Category: Cəmiyyət

  • Bakıda maşın üstündə rəqs edən qız polisə çağırıldı – VİDEO

    Cavanşir körpüsünün üstündə qızın maşının üzərində rəqs etməsi məsələsi araşdırılır.

    Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən oxu.az-a məlumat verilib.

    Məlumatda qeyd olunur ki, araşdırma zamanı məlum olub ki, maşın müğənni Nur Cəfərliyə məxsusdur:

    “Həmin xanımın kimliyi yol polisi tərəfindən müəyyən olunub. Xanım idarəyə dəvət olunub”.

  • Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib – VİDEO

    Bərdə rayonunda 16 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayonun Lənbəran kənd sakini, 2002-ci il təvəllüdlü M.Hacıyevanı həmkəndlisi, 22 yaşlı Nəcməddin Əzizov qaçırıb.

    Qaçırılan qızın yaxın qohumu Sərvinaz Hacıyeva bildirib ki, qız həmkəndlisi N.Əzizov tərəfindən zorla qaçırılıb.

    O, əlavə edib ki, qızı ailə qurmaq məqsədi ilə qaçırsalar da bu, qanunlara ziddir.

    Qızı qaçıran şəxsin anası Lalə Əzimova isə bildirib ki, qız öz istəyi ilə qaçıb: “Onlar bir-birini sevirdi. Valideynlərinin onu başqasına verəcəyini biləndən sonra qız mənim oğlumla qaçıb. Burada heç bir zorakılıq yoxdur”.

    Qeyd edək ki, Baş verən hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət olunub.

  • I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndiriləcək

    2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndiriləcək.

    Bu barədə təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov əmr imzalayıb.

    Əmrə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçiriləcək.

    Əmrlə I sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə aşağıdakı heyətdə İşçi Qrup yaradılıb:

    İlqar Mahmudov – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri, sədr;

    Cəsarət Valehov – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;

    Orxan Abasov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini, üzv;

    Yaşar Zeynalov – İnformasiya şöbəsinin Dəftərxana sektorunun böyük məsləhətçisi, üzv

    Məhəbbət Vəliyeva – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, üzv;

    Zakir Hüseynov – Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, üzv;

    Nizami Namazov – Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, üzv;

    Nazilə Məmmədova – Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, üzv.

    Əmrdə qeyd olunub ki, I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanılacaq.

    Əmrin icrasına nəzarəti Ceyhun Bayramov özü edəcək.

  • 53 yaşlı kimsəsiz qadın küçələrdə qalıb: “Mən yetiməm, məni də çəkin” – VİDEO, FOTOLAR

    Səbail rayonu, Bayıl qəsəbəsində tamam başqa bir mövzu ilə bağlı çəkiliş apararkən bizə yaxınlaşdı. Kövrək halda “mən yetiməm, məni də çəkin” deməsi diqqətimizi çəkdi və əl saxlayıb 53 yaşlı kimsəsiz qadın, səhərlər ac-yalavac gəzən, gecələri küçələrdə yatan Fatma Məmmədovanın dərdini dinləməyə çalışdıq.

    Tənha qadının ilk sözləri belə oldu: “Qardaşım, bacım məni atıb. Heç kimim yoxdur. Çöllərdə qalmışam. İnanmırsansa, gedək, yaşadığım yerləri göstərim…”. Evsiz- eşiksiz yaşlı bir adamın soyuq qış günündə harada gecələməsi bizi maraqlandırmaya bilməzdi. Onun arxasınca düşüb, yaşadığı yerləri gəzdik. Əlbəttə gördüyümüz an bizi dəhşətə gətirən mənzərə ilə “yaşamaq” sözü bir cümləyə sığa bilməzdi. Uçuq-sökük, yarıtmikili, üstünün damı belə olmayan daldanacaqlarda yerə karton sərərək yatan Fatma Məmmədovanın səhhəti də artıq sözünə baxmır. Qapı-pəncərəsi olmayan, hər tərəfi açıq sığınacağında nəinki yaşamaq , bir neçə saat oturmaq belə mümkün deyil. Beton divarlardan ibarət bu məkanda nə qazı var, nə elektrik, nə də su…


    Fatma xanımın istədiyi zaman çay içmək su qaynatmağa şəraiti belə yoxdur. Yalnız quru çörək qırıntılarını yığıb sataraq əldə etdiyi qəpiklərlə yavan çörək alıb yeyə bilir. Gecələri karton parçalarını yerə düzərək, onun üzərində yatan qadının ciyərlərinin xışıltısı danışarkən belə kənardan eşidilir. Fatma Məmmədovanın acınacaqlı yaşam tərzinə o ətrafda yaşayan sakinlər də şahiddir və qadının dediklərini bizə təsdiqlədilər. Qeyd edək ki, Fatma Məmmədova 50 manat təqaüd alır. Lakin təqaüdü dolanışığı üçün kifayət etmir. Bayılda qadınların ev işlərində köməklik edib, onun əvəzində bir günlük onların evində kirayə qalır.

