Category: Cəmiyyət

  • Bakıda məktəblərdə narkotik paylanılması iddiasına NAZİRLİKDƏN CAVAB

    Təhsil Nazirliyi orta məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, indiyədək heç bir məktəbdə uşaqlara konfet formalı vasitələrin paylanılması halı qeydə alınmayıb:

    “Belə məlumatların heç bir əsası yoxdur, cəfəngiyyatdır”.

    Qeyd edək ki, dünəndən “WhatsApp” messenceri vasitəsilə insanlara məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə məlumatlar göndərilir. Məlumatlarda deyilir ki, Bakının 23 saylı orta məktəbində şagirdlərə belə “konfet”lər paylanılıb. Ağızda şişərək partlayan bu vasitənin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin olduğu bildirilir.

  • Bakıda ağacları məhv edib, bina tikirlər – FOTO + VİDEO

    Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 24 ünvanında olan çoxillik ağaclar məhv edilib.

    Bu barədə oxu.az-a yerli sakinlər məlumat veriblər.

    Onların sözlərinə görə, iki gün öncə ağacları məhv edən şəxsə cərimə tətbiq edilsə də, kəsim davam edib:

    “Dünən həmin şəxslər yenidən ağacları kəsməyə başlayıblar. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri olduqlarını bildiriblər.

    Əvvəl ağacların budanması adı altında iki ağac kəsdilər, dünən isə bütün ağacları kökündən kəsib apardılar”.

    Onların sözlərinə görə, izlər qalmasın deyə ağacların köklərindən doğrayıb aparıblar. Sonra həmin ərazini texnika ilə şumlayıblar.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. ETSN-nin nümayəndəsi qeyd etdi ki, hadisə ilə bağlı ciddi ölçü götürüləcək.

    Ərazidə yaşayanlar iddia edirlər ki, ağaclar ərazidə bina inşa etmək məqsədilə məhv edilir.

    Qeyd edək ki, 24 yanvarda ETSN həmin ərazidə araşdırma aparıb. Baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində iki ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusuna fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.

    Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub.









  • Sürüşmə zonasındakı son vəziyyət açıqlandı

    “Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacındakı torpaq sürüşməsi zonası barədə son vəziyyət açıqlanıb.

    Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov oxu.az-a bildirib ki, hazırda həmin ərazilərdə FHN, AMEA, ETSN əməkdaşları araşdırma aparır.

    Onun sözlərinə görə, FHN və ETSN-nin nümayəndələri çatlara gil tökür, sürüşmənin təhlükə həddini yoxlayırlar. 

    “Ərazidə icra hakimiyyətinin nümayəndələri camaatla görüşlər aparır. Nə qədər ailə yaşadığı, hansı sənədlərinin olduğu araşdırılır”. 
    İsrafil Kərimov bildirib ki, sürüşmə təhlükəsi ilə bağlı siyahı hazırlanıb. Qeydiyyat aparan zaman neqativ halların olduğu ortaya çıxıb:
    “Bəzi ailələr var ki, tərkibi üç nəfərdən ibarətdir, lakin gəlib bizə səkkiz nəfər yazdırır”. 

    Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda Nazirlər Kabineti köçürülən əhaliyə kirayə haqqı üçün ayrılan vəsaiti müəyyən edir.

    O qeyd edib ki, təhlükəli zonadan köçürüləcək, 163 nömrəli məktəbə yerləşdirilən şəxslərin sayı artıb:

    “163 nömrəli məktəbdə birinci gün 42, ikinci gün 68, dünən isə 74 nəfər qalıb”.

    Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

    Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb. Sürüşmə zonasından çıxarılan 80 ailə – 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.  

  • Xızıda 44 ədəd partlamamış hərbi sursat aşkarlanıb – FOTO

    Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 44 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

    ANAMA-dan oxu.az-a verilən məlumata görə, 364 ədəd partlamış-yanmış mərmi qalıqları və 594 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 408 059 kv.m ərazi yoxlanılıb.

    Ümumiyyətlə, 118 gün ərzində müxtəlif ərazilərə baxış keçirilib, 25 612 ədəd partlamamış hərbi sursat, 19 090 ədəd partlamış-yanmış sursat qalıqları və 102 594 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 92 006 706 kv.m ərazi yoxlanılıb.
    Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 






  • Daşaltı əməliyyatından 26 il ötür

    Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür.

    Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

    Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.

    Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

    Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

    Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
    Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

    Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

    Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.//oxu.az

  • Ömürlük məhkum Elçin Əmiraslanovun qızı: “Ailə qurmamağıma atamın da təsiri olub” – MÜSAHİBƏ

    Babam öldükdən sonra atamın nə qədər qiymətli olduğunu anladım”  

    “Qafqaz Xəbər” qəzeti Modern.az-a istinadən   ömürlük məhkumlar haqda silsilə yazılar təqdim edəcək. Onlar kimdir, nəçidirlər, niyə ömürlük məhkumluq həyatına məruz qalıblar? Bu haqda onların ailə üzvlərinin söhbətindən məlumat alacaqsınız.
    Bu mövzuya görə oxucu qınağına tuş gələ bilərik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir…” deyə irad tuta da bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük barmaqlıqlar arasına düşməyə razı olar…
    Azadlıqdan məhrum edilən şəxslərin keçirdiyi hissləri başa düşmək digər insanlar üçün elə də asan deyil. Hələ bu cəza ömürlükdürsə, vəziyyəti daha da ağırlaşdırır.
    Müsahibimiz Qobustan qapalı həbsxanasında cəza çəkən keçmiş “OMON”un Qazax bölməsinin sabiq rəisi Elçin Əmiraslanovun qızı Aytac Əmiraslanovadır.
    Ömürlük azadlıqdan məhrum edilmiş keçmiş “OMON”çu Elçin Əmiraslanov 1996-cı ildə Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. O, 1995-ci ilin martında baş vermiş “OMON hadisələri”nə görə həbs edilərək, dövlət çevrilişinə cəhddə və digər ağır cinayətlərdə təqsirləndirilib.
    1997-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bu səbəbdən E.Əmiraslanovun cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
    Sonradan E.Əmiraslanov məhkəməyə müraciət ünvanlayaraq cəzasının 20 illik həbslə əvəz edilməsini və azadlığa buraxılmasını istəyib. Hətta bununla bağlı türmədə aclıq aksiyası da keçirib. Lakin məhkəmə müraciəti təmin etməyib.
    Elçin Əmiraslanov artıq 21 ildən çoxdur həbsdə saxlanır, onun müxtəlif ağır xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş E.Əmiraslanov və ailəsi hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməliydi.
    Modern.az saytı məhkumun qızı Aytac Əmiraslanova ilə söhbəti təqdim edir:

    – Aytac xanım, atanız həbs olunduğu vaxtları xatırlayırsınız?..

     Mən o vaxtlar uşaq olmuşam.Atama hər kəsin böyük hörməti var idi. Düzdür, mən o vaxt uşaq idim, amma anam deyərdi ki, atam hamı tərəfindən qəhrəman kimi tanınıb. İnsanlar ona çox etibar ediblər.  Xatırlayıram, nənəm və babamla atam haqqında dəfələrlə söhbət etmişəm. Həmişə nənəm deyərdi ki, mənim qəhrəman oğlum var…
    …1996-cı il idi. Mənim o vaxt hələ 10 yaşım vardı. Atamın haqqında güllələnmə hökmü çıxarılmışdı. Sonradan ölüm hökmü mərhum prezident Heydər Əliyev tərəfindən ləğv edildi. Ondan sonra atama ömürlük həbs cəzası verdilər.
    – Yəqin ki, atanızın məhkəmə prosesini xatırlamazsınız…
    – Uşaq idim, amma xatırlayıram. Nənəmlə babam çox pərişan olmuşdular. Sizinlə maraqlı bir hadisəni də bölüşmək istəyirəm. Düzdür, həmin hakimin adını unutmuşam, ancaq bilirəm ki, o, atamdan əvvəl babamın da cinayət işinə baxıb, onun barəsində hökm çıxarmışdı. Elə məhkəmə prosesi zamanı atamdan soruşdu ki, “siz Səməd Əmiraslanovun oğlusunuz?”. Və maraqlısı bu oldu ki, həmin hakim bir gündən sonra ərizə yazıb işdən çıxdı.
    – Deyəsən atanızın verilən hökmə reaksiyası çox sərt olmuşdu…

