Category: Cəmiyyət

  • Nazir müavini işdən çıxarıldı: Prezidentdən yeni təyinatlar (FOTOLAR)

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədov vəzifəsindən azad olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

    Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

    Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

  • Jurnalistlərin qurultayının tarixi dəqiqləşdi

    Ölkə jurnalistlərinin VII qurultayı mart ayının 10-da keçiriləcək.

    Mətbuat Şurasından oxu.az-a verilən xəbərə görə, bu barədə Şuranın İdarə Heyətinin iclasında qərar qəbul edilib.

    MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil ediliblər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

    Qərara əsasən, Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda iki, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə bir nümayəndə ilə iştirak edəcəklər.

  • Bakıda bu marşrut xətti ləğv edilib (FOTO)

    Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərindən birini ləğv edib.

    Bu barədə BNA məlumat yayıb.

    Məlumata görə, 114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini “114 A” və “114 B” olmaqla davam etdirəcək.

    “Bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordürlərlə ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb. Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir. Sözügedən dəyişikliyin 10 fevral 2018-ci il tarixədək təmin edilməsi nəzərdə tutulub”, – deyə məlumatda qeyd olunur.

  • Mübariz Mənsimov ata və anasının FOTO-larını paylaşıb

    “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ailəsi ilə birlikdə şəkillər paylaşıb.

    Baku.ws-in məlumatına görə, Mübariz Mənsimov sosial şəbəkədə valideynlərin və uşaqların fotolarını paylaşıb.

    O bildirib ki, biznesmenin ana və atası onun güc mənbəyiidr.

    Sözügedən fotoları təqdim edirik:



  • Bakıda qız maşının üzərinə çıxıb rəqs etdi – Hər kəs mat qaldı (VİDEO)

    Bakıda gənc qızın maşının üzərində rəqsi böyük səs-küyə səbəb olub. 

    Baku.ws-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda gənc xanımın rəqsi əks olunub. 

    Cavanşir körpüsü üzərində dayanan “Hyundai” markalı avtomobil dayanma-durma qaydalarını pozub. Bu azmış kimi gənc xanım avtomobilin üzərinə çıxararaq rəqs etməyə başlayıb. 

    Bu mənzərə ətrafdan keçən insanların marağına səbəb olub. 

    Həmin görüntüləri təqdim edirik: 

  • Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür

    Azərbaycanda bu ilin aprel ayının 11-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq.

    Əmək Məcəlləsinin 105-1-ci (Səsvermə günü) maddəsinə əsasən, səsvermə olan ərazidə iş günü hesab edilmir.

    Qeyd edək ki, həmin gün həftənin çərşənbə gününə təsadüf edir.

    Nəzərə çatdıraq ki, prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

    Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

  • Şəkidə gənc Olimpiadaya əlil arabası ilə gəldi – FOTO

    Dünən Azərbaycanda məktəblilərin ənənəvi fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

    Şəkidə keçirilən bilik yarışına 650 şagirddən biri əlil arabasında qatılıb.

    Bununla bağlı sosial şəbəkələrdə Şəki Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev maraqlı paylaşım edib.

    Onun sözlərinə görə, bir neçə gün əvvəl ehtiyatsızlıq üzündən zədələnərək xəstəxanaya yerləşdirilən Əsgər Əsgərov həmyaşıdlarından geri qalmaq istəməyib:

    “Şəhər 5 nömrəli tam orta məktəbin əlaçı şagirdlərindən olan Əsgər sübh tezdən valideynlərinə və onu müalicə edən həkimlərə müraciət edərək cidd-cəhdlə olimpiadada iştirak etmək istədiyini bildirib, ona bunun üçün şərait yaradılmasını təkidlə xahiş edib. Gənc oğlanın möhkəm iradəsinə və əzmkarlığına heyran qalan MRX rəhbərliyi Təhsil Şöbəsi ilə məsləhətləşmədən sonra Əsgəri təkərli sandalya ilə təmin edib, valideynlərin iştirakı və həkimlərin nəzarəti ilə o, xəstəxana palatasından birbaşa fənn olimpiadasına yola salınıb. Ayrılan vaxt ərzində olimpiadada təklif olunan tapşırıqları yerinə yetirdikdən sonra yenidən müalicəsini davam etdirmək üçün xoş əhval-ruhiyyə ilə xəstəxanaya qayıdan məktəblinin tezliklə sağalmasına, sözsüz ki, həkimlərin müalicəsi ilə yanaşı, arzusuna çatması da öz mənəvi-emosional təsirini göstərəcək”.//oxu.az

