Category: Cəmiyyət

  • 175-in sürücüsü qapıları bağlayıb sərnişinləri girov saxladı

    Yanvarın 30-da  175 saylı  sərnişin avtobusunda yaşanan  insident  sərnişinləri narahat edib. 

    Axşam saat 7 radələrində Səməd Vurğun bağının qarşısında dayanan 175 saylı avtobusa daxil olan sərnişinlərdən biri basabas olduğuna görə kartı ilə ödəniş edə bilmədib və sürücü ilə vətəndaş arasında qalmaqal yaranıb. Sürücü əsəbi halda sərnişinə irad bildiriəndə 30 yaşlarında olan kişi sürücüyə söyüşlə cavab verib. Bundan möhkəm əsəbiləşən sürücü  söyüş söyən gənc qaçıb getməsin deyə avtobusun qapılarını bağlayıb və polisə zəng edib.  Həddən artıq insanla yüklənmiş avtobusda  təxminən 30 dəqiqə gözləməli olan sərnişinlər  narazılıqlarını bildirib qapını açmağaı tələb etsələr də,  sürücü inadla  qapıları bağlı saxlamaqda və vətəndaşları avtobusun içərisində girov saxlamaqda davam edib.  İşdən yorğun halda çıxıb evinə tələsən insanların hüququnun bu  qədər kobud şəkildə pozulamsına isə  Bakı Nəqliyyat Agentliyindən heç kim reaksiya göstərməyib.

    Avtobuslarda  kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə lazımi şəxsi tapıb cəzalandırmaq olardı,  ən az 60 nəfərin əsəbləri ilə oynamaq nəyə gərək idi? Hadisə yerinə gec də olsa, gələn polis işçiləri sürücüyə qapını açmağı  söylədikdən sonra insidentə səbəb olan gənc qaçıb aradan çıxıb.

    175 saylı avtobus Bakubus xidmətinin avtobusları ilə əvəz  olunandan sonra əhali rahatlığa  çıxacağına ümid edirdi.  Səməd Vurğun bağının yanından Hövsan qəsəbəsinə  hərəkət edən bu avtobuslarda gedişhaqqı  başqalarından  fərqli olaraq 30 qəpik təşkil edir. Lakin indi avtobusların həcmi böyüdüldüyünə görə bu avtobuslar kənd Hövsana qədər  getmir. Problem bundadır ki, kəndin yolları dardır, burada Bakubus avtobusları rahat manevr edə bilmir.  Kənd  Hövsana  getməli olanlar yarı yolda qalır, başqa bir marşrutla mənzil başına çatmalı olurlar. (Bizim Yol)

  • İrandan Azərbaycana “quş qripi” təhlükəsi varmı?”

    İranda “quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib. Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib. Ə.Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə “quş qripi” virusu aşkarlanıb.(APA)
     
    Təhlükənin yaxınımızda olduğunu nəzərə alsaq, bəs İrandan Azərbaycana gətirilən quş və quşçuluq məhsulları barədə hansı tədbirlər görülür? Azərbaycanda bu virusun yayılması üçün təhlükə varmı?

    Məsələ ilə əlaqədar Qaynarinfo-ya açıqlama verən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli İrandan quş və quşçuluq məhsullarının idxalına 2016-cı ilin dekabrından qadağa qoyulduğunu və bu qadağanın hələ də qüvvədə olduğunu bildirib:


    “Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən İranda 2016-cı ilin dekabrında və 2017-ci ilin martında “quş qripi” qeydə alındığı vaxtdan oradan diri quş və ümumiyyətlə quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Mütəmadi olaraq da cənub və digər bölgələrimizdə “quş qripi”nin olub-olmamasından asılı olmayaraq, nəzarətin aparılması ilə bağlı bütün baytarlıq idarələrinə tapşırıq verilib və hələ ki, ölkəmizdə bu xəstəlik qeydə alınmayıb”.

  • Azərbaycanda yaşı 70-dən yuxarı olan bütün kişilər amnistiya düşəcək

    “İndiyə qədər 63 əfv və 11 amnistiya qərarı qəbul edilib. Növbəti amnistiya üçün biz öz təkliflərimizi hazırlaya bilərik. Hesab edirəm ki, bir neçə məsələ üzrə budəfəki akt fərqli olmalıdır. Burada əhatə dairəsi geniş olmalıdır”.

    Median.Az-in APA-ya istinadla məlumatına görə, bunu deputat, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin iclasında Heydər Əliyevin 95 illiyi ilə bağlı Amnistiya aktının qəbul olunmasına dair təklifini səsləndirərkən deyib.

    Deputat təklif edib ki, bu Amnistiya aktı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun:

    “İkincisi, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara şamil oluna bilər. Həmçinin himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”.

  • 125 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib

    125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

    Bakı Nəqliyyat Agentliyindən Baku.ws-ə Bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək. Dəyişiklik nəticəsində “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metrostansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.

    Məlumat üçün qeyd edək ki, dəyişiklik edilməsi haqqında qərar, “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərindən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir.

    Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 03.02.2018 tarixindən yenilənmiş sxem üzrə hərəkət edəcəklər.

  • Mikayıl Cabbarov Xaləddin İsgəndərovun oğlunu işdən çıxardı

    Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Vergilər Nazirliyində tutduğu vəzifədən azad olunub.

