Category: Cəmiyyət

  • ANA FƏRYADI: “Uşağın məktəbə geyinməyə gödəkcəsi, ayaqqabısı yoxdu” – VİDEO

    Girzan kəndi! Rayon mərkəzindən təxminən 15 kilometr aralı olan bu kəndə bizi aparan Əjdərovlar ailəsinin sorağı oldu. Kənddə hər kəs bu ailəni tanıyır. Həyat şəraitlərinin ağır olduğu deyilən Əjdərovlar həqiqətən də çətin vəziyyətdə yaşayırlar. Evləri köhnə, təmirsiz və soyuqdur. Qızdırmaq çətindir bu tikilini.

    Median.Az xəbər verir ki, Əjdərov Məhəmməd ailənin başçısıdır. Məhəmmədgil ailədə 11 övladdırlar. Yəni özündən başqa 10 bacı-qardaşı var. Onlardan 8-i qız, 3-ü oğlandır. Qardaşları ailə qurub öz evlərində yaşayırlar. Bacılarının 6-sı ailəlidir, 2-si isə ruhi xəstəlikdən əziyyət çəkir. Məhəmmədin ata-anası illər öncə vəfat ediblər. Məhəmmədin öz ailəsi 6 nəfərdən ibarətdir. 4 övladı – 1 qız, 3 oğlan, həyat yoldaşı Xəyalə və özü. Ancaq ruhi xəstəlikdən əziyyət çəkən 2 bacısı da onlarla yaşadığı üçün ailədə 8 nəfərdirlər.

    Məhəmmədin dediyinə görə, təhsili olmadığı üçün kənddə fəhləlik etməklə çörək pulu qazanır. Əvvəllər istənilən ağır işə gedə bilsə də, sonradan mədəsində yaranan xəstəlik səbəbindən həkim ona ağır fiziki işlər görməyi qadağan edib. İndi o, ancaq yüngül işlərlə məşğul ola bilir. Belə işlər də kənd yerində çox az olur. Vəziyyəti ağır olan Əjdərovlar ailəsi bəzən çörək almağa belə pul tapmırlar: “Əvvəl işləyə bilirdim, qolum tuturdu. Təzəlikcə başladı ağrılar, getdim həkimə mədədə yaranın olduğunu dedilər. Sonra işləyə bilmədim. Ağır işə gedə bilmirəm, kiməsə kömək edirəm, 5-10 manat verir. Ağrı getdikcə çoxaldığı üçün çox işə gedə bilmirəm. Azərbaycan xalqından kömək istəyirəm”.

    Məhəmməd bacı-qardaşlarının da maddi vəziyyətlərinin yaxşı olmadığını deyir. Təsərrüfat üçün torpaq sahəsi də azdır. Övladlarından böyüyü – 12 yaşlı Vüsal məktəbə gedir. Qohum-əqrəbanın gücü hərdən uşaqlara geyilmiş paltar verməyə çatır. Uşaqlardan birinin 7, digərinin 4, sonuncusunun isə 2 yaşı var. Məhəmməd deyir, yüngül işi də yoxdur ki, qazanıb gətirib dolandırsın uşaqları: “Qışın günüdür, iş yoxdur. Hamısı ağlayır, axşam olanda dördü də mədəsini qucaqlayır. Özümün də mədəm ağrayır”.

    Yaşadıqları evin vəziyyəti çox acınacaqlıdır. Zirzəmidəki siçovulların döşəməsi deşik-deşik olan otağa girib uşaqlara xəsarət yetirdiyi hallar da az olmayıb. Divarlar isə çat-çatdır bu evdə. Evi bir təhər topladıqları odun qırıqları ilə qızdırmağa çalışırlar.

    Məhəmmədin ruhi xəstəlikdən əziyyət çəkən bacıları 2-ci qrup əlildirlər. Onların hər biri 55 manat təqaüd alır. Ailədən bildirirlər ki, qızların təqaüdləri onların dərmanlarına xərclənir. Məhəmməd deyir ki, əvvəllər ailəsi 160 manat sosial yardım alırdı, bu da müəyyən qədər onların yaşayışına dəstək olurdu. Lakin 5 ay əvvəl yardımın kəsilməsi ailəni daha da çətin vəziyyətə salıb.

    Məhəmmədin həyat yoldaşı Xəyalə Əjdərova da uşaqlarına görə narahatdır: “Neçə dəfə icra hakimiyyətinə getmişik, Qənirə xanıma yazmışam, o da yazıb ki, bu ailəyə kömək olunsun, elə də qalır, eləcə get-gələ salırlar. Allah haqqı dolana bilmirik. Üç əsgər böyüdürəm, bilmirəm necə edim”.