  • Azərbaycanda 16 yaşlı qız qaçırıldı

    Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

    Report-un verdiyi məlumata görə, hadisə Lənbərən kəndində baş verib.

    Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

    M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

  • “Atam məni 17 yaşımda 800 manata satdı” – Gecələri küçədə keçirən Günelin DƏHŞƏTLİ HƏYATI

    Hər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir. Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların həyatı ilə bağlı qərarlar verilir.

    Cəmi bir dəqiqə sonra başına nələrin gələcəyini heç kim bilmir. Hələ bir də ailə qurub ana olandan sonra qadınların hansı əziyyətlərə sinə gərdiyini hər adam anlaya bilməz. Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

    Günel deyir ki, həyat ona bəzən insanı bədbəxt edənlərin, uçurumdan itələyənlərin elə öz dogma valideynləri olduğunu sübut edib.

    Median.Az bildirir ki, publika.az-ın yolu yenə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən düşdü.

    Əvvəlcə ağlıma ilk gələn Ayşən oldu. Görən hələ də burdadırmı? O dəfəki söhbətimizdən sonra nə düşünür, nə edir? İçəri girəndə mənzərə eyni oldu. Yenə hər kəs bir işin qulpundan yapışıb başını qatırdı. Keçən dəfə bizi qarşılayan xanım məni görən kimi “o dəfə gələn jurnalist qız gəlib” – deyə, içəriyə xəbər verdi. Oturub bir neçə dəqiqə gözlədik. Elə bu an içəriyə bir xanım gəldi. Əlində sini, üzərində 3 stəkan çay, yanında da konfetlər. Əvvəlcə sığınacağın işçisi zənn edib, ona əziyyət çəkməməsini deyərək, təşəkkür etdim. Amma o, oturacağı yaxına çəkib, yanımda əyləşdi. Sözü olduğunu dedi.

    “Adımı başqa cür qeyd etsəniz olar? Qorxuram atam məni tapıb, öldürər…”

    Öyrəşmişik axı, qız övladları hər zaman ataya meyilli olar. Ataları tərəfindən daha çox sevilib, əzizlənər. Atanı özlərinə dağ bilib, ona sığınar… Amma bir çoxumuzun ümid yeri bildiyimiz o dağ Günelin başına yıxılmış qaya parçasından başqa bir şey olmayıb…

    İlk cümləsi də belə oldu: “Atam öz xoşbəxtliyi üçün məni bədbəxt elədi”.