    Bununla yanaşı zibil qutularından quru çörəkləri toplayıb, sataraq özünü dolandırır: “Özümü dolandırmaq üçün quru çörəkləri toplayıb satıram. Aldığım qəpik-quruşa isə gündəlik çörəkpulumu çıxarıram. Sonra evlərə gedib, qadınlara kömək edirəm. Özüm-özümü dolandıra bilirəm. Heç kəsə əl açmıram. Lakin mənim qalacaq bir yerim yoxdur. Gecəni harada gecələyəcəyimi bilmirəm. Hər gün hava qaralanda, bu gücə harada yatacağam fikri məni bürüyür. Düzdür, yaxşı insanlar sağ olsun ki, bəzən məni bir neçə günlük evlərinə qonaq aparırlar. Yeri gələndə cibimə qəpik-quruş da qoyurlar. Ancaq nə zamana kimi belə olacaq… Artıq özüm də utanıram”. 53 yaşlı qadının həyatdakı tək arzusu isti bir otağının olmasıdır.

    Deyir ki, dövlətin himayəsində yaşamaq, qocalar evinə getmək istəyir. Onu tanıyan sakinlər də Fatma Məmmədovanın qocalar evinə getməsini məsləhət gördülər: “Biz, onu tanıyanlar əllərindən gələn köməkliyi edirlər. Vəziyyət çətindir, camaat özünü güclə dolandırır. Bacı-qardaşı atıb, kimsəsiz qadındır. 1993-cü ildən Bayıl qəsəbəsində yaşayır. Bir gün birimizin, bir gün digərimizin evində qalır. Ancaq bu nə vaxta kimi davam edəcək? Bu qadını hökumət öz himayəsinə götürməlidir, qocalar evinə yerləşdirməlidir”.

    Qeyd edək ki, Fatma Məmmədova 1964-cü ildə Biləsuvar rayonunun, Aşağı Cürəli kəndində doğulub.
    Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.





    Mənbə: musavat.com

  • Bakıda məktəb direktoru ilə “Drakon”un şok davası: “Şalvarını başına…” – VİDEO

    “Dolu” filminin məşhur aktyoru Rza Rzayevin qalmaqallı videogörüntüsü ortaya çıxıb. Məşhur aktyor məktəb direktoru ilə söz davasında onu təhqir edərək hədə qorxu gəlir.

    Qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.

    Hadisə 220 nömrəli məktəb-liseydə baş verib. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

    Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxıb. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirib.

    Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Bundan əlavə, o da məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını iddia edərək, müvafiq qurumlara müraciət edib. Bununla da bağlı araşdırma aparılır.

    Hadisənin baş vermə səbəbi və direktorun otağında danışılanlar barədə ətraflı məlumatı videodan izləmək mümkündür. Musavat.com

  • Yol kənarında məskunlaşan köçkünlər – FOTO

    Qəbələ – Oğuz yolu kənarında artıq 24 ildir ki, məskunlaşan məcburi köçkünlər yeni evə köçmək üçün xəbər gözləyirlər. Kəlbəcər və Laçından olan məcburi köçkünlər bütün həyatlarını da yaşadıqları şəraitə uyğun olaraq qurublar. Yol kənarında təndir çörəyi bişirib satmaqla, özlərinin hazırladığı ağartı məhsulları satmaqla dolanırlar.

    Dediklərinə görə, ən böyük problemləri şəraitsizlikdir. Yağıntılı aylarda evlərini sel basır və bu, hər il təkrarlanır. Qarabağa nə zaman qayıdacaqlarını bilməyən köçkünlər ümidlərini yeni mənzillərə bağlayıblar.






  • Sabirabadda həkim səhlənkarlığı – Tənzif bağırsaqda unudulub (VIDEO)

    Sabirabadda əməliyyat zamanı səhlənkarlıq baş verib.

