Category: Cəmiyyət

  • Nazirlik qanunsuz evlər məsələsinə aydınlıq gətirdi

    ETSN rəsmisi: “O torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir”

    Bayıl yamacında “Teleqüllə” ərazisində hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları çalışırlar. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, hazırda qurumun əməkdaşları Bayıl yamacında sürüşmə zonasındadır.

    “Bu gün qazma işlərinə başlanılacaq. Ərazidə müəyyən işlər aparılıb. Bu gün çatlarda olan mayaklar yenilənəcək. Sürüşmə kiçik olanda onu gözlə görmək mümkün olmur. Buna görə, də mayaklar qoyulur”, — ekspert bildirib.

    “Əvvəlki günlər yağış yağdığı üçün o mayakları təzələyə bilməmişdik. Çünki yağış mayakları yuyub aparır. Qazma işləri ilə müəyyən edə biləcəyik ki, sürüşmə müstəvisinin dərinliyi nə qədərdir. Bundan sonra nəmliyi, fiziki xüsusiyyətləri öyrəniləcək”, — o əlavə edib.

    Ərazidə yeraltı çayların axması məsələsinə gəldikdə isə, Əziz Qaralov qeyd edib ki, yeraltı çayın olması mümkün deyil: “Yeraltı sulu horizontlar, qurunt suları var. Su tələləri var ki, harasa yığılır, amma çay şəklində axıb harasa getməsi mümkün deyil”.

    ETSN rəsmisinin sözlərinə görə, ərazidə torpaqlar Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyənin balansında olduğuna görə, orada evlərin qanunsuz tikilib-tikilməməsi məsələsi bu qurumların məsuliyyətindədir: “Ərazidə 30-a yaxın qaçqın, məcburi köçkün evi var. 90-cı illərdə məcburi köçkünlər Bakıya gələndə kim harda gəldi, məskunlaşmağa başladı. İnsanlar da onlara məskunlaşmaları üçün kömək edirdi. Yəni 30-a yaxın ev bu şəkildə tikilib. Sonrakıların taleyini isə bilmirəm”.

    Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi və ərazidəki qanunsuz evlərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: “Müəyyən olunub ki, burada tikilən evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib. Hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır”.

    “Təəccüblüsü isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansısa bir araşdırma aparıb, mövcud vəziyyətlə maraqlanmayıblar. Heç bir sualla müraciət etməyərək, ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar. Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq”, — Səbail RİH-dən bildirilir.

  • İşdən çıxarılan həkimə həmkarlarından DƏSTƏK: “Buranı bazara çevirməyin!” (VİDEO)

    Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.

    Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, bu hadisədən sonra Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yeni şöbə rəisləri və bəzi həkimlərə töhmət, bir neçə həkimi isə vəzifəsindən azad edib. Məsələ ilə bağlı həkimlər öz narazılığını bildiriblər.

    Həqiqət Qədirova isə həkimlərə xəbərdarlıq edərək bu sözləri deyib: “Buranı bazara çevirməyin!”

  • Bir şəxs eyni zamanda kafedra müdiri və dekan ola bilməyəcək – QADAĞA

    Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz

    Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı təsdiq edib.

    APA-nın məlumatına görə, bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.

    Dövlət sirri və təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təyinatlı ali təhsil müəssisələri nizamnamələri ilə bu Qaydalar arasında ziddiyyət yarandığı halda öz nizamnamələrini əsas götürürlər. Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və üzrsüz səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru intizam məsuliyyəti daşıyır.

    Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil sahəsində qanunvericilik, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, bu Qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.

    Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

    –  kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan ı vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər;
     
    – dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.
     
    – dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;
     
    – Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə bu Qaydalarda qeyd olunan tələblərə uyğun gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.

    Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər. Kafedra müdirinin və dekanın fəaliyyətinə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydalarda oyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər.

    Bu Qaydalar 2018-ci il 15 fevral tarixindən qüvvəyə minir.

  • Xaricdən alınan sürcülük vəsiqəsi Bakıda işə yarayırmı?

