Category: Cəmiyyət

  • 5-dən çox uşağı olan ailələrə veriləcək uşaqpulu məlum oldu – MƏBLƏĞ

    Beşən çox uşaq dünyaya gətirən qadınların sayı və onlara verilən müavinətin məbləği açıqlanıb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülür:

    “”Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər”.

    Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır: “Həmçinin, 1 yaşadək uşağı olan 5623 ailəyə müavinət verilir. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi də öz növbəsində çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinə, eləcə də həssas və risk qrupundan olan ailələrə yardımlar edir. Bu yardımlar həm mənəvi, həm də maddi formada həyata keçirilir.

    Mərkəzlər tərəfindən 2016-cı ildən bu günədək 77 çoxuşaqlı ailəyə sosial və tibbi xidmətlərə yönləndirmə, dil və kompyuter kurslarına cəlb olunma, hüquqi və psixoloji yardımlar və s. bu kimi xidmətlər göstərilib”//milli.az

  • Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu – Kapitan, baş leytenant…

    Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric ediliblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma başlayıb.

    Məlum olub ki, baş leytenant Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova “himayədarlıq” etmədikləri üçün o, “qisas” almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib.

    Səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.

  • Rusiyanın birinci kanalı Bakıdan reportaj hazırladı – VİDEO

    Rusiyanın 1-ci kanalı məşhur sovet rejissoru, SSRİ Xalq artisti Leonid Qaydayın 95 illiyinə həsr olunmuş proqram hazırlayıb.

    Baku.ws-in məlumatına görə, proqramın bir hissəsi Bakıda hazırlanıb. Rejissorun ən sevilən filmlərindən olan “Brilliant əl” filminin çəkilişlərinin baş tutduğu paytaxtımız, əsasən də İçərişəhər tamaşaçılara nümayiş etdirilib.

    Azərbaycanlı jurnalist Səbinə İsmayılova filmin çəkildiyi məkanları rus həmkarlarına nümayiş etdirib. Çəkiliş heyəti filmin motivləri əsasında yaradılmış kafedə də olublar.

  • Gömrük xidmətinin kapitanı işdən çıxarıldı

    Dövlət Gömrük Komitəsi ötən gün bir sıra kütləvi informasiya vasitələrində İrandan ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlara aydınlıq gətirib.

    Komitənin Mətbuat Xidmətindən oxu.az-a verilən məlumatda bildirilir ki, 2016-cı ilin dekabr ayından etibarən İrandan ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub.

    Miqdarından və təyinatından asılı olmayaraq, bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir.

    “Məlumatda istinad edilən gömrük əməkdaşının dedikləri isə, ümumiyyətlə, həqiqətə uyğun deyil. Üstəlik, xidmətdə yol verdiyi nöqsanlara görə həmin şəxs barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib.

    Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövvlət Gömrük Komitəsinin 22 sentyabr 2017-ci il tarixli əmri ilə Rövşən Vəliyevə töhmət elan edilib.

    “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə nəzərdə tutulan prinsip və qaydalara əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Dövlət Gömrük Komitəsinin 9 yanvar 2018-ci il tarixli əmri ilə Rövşən Vəliyevin xüsusi rütbəsi bir pillə aşağı salınıb”, – deyə məlumatda deyilir.

    Məlumatda bildirilir ki, komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırmadan da məlum olub ki, bütün bunlardan nəticə çıxarmayan Biləsuvar Gömrük İdarəsinin yol vergiləri bölməsinin böyük inspektoru, gömrük xidməti kapitanı R. Vəliyev “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin 4.4-cü və 4.5-ci bəndlərinin tələblərinə əməl etməyərək vəzifə təlimatı ilə müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan işlə məşğul olub, xidmət etdiyi gömrük orqanının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitəsinin nümayəndəsinə verdiyi müsahibədə öz şəxsi mülahizələrinə əsaslanan fikirlər səsləndirib.

    Onun bu hərəkəti ictimaiyyətə doğru olmayan məlumatın çatdırılmağına səbəb olub, bununla da o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozub.

    Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini dəfələrlə təkrarən pozduğuna görə Dövlət Gömrük Komitəsinin 2 fevral 2018-ci il tarixli əmri ilə Biləsuvar Gömrük İdarəsinin böyük inspektoru, gömrük xidməti kapitanı R. Vəliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilib və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilib”.