    Xezxerxeber.az-ın məlumatına görə, bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb. Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib.

    Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb. Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib.

    Qadını bir il əvvəl əməliyyat edən həkim Şahin Cəfərov isə tənzifin tibb bacılarından biri tərəfindən unudula biləcəyini istisna etməyib: “Əməliyyatdan sonra tənzif bir-bir sayılır. İndi mən bilmirəm ki, həmin gün hansı tibb bacısı işləyib. Əgər belə bir hal baş verisə, görək hansı tibb bacısının növbəsində olub”.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.

  • Kartınızda qalan qalıq pullar – Kartla birlikdə YANACAQ!

    Məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larla bağlı redaksiyamıza müraciət daxil olub.

    Müraciətdə bildirilir ki, istifadə zamanı bu kartlarda qalıq pul qalır. Belə ki, balansında 40 qəpik olan məhdud istifadə kartları ilə gediş haqqı 30 qəpik olan avtobusa (175 saylı atobus) daxil olan zaman kartda 10 qəpik qalır. Kartın istifadəsi bitdiyi üçün pul kartla birlikdə yanır.

    Bakı Nəliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu qalığın qalmaması üçün sərnişinlər gediş haqqını əvvəlcədən planlaşdıraraq yükləməlidirlər. Gedəcəkləri marşurt xətti üzrə gediş haqqı 30 qəpikdirsə, o zaman 40 yox, 30 qəpik yüklənməlidir.

    Yəni, məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larda qalan qalıq pullarla bağlı BNA heç bir məsuliyyət daşımır.

  • Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO

    Aytənin 30 yaşı var. Bu yaşına qədər başına gələn dəhşətli hadisələr o qədər çoxdur ki…

    Minval.info saytına öz həyatını danışmaq üçün bizə müraciət edən Aytən xanımın başına gətirilən və gələn hadisələri eşidəndə şok hissi keçirəcəksiniz.

    Müsahibimin başına gələnlərin hamısını bir yazı ilə bitirmək mümkün deyil. Ona görə də, müsahibəni üç hissəyə bölmək qərarına gəldim. İlk hissəni buradan oxuya bilərsiniz.

    Yenə xatırladım ki, Aytən soyadının gizli qalmasını xahiş edib. Bu səbəbdən qeyd etmirik.

    İndi isə keçək Aytənin danışdıqlarına:

    “…. bir pəncərə var idi, ona da çöldən su çəni yapışdığı üçün qaçmaq mümkün deyildi. Gündə iki dəfə ayaqyolundan istifadə edə bilirdim.

    Ya səhər yeddi olanda, ya da gecə iki-üç kimi… Bir dənə ədyal vermişdilər, ona bürünüb isti qalmağa çalışırdım. Arada evə qonaq gəlirdi, amma qorxumdan səsimi çıxara bilmirdim.

    Mənə demişdi “qardaşımın dəlilik kağızı var, səni öldürsə, ona heç həbs də düşmür…” On gün orda qaldım, qızıl almaq adı ilə məni köhnə paltarların satıldığı bazara apardılar, çalışırdım ki, necəsə qaçım. Çünki heç kimim yox idi, qohumlarım da məndən üz çevirmişdilər, özüm-özümə sahib çıxmağa məcbur idim…

    Bir dəfə qardaşını “pristup” tutdu, şəkər olduğu üçün anası da pisləşdi, mən də həmişə “La İlahə İllallah, səsimi eşidirsənsə, bütün qapıları üzümə aç” deyirəm, gördüm qapılar açıqdı, otaqdan çıxıb tez aşağı düşdüm.

    Dəmir qapının üstündə qıfıl var idi, bir az var-gəl edəndən sonra o da açıldı, qaçıb oradan uzaqlaşdım. Arxamca kiminsə gəlmədiyinə əmin olanda telefonu enerji yığması üçün qarşıma çıxan ilk dükana qoydum. Son gələn zənglərə baxdım, ard-arda gəlinimizin adını görəndə onu yığıb nə olduğunu xəbər aldım.

    Demə məni polisə veriblər, guya qızıllarını oğurlayıb qaçmışam. Məsələyə aydınlıq gətirmək üçün birbaşa polis bölməsinə yollandım, elə səfil gündə idim ki, məni görən polis rəisi də bunu etdiyimə inanmadı. Hər şeyi rəisə danışandan sonra onları şikayət etməyimi tövsiyə etdi, amma yazığım gəldi, heç nə demədim”.

