Category: Cəmiyyət

  • Yol kənarında yeni doğulmuş körpə tapıldı

    Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.

    “Report“un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

    Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

    Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan məlumat verib ki, yol kənarında tapılan körpə ölüb.

    Baş həkim bildirib ki, körpə yeddi aylıq doğulub və qızdır: “Aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub”.

  • Bakı sakinlərinin diqqətinə: Bu şəxsdən özünüzü qoruyun – VİDEO

    Bakıda sürücülərin və sakinlərin başına bəla olacaq insan peyda olub.

    Minval.info xəbər verir ki, həmin şəxs hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısını kəsərək bir neçə saniyə yolun ortasında dayanır. Onun bu davranışı anlamayan sürücülər çaş-baş qalır.

    Görüntülər paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Bəzi şahidlərin sözlərinə görə bu şəxs ruhi xəstəlikdən əziyyət çəkir və tez-tez həmin ərazidə olur. Digərlərinin fikrincə, onun niyyəti sürücüləri işə salıb pul qoparmaqdır.

    Bu şəxsin hətta küçədə gəzən sakinlərə badalaq atdığı da deyilir. Maraqlıdır, nəyə görə belə birinin müvafiq qurumların diqqətindən yayınır? Baxmayaraq ki, o həm sürücülərin, həm də insanların həyatı üçün təhlükə yaradır. Nəzərə alsaq ki, piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrində əksər hallarda piyadalar haqlı tərəf olur, bu şəxs ciddi problemlərə yol aça bilər.

  • Bakıda bu ünvanda köhnə binalar plana düşdü – söküntü başladı

    Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb.

    Median.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Sputnik Azərbaycan”-a açıqlamasında faktı təsdiqləyib.

    Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: “1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür. Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək”.

  • Bakıdakı məşhur kafedən qadağa – Sevgililər yanaşı otura bilməz

    Bakıda fəaliyyət göstərən kafelərin birində tətbiq olunan yeni qayda müştərilərinin etirazına səbəb olub. 

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Bazaar Delights Cafe”nin əməkdaşları sözügedən məkana üz tutan cütlüklərə yanaşı oturmağa icazə verməyib.

    Onlara bildirilib ki, yeni qaydalara əsasən cütlüklər yalnız üzbəüz otura bilər. Həmçinin, kafedə qucaqlaşan digər cütlüyə də xəbərdarlıq edilib.

    Müştərilər qarşılaşdıqları hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra kafeyə qarşı kampaniya başlayıb. Belə ki, 300-dən çox şəbəkə istifadəçisi kafenin rəsmi feysbuk səhifəsinə 1 ulduz verməklə bu yeniliyin müştərilərə qarşı hörmətsizlik olduğunu qeyd edib. Qərarı gülüş obyektinə çevirənlər də az olmayıb.

    “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün kafe ilə əlaqə saxlasa da, administratorun hazırda işdə olmadığını bildiriblər: “Bu məsələdən administrator danışa bilər, o da burda deyil”.

    Kafenin rəsmi səhifəsində müştərilərə cavab olaraq bildirilib ki, iaşə obyekti özəl müəssisədir və müdiriyyət tərəfindən müxtəlif qaydalar tətbiq oluna bilər:

    “Elə bir təəssürat yarandı ki, sanki bizim kafeyə ancaq qucaqlaşmaq üçün gəlirlər. Burada heç bir qanuna zidd hal yoxdur. Siz bilirsiz ki, bəzi məkanlara müştəriləri, hətta “dress kod”suz buraxmırlar. Biz öz müştərilərimizi yaxşı tanıyırıq. Onlar bizim kafeyə uyğun qiymətə dadlı təamlar yemək üçün gəlirlər. Razılaşın ki, qucaqlaşmaq üçün kifayət qədər yer var, biz sadəcə yemək veririk, başqa heç nə”.

  • Nazirlik təqvimdə dəyişiklik etdi – Seçkilərə görə

    Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə dəyişikliklər edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prezidentin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib.

    Bu barədə Nazirlyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
    E.Babayev bildirib ki, qərara əsasən, “2018-ci il üçün iş vaxtının norması”nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır”.

    Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin “2018-ci ilin istehsalat təqvimi”ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “168” rəqəmi “159” rəqəmi ilə, “175” rəqəmi “184” rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “469” rəqəmi “460” rəqəmi ilə, “502” rəqəmi isə “511” rəqəmi ilə əvəz edilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki “İstehsalat təqvimi” bölməsində də yerləşdirilib”.

