla bağlı nazirliyə rəsmi sorğu göndərilib.

    Mənbə: criminalaz.com

  • DİQQƏT! Bu məhsullar insan istifadəsi üçün yarasız sayılacaq!

    Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq, idxal ölkəsində qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ hüquqi aktların tələbləri tətbiq ediləcək.

    Trend xəbər verir ki, bununla bağlı “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklər təklif edilir.

    Qanuna təklif edilən dəyişikliyə görə, qida təhlükəsizliyi sahəsində müvafiq texniki-normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən, üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən, mənşəyi məlum olmayan, saxtalaşdırılmış, üzərində saxlanma müddəti göstərilməyən və ya saxlanma müddəti ötmüş, markalanmasına olan məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yarasız qida məhsulları hesab olunacaq.

    Qanuna təklif edilən digər dəyişikliyə görə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırda bu mübahisələr yalnız məhkəmə qaydası ilə həll edilir.

  • Polis yolda halı pisləşən qadını xilas etdi (VİDEO)

    Yolda halı pisləşən Lənkəran sakininin həyatını polis əməkdaşı xilas edib. Ona ilkin tibbi yardımı da elə polislər edib.

    APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şıxəkəran kənd sakini İradə Hüseynova həyat yoldaşı Sərraf Kərimovla birgə Bakıdan qayıdırmış. O, mədə-bağırsaq sistemində problem olduğu üçün mütəmadi olaraq paytaxtda həkim müayinəsindən keçirmiş. Bu dəfə də müayinədən qayıdarkən yolda səhhətində problem yaranıb və dili qatlanıb:

    “Biz yolda gələndə vəziyyətim pisləşmişdi. Və yoldaşım da yolda özünü itirmişdi. Polis yaxınlaşdı, dedi, ağsaqqal nə olub. Dedi, yoldaşımın vəziyyəti ağırdır. Məni apardılar Salyan postuna, orda mənə yardım etdilər. Mənim vəziyyətim çox pis idi. Özümü çox pis hiss edirdim, özümdə deyildim. Çox sağ olsun o polislər. Saxlamasaydılar, vəziyyətim çox ağır ola bilərdi”.

    Sərraf Kərimov da xanımının həyatını xilas edən yol polisi əməkdaşlarına təşəkkürünü bildirib: “İki əməkdaş gəldi, yoldaşımın qolundan tutub saldılar içəri. Ona yardım elədilər. İynə-dərman maşında var idi. Dərman verdilər, bir yarım saatdan sonra yoldaşım özünə gəldi. Sağ olsunlar ki, bizə orda xidmət elədilər. Maşını biz saxlamasaydıq, bəlkə də yolda keçinə bilərdi. Ağzından köpük gəlirdi, dili tutulmuşdu”.

    Hadisə vaxtı Salyan postunda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu taqımının baş çavuşu Yusif Məcidov deyir ki, həmin gün “Mercedes” markalı avtomobilin qəza işıqları ilə idarə olunduğunu görüb. Dərhal maşını saxlatdıqda isə İradə Kərimovanın halının pis olduğu haqda məlumat alıb və ilkin yardım göstərib. Elə təcili tibbi yardıma da oradaca məlumat verilib: “Ona yaxınlaşaraq özümü təqdim etdim. Sürücü yanında əyləşən öz xanımının xəstə olduğunu, vəziyyəti ağır olduğunu bildirdi. Mən ona köməklik edərək posta dəvət etdim. Ona ilk tibbi yardım – nə lazım idisə, onu etdim. Dərmanları verdim və təcili yardıma müraciət etdim. Təcili yardım gələnə kimi xanım özünə gəldiyini bildirdi və getməli olduğunu dedi. Onları yola saldım getdilər”.

    Sərraf Kərimov Lənkərana çatdıqdan sonra yol polisi əməkdaşının insanpərvər davranışına görə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb.

  • “Azərbaycanda orqan alverinə icazə verilsin” – NAZİRLİKDƏN ŞOK TƏKLİF

    “Orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir”.

    APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib.