    Aytən deyir ki, 2 gün küçədə qalmalı olub: “Məni belə görəndə rəis də özündən çıxdı. Əsəbi soyuyandan sonra hara gedəcəyimi soruşdu, heç nə deyə bilmədim. İki gün küçədə qaldım, nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Allahdan bir rəfiqəm var, zəng etmişdi, vəfasız olduğumu deyib bir az gileyləndi.

    Məni də soyuqdan üşütmə tutub, həm də acam, daha deyə bilmirəm küçədə qalmışam, kömək et. Özümü toplayıb başıma gələnləri bir təhər ona danışdım. Gəlib məni evlərinə apardı, yemək verib qarnımı doyurdu. Sonra anama zəng etdi ki, bu qız küçədə qalası qız deyil. Onu da ağlamaq tutdu, qırıq-qırıq səsini eşidirdim, “bilirəm, balamdır, canımdır, amma, dayılarına, qardaşlarına görə qorxuram”.

    Sonra gəlib məni özü ilə evə apardı, qucaqlaşdıq, ağlaya-ağlaya niyə getdiyimi soruşdu (gözləri dolur). Mənə deyirdi evdə otur, işləmə, təki bilim yanımdasan”.

    İşə düzələn, pul qazanan Aytənin vəziyyəti bununla da düzəlməyib. Anası ondan bütün pulunu almaq istəyib: “Bir neçə aydan sonra şirkətdə işə düzəldim, pul yığmağa başladım. Aya 600-700 manat qazanırdımsa, onun 300-400 manatını ayırıb banka qoyurdum. Evdə elə bilirdilər 300 manat alıram, çünki 200 manatını anama verəndə 100-ünü də xərclik əvəzi özümdə saxlayırdım. Əvvəl-əvvəl aramız yaxşı idi, amma banka pul qoyduğumu biləndə hamısını aparıb ona verməyimi istədi. Bütün dərdi-səri pul idi…

    Atam ağır xəstə olduğundan müalicə üçün İrana aparmaq lazım idi, mən də sənədlərindən tutmuş dərmanlarına kimi bütün xərclərini öz üstümə götürdüm. Amma oranın da bir xeyri olmadı, məcbur qaldıq Türkiyəyə gedək.

    Həmin ərəfədə bir türklə danışırdım, özlüyümdə qət etmişdim ki, İstanbulda olanda onlara qonaq gedəcəyəm. Bunu anama deyəndə çox sevindi, istədi hədiyyələr alsın aparım. Daha başa sala bilmədim ki, heç nə düşündüyü kimi deyil, sadəcə dostuq, vəssalam.

    Türkiyəli həkimlər atamın çox ömrü qalmadığını deyəndə 28 yaşım var idi, istəmirdim toyumu görmədən dünyadan köçsün. Məcbur qalıb türkə ərə getdim, 2015-ci ildə Bakıda toyumuz oldu. Çətin olsa da, anamı beh verməyə razı saldım, qalan hər şeyə – sağ olsun, dostlarım kömək etdilər.

    Anam yenə məni təhqir edir, oğlanın yanında dişinin dibindən çıxanı deyirdi. Nəhayət, onun da səbri daşdı, məni də götürüb Türkiyəyə qayıtdı, amma heç nə gözlədiyim kimi olmadı”.

    “Arada əsgər yoldaşları bizdə qalırdı, deyirdilər yoldaşını istəmirik, məni qapının ağzına qoyurdu”

    Evliliyi də baş tutmadı. Bir evdə həyat yoldaşı və məşuqəsi ilə yaşamalı olan Aytən, həmin günləri danışır: “Hər gün evə rəfiqəsi adı ilə qız gətirir, hələ utanmaz-utanmaz ona yemək də bişirirdi. Arada əsgər yoldaşları bizdə qalırdı, deyirdilər yoldaşını istəmirik, məni qapının ağzına qoyurdu, çox qorxurdum. Çünki qaldığımız yerdə terroristlər çox olur.

    Yaxşıca xəstələnmişdi, çayına istiot atdım ki, soyuqdəymənin birə-bir dərmanıdır, amma onun üstündə eşşək sudan gələnə kimi məni döydü, deyirdi onu zəhərləmək istəyirəm. Evə bazarlıq etmirdi, arada dörd pomidor alırdısa, onları da özü yeyirdi, mən də qida əvəzinə ancaq su içirdim. Hamilə olanda məni o qədər döymüşdü ki, uşağı düşürtdüm. Amma ürək edib deyə bilmədim, həm də pis olmasını istəmirdim.