  • Azərbaycanlı alim nərdin yeni növünü yaratdı – VİDEO

    Beş min illik tarixə malik nərddən bu günə qədər 100-ə yaxın oyun törəyib. Bu oyunlardan birini də azərbaycanlı alim Rəsul Əhmədov təkmilləşdirib. O, bu yeniliyinə görə patent də alıb.

    Rəsul Əhmədovun hazırladığı nərd adi qaydada oynanılan nərd oyunlarından xeyli fərqlənir. Burda saylar və xanalar çox olduğundan gediş kombinasiyaları da artır.

    Rəsul Əhmədovun nərd oyunu qeyri-adi olması ilə yanaşı, oyun zamanı oyunçuları daha çox düşünməyə vadar etməsi ilə də fərqlənir. Burda qaydalar fərqli olduğundan uduzmaqda olan oyunçu son anda qalib də gələ bilər. Artıq bu oyunun rəsmi qaydada patenti alınıb.

    Rəsul Əhmədov bundan əlavə bir neçə oyun da hazırlayıb. Onun uşaqlar üçün ərsəyə gətirdiyi intellektual oyunu bacarmaq üçün isə sadəcə 4-ə qədər saya bilmək kifayətdir.

    İxtisasça kimyaçı olan Rəsul Əhmədovun hazırladığı oyunlara beynəlxalq idman arenasında da maraq böyükdür. Onun sözlərinə görə, dünya üzrə keçirilən nərd çempionatı zamanı hazırladığı nərdlər də nümayiş olunub və hər dəfə o, belə mötəbər yarışlara dəvət alır.

    Alimin fikrincə, bu oyunlar ölkəmizin ixtirası kimi dünyaya çıxarılarsa, böyük səs-səda doğurar və Azərbaycan dünya idmanında daha bir ilkə imza atar.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bu müəllimlərin vəzifə maaşı iki dəfə artırılıb – RƏSMİ

    “2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən müşavirədə Nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.

    Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran E.Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib: “Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb”.

  • Bakıda endirimli “Qızlıq pərdəsi” əməliyyatları

    Elon Maskın Marsa raket göndərdiyi bir dönəmdə Azərbaycanda hələ də öz aktuallığını qoruyan bir sıra məsələlər var. Hansı ki, onların mövcudluğu insanların həyatında başlıca problemə çevrilib.

    Bunlardan biri də cəmiyyətdə mədəni mənalar yüklənmiş, əslində, bioloji baxımdan son dərəcə sadə bir orqan olan qızlıq pərdəsidir.

    Mentalitetə görə, qızların bəkarəti yalnız halal əri tərəfindən cinsi əlaqə zamanı pozula bilər. Nikahdankənar münasibətlərdə qadının bəkarəti pozularsa, onun üzvü olduğu ailə və nəsil üçün böyük utanc və faciə hesab olunar. Hətta bu hal cinayətə belə səbəb olacaq qədər mühümdür.

    Azərbaycanda bu problemləri aradan qaldırmaq üçün əvvəllər gizli şəkildə həkimlərə müraciət olunurdusa, artıq himenoplastika əməliyyatı açıq-aşkar həyata keçirilir.

    Belə ki, bu günlərdə cərrah, mama-ginekoloq Ramilə Abbaszadə bu və digər əməliyyatları keçirmək üçün doctorramila.az adlı saytını yaradıb.

    Saytda himenoplastikanın qiyməti, əməliyyatdan əvvəl və sonrakı bütün prosedurlar barədə məlumatlara yer ayrılıb.

    Qeyd edilir ki, əməliyyatlar uzunmüddətli və ya üçgünlük olur. Həmçinin, saytda hər iki əməliyyatdan sonra cinsi əlaqə zamanı qanın normadan artıq olması, əməliyyatın xüsusi texnika ilə aparılması və əməliyyat zamanı müasir sovrulan incə saplardan istifadə edilməsi barədə məlumatlar var.

    Bildirilir ki, əməliyyatın izləri hətta peşəkarlar üçün də görünməz şəkildə olur və əməliyyata 100 faiz zəmanət verilir.

    Sayt vasitəsilə qeydiyyatdan keçib, endirim də əldə etmək olur. Belə ki, normal halda qiyməti 1000 manat olan əməliyyat, saytdan qeydiyyatdan keçənlərə 150 manat endirimlə təklif olunur.

