Category: Cəmiyyət

  • Evinə çağırdığı ustaya ərə getdi, indi küçələrdə qalır – VİDEO

    “Evimə çağırdığım usta bir müddət sonra mənə evlilik təklifi etdi. İlk vaxtlar buna etiraz etsəm də, sonradan razılaşdım. Bir gün anasını bizə elçi göndərdi. Evlənməmişdən əvvəl məndən pul istədi. Notarius qaydasında toydan əvvəl ona 23 min dollar pul verdim. Amma bunu borc kimi verdiyimi və evlilikdən sonra qaytaracağını dedim. Çünki o pulu məndən alarkən evlərinin tikintisinin sona çatdırılması üçün istəmişdi. Pulu ona verdikdən 3 gün sonra ailə həyatı qurduq…”

    Sumqayıt şəhər sakini Xoşgül İzzət qızı Allahverdiyeva femida.az -a müraciətində həyat yoldaşı tərəfindən evinin satıldığını və hazırda küçələrdə yaşadığını bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu ona məxsus evi satdıqdan sonra arvadını küçələrdə qoyaraq Rusiya Federasiyasına gedib. Evlilikdən əvvəl 23 min dolları geri ala bilmədiyi üçün xanım məhkəməyə müraciət edib.Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi qarşı tərəfdən icra olunmayıb.

    Bu günlərdə məlum olub ki, ərinin ona verdiyi torpaq sənədləri də saxtadır.

    “Mənə məxsus evi satdıqdan sonra torpaq aldığını dedi. Mənim oxumağğı bacarmadığımı bilirdi. Bundan istifad edib, saxta sənədi mənə təqdim edib. Həmin sənəd tam başqa adamın adınadır. Həmin sənədi götürüb Sumqayıt Şəhər 4-cü Polis bölməsinə getdim. Orada polislər mənə dedi ki, bu sənəd saxtadır. Amma cinayət işi hələ başlanmayıb. Mənim də vəkil tutmağa imkanım yoxdur. Heç kimim də yoxdur. Xahiş edirəm, hüquqlarımın müdafiə edilməsində mənə kömək edin”, deyə əri tərəfindən küçələrə atılan qadın bildirib.

    Əri tərəfindən evi satılaraq küçələrə atılan qadının acınacaqlı həyat yolu barədə reportajı təqdim edirik:

  • Evi başına uçan ailə imdad diləyir – Şamaxıda torpaq sürüşməsi

    Şamaxı rayon Meysəri kənd sakinlərinin evləri torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb.

    Median.Az Modern.az saytına istinadən məlumatına görə, beş ildən çoxdur ki, Şamaxıda davam edən torpaq sürüşməsi nəticəsində Meysəri kəndində də bir çox evlərdə çatlar əmələ gəlib.

    Meysəri kəndində yaşayan Həsənovların vəziyyəti isə lap dözülməzdir.

    Şamaxı rayon Qaz İstismar İdarəsindənailəyə bildirilib ki, ev qəzalı vəziyyətdə olduğu üçün hər an uça və partlayış baş verə bilər. İcra nümayəndəliyi də evə baxış keçirib, hətta Fövqəladə Hallar Nazirliyinə də bir neçə dəfə məlumat verilib. Yararsız vəziyyətdə olan ev təkrar qeydiyyata alınıb. Buna baxmayaraq, hələ də heç bir nəticə yoxdur.

    Hazırda həmin evdə iki körpə uşaq və anası yaşayır. Bir ilə yaxındır ki, ev qəzalı vəziyyətdədir. Uşaqların atası ruhi xəstədir, Maştağadakı xəstəxanada müalicə alır.

    Uşaqların anası Hənifə Həsənova işləmir, ailənin aylıq gəliri 115 manat civarındadır. Uşağın biri danışma və eşitmə qabiliyyətini itirib, müalicəyə ehtiyacı var.

