Category: Cəmiyyət

  • Azərbaycanda 13 yaşlı qız qaçırıldı

    Qobustan rayonunda yetkinlik yaşına çatmayan qız qaçırılıb.

    Lent.az xəbər verir ki, rayonun Nabur kəndində yaşayan şəxs 13 yaşlı qızının zorla qaçırılması ilə bağlı polisə müraciət edib. Həmin şəxs qeyd edib ki, qızını Emin adlı şəxs evlənmək məqsədi ilə qaçırıb.

    Müraciət əsasında araşdırma aparılır.

  • Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı xüsusi qərargah yaradılıb

    Son günlərdə yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib. 

    Səbail Rayon İcra Hakimiyyətindən oxu.az-a bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

    “Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir. Vaxtilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib. Sakinlərin təhlükəsizliyinin təmini məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib.

    Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir. Məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən qərargahın iclası keçirilib, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub.

  • Məktəblərdə qış tətili başlayır

    Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni beş gün olacaq.

    Təhsil  Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.

    “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

    – 5 gün payız tətili (16-20 noyabr);
    – 5 gün qış tətili (27-31 yanvar).
    – İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

    Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. 

    Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin yeddi günü istirahət edə biləcəklər.

  • Pediatr valideynlərə səsləndi: “Uşağa aylarla qurd dərmanı vermək doğru deyil”

    Demək olar ki, əksər uşaqlarda qurd probleminə rast gəlinir. Bəzən isə valideynlər bundan xəbərsiz olurlar ki, bu da uşağın sağlamlığı üçün zərərlidir. Bəs uşaqda qurd yaradan əsas səbəblər hansılardır? Qurd olduğunu hansı əlamətlərdən bilmək mümkündür? Problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

    “Qafqaz Xəbər” qəzeti Ailem.az-a istinadən pediatr-neonatoloq Altay Abdullaoğlunun bununla bağlı fikirlərini diqqətinizə çatdırır. Həkim müxtəlif qurd növləri haqqında danışaraq deyir ki, enterobioz (tükşəkilli qurd) insana məxsus qurddur və insan bağırsaqlarında yaşayır. Bu qurd növünə ən çox məktəbəqədər və məktəb yaşlı uşaqlarda təsadüf edilir. Yoluxma insandan insanadır və dırnaq yemə, çirkli əllər, əllərin düzgün yuyulmaması, gigiyenik qaydalara riayət edilməməsi nəticəsində yaranır. Parazitin orqanizmə daxil olması ağız yolu ilədir: “Enterobioz əksər hallarda simptompsuz gedir. Bu, orqanizmdəki parazit sayından və immun sisteminin vəziyyətindən asılıdır. Əksər hallarda anal nahiyədə qaşıntı, yuxusuzluq, ümumi narahatlıq, əsəbilik, qarın ağrıları, ürək bulanması, ağızdan su axması kimi əlamətlərlə özünü göstərə bilir. Lakin bu əlamətlərin olması qurdun olmasına mütləq əsas vermir. Çünki bu əlamətlər normal uşaqlarda da ola bilər və yaxud başqa xəstəliyin əlamətləri kimi də özünü göstərə bilir”.

    A.Abdullaoğlunun sözlərinə görə, qurd diaqnozu bütün dünyada ən dəqiq nəticə göstərən sellofan bant vasitəsilə qoyulur: “Anus ətrafındakı dəriyə şəffaf plastik bant yapışdıraraq mikroskop altında bantdakı qıl qurdu yumurtalarının incələnməsi aparılır. Sereloji analizlərin (qan analizi) qurd diaqnozu qoyulmasında heç bir rolu yoxdur. Parazit, adətən, yumurtaları gecə buraxdığına görə səhər nəcis ifraz etmədən və yaxud yuyunmadan nümunə götürülməlidir. Diaqnozun qoyulması üçün bu test bir neçə dəfə təkrarlana bilər. Bəzi hallarda anusun ətrafında yetkin qurdun görülməsi də diaqnoz qoyulmasına əsas verir”.

    O bildirib ki, qurdun müalicəsi olduqca asandır: “Bunun üçün uşağa aylarla qurd dərmanı verilməsi əsassızdır. Müalicə tək dozada qurd əleyhinə preparatın verilməsi və 14 gündən sonra dozanın təkrarlanması ilə aparılır. Lakin təkrar yoluxma halları tez-tez baş verir. Bu hallarda müalicə bütün ailə üzvləri arasında aparılır və gigiyenik qaydalara ciddi riayət edilməsi tövsiyə olunur”.