    Məsələni daha dərindən öyrənmək üçün saytda yer alan nömrələrlə əlaqə saxladıq. Özünü Oxu.Az-a Ramilə Abbaszadənin köməkçisi kimi təqdim edən Elnarə adlı şəxs qeyd olunan məlumatları təsdiqlədi:

    “Əməliyyatlarımızın hamısının zəmanəti var. Ömürlük ediriksə, ömürlük zəmanət, üç günlükdürsə, üç gün zəmanət veririk. Əgər toyunuz ay yarım sonradırsa, ömürlük bakirəlik əməliyyatı etdirməlisiniz, yox, əgər on gün sonradırsa, üçgünlük əməliyyat etdirmək lazımdır. Üçgünlük zəmanət müddəti olan əməliyyatın qiyməti 500 manat, ömürlük olanın qiyməti isə 1000 manatdır”.

    Qeyd edildi ki, əməliyyatlar iki xəstəxanada həyata keçirilir:

    “Əməliyyatlarımız Əhmədlidə Diaqnostika Mərkəzində və Bakıxanovda “Stimul” Hospitalda reallaşır. Əməliyyata girməmişdən bir gün öncə qəbula yazılmaq lazımdır. Ayın 10-u toyundursa, doqquzu, ya da səkkizi əməliyyat edə bilərik”.

    Məlumat üçün bildirək ki, sözügedən əməliyyatlar Türkiyədə 900 və 2700 manat arası dəyişir. Bu əməliyyat üçün Türkiyəyə gedən vətəndaşlarımızın sayı da az deyil. Onların bu addımı isə həkimlərin daha yaxşı və peşəkar olması ilə əlaqədardır.

    Müasir cəmiyyətdə və son 70.000 illik insan təkamülündə insan zəkasının olduqca irəliləməsinə baxmayaraq, qızlıq pərdəsinin hələ də xüsusi məna kəsb etməsi cəhalətdən irəli gəlir. Lakin “qız” olmadığı halda aşkarca etirafdan, cəmiyyətin qınağına tuş gəlməkdən çəkinib sevgilisini və həyata yoldaşını aldadan, bir ömür boyu yalan üzərində özünə həyat quran qadın gələcəkdə də riyakar övladlar yetişdirər.

    Ya bu “qız”lar onu hər halı ilə qəbul edən bir bəy tapmalı, ya da özlərini “qız” adı ilə sırımaqdan əl çəkməlidir.//oxu.az

  • Metro və avtobus kartları dəyişdirilir

    Bir neçə aya Bakının ictimai nəqliyyatında sərnişinlərə yeni ödəniş üsulu təqdim olunacaq.

    Median.Az-ın məlumatına görə, bu barədə Trend-ə etibarlı mənbələrdən məlumat verilib.

    Bildirilir ki, metro və avtobuslarda ödəniş üçün istifadə olunan kartların balansını müxtəlif ödəniş terminalları (MilliÖN, eManat, ExpressPay və Easypay) vasitəsilə artırmaq mümkün olacaq.

  • İcra başçısı tarixi binanı SÖKDÜRÜR (FOTO)

    Bakıda istismar müddətini başa vurub qəzalı vəziyyətə düşmüş binaların sökülməsi və yerində yeni çoxmərtəbəli binaların tikilməsini nəzərdə tutan “pilot layihə” proqramı çərçivəsində daha bir qədim bina sökülür.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Nəsimi rayonu, Şamil Əzizbəyov və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən, 1895-ci ildə tikilmiş arxitekturalı binanı sökən “Yeni ailə” MMC adlı tikinti şirkətidir.

    Sakinlərin əksəriyyəti kirayə mənzillərə köçürüldüyündən bina hazırda boşdur. Bina sakinlərindən ancaq birini orada görə bildik, o da qalan əşyalarını toplamaq üçün gəlmişdi.

    Binanın üzərində onun 1895-ci ildə inşa olunduğu yazılıb, amma deyilənlərə görə tarixi daha qədimdir. Adını söyləmək istəməyən həmsöhbətimiz sənədlərdə binanın 1875-ci ildə tikildiyinin yazıldığını deyir. Lakin uzun illər baxımsız qaldığından bina qəzalı vəziyyətə düşüb. Əslində belə məlum olur ki, bu, müxtəlif illərdə inşa edilən iki ayrı binanın birləşməsidir. Çünki binanın digər tərəfində fasadda “1901” rəqəmi də yazılıb.

    Həmsöhbətimizin sözlərinə görə, arxitekturalı bina olduğuna görə, bu binadakı mənzilləri uzun müddət özəlləşdirmək mümkün olmayıb. 90-cı illərdə binanın sənədlərindəki “arxitekturalı” sözü çıxarılıb və özəlləşməyə verilib. Binada dövlət tərəfindən sonuncu təmir-bərpa işləri isə 65 il bundan əvvəl, 1953-cü ildə aparılıb.