    Həsənovlar ailəsi aidiyyatı qurumlardan imdad diləyir…

  • Qiyməti özündən böyük uşaq geyimləri və əşyaları – FOTO

    Bəs Azərbaycandakı bahalığın sirri nədədir? İqtisadçı: “Xarici ölkələrdə də uşaq geyimlərinin qiyməti baha olur, amma …”

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, bu gün paytaxtda addımbaşı uşaq geyimləri, əşyaları satılan mağazalara rast gəlinir. Türkiyənin, Almaniyanın məşhur uşaq brendləri olan “Bebetto”, “Mother care”, “Caramell”, “Chicco” və sairə brendləri paytaxt mağazalarında asanlıqla tapmaq mümkündür.

    Hələ dünyadan bixəbər olan 0-3 yaş arası uşaq üçün brend geyimlərin 50 manatdan başladığını, arabaların 1000-1700 manat olduğunu nəzərə alsaq, əksər ailələrin bu xərcləri qarşılamağa büdcələrinin yetmədiyini görə bilərik. Bir neçə uşaq geyimi satılan mağazaya baş çəkib qiymətlərlə daha yaxından tanış olduq. Müşahidələrimiz  bu əşyaların öz dəyərindən dəfələrlə baha satıldığını deməyə əsas verir.

    Məsələn, Türkiyə istehsalı olduğu deyilən və keyfiyyəti ilə bağlı insanın düşüncəsində heç bir mənfi fikir yaratmayacaq uşaq yataqları 300-1000 manat arası  uşaq arabaları 150-1000 manat arasından başlayaraq qalxırdı. Hətta 2000 manata belə uşaq arabaları satışda var. Türkiyə istehsalı olan Bebbetto firmasına məxsus uşağı içər daşımaq üçün nəzərdə tutulan çantanın qiyməti 70 manatdan, manejlərin qiyməti isə 125 manatdan başlayır. Ən kiçik əşyalardan hesab olunan əmziklərin qiyməti isə 4-15 manat arasında, əmzikli butulkalar 8-20 manat arası, keçi tükündən hazırlandığı deyilən və uşağın dərisini incitməyəcək daraq 15 manata, plastik qaşıq 12 manat 90 qəpiyə, qayçı dəsti 15 manata təklif edilirdi. Uşaq geyimlərinə gəlincə isə 15 predmetdən ibarət olduğu deyilən tulum dəsti endirimlə 120 manatdan 96 manata düşmüşdü. Daha az predmetlinin qiyməti 25 manatdan, tək tulumlar isə 5 manatdan başlayırdı. 0-3 yaş arası uşaq ayaqqabıları  20 manatdan, uşaqlar üçün üst geyimləri olan donlar, kostyumlar, jiletlərin qiyməti isə 15-100 manat arası dəyişirdi. Papaqlı uşaq dəsmalları 30 manata, şampunları 10 manatdan başlayaraq artırdı.

    Uşaqlı evin ən vacib tələbatı olan uşaq bezlərinin qiyməti isə firmadan asılı olaraq dəyişirdi. Belə ki, müxtəlif şirkətlərin 60-70 ədədlik bağlamalarının qiyməti 17-28 manat arasında dəyişirdi. Bir uşağın ayda minimum 3 ədəd bu bağlamalardan istifadə etdiyini nəzərə alsaq, bir ailənin aylıq 60-80 manat arası pulu yalnız uşaq bezlərinə xərclənir. Hələ uşaq qidalarından danışmırıq. Uşaq anadan olanda dövlət tərəfindən verilən müavinətə nəzər salsaq, bu məbləğin heç uşağın bir aylıq bezlərinin pulunu qarşılamadığını görərik. Düzdür, uşaq geyimlərini, əşyalarını daha ucuz qiymətə də tapmaq mümkündür. Ancaq ucuz məhsulların əksəriyyəti  saxta mallar olduğu üçün bu sizin cibinizə xeyir etsə də, övladınızın sağlamlığını təhlükəyə ata bilər.