    Bu dəfə təqdim edəcəyimiz mövzu xarici ölkələrdə alınan sürücülük vəsiqəsinin Azərbaycanda etibarlılığı ilə bağlıdır.
    Mövzu ilə bağlı hüquqşünas Cəmil Adişov bildirib ki, “Yol hərəkəti haqqında” 1968-ci il Vyana Konvensiyasının 41-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, hər hansı şəxs başqa bir ölkədə daimi yaşamağa başladığı anadək onun digər dövlətdə əldə etdiyi sürücülük vəsiqəsi etibarlıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanuna əsasən Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir.

    Xarici ölkədən alınmış sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək mümkündürmü? Hüquqşünasın sözlərinə görə, ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirərkən tətbiq edilən prosedur eyni ilə tətbiq olunacaq.

    Yəni, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız həyata keçirilir. Dəyişdirilmə vəsiqəsinin Azərbaycan dilinə tərcümə edilmiş surətini notarial qaydada təsdiq edilməlidir.
    Daha sonra tibbi müayinədən keçərək sağlamlıq arayışı alınmalıdır.18 manat rüsum da ödəyərək vəsiqənin surətini və bu arayışı DYP-nin yaşadığınız ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim etməklə hər hansı imtahan vermədən eyni kateqoriyalı milli sürücülük vəsiqəsi əldə etmək olar.//femida.az

  • Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə… – DƏHŞƏTLİ FAKTLAR

    “Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır”.

    Median.Az xəbər verir ki, bu sözləri xeberle.com-a açıqlamasında “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O, Sumqayıtda azyaşlı qızların ərə verilməsindən danışıb və bu halların Sumqayıtda da baş verdiyini bildirib:

    “Ata namusdan, qeyrətdən dəm vurub deyir ki, qızı nə qədər tez versəm, namussuzluq damğasından sığortalanmış olaram. Elə həmin namus etalonu sayılan ata, öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır. Ata yaxın durmur ki, yüküm ağırlaşmasın. Günahı da atır yazıq qızcığazın üstünə ki, arvadlığı bacarmadı. Təhsil yox, ev yox , pənah aparır sığınacaqlara və ya da son həddə – intihara. 13 yaşlı Gülnar bizə pənah gətirib, onu xilas etməyimizi istəyir. Valideynləri ilə Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) söhbət aparılır, ərizə alınır, lakin ata qız mənimdir deyib, məcburi ərə verir. Onu xilas edə bilmədik.

    Digər qızımızda bu vəziyyət daha da acınacaqlıdır. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemlər üzrə Dövlət Komitəsini də bu işə cəlb etsə də və valideynlərlə görüşlər təşkil etsə də bir irəliləyiş yoxdur.

    14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdriyyətinə və psixoloquna danışır.Təşkilatımıza müraciət edildi və biz Komitəyə və İcra Hakimiyyətinə xəbər verdik. İcra hakimiyyəti İH tez bir zamanda valideyinlə görüşüb söhbətlər apardı. Ana söz versə də, oğlan evinə qızı qaçırmağı tapşırdı, intihar həddində olan bu qızcığazın taleyi naməlum olaraq qalır. Ailəyə kənar şəxslərin müdaxiləsi qanunsuz olduğu üçün biz çarəsiz qaldıq.”

    Z. Mustafayeva onu da vurğulayıb ki, valideynlərin belə stereotiplərdən azad olunması üçün mütəmadi maarifləndirmə işləri aparılmalıdır:

    “Bu sahədə məktəblər, QHT-lər, İcra hakimiyyəti, KİV və valideynlər birgə işləməlidir. Təşkilata məsləhət üçün müraciət edən valideynləri bədbəxt olmuş ailələr haqqında ətraflı məlumat verilir ki, bəlkə dərs alsınlar. Dərsdən yayınmalar haqqında məktəb direktorları ört-basdır etmək əvəzinə belə hallar haqqında icra strukturlarını vaxtında məlumatlandırmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalıdır. Bəlkə də belə valideynlərin cəzalanması üçün yollar axtarılmalıdır. Qızlarımız təhsil almalı, xoşbəxt olmalıdırlar”.

  • Bakıda etiraz aksiyası – FOTOLAR

    Bu gün Bakının Yasamal rayonunda bir qrup sakin A. M. Şərifzadə küçəsində etiraz aksiyası keçirdib.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, etiraza səbəb həmin ərazidə yaşayan sakinlərin iki aya yaxın bir müddətdə təbii qazdan məhrum olmasıdır.