    E. Əzizov deyib ki, donorların qohumluq məsələsi müzakirə olunmalıdır: “Qanunda qohum olmayan insanların donor olmasına qadağa yoxdur. Sadəcə, Səhiyyə Nazirliyinin belə bir tövsiyəsi var. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamağını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.

  • Bakıda sürücü “Lukoil”in işçisinin dələduzluğunu belə ortaya çıxardı: “Kasıb insanların cibinə girməyin”

    Bakıda fəaliyyət göstərən “LukOİL” yanacaqdoldurma məntəqələrindən birində sürücü ilə yanacaqvuran əməkdaş arasında söz davası olub.

    Median.Az BakuPost-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Çingiz Özgür adlı istifadəçi yazıb. Bildirib ki, dünən saat 16:15 radələrində avtomobilinə dizel vurmaq üçün “Maşın bazarı” kimi tanınan yerin yaxınlığında, “Su Səsi” restoranı ilə üzbəüz “LukOİL” yanacaqdoldurma məntəqəsinə daxil olub. O, əməkdaşa 50 manat verərək 20 manatlıq dizel vurmasını istəyib: “Gətirib 45 manat qaytarır. Deyirəm, bu nədir? Deyir, elə bildim 5 manat deyirsən. 15 manat da alıb yanacağı vurdu. Maşını işə saldım, çəndə yanacağa baxıram: 35 litr! Çağırmışam, deyirəm, a kişi, bunun 333 qramın at o yana, 20 manata 33 litr sən vurmalı idin düzdür? Deyir, hə. Deyirəm mən bura 2 litr yanacaqla gəlmişəm? Bakda 2 litr yanacaq qalsa, səncə işləyər maşın?”

    “LukOİL”in işçisi vəziyyətin qəliz olduğunu görüb, razılığa gəlmək üçün avtomobilə yenidən yanacaq vurulmasını təklif edib: “Deyir, maşını ver arxaya, təzədən 5 manatlıq vurum. Bayaq 1-ci sürətlə vurmuşam, getməyib yəqin! Təzədən 5 manatlıq yanacağımı vurdu və gəlib bir daha hayasızcasına deyir ki, “aşağı skorostnan” vurmuşdum, yəqin ona görə elə olub…” Yaxşı, bəlkə mən baxmayaydım bakdakı yanacağa və ya maşın elə maşın olaydı ki, bakdakı yanacağı göstərməyəydi. Nəzərə alın ki, maşınların 75 faizində litrlə göstərici yoxdur, adi göstərici cihazda da bu qədər dəqiqliklə bilmək olmur. Bəs onda necə olacaqdı?”

    Ç. Özgür işçi ilə bağlı heç kimə şikayət etmədiyini deyib və bunu belə izah edib: “Çünki bu fərdi məsələ deyil. “LukOİL” şirkət olaraq oğurluq edir. Bütün “zapravka”larda ümumi bir yanacaq kəsmə olayı var. İşçi də görür ki, müdiriyyət oğrudur, özü də oğurluq edir. Yəni məsələ “qapının astanası” məsələsidir”.

    Sürücü “LukOİL”in prezidenti Vahid Ələkbərova müraciət də ünvanlayıb:”Cənab Vahid Ələkbərov! Azərbaycanda sizin “LukOİL”lara ən çox dizellə işləyən maşınlar, yəni kasıb kütlə müraciət edir. Dizel yanacağının sizdə bir az keyfiyyətli olduğu düşüncəsinə inandığımız üçün sizdən alırıq dizeli. Bu yazıq, kasıb insanların cibinə girməyə son verin! Belə olmaz! Çox hörmətli aidiyyəti dövlət və hökumət qurumları! Tək “LukOİL” deyil, bir çox YDM-lərdə insanlar aldadılır. Hər gün, hər saat, hər dəqiqə! Buna bir əncam qılın!”

    Ç.Özgürün bu statusu geniş müzakirələr səbəb olub. Bəzi şərh yazan sürücülər “LukOİL” yanacaqdoldurma məntəqələrini boykot etməyə səsləyiblər. Bəzilər isə analoji halların bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini yazıblar. Çoxluq isə bu fikirdədir ki, sürücülərə qarşı ən çox dələduzluq hallarına məhz “LukOİL” YDM-də rast gəlinir.