    Maraqlıdır, uşaq geyimlərinin, əşyalarının öz qiymətindən dəfələrlə baha satılmasının sirri nədir? İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, iş adamları malını istədiyi qiymətə sata bilər və biz buna etiraz edə bilmərik: “Dəyərindən baha satılması məsələsi bir az doğru yanaşma deyil. O mənada ki, əgər rəqabətli mühit olsaydı, ölkəyə gətirilən məhsulların inhisarçılıq məqamları olmasaydı və iş adamları rahat biznes fəaliyyəti göstərə bilsəydi, rəqabətli mühitdə qiymətlər başqa cür formalaşardı. Yəni iş adamına dövlətin hansısa bir müdaxilə etməsi doğru deyil. Ölkədə formal da olsa, bazar iqtisadiyyatı qanunları işləməlidir. Amma bazar iqtisadi qanunları qiymət qoymaqda işləyir, təməlində isə işləmir. Yəni rəqabətli mühitin çoxalmasında işləmir. Xarici brendlərin bir başa Azərbaycana daxil olmasında maneələr var. Yəni bütün bu məqamlar aradan qaldırılsaydı, ciddi rəqabətli mühit yaranardı. Məsələn, niyə insanlarımız yolu düşən kimi ən çox Türkiyədən alış-veriş etməyə üstünlük verir. Çünki orada rəqabətli mühit var və şirkətlər qiymətləri çox da yüksəldə bilmirlər. Əgər yüksəltsələr, digər şirkətlər qiymətləri dərhal aşağı salıb müştəri cəlb edirlər. Azərbaycanda əsaslı təməldə bu problem var. Rəqabətli mühit olmadığı üçün istənilən iş adamları qiymətləri alınan səviyyəyə qədər qaldıra bilirlər. Bir də iş adamlarının izafi xərcləri var. Azərbaycanda, əsasən də mərkəzdə kirayə haqları, kommunal xərclər çox bahadır. Bundan başqa, bəzi dövlət və hökumət orqanlarının müdaxiləsi nəticəsində korrupsiya halları meydana çıxır, əlavə xərclər yaranır. Buna görə də iş adamları məcburən əlavə bütün xərcləri qiymətin üzərinə gəlirlər. Bütün bu proseslərin nəticəsi olaraq da qiymətlərin yüksəlməsini görürük”.

    N.Cəfərli bildirdi ki, digər ölkələrdə də uşaq geyimləri böyüklərin geyimlərindən baha olsa da, orada əsas diqqət keyfiyyətə yönəlir: “Mən öz təcrübəmdən də görmüşəm ki, əslində xarici ölkələrdə də uşaq geyimlərinin qiyməti böyüklərin geyimlərindən baha olur. Amma orada səbəb başqadır. Səbəb odur ki, uşaq geyimlərinin keyfiyyətinə çox yüksək dərəcədə fikir verirlər. Daha keyfiyyətli məhsuldan, xammaldan hazırlanmasına tələbat var. Yəni dövlətin nəzarəti orada sağlamlığa yönəlib, qiymətə yox. Daha keyfiyyətli məhsuldan, daha keyfiyyətli xammaldan hazırlanan uşaq geyimləri də  bəzən görürsən ki, böyük geyimlərindən də baha satılır. Amma Azərbaycanda rəqabətli mühit yaransa, düşünürəm ki, qiymətlərin kəskin bahalaşmasının qarşısını almaq mümkün olardı”.




  • Yasamalda sakinlər yolu bağladı – ETİRAZ – FOTOLAR

    Bakının Yasamal rayonunun Hüseyn Cavid prospektində yaşayan sakinlərin evləri gecə ilə uçurulur.