    Onlar əvvəlcə avtomobil yolunu bağlasa da, polisin müdaxiləsindən sonra maşınların hərəkəti bərpa edilib.

    Hadisə yerinə Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev gələrək, sakinlərlə söhbət edib. Qurum rəsmisi “Azəriqaz”la danışdığını, qazın təzyiqinin artırılacağını bildirib.

    Buna baxmayaraq, sakinlər hələ də qazın təzyiqinin olduğu kimi qaldığını bildirərək, etirazlarına davam ediblər.

    Qeyd edək ki, 2 saatdan çox davam edən etiraz aksiyası zamanı “Azəriqaz” rəsmilərindən heç kim gəlməyib.




  • “Meydan” TV-nin yaradıcılarından biri istefa verdi – FOTO

    “Meydan” TV mediaresursunun yaradıcılardan biri olan Həbib Müntəzir istefa verib.

    Bu barədə o, özünün “Facebook” hesabında məlumat paylaşıb.

    H. Müntəzir paylaşımında bildirib ki, istefasına səbəb “Meydan” TV-nin “Facebook” səhifələrinin silinməsidir. O, layihənin sosial media meneceri kimi bütün məsuliyyəti öz üzərinə götürərək istefa verib.//oxu.az

  • İki ölkədəki döyüşlərdə 300 azərbaycanlı öldürüldü (RƏSMİ)

    İraq və Suriyada gedən döyüşlərdə 300 Azərbaycan vətəndaşı həlak olub.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib.

    S.Heydərov deyib ki, bu ölkələrdə radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub:

    “İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb”.

    S.Heydərov əlavə edib ki, İraq və Suriyada döyüşlərdə iştirak etmiş bir qisim Azərbaycan vətəndaşı isə üçüncü ölkələrdə gizlənirlər.

    Onun sözlərinə görə, həmin şəxslərin də müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.

  • Erməni tibb bacısından Azərbaycanda tükürpədici əməl – FOTO

    “Valideyn övladı üçün hər şeyə qadirdir” deyimi bəlkə də Mingəçevirdən olan Hüseynovlar ailəsinə görə deyilib. Sözügedən ailə düz 30 ildir ki, yataq xəstəsi olan övladlarının yanından bir an ayrılmır, gecə-gündüz qulluğunda dayanır.

    Hüseynovlar ailəsinin böyük övladı Zakir anadan sağlam doğulsa da, yaş yarımlığında sağalmaz dərdə düşüb. Artıq 30 ildir ki, o, yalnız sol böyrəyinin üstdə, uzanıqlı vəziyyətdə yaşayır. Valideynləri övladlarının bədbəxtliyinə erməni tibb bacısının səbəb olduğunu deyirlər.

    Zənifə Hüseynova övladının 1986-cı il təvəllüdlü olduğunu, bu vəziyyətə isə ondan il yarım sonra düşdüyünü danışır: “Sahə həkimimiz xəbər göndərdi ki, “təcrübə aparan həkimlər gəlib, azyaşlı uşaqları xəstəxanaya çağırırlar, siz də uşağınızı gətirməlisiz”. Mən də apardım”.

    “Əlimdən alıb içəri apardılar və bir neçə saatdan sonra gəlib dedilər ki, “oğlunuz ayılmır”. 3 gün xəstəxanada gözlədik, 3 gündən sonra uşaq ayıldı. Sonra inkişaf dayandı, büzüşüb bir yumaq kimi oldu, hara aparsaq da, əmələ gəlmədi”, — deyən ana göz yaşlarına hakim ola bilmir.

    Söhbəti davam etdirən ailə başçısı Əlisa Hüseynov onların bütün bədbəxtliklərinə “Anahid” adlı erməni tibb bacısının səbəb olduğunu, sonradan bunu özünün də etiraf etdiyini bildirir: “Onun müharibə qızışdıqdan sonra Mingəçevirdən gedərkən “Mən 80-dən çox uşağı öldürüb, şikəst eləməklə azərbaycanlılardan qisasımı alıb gedirəm” deməsi bu gün də mingəçevirlilərin xatirindədir”.