  • “Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı

    “Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.

    Median.Az xəbər verir ki, bu barədə axar.az-a “Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

    Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:

    “Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.

    Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən “taksi” işarəsini zorla alırlar.

  • Bakıdan “Şahdağ”a dəmir yolu xətii çəkiləcək

    Bakıdan “Şahdağ”a dəmir yolunun layihələndirilməsinə başlanılıb.

    Median.Az-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu “Azərbaycan dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransında deyib.

    “Azərbaycan dəmir yolları” QSC Bakı ilə “Şahdağ” dağ-xizək kurortunu əlaqələndirəcək dəmir yolunun layihələndirilməsi işinə başlayıb”, – deyə Cavid Qurbanov bildirib.

  • Bakıda sürücüdən təhlükəli hərəkət – VİDEO

    Bakıda Nissan markalı maşının sürücüsü əks istiqamətdə hərəkət edərək təhlükəli vəziyyət yaradıb. 

    Baku.ws-in məlumatına görə, Akim Abbasov küçəsi ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində baş verib. 

    Yayılan videoda görünür ki, Nissan markalı maşının sürücüsü əks istiqamətdə hərəkət edir. 

    Sosial şəbəkədə yayılan video ilə bağlı izləyicilər şərh yazıblar ki, sözügedən yolda bu cür qayda pozuntusuna tez-tez rast gəlinir. 

  • UBER-in rəhbəri erməni oldu – Azərbaycanda bağlana bilər

    Rusiyanın “Yandex” (Yandeks) şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açır. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün “Yandex” xidmətlərinin, xüsusilə də “Yandex.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq.

    Baku.ws-in məlumatına görə, artıq “Yandeks” və “Uber” xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edir. Birləşmiş şirkətdə “Yandeks” 59,3 faiz paya malik olacaq.

    “Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə “Yandex” şirkətində layihə menecri kimi işə başlayıb. 2010-ci ildən isə “Yandex Taksi”yə rəhbərlik edir.

    T.Xudaverdiyanın təsisçisi olduğu “Yandex Taksi” xidməti hazırda 6 ölkədə – Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.

    Azərbaycanda taksi şirkətinə ermənilərin rəhbərlik etməsi xəbərlərinə Bakı Nəqliyyat Agentliyi cavab verib.

    Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir.

    “Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır.
    Bir daha qeyd edirik ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır”.

    M.Ağayev əlavə edib ki, Uber və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır: “Agentlik yalnız həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir”.

  • Polisin xəbərdarlığına məhəl qoymadı, yenə maşının üstünə çıxıb rəqs etdi (VİDEO)

    Bakıda maşının üstündə rəqs edən qız polisin xəbərdarlığına baxmayaraq yenə etdiyi hərəkəti təkrarlayıb.

    Baku.ws-in məlumatına görə, rəqqasə olduğu bildirilən həmin qız bu dəfə paytaxtın başqa istiqamətində yolun kənarında saxlanılan maşının üzərində rəqs edib.

    Görüntülərdən məlum olur ki, xanım digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır.

    Halbuki daha əvvəl Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, həmin xanımın kimliyi yol poilisi tərəfindən müəyyən olunub:

    “Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. O xanım idarəyə dəvət olunub. İlkin araşdırmalar gedir. Bizim də müəyyən etdiyimizə görə maşın müğənni Nur Cəfərlinin adınadır. Onun nə səbəbdən belə atdım atdığı verdiyi ifadədən sonra məlum olacaq. Hadisənin nə vaxt baş verdiyi də hələ ki, bilinmir. Belə bir halın ümumilikdə yolun hərəkət hissəsində edilməsi cəmiyyət içərisində yaxşı qarşılanmır. Bu insanlara heç də yaxşı nümunə deyil. Oynamağa yermi azdı? Cəmiyyətdə tanınmaq üçün belə yollara baş vurmaq lazım deyil. Yəqin ki araşdırmalar bitdikdən sonra məsələ aydınlaşacaq”.