  • Azərbaycanlıların Jirinovskinin fikrinə münasibəti – SORĞU (VIDEO)

    Rusiyalı siyasətçi Vladimir Jirinovski bildirib ki, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan Rusiyaya birləşməlidir.

    Oxu.Az rusiyalı siyasətçinin bu fikirlərinə münasibət öyrənmək üçün əhali arasında sorğu keçirib.

    Videosorğunu təqdim edirik:

  • Yasamalın yeni icra başçısı kimdir? (DOSYE)

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Əziz İmran oğlu Əliyevin Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövdət başçısının digər sərəncamı ilə Əziz Əzizov Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

    1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

    1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub. Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

    Qeyd edək ki, İlham Əliyev ötən ilin iyul ayının 1-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevivəzifəsindən azad etmişdi.//qaynarinfo

  • Azərbaycanda morqlara 14 yaşa qədər 185 meyit gətirilib

    “Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (morqlara) prokurorun göndərişi və şikayətlər əsasında 14 yaşa qədər 185 meyit gətirilib”.

    Bunu birliyin direktoru Ədalət Həsənov deyib.

    Birlik direktoru qeyd edib ki, meyitlərin 21-i ölü doğulan körpələr olub: “Digərləri isə diridoğulanlardır. 185 meyitin içərisində 104-nün ölüm səbəbi zorakıdır. Yəni, avtomobildə gedərkən qəza zamanı ölən, üzərinə qaynar su tökülərək ölən, yaxud eyvandan yıxılaraq ölənlər bu qrupa şamil edilir”.

    Ə.Həsənov vurğulayıb ki, 14 yaşa qədər dünyasını dəyişənlərdən 61 nəfər xəstəlikdən ölənlərdir: “Həmin ölümlərin əksəriyyəti infeksiyalardan baş verib”.

    O, həmçinin xatırladıb ki, ötən il ana ölümü ilə bağlı morqlara 21 meyit gətirilib.(Report.az)

  • İşə piyada gedən Azərbaycan naziri kimdir?

    Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan istehsalı olan “NAZ-Lifan” markalı xidməti avtomobildən istifadə etməsi cəmiyyətdə maraqla qarşılanıb. Bildirilir ki, M.Cabbarov həftənin bəzi günlərində xidmətində olan “NAZ-Lifan” markalı Azərbaycan istehsalı maşından da istifadə edir.

    Bir müddət öncə Prezident İlham Əliyevin də Naxçıvan Avtomobil Zavodunun istehsası olan maşınlardan rəsmi qurumların istifadəsini tövsiyə etməsi M.Cabbarovun məntiqi izahı kimi qəbul olunur. Ancaq heç də bütün nazirlərimiz və ya nazirliklərimizdəki xidməti avtomobillər NAZ maşınlarına üstünlük vermir. Hətta Vergilər nazirliyinin özündə belə nazirin bu addımı onun müavinləri və idarə rəisləri üçün nümunə olmayıb.

    Görəsən, digər nazirlər və müavinləri hansı xidməti avtomobillərdən istifadə edirlər?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir Hüseyn Bağırov adətən işə piyada gedib- gəlir. Yalnız tədbirlər zamanı BMV markalı xidməti maşından istifadə edir.

    Qeyd edək ki, H.Bağırovun illərdir işə adətən piyada gedib gəlməsi və onu ən yaxşı halda köməkçisinin müşayiət etməsini Bakı sakinləri də hər zaman müşahidə edir.

    Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, nazirliyin aparatında yalnız nazir və nazir müavinlərinin istifadəsində xidməti avtomobillər mövcuddur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMV, nazir müavinləri isə “Nissan” markalı avtomobillərdən istifadə edir.

    Bir həftədən artıqdır digər nazirliklərə göndərilən sorğuya isə cavab verilməyib.

    Xatırladaq ki, nazir və nazir müavinlərinin böyük əksəriyyətinin xidməti maşını BMV və “Mersedes” markalı avtomobillərdir.