     Xatırlayıram, atam öz qolunu dişləmişdi və demişdi ki, ona ölüm hömü versinlər. Qərar çıxmazdan əvvəl şəxsən özü bu istəklə çıxış etmişdi.
    – Səhv etmiriksə, Elçin Əmiraslanov ölkəni tərk edəndən sonra yenidən geri qayıtmış və tutulmuşdu…
    – Bəli, o, xarici ölkəyə qaçmışdı. Ancaq ailə münaqişəsi baş verdi. Təfərrüatlarını bölüşmək istəmirəm. Bu hadisəni eşidib ölkəyə geri qayıtdı və ələ verildi. Kimsə onu satmışdı.
    – Aytac xanım, öz atanıza verilən cəza haqda nə deyə bilərsiniz?

     Mən razılaşıram ki, atam hər hansı bir cinayətə görə həbs olunub, bu olmalıydı… Mən buna etiraz eləmirəm. Ancaq ömürlük həbs cəzası qərarı ilə razı deyiləm. Düşünürəm ki, o, buna layiq deyil. Nəticədə namussuzluğa görə həbsdə deyil, kiməsə etdiyi ləyaqətsiz hərəkətə görə həbs olunmayıb. Gəlin ətrafa baxaq, ömürlük həbs cəzasına məhkum edilməli olan nə qədər adam görəcəksiniz. Ancaq rahat gəzib dolaşırlar. Mənim atam 21 ildən çoxdur ki, həbsxanadadır. Yəqin ki, səhvini başa düşüb. Niyə həbsxanada qalmalıdır hələ də? Məncə hər kəsin mərhəmətə ehtiyacı var.
    – Bəs yaxınlarınızın sizə münasibəti necədir? Həmin hadisələrdən sonra gediş-gəliş azalıbmı?

     Əksinə, yaxınlarımız hər zaman atamı qəhrəman kimi qəbul edirlər,elə tanıyırlar. Tanıyanlar bilir ki, Elçin Əmiraslanov necə adam olub. Ola bilər ki, hansısa səhvi edib. Amma atam cəsur birisi olub. Onun haqqında sadəcə eşidən,təfərrüatları bilməyən insanlar mənə qatilin, cinayətkarın qızı kimi münasibət göstərə bilərlər. Bunu çox da önəmsəməməyə çalışıram. Eləcə də eyni sözləri ailəm haqqında da deyə bilərəm.
    – Nənənizlə babanızın pərişan olduğunu qeyd etdiniz. Bəs atanızın həbs olunmasının acı nəticələri barəsində danışa bilərsinizmi?

    – Əlbəttə, nənəmlə babam çox pis olmuşdular. Bir məsələni qeyd edim ki, mənimlə qardaşımı nənəm və babam böyüdüb. Mən babamı dünyada hər kəsdən daha çox istəmişəm. Uşaqlıqda onsuz həyatımı təsəvvür edə bilməzdim. Amma indi o mənim yanımda yoxdur. Babam atam həbsə düşəndən sonra həmişə fikir edərdi ki, bizi necə böyüdəcək, necə qoruyacaq? Nəticədə sonda dözmədi, ürəyi partladı. Düşünürəm ki, o elə bizim dərdimizdən öldü.
    – Bəs sonra?

    – Sonra Rusiyaya getdik. Mən orada qiyabi təhsil aldım.
    – Sonra yenidən Azərbaycana qayıtdınız. Bu ürəyinizcədirmi?

    – Səmimi olaraq qeyd eləsəm, yox. Mən Rusiyada yaşamaq istəyirdim, amma ailəm icazə vermədi. İstəyirdim ki, Rusiya Federasiyası vətəndaşlığını alım. Və həmişəlik orada yaşayım. İndi də belə bir arzum var. Sadəcə, Rusiyanı qeyd etmək istəmirəm. Başqa xarici ölkə də olar. Amma atamla. İstəyərdim ki, atam həbsdən çıxsın və onunla birlikdə xaricə köşüm.
    – Ailə həyatı qurmamısınız. Yəqin buna Elçin Əmiraslanovun qızı olmağınızın da təsiri olub.