    Median.Az xəbər verir ki, Sakinlərin minval.info-ya verdiyi məlumata görə, hazırda “Olympus Park” tikinti şirkətinin əməkdaşları onların evlərini uçurmağa çalşırlar. Hətta bəzi işçilər evləri daşa basır. Səbəb isə, şirkətin orada bina ucaltmaq istəyi, sakinlərin isə verilən kompensasiya ilə razılaşmamasıdır.

    Eyni ünvanda daha öncə də oxşar hadisə yaşanmışdı. Şirkət hər dəfə qanun çərçivəsində iş gördüklərini deyir. Amma nədənsə bütün söküntü işləri gecə saatlarında aparılır.

    Əldə etdyimiz son məlumata görə, sakinlər etiraz olaraq yolu bağlayırlar.







  • “Eləsi var ki, rəhmətə gedəndən sonra da övladı gəlib aparmır” – Qocalar evində bir gün – REPORTAJ

    “Atam da, yoldaşım da rəhmətə getmişdi. Bir yaşlı anam var idi, o da öldü. Nəticə isə… Eh!”

    Həmişə gülər üzü, baxımlılığı ilə yadımda qalan 75 yaşlı Mina xanımın hekayəsindən xəbərdar deyildim, açığı, özümə hirsləndim də ki, niyə əvvəl onunla bu barədə söhbət etməmişdim?!

    Bu gün yenə, kimsəsizlərin, həyatın məğdur etdiyi, övladlarından və yaxınlarından küsüb, son ümidgahı kimi “qocalar evinə” sığınan yaşlıların yanında – Bilgəh qəsəbəsində yerləşən “Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində” olduq.
     
    Hər kəsin həyat hekayəsi fərqli, gəliş səbəb isə oxşardır… Bəziləri kövrəkdir, danışanda gözləri dolur, dodaqları titrəyir. Bəziləri qürurludur, – “buradayamsa, demək ki, belə məsləhətdir!”- söyləyənlər də var. Bəziləri isə bütün etinadsızlıqlara rəğmən, gözləri dola-dola, hələ də övladları tərəfindən deyil də, öz istəkləri ilə bura gəldiklərini vurğulayırlar.

    Yolda gələndə özü-özümə düşünürdüm ki, bir övlad niyə valideynindən imtina etsin, axı?! Məgər onlar bizdən çətin zamanlarında, həyatlarından bezdikdə belə imtina edirlər? Axı, valideynlər onları tərk edən, hətta aldadıb, bura gətirən övladları barədə pis bir fikir söyləmirlər. Ən pis ehtimalda isə ümumiyyətlə heç nə danışmırlar… Beynimdə dolaşan suallara cavab tapa bilmirdim. Bəlkə də qəbul etmək istəmədiyimdəndir? Bilmirəm, mən bunu son çarə olaraq belə görmürəm…

    Qarşılaşdığım hər insana fikir verməmək qeyri-mümkün idi. Göz-gözə gəldiyində, gözü üzündə qalan, bir salam və ya xoş bir söz uman, körpələşmiş nənə, babalar… Nə babam, nə də ki, nənəm olmadığı üçün onların baxışından yağan səmimiyyət ürəyimi isidirdi. Hamısı ilə oturub danışmaq, söhbət etmək, ən azından hal-əhval tutmaq istəyirdim. Ancaq günorta yeməyi saatında getdiyimiz üçün danışmaq şansım o qədər də çox olmadı.


     
     
    Ilk olaraq yeməkxanaya daxil olduq, onlar üçün süfrə hazılanırdı. Bizi “Qocalar evi”nin müdiri Qətibə Əsədova qarşıladı. Elə tanış olduğumuz vaxt özümü təqdim etdim ki, “azxeber.com” saytının əməkdaşıyam, icazənizlə gəlmişkən kiçik repotaj da hazırlamaq istəyirəm. “Məmnuniyyətlə!” – deyib, hətta məni xüsusi yaradıcılığa malik olan pansionat sakinləri ilə də danış edəcəyini bildirdi. 