    Sonra müayinə olunmaq adı ilə məni Bakıya, anamın yanına göndərdi. Yolda olanda mənə yazdı ki, Bakıya çat, sənə yaxşı xəbərim olacaq. Öyrəndim ki, boşanmaq üçün məhkəməyə ərizə verib, məndən ayrılmaq istəyir.

    Məsələ ciddi olduğu üçün bilet alıb geriyə, Muşa qayıtmaq qərarına gəldim. Anama heç nə demədim, çünki bir gün sonra ad günü idi, qanını qaraltmaq istəmirdim”.

    “Evə girib hər tərəfi gözdən keçirdim, bildim ki, çarpayıda ayrı kimsə yatıb”

    Hər şey Türkiyəyə geri dönən zaman ortaya çıxıb: “Muşda olanda qonşulardan öyrəndim ki, mən Bakıda olanda evdən gülmək səsləri gəlirmiş, onlar da elə biliblər barışmışıq, daha məni döymür. Evə girib hər tərəfi gözdən keçirdim, bildim ki, çarpayıda ayrı kimsə yatıb.

    Ağlıma həyat yoldaşımın rəfiqəsi gəldi, qıza mesaj yazdım ki, bilirsən evliyik, niyə ailəmizi dağıdırsan. Verdiyi cavab məni bir az da sarsıtdı, ailəmizin çoxdan dağıldığını dedi. Sən demə bir evdə həm həyat yoldaşım, həm də onun məşuqəsi ilə birgə yaşamışam. Boşandıq. Amma qohumlarından tutmuş əsgər yoldaşlarına kimi hamı zəng edib ona şans verməyi istəyirdi.

    Hətta komandiri ona bir həftə müddət verdi ki, aramızda hər şeyi danışıb yoluna qoyaq. Məni götürüb İstanbula, anasıgilə apardı. Bir gün qardaşı ilə dalaşırdı, baxdım səsi qonşulara gedir, alçaqdan danışmasını xahiş elədim, o da başladı məni boğub döyməyə.

    O hala düşdüm ki, məni xəstəxanaya apardılar, ardınca Qadın sığınma evinə yerləşdim. Özümə gələndən sonra ayrıca evə çıxdım, işləyib pul yığmaq fikrim var idi”.

    Yemək artıqlarını, zibillikdən tapdıqları ilə qidalanan Aytənin çətin günləri hələ qabaqdadır: “Tək çətin olduğu üçün kirayə pulunu ödəyə bilmirdim, anama zəng edib mənə kömək etməsini istədim. Cavabı qısa və konkret idi: “Sənə bir qəpik də vermərəm”. Dedim qızın acından ölür, necə vicdanın dözür? O aralar bir restoranda işləyirdim. Mənim də bir pişiyim var, ona aparmaq adı ilə artıqları gətirib evdə özüm yeyirdim.

    Bir oğlanla tanış olmuşdum, kirayə pulunu ödəyə bilmədiyim üçün ondan borc istədim. Mənə dedi Çoruma gəl, sənə ev tutum, orda işləyərsən.

    “Məni döyməyə başlayanda başa düşdüm ki, məqsədi sadəcə mənimlə olmaqdı”

    Qarşımda iki yol var idi, ya pis yola düşməli, ya da təklifini qəbul etməli idim. Çorumda ev tutduq, amma məni işləməyə qoymurdu. Telefonumu, xarici pasportumu əlimdən almışdı ki, heç yerə gedə bilməyim. Məni döyməyə başlayanda başa düşdüm ki, məqsədi sadəcə mənimlə olmaqdı.

  • ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu – MÜALİCƏ YOLLARI

    Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq “qrip” adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

    Ailem.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova Azərtac-a deyib: “İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ ağrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir.

    Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur”.

    Onun verdiyi məlumata görə, xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.

    Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.

    Xəstəliyin müalicəsi haqqında danışan həkim-infeksionist daha sonra deyib: “Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərarətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə edilir. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tökülür.

    Tərlədici vasitələrdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan və gülxətmi kökləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitaminə olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qarağat şirəsini qəbul etmək olar.

    Ətrafdakıların yoluxmaması üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkanı ayırmaq lazımdır.

    Paraqripə tutulan xəstənin otağı hər gün nəm əski ilə silinməli, gündə bir neçə dəfə havası dəyişdirilməlidir. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhalinin çox sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir”.