    Əlisa Hüseynov ailənin yükünü yüngülləşdirmək üçün əlil çarpayısına çox ehtiyacları olduğunu, 20 il əvvəl min bir zülmlə aldığı çarpayının çox köhnəldiyini, təmirinin mümkünsüz olduğunu bildirir. Zənifə xanım isə hava xoş olduqda Zakirin evdə durmaq istəmədiyini, əli ilə daim həyəti göstərdiyini deyir.

    Anası deyir ki, övladını bu halda görmək onlara böyük dərddir: “O qədər qapalı saxlamışdıq, nitqi də itmişdi. Son illər küçəyə çıxarandan sonra artıq danışa bilir. Küçədə duranda tanıyanlar nəsə alıb gətirir ki, bunu verin, yesin, ya içsin. Yastığına pul qoyan da olur”.

    “Lakin elə adamlar var ki, bunu pis başa düşürlər. Hətta bir nəfər mənə yaxınlaşdı ki, “utanmırsız, xəstə uşağı çıxarıb diləndirirsiz”. Səsimi çıxara bilmədim, için-için ağladım, özümə təsəlli verdim ki, axı, o nə bilir mən nə çəkirəm. Amma ətrafdakılar az qaldılar onu öldürsünlər, mən əllərindən aldım”, — Z.Hüseynova danışır.

    Uzun illər xəstə övlada qulluq etmək ailə üzvlərini də xəstə salıb. Zakiri qaldırıb-endirməkdən Zənifə ananın biləyində problem yaranıb, bu üzdən tez-tez həkimə getməli olur. 4 il əvvəl isə oğlunu qucağında apararkən yıxılıb və ayağı sınıb. Bu da iki ay yataqda qalmasına səbəb olub.

    Buna görə də Əlisa kişi onlara baxmaq üçün 35 il çalışdığı işıq idarəsindən ayrılmalı olub. Ailə başçısının işdən çıxmasından sonra isə ailənin maddi durumu daha da çətinləşib. Əlillik üçün verilən 140 manatla evin kommunal xərclərini güclə çatdırırlar.

    Bütün çətinliklərə baxmayaraq, “ömrümüzün axırına kimi övladımza qulluq edəcəyik”, — deyir yaşlı cütlük. (Sputnik Azərbaycan)

  • “Guya müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir?” – Deputat Hadi Rəcəbli

    Milli Məclisin deputatı Hadi Rəcəbli “Kulis”ə geniş müsahibə verib.

    Median.Az müsahibənin müəyyən hissələrini təqdim edir:

    – Sizin müəllimlər haqqındakı fikriniz də vardı, ona görə indiyə qədər tənqid olunursunuz.

    – Onu da mən o cür deməmişdim. Mən başqa fikir səsləndirmişdim, götürüb fikri kontekstindən çıxarıb dəyişiblər. Digər bir fikir: Guya demişəm ki, Qarabağ əlillərinə pulsuz dərman verilməsin. Yalan! Kökündən iftira!

    – Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur?

    – Bu fikir əski dövrlərdən, sinifsiz deyilən cəmiyyətlərdən qalıb. Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Məsələn, Amerikada əksinədir, imkanı olan adamları təbliğ edirlər ki, baxın, görün halallıqla o necə pul qazanıb.

    – Amerikada kapitalist sistem idi, bizdə sosializm, xüsusi mülkiyyət yox idi.

    – 29-cu ildə Amerikada necə keçid olub, xəbərin var? Qanqsterlərin pulu üzərində kapitalizm qurulub, xəbərin var? Yəni Amerikanın təməli bu cür qurulub. Sənin dediyin adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik. Siz özünüz də görürsünüz ki, nə qədər dəyişikliklər olub. Dünyada analoqu olmayan “Asan xidmət” sistemi yaradılıb. Sadəcə təəssüf ki, bizdə sahibkar ətrafında pis fikir formalaşdırılıb.

    – Hadı müəllim, son illər kino sənayesində dirçəlmə yaranıb. Yeni filmlər çəkilir. Heç filmlərə baxırsınızmı?