    Həkim daha çox yayılmış qurd növlərindən olan askarid – soxulcan şəkilli bağırsaq qurdu barədə də ətraflı məlumat verir: “Bağırsaqlarda yaşayır və nəcis vasitəsi ilə yumurtalarını xaric edir. Yoluxma kənardan qurd yumurtaları ilə çirklənmiş, təmiz yuyulmamış meyvə və tərəvəz, torpaqla çirklənmiş əllər vasitəsi baş verir. Əsasən, isti ölkələrdə, meyvə-tərəvəz yetişdirilməsi üçün insan nəcisindən gübrə kimi istifadə olunan bölgələrdə rast gəlinir. Qurd əsasən, bağırsaqlarda məskunlaşır. Yumurtalarını nəcis ilə xaric edir. Çox nadir hallarda qurdlar bağırsaqda toplaşaraq, bağırsaq keçməzliyi yarada və yaxud bağırsaq divarını deşib, qan vasitəsi ilə ağciyərlərə düşərək askarit pnevmaniyası (Loffler sindromu) kimi keçici bir ağciyər infiltrasiyası kimi ağırlaşmaları da ola bilər. Amma əsasən, simptomsuz gedişli olur. Bəzi hallarda uşaqlarda halsızlıq, ağızdan su axma, qarın ağrıları, diş qıcaması, tez-tez acma və s. kimi əlamətlər də ola bilir. Lakin bu əlamətlərin olması mütləq olaraq askaridə yoluxmanı göstərməz. Diaqnoz nəcisdə mikroskop vasitəsi ilə qurd yumurtalarının aşkarlanmasına əsaslanır. Qan analizi və ya xüsusi aparatlar vasitəsi ilə uşaqlarda askaridin təyin edilməsi doğru deyil”.

    A. Abdullaoğlu deyir ki, askaridin müalicəsində uzun müddətli qurd dərmanlarının verilməsinə gərək yoxdur. Bitki tərkibli dərmanların və çayların müalicədə rolu əsassızdır. Xüsusi aparatlar vasitəsi ilə qurdların tökülməsi yanlışdır. Müalicə 1 və ya 3 gün müddətində bir dəfəlik dozada qurd dərmanlarının verilməsi ilə aparılır: “Əlimizdə heç bir sübut olmadan qurd dərmanlarının verilməsi doğru deyil. Qurd dərmanları olduqca zərərlidir. Müdafiə məqsədli tərəvəz və meyvələrin təmiz yuyulması, əllərin təmizliyi tövsiyə olunur”.

    Pediatr-neonatoloq ən təhlükəli qurd növlərindən biri olan İnlyamblioz-lyamblya (Giardia intestinalis) barədə də məlumat verib: “Yoluxma parazitlə çirklənmiş qida və suyun ağız vasitəsi ilə qəbul olunması və insandan insana təmas yolu ilə baş verir. Uşaq bağçaları, məktəblər, uşaqların toplu şəkildə olduğu ictimai müəssisələrdə yoluxma riski daha yüksəkdir. Əksər hallarda heç bir simptom müşahidə olunmadan keçir. Bəzi hallarda qarında tutmaşəkilli ağrı, ürəkbulanma, halsızlıq, qarında köpmə hissi, sulu, pis qoxulu, yağlı nəcis ifrazı, ishal kimi əlamətlər ola bilir. Diaqnoz nəcisdə parazitin özünün və yaxud kistinin aşkarlanması ilə qoyulur. Parazitin nəcislə xaric olması fasiləli şəkildə olduğu üçün diaqnozun dəqiqləşdirilməsi üçün nəcis müayinəsinin təkrarlanması gərəklidir. Qan analizi və ya başqa metodlarla, məsələn, xüsusi aparatlarla lyamblianın aşkarlanması və diaqnoz qoyulması doğru deyil. Lyamblia paraziti ilə yoluxmuş insanda heç bir klinik əlamətlər yoxdursa, xəstənin müalicə olunmasına gərək yoxdur. Əgər şikayətlər çox olarsa və nəcisin müayinəsində parazit aşkarlanarsa, parazit əleyhinə 5-7 günlük müalicə aparılır. Aylarla kurs şəklində təyin olunmuş müalicələrə heç bir ehtiyac yoxdur”.

    Həkim vurğulayır ki, hər qarnı ağrıyan, çəkisi az olan, səpgisi və allergiyası olan uşağa bu diaqnozun qoyulması doğru deyil: “Qanda Lyambliya Ig(G) analizi pozitiv olduqda uşağa lyambliya diaqnozu qoyaraq, aylarla dərman preparatları vermək olmaz. Diaqnoz qoyulsa belə, aylarla 4-5 dərman preparatı verərək müalicə etmək doğru deyil. Bir dərman preparatının 5-7 gün verilməsi kifayətdir. Bitki tərkibli dərmanların burada istifadəsi doğru deyil”.

  • At ətini mal əti adı ilə satmaq istədilər – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sağlamlığa ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.

    Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev bir tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

    Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur. İstifadəyə tam yararsız olmaqla bərabər, insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.
    Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Qusar, eləcə də, ətraf bölgələrdən əldə etdikləri xəstə atları kəsərək, həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyiblər.

    Saxlanılan şəxslərin yaşadıqları evlərin həyətyanı sahələrinə keçirilən baxış  zamanı oradan atların kəsilmiş və iz itirmək məqsədilə torpağa basdırılmış hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar da aşkar olunub.
    Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.




  • Bir neçə rayonda sayğac kartlarında problemlər yaranıb

    “Azərişıq” ASC –nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrində ödənişlərin SMART sayğaclarına yüklənməsi mümkünsüz olub. Abonentlər SMART karta ödəniş edilməsi və sayğaca yüklənməsində çətinlik çəkirlər.

    Hazırda sayğaclarda yaranan problemlər səbəbindən abonentlərin bəzilərinin mənzili işıqsız qalıb. Ağdam Elektrik Şəbəkəsinin operatorları abonentlərin müraciəti əsasında hazırda sayğacların proqram təminatının yenilənməsini həyata keçirirlər.

    “Azərişıq” ASC –nin Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Şahid Tahirov APA-ya açıqlamasında bildirib ki, nasazlıqlar sonuncu dəfə quraşdırılan İran istehsalı olan “PAUD RAAD” SMART sayğaclarında müşahidə olunur. Onun sözlərinə görə, şəbəkənin əməkdaşları hazırda kəndlərdə yaranan problemin həlli ilə məşğuldur.

  • Keçən il yollara 421 radar quraşdırılıb

    İl ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb. 

    Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.

    Onun sözlərinə görə, avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib:

    Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.

    O qeyd edib ki, qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb:

    “Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb”./oxu.az

  • Nazir: Vətəndaşlara kobudluq göstərən polislər barəsində ölçü götürüləcək

    2018-ci il yol-patrul xidməti əməkdaşları üçün “Etik-davranış ili” elan edilib.

    Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi zamanı daxili işlər naziri Ramil Usubov bildirib.

    Nazir qeyd edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir. 

    Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçü götürüləcəyini vurğulayıb.

  • Bakıda sürücünün avtomobil parkinqi tənqid hədəfinə çevrildi – FOTO

    Bakıda xanım sürücünün avtomobil saxlaması qaydası hər kəsi təəccübləndirib.

    90EK667 dövlət nömrə nişanlı, “KİA” markalı avtomobilin sürücüsü son bir gündə maşını bir neçə dəfə piyada zolağının üstündə saxlayıb. 

    Xanım sürücünün addımı həm piyadalara, həm də ərazidə hərəkət edən avtomobillərə əngəl törədib.

    Sürücünün avtomobili saxlaması sosial şəbəkələrdə paylaşılaraq tənqid edilib. 

    Hətta xanımın maşını saxlaması “ilin parkinqi” adlandırıblar./oxu.az



  • Səhiyyədə yenilik: Ürək əməliyyatı dövlət hesabına aparılacaq – VİDEO

    Ürək qüsuru olan uşaqların əməliyyat olunması üçün dövlət büdcəsindən ilk dəfə olaraq ayrıca vəsait ayrılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, eşitmə və ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulan 4 milyon manat vəsait bu xəstəlikdən əziyyət çəkən çoxlu sayda uşağın əməliyyat xərclərinə yönləndiriləcək.

    Kardioloq Anar Əmrah bildirir ki, Azərbaycanda doğulan hər 1000 uşaqdan 8-i ürək qüsuru ilə dünyaya gəlir. Ən acınacaqlı məqam isə budur ki, valideynlər bəzən uşaqların xəstə olmasından çox gec xəbər tuturlar. Bu isə hətta onların əməliyyat edilmə şansını da əllərindən alaraq həyatı bahasına başa gəlir.

    Mütəxəssisin sözlərinə görə, ürək qüsurları özünü bəzi əlamətləri ilə göstərir. Belə halları müşahidə edən valideynlər sonradan peşmançılıq yaşamamaq üçün dərhal həkimə müraciət etməlidir.

    Həkimin sözlərinə görə, ailələr uşaq dünyaya gəlməzdən öncə mütləq müayinələrdən keçməli və qarşılaşa biləcəkləri problemləri öncədən öyrənməlidirlər. Sonradan yarana biləcək ürək qüsurlarından yaxa qurtarmaq üçün uşaqlar kiçik yaşlardan sağlam qidalandırılmalı, şəkərli qidalardan uzaq tutulmalı və idmana yönəldilməlidir.

    Onu da qeyd edək ki, ürək qüsurlu uşaqların müalicəsi üçün 2 milyon manat vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Hazırda ürək əməliyyatlarının orta qiyməti 6 min manat hesab olunarsa, bu vəsaitlə 330-dan çox uşağı əməliyyat edərək həyata qayratmaq mümkün olacaq.