    Uşaqlardan biri, Vüsal məktəbə gedir. Ana fəryad edir ki, uşağının məktəbə geyinməyə nə isti ayaqqabısı, nə də gödəkcəsi var. Oğlana məktəbdə lağ etmələrindən ana göz yaşları içində danışır: “Heç kim də kömək eləmir. Televizoru da bir qohumum verib ki, uşaqlar cizgi filminə baxsınlar, başları qarışsın, yemək istəməsinlər. Hər kəsdən kömək istəyirəm”.

    Vüsalın da həmyaşıdları kimi arzuları var gələcəyi ilə bağlı. Bu yaşında onun simasında yaşantılarından dolayı təbəssüm yoxdur. O da yoxluğun nə olduğunu başa düşür artıq. Məktəbə geyinməyə fəslə uyğun geyimi belə yoxdur bu balanın. İncidir bütün bunlar Vüsalı. Azyaşlı Vüsal deyir ki, o, oxumağa həvəslidir. Böyüyəndə polis olmaq istəyir. Arzularına çatması üçün bu gün bu balaya dəstək olmaq lazımdır.

    Ailənin durumu ilə bağlı Girzan kəndinin daxil olduğu Hunanlar inzibati dairəsi üzrə nümayəndə Sakit Məmmədovla görüşdük. Bildirdi ki, Əjdərovlar ailəsinin maddi vəziyyətinin ağır olması barədə məlumatları var. Deyir, bacardıqları qədər həmin ailəyə kömək edirlər. O ki qaldı sosial müavinətlərin kəsilməsinə, Sakit Məmmədov bunun əvəzində ailəyə iribuynuzlu heyvan veriləcəyini bildirir. Həmsöhbətimiz Məhəmməd Əjdərovun da adının heyvan almaq istəyənlər siyahısında olduğunu deyir.

    Hələlik isə ortada olan vəziyyət bizim sizə göstərdiklərimizdən ibarətdir, hörmətli tamaşaçılar. Sizin bu verilişi izlədiyiniz anlarda da Məhəmməd və həyat yoldaşı Xəyalə günü nə ilə başa vuracaqları, sabah uşaqlara bir qarın yemək və isti geyim haqda daha hansı nağılları uyduracaqlarını və nələr vəd edəcəklərini düşünürlər. Gəlin hamılıqla Əjdərovlar ailəsini nəhayət ki, bu daimi düşüncələrdən xilas edək. Qoy bu ailədə də valideynlər yalnız bu günü düşünmək dərdindən xilas olub övladlarının xoş gələcəyi, övladlar isə sadəcə sabahın dərsləri barədə düşünsünlər…

    İzlədiyiniz bu ailəyə yardım etmək üçün əlaqə nömrəsi: 051 383 62 16 –Əjdərov Məhəmməd

  • MN ermənilərin Talış kəndində binalar tikməsinə aydınlıq gətirdi – FOTO

    Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı erməni tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır.

    Median.Az-ın xəbərinə görə, bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib.

    Nazirlikdən qeyd olunub ki, 2016-cı ilin aprel ayında keçirilən əks-həmlə əməliyyatı nəticəsində Talış kəndi ətrafındakı azad edilmiş yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır.

    “2016-cı ilin aprel döyüşlərindən sonra ermənilər tikinti işlərini Talış kəndi adı altında cəbhə xəttindən xeyli aralıda, digər ərazidə aparırlar”, – nazirlikdən verilən məlumatda deyilib.

    Qeyd edək ki, nazirlikdən təqdim edilən fotolarda  Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir və burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil.


  • Cabir İmanovdan televiziyalara sərt sözlər: “Bizə dedilər ki, sizin konsert efir üçün deyil”

    Əməkdar artist Cabir İmanov televiziyaların onlar üçün önəm daşımadığını deyib. 
     

    Aktyor azxeber.com-a açıqlamasında insanların onları sevdiyini və televiziyalara ehtiyacları olmadıqlarını deyib: “Bundan əvvəl təqdim etdiyimiz “Ağanatiq” filmimiz çox uğurlu oldu. Hər bir kinonun uğuru onun kinoteatr satışdan aslıdır. Əgər kino satılmırsa, demək ki, o kino uğur qazanmayıb. Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, hər kəs status yazır. O statuslar da film haqqında böyük rol oynayır. “Biri yazır ki, Ağanatiq əla filmdir”, biri də “Ağanatiqə baxdım bir qəpiklik film deyil”. Amma bizdə ikinci fikirlər çox az oldu. İctimai rəydən gedir söhbət. Ən böyük reklam insanların aralarında olan söhbətlərdir, TV-lər bunu verməsə də olar.
     