    “Adım Güneldir. Kənddə böyümüşəm. Özümdən kiçik bir qardaşım var Ailəmizdə atam bizi çox incidirdi. Bəlkə də, çalışırdı bizim üçün ən yaxşısını etsin, amma hər şey tam əksinə olurdu. Mənim 15 yaşım tamam olandan qapımıza elçilər gəlməyə başladı. Mən isə hər dəfə bu yaşda ailə qurmaq istəmədiyimi, təhsil almaq arzusunda olduğumu deyirdim. Başa düşürdüm ki, bu kənddə adətdir. Qızları erkən yaşda ərə verirlər. Amma anamın mənə dəstək olacağına ümid edirdim. Hər evdə söz-söhbət olur. Hər dəfə atamla anam mübahisə edəndə, anam deyirdi “çıxıb gedəcəm”, atam da “get, qapı açıqdı” cavabı verirdi. Amma inanmırdım ki, anam övladlarını atıb gedər. Çox əziyyət çəkirdi, bilirəm, amma bizi də özü ilə aparaydı. Sonradan bilmədim nə oldu, nə olmadı, bir gün səhər oyandıq gördük ki, anam yoxdur. Üstündən bir həftə keçmədi ki, atam evə başqa qadın gətirdi. Axşam hər zamanki kimi süfrə açıb atamın evə gəlməsini gözləyirdik. Süfrə başına keçəndə bizə dedi ki, tanış olun bu sizin yeni “ananızdı”. Heç nə demədim, sakit durdum. Bir neçə gün sonra Qobustandan olan bir nəfərə məni məsləhət görüblər. Deyiblər ki, bəs belə bir qız var, dindardı, təmiz adamdı və s. Heç 1 ay deyildi o qadının bizim evə gəldiyi, amma atama deyirdi ki, qızı ərə ver, getsin. Həmin ərəfələrdə də bu oğlanın ailəsi qapımıza gəldi. Oturub danışdılar, atam dedi, namaz qılan ailədilər, pis olmazlar, səni o oğlana verəcəm. Nə qədər yalvar-yaxar etdimsə, məni eşitmədi. Mənə dedi ki, “ögey ananla bir evdə, sən yaşda qız alınmır. Biz də təzə birlikdə yaşamağa başlayırıq, bir az başa düş. Axır-əvvəl ailə qurmalısan, 1 ay tez, 3 ay gec, nə fərqi var?”

    Günel danışdıqca barmaqlarını bir-birinə dolayır, dişlərini qıcayırdı. Sanki onu qışın bu günü buz dolu vannaya qoyub küçədə saxlamısan. Sonradan danışdıqlarını eşitdikcə, bu titrəmənin əslində heç də sıradan bir həyəcan olmadığını anladım. Danışdıqca ağlayır, peşmançılıq çəkirdi. Canının yandığı gözlərindən oxunsa da, onu bu həyata sürgün edən öz ağılsızlığı olmamışdı axı. Bəlkə də, onu da yandıran məhz bu məqam idi. Bir az toxdayıb, davam elədi:

    “Məni bu oğlana ərə verdilər. Gəlin köçəndə də heç bir xəyalım yerinə yetməmişdi. Bizim kənddə bəzi atalar qızlarını başlıq puluna satırlar. Məni də atam 800 manata bu oğlana “satdı”. Bəlkə də atam mənə imkan versəydi, təhsil alıb, bir işə girib işləsəydim, hər ay evə 800 manat qazandıracaqdım, kim bilir ki? Həyatımın 7 ili “bəlkə”, “bəlkə” deməklə keçdi. 17 yaşımda atamın təzyiqi ilə məcbur ailə qurdum. Elə toydan 2 gün sonra qara günlərim başladı. Qayınanamla birlikdə yaşayırdıq. Evdə mən, yoldaşım, kiçik baldızım qalırdıq. Tezdən durduq yemək yeməyə, süfrəni hazırladım, amma məni süfrəyə oturmağa qoymadılar. Qayınanam dedi ki, süfrədən qalx. Elə bildim zarafat edir. Birdən özü durdu ayağa başladı başını divara çırpmağa ki, mənim sözümü eşitmirsən, sən kimsən, nəçisən? Təhqir ardınca təhqir eşitdim. Yoldaşım isə məni müdafiə etmədi. Dedi, anam düz deyir, söz eşit, yoxsa sənin üçün pis olacaq. Hər günüm bax belə keçirdi. Sonradan baldızlarım mənə dedi ki, anamıza çox fikir vermə, özündən asılı deyil. Xəstə düşmüşdü. Bir az da kök qadın idi. Hər dəfə onu tək qaldırırdım. Gücüm çatmırdı. 2 dəqiqədən bir deyirdi gəl, mənim yerimi dəyiş. Bir neçə ay sonra hamilə qaldım. Onun ucbatından az qala uşağımı itirəcəkdim”.