    “90-cı illərə kimi bizə deyirdilər ki, bu bina arxitekturalı binadır və onu özəlləşdirmək olmaz. Lakin 90-cı illərdə binanın sənədlərindən “arxitekturalı” sözünü çıxardılar və mənzillər sakinlər tərəfindən özəlləşdirdi. Əslində binanın yalnız fasadı qalmışdı, həyətdəki evlərini hərə öz istədiyi kimi təmir edirdi. Bu bina əslində italyan üslubunda tikilib. Mən bura 80-ci illərdə köçmüşəm. O zaman həddindən artıq gözəl bina idi, içərisində gördüyünüz bu beton yığınını rəngli şüşələr əvəz edirdi”, – deyə başqa ünvana kirayəyə köçən sakin bildirir.

    Sakin deyir ki, adının mətbuatda hallanmasını tikinti şirkətinin rəhbərliyi ilə aralarında olan problemləri səbəbindən istəmir: “Onsuz da problemlərim boğaza kimidir. Bir də bu şikayətdə adım hallansa, başım ağrıyacaq. Binadan demək olar ki, hamını kirayə köçürüblər. Sakinlərə indiki mənzillərinin yerində onun ərazisindən 10-30 faizə qədər artıq mənzil verəcəklərini vəd ediblər. Əlbəttə, bina qəzalı vəziyyətdə idi, amma yəqin ki, onu tarixi tikili kimi bərpa etmək olardı”, – deyə həmsöhbətimiz qeyd edir.

    “Yeni ailə” MMC isə binada söküntü işlərinə artıq başlayıb, fəhlələr ərazini hasarlamaqla məşğuldur. Tarixi binanın sökülməsi üçün rəsmi icazələrin alınıb-alınmadığını dəqiqləşdirmək üçün şirkətin ofisini axtarıb tapdıq.

    Əvvəlcə özünü şirkətin iş icraçısı kimi təqdim edən Rasim adlı şəxs bizi qəbul etdi. O, bütün sənədlərinin qaydasında olduğunu deyərək binanın tarixi olmadığına bizi inandırmağa çalışdı: “Bunlar “sroku” keçmiş binalardır. Yerində çoxmərtəbəli bina tikəcəyik. Bütün sakinlərlə də razılaşmışıq. Hamıya yaşadığı bu ünvanda mənzillər verəcəyik. Yalnız bir nəfər var ki, onun banka borcu var. O da problemini həll edəndən sonra bütün bina söküləcək. Ümumilikdə 53 sakinin köçürülməsi nəzərdə tutulub. Layihəmiz də rəsmi orqanlarda bəyənilib. Biz özbaşımıza bina sökə bilərikmi? Bütün sənədlərimiz qaydasındadır”, – deyə şirkətin əməkdaşı bildirdi.

    Amma şirkət rəsmisi bizə sənədləri göstərməkdən imtina etdi. Bunun üçün şirkətin əsas ofisinə getməli olduq. Məlum oldu ki, şirkətin rəsmi rəhbəri olmasa da, özünün dediyi kimi “işin içində olan adam” Mübariz adlı biznesmendir. Sakinlər onun indiyə qədər bu ərazidə yerləşən xeyli mağaza və obyektləri idarə etdiyini bildirdilər.

    Bizi qəbul edən Mübariz də (familiyasını demək istəmədi-müəl.) iş icraçısının dediklərini təkrarladı. Söküləcək binanın yerində 15+1 mərtəbəli binanın tikintisinə dair sənədləri bizə göstərsə də, onların şəklini çəkməyə icazə vermədi. Həmin ünvanda bina layihələndirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2017-ci ildə verilən sərəncam, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və Fövqəladə Hallar Nazirliyinin ərazidə söküntü işləri ilə bağlı icazəsi var idi.

    Lakin tarixi binanın sökülməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin heç bir razılığına rast gəlmədik. Eyni zamanda bu bina Mədəniyyət və Turizm Nazirliyinin Tarix-Mədəniyyət Abidələri siyahısında da yer almır.

    Məsələ ilə bağlı Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinə müraciət etdik. Dövlət Xidmətindən həmin bina ilə bağlı məsələni araşdırandan sonra bildirdilər ki, onlar tərəfindən şirkətə tarixi binanın sökülməsini dayandırmaq barədə xəbərdarlıq edilib. “Biz şirkəti xəbərdar etdik ki, bina sökülə bilməz, işlər dayandırılmalıdır”-Dövlət Xidmətindən bildirildi.