    “Pansionatımız tam dövlət təminatlıdır, 222 nəfər sakinimiz var.  90 nəfərdən çoxu isə əlildir, onlar da xüsusi qulluqla təmin olunur. Dövlət təminatlı olmağımıza baxmayaraq, yardımsevər insanlar sağ olsun ki, xüsusi diqqət göstərərək gəlib, onlara baş çəkir, yeməklə təmin edir, xüsusi konsert proqramı hazırlatdırırlar. Bəzən elə olur ki, gəlib, bəzi qocaları gəzməyə, müalicəyə ehtiyacı olanları xəstəxanaya aparırlar. 
    Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyeva tez-tez bizim pansionatımıza baş çəkir, sakinlərimizin qayğıları ilə məşğul olur. Bu yaxınlarda “Həyat” Fondunun təşəbbüsü ilə 9 nəfər xərçəng xəstəsi sakinimiz əməliyyat olunub”.

    Qətibə xanımdan rəhmətə gedən qocaların aqibətini soruşduqda isə o: “Qocalardan biri rəhmətə gedəndə zəng edirik, gəlib aparırlar. Eləsi var ki, övladı olsa da gəlib aparmır, eləsi də var heç kimi yoxdur. Rəhmətə gedənləri yaxınları aparmayanda onları Bilgəh qəbiristanlığında dəfn edirik. Həmin qəbiristanlıqda Qocalar evinin ayrıca yeri var”– deyə bildirdi.


     
    Yemək saatına bir neçə dəqiqə qalmış Qətibə xanımdan icazə alıb, ümumi şəraitə baxmaq üçün yuxarı mərtəbələrə çıxdım. Burada mənə “Qocalar evinin” baş tibb bacısı Nəzakət Bayramova bələdçilik etdi. O, gəzdikcə pansionat haqqında qısaca məlumat verdi. 


     
    Düzünü desəm bu qədər gözləmirdim. Şərait gözlədiyimdən qat-qat yaxşı idi. Övlad qayğısından məhrum qalmış valideynlərə dövlət qayğısının yüksək səviyyədə olması məni sevindirdi.


     

     
     

    Ətrafı gəzərkən gözümə rəsm əsərləri sataşdı. Nəzakət xanımdan bunların sakinlərin əl işi olub olmadığını soruşdum. O, əsərlərin “Qocalar evinin” sakini Davud dayının əsərləri olduğunu vurğuladı. 

     

     
     

    Hətta Davud dayı bəzi əsərlərini “Heydər Əliyev Fonduna” da göndərib.
     
     
    Bu əsərə baxıb, xeyli düşündüm. Görəsən Davud dayı bu əsərdə nə demək istəyib?! Əsərdə eşqinimi, uzadib, geri çevirilmiş əlinə sığınmış xatirlərinimi, yoxsa heç görmədiyimiz bir şeyimi tərənnüm edib?!


     

     
    Əsərlərə baxdıqca məndə maraq oyanırdı, fərqli insan olduğunu hiss edirdim. Buna görə də Nəzakət xanımdan məni Davud dayı ilə tanış etməsini xahiş etdim.

    Yeməkxanaya enəndə artıq günorta yeməyi vaxtı çatmışdı. “Qocalar evinin” qocaman sakinləri yavaş-yavaş yeməkxanaya enib, öz masalarında əyləşirdi. Kənarda durub onları seyr edirdim. Kimisi bükülən belini tutub, asta-asta gəlir, kimisi bəzənib, saçını “priçoska” edib, elə gəlirdi ki, elə bil dünyanın ən xoşbəxt insanıdır. Bəzilərinin zəhmi isə insanı ürküdürdü. Görəsən bu cür zəhmli insanın yolu bu tərəfə necə düşüb? Zəhmli görünməsinə baxmayaraq illərin yorğunluğu üzündəki qırışlarda əks olunmuşdu elə bil. Bu məqamda Nəzakət xanım yaxınlaşıb dedi ki:-  Baxdığın şəxs Davud dayıdır. Elə yerimdəcə, uzaqdan onun şəklini çəkdim.