    – Deməyim ki, heç vaxt ailə qurmağı arzulamamışam. Əlbəttə, mən də istərdim ki, öz ailəm, övladlarım olsun. Ancaq daim mənə maneçilik törədən bir məsələ olub. Mən atamı həmişə gözləmişəm, atam da deyib ki, məni gözlə. Mənsiz heç nə etmə. Vaxt vardı ki, illərlə atamı görə bilməmişəm. Qorxuram ki, evlənərəm və həyat yoldaşım mənə icazə verməz ki, atamı görə bilim. Yəni qadağan edər. Buna görə də 32 yaşa çatmışam və hələ subayam.
    – Bildiyimizə görə, ananızın bu hadisələrdən sonra atanızla münasibətləri dəyişdi…

    – Bu hadisələrdən sonra anam atamla ayrıldı. Ancaq o, heç vaxt atam haqqında pis nəsə deməyib. Düzdür, bir müddət atamı görməyə icazə vermədi, amma onun məqsədi bizi qorumaq olub. Həmişə qardaşımla mənə deyərdi ki, bir az böyüyün, sonra atanızla görüşərsiniz. Həmişə onu xoş xatirələrlə xatırlamışıq. Anam onun haqqında heç vaxt pis fikirləşməyib. Və bizi də o ruhla böyüdüb ki, atanız əslində yaxşı birisidir.
    – Atanızın bir gün azad olunacağına inanırsınız?..

    – Zaman keçdikcə, insan vəziyyətlə barışır. Onun cəzasının nə olduğunu öz-özlüyümdə qəbul edə bilmişəm. Amma ümid edirəm ki, o, bir gün qayıdacaq. Ümidsiz insan canlı ölü kimi bir şeydir. Həm də mən şükür etməyi də bacarıram. Elə məhbuslar var ki, ailələrini bir dəfə də olsun görməyib, ölüblər. Elə övladlar var ki, atalarını sağ olsa da, görə bilmirlər. Amma mən indi atamla görüşə, danışa bilirəm.
    – Bəs atanız necə, o da ümidlidir?

     Sizi inandırım ki, bəzən onunla danışanda elə bilirəm, dünyanın ən xoşbəxt insanı ilə danışıram. Həmişə mənə deyir ki, hər şey yaxşı olacaq. Həyatdan küsürəm bəzən, onunla danışandan sonra əhvalım düzəlir, həyata qayıdıram. Elə bilirəm ki, yanımdadır. İllər keçməsinə baxmayaraq, pozitivliyini itirməyib.
    – Onun üçün çoxmu darıxırsınız?..

    – Təbii ki darıxıram. İstəyirəm ki, ailəm bir arada olsun. Məncə bütün ailələr bir arada olmalıdır.   Uşaqlıqda babam mənə həm ana, həm ata əvəzi olub. Demişdim ki, ən çox elə babamı istəmişəm. Babam ölənədək, açıq desəm, atamın yoxluğunu hiss etməmişəm. Onun yanında özümü çox xoşbəxt hiss edirdim. Ancaq o öldükdən sonra atamın bizim üçün nə qədər qiymətli olduğunu anlayıram. Gec də olsa, başa düşmüşəm. Ümid edirəm ki, bir gün o qayıdacaq və atamla yeni həyatımıza başlayacağıq.

  • Həbsdəki iş adamı sabiq nazirlə bağlı öd püskürdü: “Heydər Babayevin tulası…”- məhkəmə

    “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.
    Məhkəmə şahid Ç.Cəlilovun qardaşı, “Çudo Peçka” mağazalarının idarəçisi olmuş Pərviz Cəlilovun dindirilməsi ilə davam etdirilib.

    Pərviz Cəlilov vəkillərin suallarını cavablandırıb. O bildirib ki, 2009-cu ilə qədər “Çudo Peçka” mağazalarında işlər yaxşı olub. Bankdan götürülən kreditlərin 20 milyonu ödənilib. Həmin ərəfədə aylıq bamka 650 min manata yaxın pil ödəyiblər.

    P.Cəlilov 2009-cu ildə dünyada baş verən iqtisadi böhranla əlaqədar şirkətdə işlərin yaxşı getmədiyini, maliyyə problemləri yaşadıqlarını və həmin ərəfədə yeni mağazalar açmadıqlarını deyib. O, şirkət üçün sonradan götürülən kreditlərin onlara çatmadığını, bankın idarəçiliyində olduğunu deyib.
    Məhkəmədə şahid qismində Çingiz Cəlilovun oğlu Anar Cəlilov dindirilib. O, 2006-cı ildə bankla şirkətin əlaqələrinin başladığını bildiyini və atasının istəyi ilə adına kredit götürüldüyünü qeyd edib.

    A.Cəlilov həmin ərəfədə işləmədiyini söyləyib və hazırda da işsiz olduğunu qeyd edib. Şahid bankdan götürülən kreditlərin hara xərclənməsindən xəbərsiz olduğunu söyləyib.

    “2006-cı ildə banka getmişəm. Kredit ayrılması ilə bağlı sənədlərə imza çəkmişəm. Amma dəqiq nə sənədlər olduğunu bilmirdim. Yəqin ki, kredit müqavilələri idi”- deyən şahid suallara cavab verib.

    Çingiz Cəlilov oğlunun rahat danışmasını, çəkinməməsini tələb edib.

    İş adamı emosional şəkildə əlavə edib: “Bank bizi tora salıb. Heydər Babayevin və arvadının istəyi ilə bu iş görülüb. Heydər Babayevin tulası olan Kriman da pulları götürüb, bizim kimi adamları bura salıblar. Necə olubsa, hamısını mən ətraflı şəkildə izah edəcəm. Oğlum Anar da mənim istəyimlə kredit sənədlərinə qol çəkib. Vəssalam. İş bu qədər sadədir. Anar, sən də necə olubsa, rahat şəkildə de. Bank bizi tora salıb. Pulları götürüblər, bizim kimini insanları da bura salıblar”.
    Xatırladaq ki, Baş Prokurorluq iş adamın həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

    Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

    Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Bakıda ölmək də bahalıdır – Kasıb və varlının ölümü neçəyə başa gəlir? – QİYMƏTLƏR

    Kasıbın və varlının ölümü neçəyə başa gəlir?

    Azərbaycan bir insanın dünyadan köçməsi, gəlişindən baha başa gəlir. Xüsusilə ölkəmizdə adət-ənənəni nəzərə alsaq, vəziyyət bir az da qəlizləşir.

    Ölən şəxsin dəfn olunmasına, müxtəlif mərasimlərinin təşkilinə, qəbristanlıqda ona ayrılan torpağa və s. xeyli pul xərclənir.

    Bir müddət öncə mediada vəfat edən şəxslərlə bağlı dövlət proqramının hazırlanması barədə xəbərlər dolaşdı. Lakin bunun konkret bir nəticəsi ortaya çıxmadı. Elə xəbər kimi saytlarda dolaşması ilə kifayətləndi.

    Minval.info vəfat edən şəxsin son mənzilə qədər gedən yolda nə qədər xərc çəkildiyini araşdırıb.

    Əvvəlcə mərhumun dünyası dəyişdiyi gün onun yuyulmasına ayrılan məbləğin 50-100 manat arasında dəyişdiyini bildirək. Bəzi yerlərdə daha ucuz qiymətlər təklif edilir. Bunu prosesin ən sərfəli hissəsi hesab etmək olar. Çünki əsas çətinlik meyitin yuyulmasından sonra başlayır. Təbii ki, ölüm qəfil gəlibsə. Bəzi insanların xəstə yatağında olması və onun ölümünə hazırlıqlar istisnadır. Belə olan halda meyit yuyulmadan hazırlıq tədbirləri çoxdan görülmüş olur.

    Ölən şəxsin dəfn olunması üçün qəbristanlıqda torpağın qiymətinin neçəyə olduğunu öyrəndik. Məzarlığın şəhərdən uzaqlıqda və ya yaxınlıqda yerləşməsi, qiymətə təsirsiz ötüşmür. Belə ki, mərkəzdən uzaqlaşdıqca, qiymət 400 manata düşürsə, şəhərə doğru bu məbləğ 2500 manata çatır. Həmçinin məlum olub ki, danışıqla məbləğdə endirim etmək də mümkündür.

    Əməkdaşımız həmçinin məzar daşlarının məbləği ilə tanış olub. Adətən, istifadə olunan qara mərmər daşlarının qiyməti 2000 manatdan başlayır. Əgər dəfn olunan şəxsin yalnız başdaşı deyil, eyni zamanda məzarın ətrafına əl gəzdiriləcəksə, bu məbləğ 3000 manata bərabər olur. Bu işlə məşğul olan şəxs hazırda bunlardan istifadə olunduğunu bildirib. Ucuz daşların isə tarixə qovuşduğu və nadir hallarda sifariş edildiyi məlum olub.

    Yeri gəlmişkən, müsəlman Azərbaycan ölkəsi olmasına baxmayaraq, bu proses qeyri-müsəlmanlardan fəqli olaraq dəbdəbəli həyata keçirilir.
    Hazırda vəfat edən şəxsə görə təşkil olunan məclislərin mərasim evlərində təşkil olunduğu nəzərə alaraq, əvvəlcə buranın qiymətləri öyrəndik. Məlum oldu ki, məbləğ 12-15 manat arasında dəyişir.

    Kirayə çadır sifarişinin ən sərfəlisinin qiyməti 150 manatdan başlayır. Sərfəli dedikdə, məbləğ nəzərdə tutulur və buraya xidmət aid edilmir. VİP çadırların ən ucuzunu sifariş etmək üçün isə 800 manat ödəmək lazımdır.

    Məclisdə iştirak edəcək mollanın qiyməti hələ tanışlıqla 50 manatdan başlayır. Bu rəqəm 200 manat arasında dəyişir.
    Beləliklə, buraya yük maşınının xərcini də daxil etsək, ən ucuz ölüm orta hesabla 2400 manata başa gəlir. Varlı ölüm isə ən azı təxminən 10 min manata bərabərdir.

  • Bakıda məktəbin qarşısında uşaqlara narkotik tərkibli KONFET PAYLANIR – FOTO/VİDEO

    Paytaxtın 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb.

    “Vatsap”da valideynlərdən birinin yaydığı səs yazısında bildirilir ki, konfet formasında olan bu həblər uşaqlara heç bir səbəb olmadan paylanılır.

    Bu həblərin uşaqlarda narkotik asılılığı yaratması təhlükəsi istisna olunmur. Digər məktəblərin də qarşısında belə təhlükənin olmaması üçün valideynlər bir-birini xəbərdar edir.

    Yayılan xəbərlə bağlı Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbin direktoru Yuliya Kərimova Publika.az-a açıqlama verib.

    Direktor bildirib ki, valideynlər tərəfindən belə bir problemlə bağlı müraciət daxil olmayıb:

    “Valideynləri narahat edən məqamlarla bağlı müəllimlərə, direktor müavinlərinə məlumat verirlər. Bu məsələni ilk dəfə sizdən eşidirəm. Bundan başqa, məktəbin 4 tərəfi kamera ilə əhatə edilib. Məktəbin qarşısında uşaqlara nə isə satılması, paylanması mümkün deyil. Çünki kamera ilə yanaşı mühafizəçilər də daim məktəbin ətrafında şagirdlərə nəzarət edir. Belə bir hal müşahidə olunmayıb”.

  • 16 yaşlı qız müəlliminə qoşulub Gəncəyə qaçdı – VİDEO

    Goranboyda yanvarın 2-sində 16 yaşlı qız evdən qaçıb.

    Xəlilova Humay Canpolad qızı valideynlərinə “Mən rəqqasə olacam” deyərək, evdən qaçıb.
    Dekabrın 31-də Humayın Oruc adlı rəqs müəllimi ilə danışdığı üzə çıxıb. Yanvarın 1-ində onlar yenidən bir-biri ilə əlaqə saxlayıblar. Yanvarın 2-si isə Humay yoxa çıxıb.

    Orucun Humayın yaşadığı kənddə mədəniyyət klubunda əvvəl rəqs dərsləri keçdiyi üzə çıxıb.
    Xoşqədəm Hidayətqızı Humayın tapıldığını efirdə açıqlayıb. Aparıcı “Səni axtarıram”ın olayın izinə düşməsindən sonra Orucun dayısının zəng edərək Humayın onlarda olduğunu və qızı almaq istədiklərini bildirib.
    Hadisə barədə daha ətraflı aşağıdakı videoda://Milli.az