    Günelin bu evlilikdən bir qızı, bir oğlu var. Hər dəfə danışdıqları onu göz yaşlarına boğanda, gözünü əlləri ilə silib mənə deyirdi ki, “Könül, bilirsən, hər şeyə rəğmən mənim bir qızım, bir oğlum var. Mən anayam…” Qeyri-ixtiyari hiss etdim ki, gözlərim dolur. Mən Güneli tam başa düşə bilmərəm, amma mənə elə gəlir ki, oxucularımız arasında ana olan xanımlarımız onun nə demək istədiyini anladı. Beləcə, söhbətimiz daha ağrılı-acılı hadisələrə doğru davam etdi:

    “Üzr istəyirəm, hamilə olduğum vaxtlarda, yoldaşım evdə olmayanda, üstümə şər atırdı. Mənə hədə-qorxu gəlirdi ki, qoy gəlsin, gör səni necə döydürəcəm. Yoldaşım evə gələndə deyirdi ki, arvadın pəncərədən ona-buna baxır, telefonda saatlarla kiminləsə danışır. Bunların heç birini etməmişdim, bir Allah şahiddir. Yoldaşım isə heç nə soruşmadan, üstəlik hamilə olduğumu bilə-bilə məni döyürdü. Bir onu düşünürdüm ki, uşağımı qoruyum. Əlinin altından qaçırdım ki, ağır zərbələr almayım. Yoldaşım məndən 8 yaş böyük idi. Sevib ailə qurmamışdım, amma adətimiz var, ata evindən çıxdınsa, getdiyin evdən meyidin çıxmalıdır. Ata evinə qayıda bilməzsən. Qonşuluqda olan gəlinlər məni görəndə halıma yanırdılar. 7 qat el mənə acıdı, amma atam acımadı”.

    Hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra anidən dayandı. Hərdən onun bu hərəkətləri məni qorxudurdu, amma sonra anladım ki, uşaqlarına görə səsini boğur. İstəsə də, uşaqları onun səsini eşidə bilməzdilər, çünki onlar yuxarıda, Günelə verilən balaca otaqda yatırdılar. Amma yəqin ki, bu da analıq instinktindən irəli gələn davranışlardan biri idi:

    “Bilirsiz, mən ürək rahatlığı ilə ağlaya da bilmirəm. Uşaqlarım gözümdə yaş görən kimi, mənə qoşulub ağlamağa başlayırlar. Onun dərdindən istəmirəm səsimi eşitsinlər. Yoldaşım məni döyəndə birinci heç kimə, heç nə demədim ki, hər ailədə belə söz-söhbətlər olur. Sonra hər gün daha da möhkəm döyməyə başladı. Evə girən kimi, kəmərini belindən çıxardıb başlayırdı məni döyməyə. Heç bir səbəb tapa bilmirdim. Yemək vaxtında hazır olurdu, əyin-başına diqqət edirdim, ev-eşiyi silib-süpürürdüm, anasının nazı ilə oynayırdım. Mən də insanam, 5 dəqiqə bir kənarda dincəlməyə qoymurdular. Sonra övladım dünyaya gəldi. Düşündüm ki, insandı, övlad sevgisi dəyişər. Hər şey yaxşı olar. Amma lap betər oldu. Məni qışın soyuğunda qucağımda 1 aylıq uşaqla küçəyə atdı. Nə qədər yalvardım ki, heç olmasa, uşağı götür, hava soyuqdu. Götürmədi. Balamı yun paltarımın altına salıb, sinəmə sıxdım ki, donmasın. Özüm də həyətdə kiçik anbar kimi bir yer vardı, küləkdən qorunmaq üçün ora qısıldım. Səhərə qədər çöldə qaldım. Tezdən yoldaşım işə gedəndə baldızım bizi içəri çağırdı. Soyuqdan əlim-ayağım tutmurdu. Mənə etdiklərinə dözərdim, amma uşağıma qarşı belə davranmasına dözə bilmədim. Atamın yanına getdim, başıma gətirdikləri oyunları bir-bir danışdım. Atam mənə dedi ki, getmisən, dözməlisən. Axı məni sən zorla o adama verdin, mən başqaları kimi qaçmamışam, ağılsızlıq etməmişəm. Tək günahım valideynimin sözünü yerə salmamağımdır. Sən də mənə sahib çıxmırsan. O qədər yalvarmağıma baxmayaraq, atam mənə bircə bunu dedi: “Uşaqlarınla bu evə gəlməyi ağlının ucundan da keçirmə. Ögey anan hamilədi, başı səs götürmür”.