  • 14 yaşına çatmamış şəxslərə dərman satılmamasını yaradacağı problemlər

    Natiq Cəfərli: . “Sadə vasitələrin alınmasına 14 yaş məhdudiyyətinin tətbiq edilməsi məntiqsizlikdir”

    Adil Qeybulla: “Yaşından asılı olmayaraq bütün şəxslərə dərmanlar həkim resepti əsasında buraxılmalıdır”

    Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılmasının qadağan edilməsi ilə bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilidi. Bizimyol.info xəbər verir ki, fevralın 1-də Milli Məclis dəyişikliyi qəbul etsə də, müzakirə zamanı deputat Elmira Axundova bu müddəanın təcrübədə müəyyən çətinliklər yaradacağını deyib. O, bütün dərman vasitələrinin 14 yaşına çatmamış yeniyetmələrə satılmasının qadağan edilməsini düzgün hesab etməyib. “Məsələn, ana ilə oğul və ya qız tək yaşayırsa, ana xəstələnən zaman onun dərman almaq üçün göndərəcəyi başqa bir şəxs yoxdursa, o necə dərman alacaq? Nəzərə almaq lazımdır ki, bəzən bu və ya digər dərmanın operativ şəkildə alınmasından xəstənin həyatı asılıdır”.

    Deputat təklif edib ki, dərman vasitələrini resept və reseptdə adı qeyd olunan şəxsin şəxsiyyət vəsiqəsini təqdim edən yeniyetmələrə həmin dərman vasitələrinin satışına icazə verilsin. “Yəni dəyişiklikdə bir neçə söz əlavə etmək olar və bu halda maddə belə səslənəcək; “On dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin, resepti və reseptdə adı qeyd edilən xəstənin şəxsiyyət vəsiqəsini təqdim etmədiyi halda buraxılması qadağandır”” – deputat bildirib.

    Natiq Cəfərli: “Yalnız psixatrop və narkotik tərkibli dərmanlara yaş məhdudiyyəti tətbiq edilməlidir”

    Sözügedən qanun dəyişikliyinin işlənmə mexanizmi və təcrübədə vətəndaşlar üçün yarana biləcək problemlərlə bağlı ekspetlərin rəyi də müsbət deyil. İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info saytına bildirib ki, çox güman, qanun dəyişikliyi xarici təcrübəyə əsaslanır. “Amma təəssüf ki, bu cür hallarda problemi incələmədən, məsələnin kökündə nələr durduğunu araşdırmadan qərarlar verirlər. Bir çox ölkələrdə narkotik tərkibli və paralel istifadəyə açıq olan dərmanların satışı üçün yaş məhdudiyyəti qoyulur. Azərbaycanda isə ümumilikdə bütün dərmanlara yaş məhduduyyəti tətbiq etməkdənsə, qadağanı kateqoriyalara görə qoymaq olardı. Elementar dərmanlara, məsələn, qripdən müalicə üçün, başağrısı üçün və s. sadə vasitələrin alınmasına 14 yaş məhdudiyyətinin tətbiq edilməsi məntiqsizlikdir. Valideynə təcili validol lazımdırsa və öz övladını aptekə göndərirsə, burada nə problem var? Onsuz da indi hər məhəllənin öz apteki var, uzağa getməyə də ehtiyac yoxdur. Valideyn 13 yaşlı uşağı adi bir dərmanı almağa göndərirsə, satmayacaqlarmı? Əlbəttə satacaqlar, hətta bu qanun tətbiq edilsə belə satacaqlar. Ancaq tərkibində narkotik, psixtrop maddələr olan dərman pereparatlarına belə bir məhdudiyyət tətbiq edilə bilərdi. Hətta bu qadağa 14 yox, daha yuxarı – həddi-buluğa çatma yaş həddinə qədər tətbiq edilə bilər.

    “Bu tip qaydaların nəzarət mexanizmləri çox çətindir”