    Cabir İmanov son zamanlar sosial şəbəkədə yayılan “Parni iz Baku” videolarından da danışıb: “Videolar ona görə yayılır ki, əvvələr televiziyalarda göstərilirdi. İndi insanlar hardasa o videoya baxmaq istəyirlər. Çıxış yolları da sosial şəbəkədir. Son zamanlar kimlərsə qeyri-qanuni yolla həmin videoların paylaşırlar. Konsertimiz hal-hazırda satışdadır, o paylaşımlar qanuni deyil. Həm də bəziləri ömürboyu bizim köhnə səhnələrimizi paylaşır” 
     
    Əməkdar artist qadağada olmalarına da münasibət bildirib: “Bəli, qadağadayıq. Amma onlar bu günə qədər heç bir addım atmayıb. Bir dəfə deyiblər ki, sizin konsert efir üçün deyil. Biz inanırıq ki, nə vaxtsa televiziyalar səhv etdiyini anlayacaqlar”.

  • Məşhur aparıcı bahalı avtomobillərlə Bakıda yol polisini bir-birinə vurdu – VİDEO

    Bir müddət əvvəl ATV telekanalında yayımı dayandırılan “Yoxlama” verilişinin aparıcısı Azər Zahidin başına qəribə hadisə gəlib. Belə ki, aparıcı çəkiliş aparərkən polis əməliyyat keçirib.

    GoldNews.az xəbər verir ki, hadisə Azər Zahid bahalı avtomobillərlə test edərkən baş verib.

    “Dərnəgül metrosu yaxınlığında eksperiment keçirdiyimiz zaman polislər elə bilib ki, biz burada “avtoşluq” edirik. Onlar bizim təhlükəsizliyimizi qorumaq üçün burada avtoxuliqanlıq hadisəsinin oduğunu qeydə alıb, gəliblər. Görün nə qədər polis gəlib, yaxşı ki, doğurdan da “avtoşluq” eləmirik”.

    Qeyd edək ki, Azər Zahid ATV telekanalının ən reytinqli verilişlərindən olan” Yoxlama” verilişinin aparıcısı olub. Lakin telekanalın rəhbərliyində baş tutan dəyişikliklərdən sonra veriliş bağlanıb, aparıcı isə telekanalda kənarlaşdırılıb.

  • AŞPA-da Sarkisyana qarşı səssiz etiraz

    AŞPA-da Sarkisyana qarşı səssiz etiraz  Azərbaycanın hüquq müdafiəçisi Əhməd (Ahmad) Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib.

    Ə.Şahidov Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub.  “Mən əyləşən sektorda hamısı erməni idi, amma heç nə edə bilmədilər.

    Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdı və məni zaldan çıxardılar. Sarkisyanın başını qaldırıb girovların fotolarına baxması bu mübarizəmizin boşuna getmədiyini göstərdi” – deyə Şahidov bildirib.//qht.az

  • Müəllimlərin işə qəbul imtahanının vaxtı və yeri bəlli oldu

    İmtahan vaxtı barədə məlumat 26 yanvar tarixinədək hər bir iştirakçının şəxsi səhifəsinə göndəriləcək

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.

    Bu barədə Sputnik Azərbaycan-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, imtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq.

    I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.

    Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.

    Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixədək şəxsi səhifəyə göndəriləcək. Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili: 6022; 6028), mobil: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

    İmtahana buraxılış, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan müəyyənləşdirilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

    İştirakçı imtahan zalına daxil olmaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq. İmtahanda iştirak etmək üçün iştirakçının iş nömrəsini bilməsi zəruridir.

    Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkarlanarsa, namizədlərin nəticələri ləğv olunacaq. Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.