    Yenə kor-peşman ər evinə qayıdan Günel ailəsindən əlinə üzüb həyatına davam edir:

    “Atam məni evdən qovandan sonra, gedəcək yerim yox idi. Evə qayıtdım və 7 il bu zülmə dözdüm. İkinci övladım da dünyaya gəldi. Uşaqlarımı gözümün qabağında kəmərlə döyürdü, ac-susuz saxlayırdı. İnanın, bədənim yara-bərə içərisində idi. Heç bilmirdim ki, özümü qızımın qabağına atım, yoxsa oğlumun. Bu dəfə dedim konkret bitdi. Uşaqlarımı da götürüb çıxdım evdən. Bir müddət ana tərəfdən uzaq qohum var, onların evində qaldım. Sonra da eşitdim ki, belə bir yer var. Gəldim bura. Bura ilk dəfə müraciət edəndə yer olmadığı üçün məni götürməmişdilər. Amma bir neçə aydan sonra məni çağırdılar ki, gələ bilərsən, bir neçə nəfərlik yerimiz boşalıb. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şeyə sevinim. Amma çox sevindim ki, başımın üstündə bir dam olacaq. Atam və qardaşım burda olduğumu bilmir. Atam özü dövlət işində işləyir, bilsə məni öldürər”.

    Günel deyir ki, yoldaşı onunla evli ola-ola ikinci dəfə ailə qurub:

    “Mənimlə boşanmamış eşitdim ki, ikinci dəfə ailə qurub. Mən də boşanma üçün ərizə vermişdim. Oğlumun 4, qızımın isə 6 yaşı var. O qadın da həmin evdə dözə bilmədi, ayrıldı, aliment kəsdirdi. Məhkəmə mənə də aliment kəsmişdi. O qadının pulunu ödəyirdi, amma mənə bir qəpik də vermirdi. Sonra başladı ayaqlarıma düşdü, yalvardı-yaxardı ki, sənin qədrini bilmədim, nə eləmişəmsə, bağışla, ailəmizi dağıtmayaq. Mən də övladlarıma görə, yenə dedim evimdi, qayıtdım. İstəmədim sabah mənə deyilən “atan-anan boşanıb, sən belə həyata layiqsən” sözlərini kimsə qızıma desin. Birinci məhkəmədən aliment müraciətimi geri aldırdı. Həmin gün evə gələncə məni huşumu itirənə qədər döydü ki, sən kimsən mənə aliment davası açırsan. Burdaca səni öldürərəm, itirib-axtaran olmaz. Uşaqları çağırırdı, 5 dəqiqə gec eşidəndə, gec cavab verəndə, gözlərinin yaşına baxmırdı, kəmərlı döyürdü. Bir dəfə də uşaqları döyməyə başladı, əlindən almaq istəyəndə məni qoydu otaqda uşaqlarımı götürüb qaçdı. Neçə ay səssiz-səmirsiz evdə oturdum. Anası mənə zülm elədi. 4 ay hər gün mən balalarımın yolunu gözlədim. Qorxdum polisə deməyə ki, uşaqlarıma ziyan verər. Cəmiyyətimiz də həmişə günahı qadınlarda görür. Qorxdum ki, deyərlər cavan gəlin qalıb polis məntəqələrində. Sonra çarəsiz qalıb, hər şeyi gözə alıb polisə müraciət etdim ki, 4 aydı övladlarımı aparıb, nə danışmağa qoyur, nə görüşməyə. Polis gücü ilə uşaqlarımı geri aldım və birdəfəlik əlaqəni kəsdim. Görən dedi ki, sən 2 uşağa bu halda necə baxacaqsan, at üstlərinə özləri baxsınlar. Elə o gün, bu gündür buradayam”.