    Qanunun tətbiqi zamanı işlənmə mexanizmləri və qaydaları da müəyyən deyil. Məsələn, bəzən 9 yaşında uşaq 15 yaşındakı kimi, yaxud da əksinə, 16 yaşına çatmış yeniyetmə 12 yaşlı uşaq kimi götünüşə malik ola bilər. Bu kimi hallarda sənəd olmadan yaşın müəyyən edilməsi də qeyri-müəyyənlik yarada bilər. Natiq Cəfərli vurğulayır ki, qanun dəyişikliyinin tətbiqində də problemlər olacaq. Onun sözlərinə görə qanunun tətbiqindən sonra bu kimi hallara görə apteklərin özündə problem yaşana bilər: “Yəni qanunun tələbinin pozulması səbəbilə apteklərə cərimə tətbiq olunacaq. Çünki dediyim kimi, adətən məhəllədə hamı-bir-birini tanıyır, qanunun müddəlarından irəli gələn tələblərə də çox zaman göz yumulacaq. Ümumiyyətlə, bu tip qaydaların nəzarət mexanizmləri çox çətindir. Sadəcə kim reydə düşəcəksə və hansısa formada pozuntu aşkarlanacaqsa, cərimələnəcək. Digər hallarda isə əvvəlki qaydada satış davam edəcək. Çünki Bakıdakı 1000-dən çox apekin hər birinin qarşısına nəzarətçi qoymaq da mümkün deyil. Ona görə də qanun və ya dəyişiklik qəbul edilən zaman məntiqi və işlənmə mexanizmi əvvəlcədən düşünülməlidir” – deyə ekspert bildirir.

    “Həkim resepti olmadan dərman vasitəsi satılmamalıdır”

    Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla isə hesab edir ki, yaşından asılı olmayaraq bütün şəxslərə dərmanlar həkim resepti əsasında buraxılmalıdır. O Bizimyol.info saytına bildirib ki, qanuna edilən bu dəyişiklik lüzumsuzdur. “Biz hansısa məsələni kökündən həll etməkdənsə, başlayırıq ona yamaqlar etməyə. Həkim resepti olmadan dərman vasitəsi satılmamalı, bütün hallarda həkim resepti əsasında buraxılmalıdır. İstər 14 yaşına çatmış, istərsə də çatmamış şəxs olsun, resept varsa, dərman verilməlidir, yoxdursa dərman buraxılmamalıdır. O ki qaldı psixatrop dərmanlara, bu pereparatlar da yalnız xüsusi reseptlərlə buraxılır. Nevropatoloqlar, psixiatrlar bi tip dərmanları yazırlar, həm tibb müəssisənin, həm də həkimin imzası və möhürü olur və o reseptin əsasında dərman xəstəyə buraxılır. Bizdə bir problem budur ki, icbari tibbi sığorta yoxdur. Digər problem isə odur ki, bizdə dərmanlar kimə gəldi satılır. Baxan yoxdur ki, bu dərman vasitəsi güclü təsirə malikdir, müəyyən ağırlaşma yarada bilər və s.”.

    “Dərman bazarı xaotik bir vəziyyətdədir”

    Professor Adil Qeybulla hesab edir ki, dərman bazarı dəhşərli və xaotik bir vəziyyətdədir: “Aşağı keyfiyyət parametrləri ilə xarakterizə edilən dərmanlar Azərbaycan bazarına yol tapır. Bu, həkimləri də, xəstələri də pis vəziyyətdə qoyur. Belə bir vəziyyətdə 14 yaşına çatmamış şəxslərə dərman vasitələrinin buraxılmasının qadağan edilməsi önəmsiz bir qərardır. Problemin həlli yolu həkim resepti olmadan dərman vasitələrinin satılmamasıdır. Çünki kim nə eşidir, gedir aptekdən özünə dərman alır, yaxud antibiotik alır vurur. Ona görə də problemlər artır. Antibiotiklərin bu şəkildə istifdəsi sovet təbabətinin günahıdır. Sovet təbabətində sağa-sola antibiotiklər işlədilirdi. İndi də kiməsə nəsə olanda heç həkimə də müraciət etmədən gedib antibiotik alıb özünə vurur. Sonra da ağır nəticələrlə üzləşirlər. Ona görə bu problem kökündən həll edilməlidir” – deyə ekspert bildirir.

  • Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – SİYAHI

    Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi. Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi.

    Axar.az xəbər verir ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir.

    İşdən çıxarılanlar arasında keçmiş vergilər naziri F.Məmmədovun da qohumları var. Onların siyahısını təqdim edirik:

    1. Namiq Quliyev – F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini. N.Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib. 2017-ci ilin 25 dekabr tarixində vəzifəsindən kənarlaşdırılıb.

    2. Namiq Əliyev – F.Məmmədovun qudası, vergilər nazirinin müavini. N.Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib.

    3. Elnur İsgəndərov – F.Məmmədovun bacısı oğlu. Mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi daşıyan Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında təyin edilmişdi. E.İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib. Qeyd edək ki, E.İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur