Category: Cəmiyyət

  • Sürücülərin diqqətinə — Yollarda 421 yeni radar quraşdırılıb

    Ötən il respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.

    Baku.ws-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

    R.Zeynalov bildirib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

    İnsanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş İdarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.

  • Hamı bu azərbaycanlı qızın videosundan danışır – VİDEO

    Sosial şəbəkədə gənc qızın rəqsi böyük səs-küyə səbəb olub. 

    Baku.ws-in məlumatına görə, Instagram-da qısa zamanda minlərlə insanın izləyidiyi video böyük marağa səbəb olub. 

    Kadrlarda gənc xanım avtomobilin qarşısında, küçənin ortasında rəqs edib. Bu görüntü ətrafdakı insanların da diqqətini cəlb edib. 

    Həmin görüntüləri təqdim edirik: 

  • Teleqüllə yaxınlığında yaşayan sakinlər: Heç yerə köçən deyilik – FOTO

    Min bir əziyyətlə kredit götürüb ev tikmişik. İndi isə deyirlər, evindən çıx, çünki sürüşmə ola bilər. 

    Bunu oxu.az-a Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında), sürüşmə sahəsində yaşayan sakinlər bildiriblər.
    Onların sözlərinə görə, ərazidəki tikililərin çoxunun sənədi yoxdur:

    “Tikinti başlayanda müvafiq olaraq İcra Hakimiyyətindən, Mənzil Kommunal və Texniki Xidmət Sahələri və polisdən icazə almışıq. Burada daşı daş üstündə qoyanda dövlət nümayəndələri peyda olur. İndi isə deyirlər, gizli tikmisən, bu necə olur?!”

    Sakinlər qeyd ediblər ki, icra nümayəndələri onlarla görüşüb, lakin evlərlə bağlı dəqiq söz deyilməyib.

    Kompensasiya məsələsinə gəlincə, sakinlərin sözlərinə görə, bu mövzu ilə əlaqədar onların suallarına cavab verilmir:

    “Deyirlər ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir, müvafiq danışıqlar aparılır. Biz buradan heç yerə köçən deyilik, hazırkı vəziyyətimizi suriyalılarla müqayisə etmək olar. Evimizə köçməyənə qədər odun ətrafında yığışacağıq”.

    Təhlükəsizlik tədbirləri ilə əlaqədar, əraziyə qaz, su və işığın verilişi sayandırılıb.








  • Nazirlik qrip epidemiyası ilə bağlı məlumatlara aydınlıq gətirdi

    Son günlər bəzi kütləvi informasiya vasitələrində Avropada qrip epidemiyasının yayılması, həmin viruslar arasında ən yayğın olanı, KİV-lərdə adı Avstraliya qripi kimi keçən А (H3N2) virusunun yayılması barədə məlumat verilir.

    Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş epidemioloqu, tibb elmləri doktoru İbadulla Ağayev AZƏRTAC-a bildirib ki, ölkədə qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur:

    “Əgər ayrı-ayrı ərazilərdə tək-tək kəskin respirator xəstəliklərə yoluxanlar varsa, bu, heç də epidemiya yayılması demək deyildir. Yaxud yüz minlərlə, on minlərlə əhalinin içərisində beş-on nəfərin qripə yoluxması epidemiya yayılması barədə “həyəcan təbili” çalmağa əsas vermir.

    Səhiyyə nazirinin bu sahədə xüsusi əmri var və regionlarda infeksiyalara yoluxma halları ciddi nəzarət altındadır. Əvvəla, qrip virusuna yoluxmanın olub-olmamasını yalnız həkim müayinəsi təsdiq edə bilər. İkincisi, əgər olsa belə ölkəmizin səhiyyə sistemi, tibb müəssisələri, xəstəxana və poliklinikalar onun qarşısını almaq iqtidarındadır. Ona görə də narahatlığa dəyməz və qrip virusunun yayılması barədə də heç bir təhlükə yoxdur”.

  • Azərbaycanda və qonşularda ömrün müddəti – RƏQƏMLƏR

    Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 2016-cı ildə bütün əhali üzrə 75 il olub.

    Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, qadınlar üçün bu rəqəm 78, kişilər üçün 73 müəyyən edilib. 

    Qeyd edək ki, Rusiyada doğulanda gözlənilən ömür uzunluğu 71, Türkiyədə 75 ildir.

    Statistika Komitəsinin rəqəmlərinə əsasən, hazırda ən uzun gözlənilən ömür müddəti inkişaf etmiş ölkələrdə Yaponiya (84), Kanada (82), Birləşmiş Krallıq (83) və  Almaniyadadır (81).  

  • Teleqüllə yaxınlığından 80 ailə təxliyyə olunub

    Bakıda Bayıl yamacında yerləşən 80 evdən (ailə) 390 nəfər təhlükəsiz yerə köçürülüb, onlardan 34 ailə məcburi köçkünlərdir.

    Bu barədə Səbail rayon İcra Hakimiyyətinin Bayıl yaşayış massivində (Teleqüllənin yaxınlığında – red.) sürüşmə zonasında yaranmış təhlükə ilə bağlı yaydığı məlumatda deyilir.

    İcra Hakimiyyətindən qeyd olunub ki, sürüşmə faktı ilə bağlı Xüsusi Qərargah yaradılıb və müvafiq tədbirlər həyata keçirilib:
    “Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb”.

    Məlumatda bildirilir ki, sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır:
    “Onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən, xüsusi araşdırmalardan sonra verilib. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi  aidiyyəti qurumlar tərəfindən nəzarətdədir”.

    Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssisləri araşdırmalar aparır./oxu.az

  • Deputatlar cinsi istismara məruz qalan uşaqların müdafiəsinə qalxdılar

    Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də keçirilən ilk iclasında uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalması məsələsi müzakirə olunub.

    Bu barədə ilk danışan millət vəkili Sədaqət Vəliyeva sözügedən məsələnin ağrılı, utanverici olduğunu, onun qarşısının alınmasının vacibliyini, bu yöndə qanunvericilikdəki müddəaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb.

    Onun sözlərinə görə, son illər ölkədə boşanma halları artıb və bundan ən çox əziyyət çəkən azyaşlı uşaqlar olur:

    “Bəzən həmin uşaqlar ortada qalır və bir sıra hallarda da cinsi istismarla üzləşməli olurlar. Bu, çox ağrılı məsələdir. Bununla bağlı daha ciddi addımlar atılmalıdır”.
    Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da bu məsələnin bir müddət öncə millət vəkili Tahir Rzayev tərəfindən komitənin iclasında qaldırıldığını xatırladıb və deyib ki, hələ də uşaqlarla belə üzücü, xoşagəlməz hallar yaşanır:

    “Bu, ağrılı məsələdir və tək bizdə yox, dünyada üzləşilən problemdir. Bu məsələ hər birimizin diqqətində olmalıdır və diqqətindədir. Hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində növbəti vacib addımlar atılmalıdır”./oxu.az

  • Deputat Azərbaycanda icbari nikah müqavilələrinin tətbiqini təklif edir

    Millət vəkili Sədaqət Vəliyeva üzvü olduğu parlamentin Ailə, qadın və uşaq komitəsinin yanvarın 25-də keçirilən iclasında nikah müqaviləsi məsələsini qaldırıb.

    Millət vəkili deyib ki, bu məsələdə ciddi problemlər var.

    Deputat hesab edir ki, Ailə Məcəlləsində nikah müqaviləsi məsələsi öz əksini tapmalı və bu məsələdə könüllülük yox, məcburilik tətbiq edilməlidir:

    “Nikah müqaviləsi və bu məsələdə məcburilik olmadığı üçün ailələr dağlıdıqdan sonra ciddi problemlər yaranır. Bu müqavilə olmadığı təqdirdə boşanan qadınlar çox əziyyət çəkməli olurlar. Çox vaxt onlara heç nə düşmür. Uşaq və ya uşaqlar da ortada qalır. Qadın bəzən yenidən ərə gedir, doğulan uşaq və ya uşaqların taleyi, aqibəti acınacaqlı duruma düşür. Ona görə də nikah müqaviləsi məsələsində konkret addımlar atılmalı, məcburilik tətbiq olunmalıdır”.

    Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da qaldırlan problemin əsaslı olduğunu və onun həllini tapmasının vacibliyini vurğulayıb.

  • Bakıda sürücü qəpikləri yerə çırpdı: BNA işə qarışdı

    Sürücü onun şəklini çəkən zaman isə deyib ki…

    Paytaxtda fəaliyyət göstərən 67 nömrəli avtobusun sürücüsü qadın sərnişinin ona uzatdığı 1 və 5 qəpiklərdən ibarət gedişhaqqını yerə ataraq, ona sərt reaksiya göstərib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sürücünün fotosunu yayımlayan şəxs qeyd edib ki, sürücü “Bu nədir? Aptekdir? Bu nə pullardır verirsən?” deyərək qəzəblənib. Sürücü onun şəklini çəkən zaman isə deyib ki, get, kimə istəyirsən, şikayət elə.

    Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev qeyd edib ki, sürücü ilə bağlı müvafiq tədbir görülür:
     
    “Məlum olduğu kimi, Azərbaycan Respublikasının hüdudları çərçivəsində istənilən məhsul alışı zamanı və xidmətin müqabilində ödənişlər milli valyutamızla aparılır. Hər birimizin də borcudur ki, qanunun bu tələbinə əməl edək. Eyni zamanda hər birimizin borcudur ki, nominalından asılı olmayaraq, milli valyutamıza qarşı hörmətlə yanaşaq. Bu sürücünün etdikləri birmənalı olaraq milli pul vahidinə qarşı hörmətsizlikdir. Həmin xətt üzrə daşıyıcı da BNA-ya çağırılıb. İddia edildiyi kimi, sürücü bu cür tərbiyəsizliyə yol veribsə, mütləq daşıyıcı onunla bağlı lazımı tədbiri görəcək. Bununla yanaşı, bu faktı sosial şəbəkədə müzakirəyə çıxaranlara da təşəkkür edirik. Çünki məhz ictimai qınaq bu cür hallarla mübarizədə daha səmərəli olur”.

  • 19 prokurorluq əməkdaşı məsuliyyətinə cəlb olunub – 5 nəfər vəzifədən çıxarılıb, 1-i qovulub

    Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2017-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

    “Qafqaz Xəbər” qəzetinin məlumatına görə, iclasda məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

    Qeyd olunmuşdur ki, hesabat dövründə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınmış, onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə və ya 3,4% azalaraq 1890 olub.

    2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olmuş, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

    2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə, hadisələrin sayı 68 olmuş, onlardan 8-i bağlı qalıb.

    Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən 1-i bağlı qalıb.

    Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb.

    Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib.

    Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 8 cinayət faktının, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayətlərinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanmışdır. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

    Xüsusi qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.

    Hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 26266 müraciətinə baxılmış, həmin müraciətlərdən 5259-na baxılaraq həll edilmiş, o cümlədən 1744 müraciət təmin edilmişdir. Həmin dövr ərzində 4597 vətəndaş qəbul edilmiş, rayon prokurorları tərəfindən 2010 nəfər, Bakı şəhər prokurorluğunda 2348 nəfər, onlardan da 448-i şəhər prokuroru tərəfindən qəbul olunub.

    Əməliyyat müşavirəsində bildirilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

    Tələb edilmişdir ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

    Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.

    Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.