    Başına gələnləri bizimlə bölüşdükcə, yüngülləşirdi Günel. Gözlərinin yaşı qurumuşdu. Qorxa-qorxa ondan yenidən ailə qurmaq fikrinin olub-olmadığını soruşdum. Cavabı aşağı-yuxarı təxmin etdiyim kimi oldu:

    “Mən Allaha inanan adamam. Bilmirəm qədərimdə məni daha nələr gözləyir. Amma bu dəqiqə ailə qurmaq niyyətim yoxdur. Tək istəyim, bir iş tapıb, uşaqlarımı da götürüb balaca bir evə köçüm. Onları böyüdüm. Özlərini tək hiss etməsinlər. İndi mənə çox ağır gəlir yaşadıqlarım, amma nə bilim, bəlkə elə xeyirlisi bu imiş? Bəlkə qalsaydım, öləcəkdim, övladlarım da kim bilir kimlərin əlində qalacaqdı. Allah buyurub ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gəlir. Qızımın artıq 6 yaşı var. Gələn il məktəbə başlayacaq. İstəmirəm əskiklik hiss etsin. Paltarını, çantasını, qələmini, nə bilim, bütün ləvazimatları hazır olsun istərdim. Mən özüm-öz ayaqlarım üstündə dayanıb, uşaqlarıma baxacam, hər kəsə sübut edəcəm ki, uşaqlarıma baxa bilirəm. Atamı da heç vaxt bağışlamayacam. Çünki mənim başıma gələnlərin tək səbəbkarı odur. 800 manat pula mənim və günahsız uşaqlarımın həyatını satdı”.

    Söhbətimiz demək olar ki, yekunlaşırdı. Günel bir söz işlətdi. Sonra tez də əlavə etdi ki, bunu yazmayın, ürəyim yandığından dedim. Amma düşünürəm ki, bu söz çox insanın gözünü açacaq. Günel deyir ki, iş üçün hara müraciət edirsə, onu tanımadan-bilmədən, təkcə sığınacaqda yaşadığına görə, oğru, əxlaqsız qadın gözü ilə baxırlar. Bunu isə heç cür qəbul edə bilmir.

    Qeyd: Materialda istifadə etdiyimiz şəkillər sığınacaqdakı qadınlara aiddir.

  • 5 binanın arasında göydələn tikilir – “İşığa həsrət qalacağıq” – REPORTAJ, FOTOLAR

    Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakinləri binalarının qarşısında gəzinti üçün olan ərazidə tikinti aparılacağından narahatdırlar. B.Nuriyev 23/89 ünvanında yaşayan sakinlərin sözlərinə görə,  adı məlum olmayan tikinti şirkətinin nümayəndələri  ərazidə  hazırlıq işləri aparır, ölçü götürürlər.

    Median.Az xəbər verir ki, “Yeni Müsavat”ın müxbiri adıçəkilən ərazidə olub, vəziyyəti müşahidə edib.
    Ərazidə olduğumuz zaman həmin ətrafdakı  binaların sakinləri ilə həmsöhbət olduq.
    Haqqında danışdığımız ərazi 5 binanın həyəti, gediş-gəliş yolu və avtomobil dayanacağıdır. Bununla yanaşı, binaların qarşısında yaradılan kiçik park isə insanların istirahət məkanıdır.
     
    Sakinlər deyir ki, əgər həmin ərazidə çoxmərtəbəli bina tikilərsə sadalanan bütün imkanlar ləğv olunacaq:“Gördüyünüz kimi,  bu ərazidə avtodayanacaq, park və 10-a yaxın çoxillik ağaclar var. Bizdə olan məlumata görə, hansısa şirkət bu ərazidə 16 mərtəbəli bina tikmək niyyətindədir. Təsəvvür edin ki, burada bina tikilsə sakinlər iflic duruma düşəcək, binalara giriş-çıxış məhdudlaşacaq. Həyətimizdə yeni binanın tikilməsi   tikinti normalarına da uyğun deyil. Həm məsafə baxımından çox sıxlıq olacaq, həm də günəş şüasının qarşısı alınacaq. Beş binanın sakinləri bu yolla hərəkət edir. İki əsas yol var ki, o da məcburi şəkildə ləğv olunacaq. Avtomobil dayanacağa, əsas yola çıxmaq üçün dolana-dolana hərəkət etməli olacağıq”.

    Sakinlər bildirir ki, qazıntı işlərinə başlanılsa binanın həyətinə toplaşaraq etiraz aksiyası keçirəcəklər: “ İki həftədir ki, binamızın qarşısında bünövrə qazıntısı üçün hazırlıq işləri aparılır. Bunu nə qədər gizli şəkildə aparsalar da,  bəlli olur. Tikinti şirkəti bina sakinlərindən xəbərsiz, sakit qaydada öz istəklərini həyata keçirməyə niyyətlidir. Bir neçə dəfə əraziyə naməlum şəxslər gələrək, tikinti ilə bağlı müzakirələr aparıblar. Lakin bu barədə sakinlərə bir söz deyən olmayıb. Hazırlıq işlərindən bəlli olur ki, ərazidə hündürmərtəbəli binanın tikilməsi  nəzərdə tutulur. Hələlik bu vəziyyətə səssiz qalırıq, qazıntı işlərinə başlanmasını gözləyirik. Əgər belə bir hal olarsa, beş binanın sakinləri ayağa qalxacaq. Həmin əraziyə toplaşıb, etiraz aksiyası keçirəcəyik. Kimsə bina tikib, pul qazanacaq deyə, bizim uşaqlarımız, qocalarımız zülm çəkməlidir. Buna imkan verməyəcəyik”.
    Qeyd edək ki, həmin ətrafda başqa bir çoxmərtəbəli bina da mövcuddur. Lakin bu bina tikintisi normalara uyğun aparılıb. Sakinlərlə söhbət zamanı da həmin bina ilə bağlı hər hansı şikayətin olmadığını öyrəndik.

    Binanın tikinti və satış şöbəsinə məsul olan Rizvan Məmmədov şirkətin tikinti normalarına tam riayət etdiyini vurğuladı: “Binanın tikintisi yekunlaşıb, artıq yaşayanlar var. Biz burada bina inşa edən zaman əhatəmizdə olan sakinlərin razılığını aldıq və ətrafda abadlıq işləri aparacağımıza dair vəd verdik. İki binanın həyətində bir sıra abadlıq işləri apardıq. Yeni ağaclar əkdik, yaşıllıqlar saldıq.  Uşaqlar üçün atraksionlar, böyüklərin istirahəti üçün skamyalar quraşdırdıq. Bir neçə gündür ki, sakinlər tədirgindir. 20-ə yaxın sakin bizə müraciət etdilər ki, binalarının  həyətində tikinti işləri aparmaq istəyirlər. Qeyd edim ki, həmin ərazidə tikinti aparmaq məsafə baxımından  normalara uyğun deyil. Salınan mini park, ərazidə olan ağaclar məhv olacaq. İnsanların hərəkəti məhdudlaşacaq. Açığı desəm, bu tikinti bizim də işimizə mane olacaq. Təsəvvür edin ki, 16 mərtəbəli binanın qarşısında başqa bir çoxmərtəbəli bina olarsa, beşmərtəbəli binalara günəş şüası düşməyəcək. Ensiz bir ərazidə tikinti işləri aparmaq isə ətrafda yaşayan sakinlərin həyatını cəhənnəmə döndərəcək”.

    Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov tikinti normalarını belə izah etdi: “Boş sahə tikilinin sahəsindən 3 dəfə artıq olmalıdır. Əgər binanın hündürlüyü 50 metrdirsə, pəncərələr arasındakı məsafə onun 3/1 dən az olmamalıdır. Yəni 16-17 metr məsafədə olmalıdır. Bununla yanaşı, binanın həyəti əhalinin sayına görə  hesablanmalıdır. Bir hektar əraziyə düşən əhali sayı 450 nəfəri keçməməlidir”.