    – Televiziyada çoxseriyalı primitiv filmlər çox verilir. Bəzən mövzular bir-birini təkrarlayır. Ancaq bu yaxında iki filmə baxmışam: “Toydan sonra nağara” və “Kəklikotu”. Birinci xoşuma gəlmədi. “Kəklikotu” filmi xoşuma gəlib, zəng edib aktyor Müşfiq Şahverdiyevi təbrik elədim, qüsurları, çatışmayan tərəfləri dedim.

    – Çatışmayan tərəfləri nə idi?

    – Bəzi məqamlar var idi ki, mən bilən bu da olmalıdır. Açıq-saçıqlıq, vulqarlıq var idi, özü də həddindən artıq idi. Gərək belə olmasın. Filmin yaradıcı heyətinin işini bəyəndim. Düzdü, bəzi aktyorlar bir az zəif oynayırdı, ancaq bunu da keçmək olar. Bütövlükdə film alınıb. Səkkiz manata idi bilet, amma zal dolmuşdu. Deməli, gəlirlər, baxırlar. Lənkəranda Coşqunla Rafaelin tamaşasına bileti 100 manata satırdılar. Mənə 50 manatlıq biletdən vermişdilər (gülür). Gedib tamaşa eləmişdim. Sosial durumun çətinliyindən danışırlar, bu cür halları deyən yoxdur.

    – Bəyənmişdiniz?

    – Pis deyildilər.

    – Bəs KVN-çilər necə? Sizin məşhur müəllim əhvalatınızla bağlı yumor hazırlamışdılar. Yəqin görmüsünüz?

    – Görmüşəm. Mən onların səhnəciyini o zaman yaxşı qəbul edərdim ki, onlar həqiqətən deyilən fikrin şarjını göstərəydilər. Zəng eləyib özlərinə iradımı da bildirdim. Mən guya çıxış edirəm ki, müəllimlər saat altıdan sonra getsin daş daşısın. Birincisi onlar bilmirlər ki, müəllim həftədə maksimum 18 saat işləyir, başqaları kimi 41 saat yox. Və yalan materiallardan ədalətsiz səhnə düzəltməyə də pis baxılır. Mən müəllim ailəsində böyümüşəm. İki bacım, bir qardaşım, bir qızım, bir oğlum, mən özüm, yoldaşım müəllimlik edirik. Bu isə hər şey deməkdir.

    – Axı bu tamaşadır, yumordur, müəyyən ümumiləşdirmə, şişirtmə ola bilər.

    – Müəllim səhər doqquzda məktəbə gedib axşam altıya qədər işləyir? Gərək yumor da həqiqətə bir az oxşasın. O səhnəcik iki səbəbdən xoşuma gəlməyib. Birinci, obyektiv deyil, primitiv və yalandır, ikinci, onun icrası da düz olmayıb, mən heç vaxt müəllim gedib daş daşısın deməmişdim.

    – Yeri gəlmişkən, KVN üzvləri şikayət edirlər ki, məmurları canlandırdıqlarına görə efirə buraxılmırlar, təqib olunurlar.

    – Biri var kimisə təhqir edirsən, biri də var sən deyən kimi, yumorla yanaşırsan. Məsələn, Hadı müəllimlə söhbət elədik, ancaq fəlsəfədən danışdı. Bax bu yumordur. Amma sən mənim adımdan yalan desən ki, Hadı Rəcəbli deyir, axşam altıdan sonra müəllimlər daş daşısınlar, bax bu olmaz.

    – Belə çıxır, məmurlar KVN-ə etiraz etməkdə haqlıdırlar?

    – Əgər KVN düz eləmirsə onlar haqlıdırlar. Əgər KVN həddini aşırsa onlar haqlıdırlar. Obyektiv yumor olanda mən də qəbul edirəm, yox, təhqir olanda qəbul etmirəm. Buna görə gərək diqqətli olsunlar.

    – Ancaq cəmiyyətdə sevilirlər.

    – Mən görməmişəm. Coşqunla Rafaelin elədikləri ilə indiki KVN-nin elədikləri arasında böyük fərq var. Onlar ikisi daha böyük nailiyyət əldə edirlər, xalq arasında daha çox sevilirlər.