     

    Davud dayının fərqli biri olduğunu hiss etmişdim. Ümumiyyətlə yaradıcı insanlar işığı ilə digərlərindən zaman, məkan fərqi olmadan seçilir. 75 yaşlı Davud dayı deyir ki, rəssamlıq onun uşaqlıq həvəsidir. Mənim üçün isə ən maraqlısı Davud dayının bura necə gəlməsi idi. O, deyir ki, Moskvada işləyirmiş, bir gün Vətənə qayıdanda gəlib görüb ki, evi yoxdur, yanıb. Elə o vaxtdan da bura üz tutub.


     
    Davud dayı ilə sağollaşmışdım ki, Qətibə xanım məni çağırdı ki, gəl bizim sevimli şairəmizlə tanış ol! 

    Zəminə müəllimə Qarabağlı – o, özünü bu cür təqdim etdi. Zəminə xanımın 73 yaşı var. O deyir ki,  ADPU-nun fizika-riyaziyyat fakültəsini bitirib. Zəminə xanım 1993-cü ildən buranın sakinidir, özünün təbirincə desək köhnə adamlardandır.


     
    Zəminə xanım həvəskar şairədir, hətta onun “Şeirlər” kitabı da var. 
    Görünür o da etinadsızlıq qurbanı olub. Ailəsi haqqında soruşduqda bu barədə danışmaq istəmədiyini, diqqəti şeirlərinə yönləndirdiyini söylədi.


     

     
     
    Bura gəlişim ilk olmadığı üçün Mina xanımı əvvəldən tanıyırdım. Onu ilk gördüyüm an diqqətimi cəlb etmişdi, olduqca baxımlı, yaşına rəğmən gözəl qadındır. Reportajın əvvəlində də qeyd etdiyim kimi o  da biganəlik qurbanı olanlardandır. 

    Mina xanım Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 41 il mədəniyyət sahəsində çalışmasına baxmayaraq o indi burada – “Qocalar evindədir”. Atasını heç vaxt görməyən Mina xanım deyir ki, hələ uşaq ikən həyat ona öz acı tərəfini biruzə verib. 

    “Atam mən dünyaya gəlmədən öncə müharibəyə gedib və bir daha qayıtmayıb. Gedəndə nənəmə tapşırıb ki. əgər qızım olsa onun adını “Mina” qoyarsınız”.

    Sən demə onun keşməkeşli həyatı çox erkən başlayıb. Daha sonra anası ikinci dəfə ailə həyatı qurub. 

    “Həyat o zaman üzümə güldü ki, atalığım çox yaxşı insan idi. Məni öz övladı bildi, heç vaxt ögəylik hiss etdirmədi”.
     
    “Necə oldu ki, qocalar evinə gəldiniz?” deyə sual vermişdim ki, gözündən yaş axmağa başladı.
     “Şəkidə yaşayırdım, oğlum əsgərlikdə idi, yoldaşım da rəhmətə getmişdi. Anam rəhmətə gedəndən sonra qardaşımın yoldaşı məni evdən məcbur edib çıxardı. Çox yalvardım, hara gedərəm, mənim başqa kimim var, axı?- dedim, məhəl qoymadı. Məcbur Bakıya gəldim işə düzəldim, iş yoldaşlarım mənə köməklik edirdi. Amma tale elə gətirdi ki, gəlib bura çıxdım. 18 ildir buradayam”. 

    Ağladı, çox danışdırmağa ürəyim gəlmədi. Nuş olsun deyib, masasından qalxdım.


     
    Sonda ağsaqqal dayımız möhtəşəm qarmon ifası ilə hamımızı şənləndirdi.