    Median.Az missiya.az-a istinadən xəbər verir ki, Elnur İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib.

    Qeyd edək ki, mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi verilən Elnur İsgəndərov, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı.

    O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında sabiq Vergilər Naziri Fazil Məmmədov tərəfindən təyin edilmişdi. Elnur İsgəndərov Fazil Məmmədovun bacısı oğludur.

    Xatırladaq ki, Fazil Məmmədov vəzifəsindən azad edildikdən sabiq nazirə yaxınlığı ilə seçilən şəxslər işdən çıxarılır.

  • Yol polisi: Qəzaların başlıca səbəbi ehtiyatsızlıqdır

    Paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır.

    Bunu Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    V.Əsədov bildirib ki, nəhəng meqapolisə çevrilən Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır:

    “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır”.

    Bölmə rəisi əlavə edib ki, əsasən, ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınıbsa, nəticədə 207 nəfər insan təlafatı baş veribsə, bu, təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də, həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir:

    “Başqa sözlə desək, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır”.

    Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də sübut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır. İstər sürücü, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır. Hər bir halda qanunla yolda hərəkət iştirakçısına çevrilən insan şəxsi məsuliyyətini həyat amalına çevirməlidir”.

  • Yeddi cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur – VİDEO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.

    Agentlikdən Oxu.Az-a verilən məlumata görə, təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub.

    Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Yol Azərbaycan prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur.

    Yolun uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması yeddi yaşayış məntəqəsinin beş minə yaxın əhalisinin ürəyincə olub.

    IV texniki dərəcəyə uyğun olaraq, yenidən qurulan yolun deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və yeni 10 metr enində torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq, yol boyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.

    Texnoloji ardıcıllığa uyğun olaraq, növbəti mərhələdə iridənəli asfalt-beton və aşınma laylarının tikintisi işləri aparılacaq. Bu işlər isə yolun hərəkət hissəsini eni altı metr nəzərə alınaraq 30 min m2-dən çox sahəni əhatə edəcək.

    Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilişindən sonra yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

    Qısa müddət ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında lazımi sayda qüvvə əraziyə cəlb olunub.

    Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifahına müsbət təsir edən kənd təsərrüfatının inkişafına gətirib-çıxarır.

  • Binəqədi sakinlərindən şikayət – Ağacları kəsirlər – FOTO

    Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında binanın qarşısındakı parkda ağacları kəsib yerində obyekt tikirlər.

    Median.Az xəbər verir ki, bununla bağlı Modern.az saytına şikayət daxil olub. Sakinlər bildirib ki, binanın qarşısı parkdır və parkın yarı hissəsi tamamilə dağıdılıb:

    “İşləri gecə görürlər . Ağır texnikalarla ağacları kökündən çıxarırlar. Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinə zəng edirik, lakin deyirlər ki, xəbərləri yoxdur. Bunun kim tərəfindən edildiyi məlum deyil. Ərazi Binəqədi bələdiyyəsinin qonşuluğunda, Binəqədi rayon İcra hakimiyyətinin 300 metrliyində yerləşir”.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov saytımıza açıqlama verib. O bildirib ki, bununla bağlı nazirliyin qaynar xəttinə də şikayət daxil olub:

    “Əməkdaşlarımız şikayətiçilərin iştirakı ilə yerində araşdırma aparıblar. Sakinlər ağacların kəsiləcəyi ilə bağlı narazılıqlarını bildiriblər. Lakin orada heç bir ağac kəsintisi faktı olmayıb. İcra Hakimiyyəti nümayəndələri də həmin ərazidə park salınacağı ilə bağlı məlumat veriblər və parkın layihəsini təqdim ediblər. Buna baxmayaraq biz nəzarətin gücləndirilməsi üçün oradakı bütün ağacları qeydiyyata götürmüşük”.



  • Azərbaycanda toylarda baş verən ən maraqlı hadisələr (VİDEO)

    Xəzər TV-də yayımlanan “Ənənə boxçası” verilişinin aparıcısı Leyla Mustafayeva Zaur Kamalın “5-də 5” verilişinin qonağı olub.

    Baku.ws-in məlumatına görə, aparıcı Zaur Kamalın təqdimatı ilə efirdə Leyla Mustafayevanın iştirak etdiyi toylardan ən maraqlı məqamları özündə əks etdirən sujet nümayiş edilib.

    Aparıcı, toylarda 2016-cı ildən yadda qalan məqamlar barədə danışıb, daha sonra isə sujet nümayiş olunub.

    Həmin kadrları təqdim edirik.

  • Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar – Əfv Komissiyasının üzvündən AÇIQLAMA

    “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.

    Bu sözləri Modern.az saytına açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

    Elmira Axundova bildirib ki, həftədə 1 və ya 2 dəfə Komissiyasının iclası keçiriləcək.

    “Hələ ki, başqa kateqoriyadan olan cinayət törədən şəxslərin işinə baxılır. Ömürlük məhbuslarla bağlı məsələyə isə həmişə ən sonda baxılır. Həmişə ömürlük məhbuslar da əfv sərəncamından yararlanıblar. Bu dəfə də olacaq”.

    Qeyd edək ki, bu il Novruz bayarmı öncəsi ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.