  • Bakıda avtobusda təhlükəli “macəra” – VİDEO

    Avtobusun təkəri yandığı üçün salonu tüstü bürüsə də, sürücü hərəkəti davam etdirib

    Bakıda ictimai nəqliyyatda daha bir təhlükəli hadisə baş verib. Median.Az avtosfer-ə istinadla xəbər verir ki, avtobus sürücüsü məsuliyyətsizlik edərək sərnişinlərin həyatını təhlükəyə atıb.
    Oxuculardan birinin göndərdiyi videodan məlum olur ki, hadisə yanvarın 21-də, saat 10.20 radələrində 32 nömrəli avtobusda baş verib. “Neftçilər” metrostansiyasının yanından NZS qəsəbəsinə gedən avtobusun arxa sol təkəri qəflətən yanaraq tüstüləməyə başlayıb. İçərini tüstü bürüsə də, sürücü avtobusu dayandırmadan hərəkəti davam etdirib.
    Həmin görüntüləri təqdim edirik: 

  • Prezident Administrasiyasında struktur dəyişiklikləri

    Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb.

    Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncama əsasən, Prezidentin Administrasiyasının strukturu yenidən təşkil edilib, işçilərin say həddi 410 ştat vahidi müəyyən edilib. O cümlədən Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti yaradılıb.

    Azərbaycan prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti ləğv edilib, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.

    Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin ştat vahidi 1 şöbə müdiri olmaqla, 6 ştat vahidi təsdiqlənib.

    Dövlət qulluğu və kadr məsələləri şöbəsində Şəxsi işlərin aparılması sektorunda ştat vahidi isə artırılaraq, 2 ştat vahidindən 4 ştat vahidinə qaldırılıb. Beləliklə, Prezident Administrasiyasının işçilərinin say həddi 410 ştat vahidindən 412 ştat vahidinə qalxıb.

    Qeyd edək ki, Etibar Nəcəfov bir müddət əvvəl Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib. (APA)

  • Polis olmaq istəyənlərin nəzərinə – DİN 100 vəzifə üçün müsabiqə elan etdi

    Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları – Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar üzrə Dövlət İmtahan Mərkəzi, müsahibə – test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir. 

    Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (pedaqoq) ixtisası üzrə təhsil almış, yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər. 

    Hacıqabul (1), Xaçmaz (1), Xızı (1), Qubadlı (1), Qusar (1), Saatlı (1), Sabirabad (1), Yardımlı (1) və Şirvan (1) şəhər, rayon polis şöbələrində vakant yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsi üçün müsabiqədə yalnız göstərilmiş rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və azı 3 il pedaqoji staja malik şəxslər iştirak edə bilərlər.
    Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (Naxçıvan Muxtar Respublikası istisna olmaqla), qeydiyyatda olan yalnız subay namizədlər respublikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar. 
    Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az/index.php?/az/content/29799/ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.  

    Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis orqanlarına aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

    – şəxsiyyət vəsiqəsi; 
    – ali təhsil haqqında diplom;
    – hərbi bilet (kişilər üçün);
    – əmək kitabçası (olanlar üçün); 

    Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır. 
    «Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib.
    Müsabiqədə iştirak etmək üçün sənədlər 2018-ci il yanvar ayının 22-dən fevral ayının 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis orqanlarında qəbul olunur. 
     
    Əlavə məlumat almaq üçün əlaqə telefonları:  
    (012) 590-92-37; 590-92-54; 590-93-27; 590-93-45; 590-93-64; 590-95-23. 

  • Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalıdır…”

    Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir.

    Median.Az-ın məlumatına görə, bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

    Onun sözlərinə görə, Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: “Hazırda ərazidə hava şəraiti də axtarışlar üçün normaldır. Axtarışlar helikopter və canlı qüvvə vasitəsilə aparılır. Çox müəmmalı hadisədir. Bütün mümkün olan yerlər axtarılır. Heç bir iz yoxdur. Qəbələ rayonu ərazisində axtarışların aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Əsasən Xınalıq və Tufandağ istiqamətində axtarışlardan məlumatlıyam”.

    Z.Qasımlı bildirib ki, hazırda axtarışlar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, yerli və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən aparılır: “Mütəxəssislər xüsusi texnika ilə təchiz olunublar. Axtarışlar üçün xaricdən əlavə mütəxəssislərin gələcəyi barədə məlumatım yoxdur. Bir müddət əvvəl alpinistlərin izlərinin olduğu ehtimal olunan yerlər təkrar bir neçə dəfə axtarılıb və hələ də axtarışlar davam edir. Bütün ehtimallar araşdırılır. Hələlik heç bir nəticə yoxdur”.

    Z.Qasımlı həmçinin qeyd edib ki, axtarış aparılan ərazilərdə qar uçqunu olması təhlükəsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Hər tərəf açıqdır. Ərazidə təhlükəli qar uçqunu olması ehtimal edilən yer demək olar ki, yoxdur”.

    Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

    Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.