    Adını öyrənmək fürsətim olmasa da, onun haqqında bircə şey öyrənə bildim. Kimsəsizdir… 

    Artıq getmək vaxtıdır, hamısı ilə sağ ollaşıb gedirdim ki, arxadan“Baş çəkdiyiniz üçün çox sağ olun, bizi unutmayın. Tez-tez gəlin!” deyə bir səs gəldi. Geri qayıdıb ağbirçək nənəni bərk-bərk qucaqladım.
     
    “Nənəmi necə unuda bilərəm?! Tez-tez gələcəm, yanınıza!” deyib oradan uzaqlaşdım…//azxeber.com

  • Azərbaycanda valideyn uşağına “Arenda” adı qoymaq istədi

    “Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki “Adlar və soyadlar” komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”.

    Median.Az xəbər verir ki, bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

    O bildirib ki, “ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan – “Toybəy”, “Arenda” adları ilə bağlı müraciətlər olub: “Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də “Əli” və “Yusif” adlarının “Ali” və “Usub” şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması “Əli” və “Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.

    Son dövrlər oğlan uşaqlarına daha çox dini adların qoyulduğunu vurğulayan S. Sadıqova qeyd edib ki, “Übeyd”, “Üveys” adları ilə də bağlı edilən müraciətlər artıb: “Bu günlərdə “Musab” və “Ünalp” adları ilə bağlı müraciət edilib. “Ünalp” çox maraqlı addır. “Ün” – səs, “alp” – igid deməkdir. Bu ad “İgidin səsi” anlamını verir. “Ünal”, “Tuqan”, “Tuqay” adları da artıq qəbul olunub. “Tuqay” adının isə iki mənası var. Bu ad həm “hərbi birlik”, həm də “əziz” mənasını daşıyır”.

  • Alpinistlərin axtarışı xüsusi cihazlarla aparılır – FOTO

    İtkin düşmüş alpinistlərin axtarışına kömək etmək üçün təcrübəli alpinistlər yenidən Tufandağa yollanıb.

    Bu barədə məlumatı alpinist Sirxan Məmmədov sosial şəbəkədə paylaşıb.

    O bildirib ki, fevralın 1-də iki nəfərlik qrupla Şahyaylaqda yerləşən qərargaha gediblər:

    “2 fevral tarixində, səhər saat 10:00-da altı nəfər FHN xüsusi riskli xilasediciləri və dörd nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz RECCO® cihazı ilə axtarışlara başladıq.

    Uçqun olan yerləri sektorlara bölərək cihazla skan etməyə başladıq. Gün ərzində iki qar uçqunu olan ərazini RECCO® cihazı ilə skan etdik.

    3 fevral tarixində, səhər saat 9:00-da yenidən Mahmuddərənin yuxarı hissələrini cihazla skan etməyə başladıq. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri də skan etdik. Günortadan sonra 3000 m yüksəklikdə olan yamaclara da baxdıq.

    RECCO® cihazı telefonların batareyaları və bios batereyaları tükənsə belə, simkart çipinə siqnal vermə üstünlüyünə malikdir. Ancaq təəssüf ki, qarın qalınlığı çox idi və cihazın gücü buna imkan vermədi.

    Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. Bunları əldə etdiyimiz zaman yenidən axtarış üçün əraziyə qayıdacağıq”.



  • Qəbələ İslam Turizm paytaxtı seçildi

    Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm paytaxtı seçilib.

    Bu barədə qərar İƏT turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında verilib.

    Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi də edəcək.

  • Bakıda duman olacaq

    Fevralın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Fevralın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

    Fevralın 7-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

  • 117 yaşlı Gülü nənə hər kəsi mat qoydu – VİDEO

    117 yaşlı azərbaycanlı xanımın sosial mediada yayılan videosu böyük marağa səbəb olub.

    Videoda diqqət çəkən məqam isə Gülü nənənin sərbəst şeir söyləməsi olub.

    Onun yaddaşının yerində olması insanları mat qoyub.

    Minlərlə izlənmə yığan həmin videonu təqdim edirik: