Category: Cəmiyyət

  • Xətai rayonunda su olmayacaq

    Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar yanvarın 24-də Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Bu barədə oxu.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  • Bakıda yeni dələduzlar peydə olub – Diqqətli olun! – VİDEO

    Bakıda yeni dələduzlar peydə olub.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, onlar telefonla zəng edərək yüksək maaşlı iş təklif edirlər. İşə qəbulun pulsuz olduğunu, sadəcə sənədlərin hazırlanması üçün poçt vasitəsi ilə 100 -150 manat göndərilməsini istəyirlər.

    Şikayətçilər iddia edir ki, Bakıda 2 nəfər şəxs, xüsusən də sürücülərə zəng edərək iş təklif edir və dələduzluq yolu ilə pul alırlar.
    Dələduzlar seçdikləri qurbanı inandırmaq üçün onunla bir neçə dəfə telefonla danışır, iş barədə məlumat verir və aldadılan şəxsi işə düzəldəcəyinə əmin edirlər.

    Şikayətçi Məhərrəm Əliyev deyir ki, o gündən sonra sonra həmin nömrəyə zəng çatmayıb.

    Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.

    Poçtdan verilən məlumata görə, göndərilən pul Yasamal rayonunda yerləşən 65 saylı poçtdan orta yaşlı bir kişi tərəfindən alınıb. Məhhərrəm Əliyevin sözlərinə görə, hadisdən bir neçə gün sonra onunla bir yerdə işləyən digər şəxslərə də belə zənglər gəlib.

  • Meyiti ermənilərdə qalan şəhidimizin anası kömək istəyir – FOTOLAR

    Meyiti ermənilərdə qalan şəhidimizin anası kömək istəyir.

    Zaqatala rayonunun Muğanlı kəndində yaşayan şəhid anası Rəsulova Əsbət Mustafa qızı panorama.az saytına müraciət edib.

    Müraciətdə deyilir: «Oğlum Akif Rəsulov Milli Qəhrəman Ramiz Qənbərovun «Könüllülər batalyonu»nda döyüşürdü. 1992-ci ildə Şuşa uğrunda döyüşərək şəhid oldu. Meyiti də ermənilərdə qaldı. Oğlumun qəbrinə də həsrət qaldıq. Hazırda özüm yataq xəstəsiyəm, yaşayış durumumuz acınacaqlıdır. 8 nəfər ailə üzvümüz balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatıb ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı. Aidiyyatı qurumlardan bizə yardım etmələrini xahiş edirik».//a24.az





  • Nəqliyyat müffəttişləri avtobusları saxladı, sərnişinləri yolda qoydu – VİDEO

    Fatmayi bağlarından Bakıya gələn avtobuslar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müffəttişləri tərəfindən saxlanılaraq sərnişinləri yolda düşürdülüb. Bəzi avtobuslar duracağa yerləşdirilib.

    Söhbət Abşeron rayonu, Fatmayi bağlarından başlayaraq Bakı dairəvi yolunda yerləşən ticarət mərkəzinə və əks istiqamətdə sərnişin daşıyan 134 nömrəli avtobuslardan gedir. Həmin avtobuslar dünən  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İçərisindəki sərnişinlər düşürdülərək avtobuslar dayanacağa yerləşdirilib.

    134 nömrəli xəttin müvəqqəti istismarçısı Qurbanəli İsmayılov bildirdi ki, bu xəttə heç bir qanunsuzluğa yol verilməyib. Avtobusların marşrutu Bakı Nəqliyyat Agentliyinin sərəncamı əsasında dəyişdirilib.

    Dövlət a Atomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov isə bildirdi ki, həmin avtobusların hərəkət sxemi onların nəzarətində olan yoldan keçir. Bu səbəbdən sərnişinlər avtobusdan düşürülüb.

    Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, istənilən avtobusun hərəkət sistemi müəyyənləşdirilərkən zəruri olan bütün hallar nəzərə alınır. O cümlədən, 134 nömrəli avtobusunda yeni hərəkət sxemi müəyyən edilərkən bütün hallar nəzərə alınıb. Yəni həmin avtobusların keçdiyi yollar bütünlüklə Bakı şəhər inzibatı ərazisinə aiddir.

  • Tütün məhsulları və alkoqollu içkilərin son qiymətləri

    Sözügedən məhsullarda heç bir qiymət artımı baş vermədiyi ortaya çıxdı

    Ölkəyə gətirilən pivə və alkoqollu içkilərə yeni aksiz dərəcələri tətbiq olunacağını, tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin də 2 dəfədən çox artırılacağını xəbər vermişdik. Məlumat Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə də əksini tapıb.

    Sputnik Azərbaycan-ın əməkdaşı marketlərdə siqaret və spirtli içkilərin son qiymətləri ilə maraqlanıb. Apardığımız müşahidələr nəticəsində sözügedən məhsullarda heç bir qiymət artımı baş vermədiyi ortaya çıxıb. Belə ki, aksiz vergisi qalxsa da, istər alkoqollu içkilər, istərsə də tütün məhsulları hazırda əvvəlki qiymətlərlə satılır.

    Bəzi marketlərdən bildirilib ki, yeni aksiz dərəcələrinə uyğun olaraq idxal olunan spirtli içkilərin qiymətlərində artım olacağı mümkündür, lakin tütün məhsulları ilə bağlı belə bir gözlənti yoxdur.

    Qeyd edək ki, keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra — yanvarın 23-də qüvvəyə minir. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub.

    Dəyişikliyə əsasən, yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

    Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

  • Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO)

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq ağciyər vərəmi şöbəsinin işdən çıxarılan həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova həmin xəstəxananı məhkəməyə verib.

    “Report”un xəbərinə görə, həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib.

    İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

    Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi S.Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. O, “siz burada oturub camaata torba tikməklə məşğulsunuz, mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək iclas zalını tərk edir. Daha sonra S.Məmmədova işdən çıxarılıb. Əmrdə qeyd edilib ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilib.

    Xatırladaq ki, S.Məmmədova 1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışıb.

  • Bu şəxslər 15 000 manata qədər cərimlənə bilər

    İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir.

    Median.Az APA-ya istinadən xəbər verir ki, təklif edilən 395.0.7-ci maddəyə əsasən, “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə” görə cərimələr müəyyənləşdirilir.

    Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manata qədər cərimələnəcəklər.

    Layihə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

  • Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir”.
     
    Layihədə o da bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır. 
     
    Layihə fevralın 1-də keçiriləcək MM-in plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Mədət Quliyevin oğlu Arzu Əliyevanı belə təbrik etdi – FOTO

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəyli Arzu Əliyevanı təbrik edib. 

    Murad Qulubəyli bu barədə şəxsi Instagram hesabında yazıb. O, Arzu Əliyeva ilə fotolarını paylaşıb və bunları yazıb: 

    “Happy Birthday Dear Arzu!”

    Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür. 

    Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub.//baku.ws

  • Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı – FOTO + VIDEO

    İcra başçısının qəsəbə üzrə nümayəndəsinin müavini qanunsuz tikiliyə rəhbərlik edir

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini xüsusi istintaq qrupu araşdırdığı bir vaxtda Biləcəri qəsəbəsində daha bir qanunsuz tikinti aparılmaqdadır.

    Bu barədə redaksiyamıza Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 22 “a” və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binaların sakinləri məlumat veriblər.

    Sakinlər deyiblər ki, 3 binanın həyətində olan 4 sotluq yaşıllıq sahədə 30-dan çox ağac məhv edilib və ərazidə təyinatı naməlum tikili ucaldılır. Bununla bağlı sakinlər Binəqədi Rayon İcra Hakimiyyətində olublar. Onları qəbul edən Namiq Məmmədov məsələdən xəbərsiz olduqlarını deyib. Sonradan isə ağacların məhv edilməsi hesabına aparılan tikintinin dayandırılması üçün hər hansı bir addım atılmayıb. Sakinlər deyirlər ki, tikintini aparan Orxan və Murad adlı şəxslərdir. Orxan özünü sakinlərə Binəqədi İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini kimi təqdim edir. Sakinlərin etirazları, müraciətləri qulaqardına vurulur. Onların sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə  iddia ilə müraciət edərək ərazidə tikintinin dayandırılmasını və ağacların əkilməsini tələb ediblər.

    İddia ərizəsini imzalayan 30 sakin qeyd edib ki, binalarla əhatə olunan həyətyanı sahədə 40 il əvvəl ağcaqayın, qovaq, şam, küknar, söyüd, əncir, tut, gilənar, nar, zeytun və iydə ağacları əkilib və sakinlər tərəfindən onlara qulluq edilib. 2017-ci ilin mayına qədər sakinlər  zəngin, göz oxşayan yaşıllıq ehtiyatı hesabına öz gündəlik istirahətlərini, azyaşlı uşaqlar, yeniyetmələr mənalı və sağlam əyləncələrini qurublar. 13-14 may 2017-ci il tarixində şənbədən bazar gününə keçən gecə saatlarında səssiz kəsici elektrik aləti ilə bir dəfəyə13 ağac kəsilib. Sakinlər bu haqda 6-cı polis şöbəsi, yerli Bələdiyyə və ETSN-in Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinə məlumat veriblər.

    Sakinlər qeyd edirlər ki, ağaclar kəsilməzdən 1 il əvvəl ərazi Eldar Rəhimov tərəfindən zəbt olunub. Sonradan isə ərazi alqı-satqı müqaviləsi əsasında Tellər Məmməd qızı Məmmədovaya satılıb. Ağaclar kəsiləndən sonra onların şikayətlərinə əsasən Eldar Rəhimov cərimələnib. Ərazidə tikinti işlərinin aparılması dayandırılıb. Ötən ilin may-sentyabr aylarında sakinlər kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkiblər.

    Sakinlər deyir ki, 2017-ci ilin 3 oktyabrında həyətə yenidən tikinti materialları daşınıb və ərazi çəpərlənib. İçəridə qalan ağacların yenidən kəsilməsinə başlanıb. Sakinlərin etirazlarına və dövlət qurumlarına müraciətlərinə rəğmən ərazidə gecə-gündüz fasiləsiz tikinti işləri aparılır. Ərazidə olan dövlət qurumlarının təmsilçilərinə sahibkarın naməlum nümayəndələri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətindən verilmiş 14.09.2017-ci il tarixli 418 nömrəli sərəncam göstərilir. Burada Şəhərsalma və Tikinti Məcəlləsinin və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.07.2017-ci il tarixli, 18/03-8/1869 saylı məktubu əsasında Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində vətəndaş Tellər Məmməd qızı Məmmədovaya qeyri-yaşayış obyektinin tikintisinə icazə verildiyi göstərilir. Lakin onların təqdim etdikləri heç bir sənəddə konkret ünvan, küçə, küçənin nömrəsi qeyd edilməyib. Sakinlər deyir ki, cavabdehlərin hərəkətlərini özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə halı kimi qiymətləndirirlər.

    Yada salaq ki, bu ilin əvvəlində Binəqədi Rayon İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərilib. İstintaqçılar rayon ərazisində aparılan tikintilərin qanuniliyini, ekologiyaya vurulan ziyanla bağlı görülən tədbirlərin müvafiq qanunvericiliyə uyğun olub-olmaması və rayonun rəhbər vəzifəli şəxslərinin qəbul etdikləri qərarların qanunlarla uzlaşıb-uzlaşmamasını yoxlayırlar. Xəbər verdiyimiz kimi, təcrübəli müstəntiqlərdən ibarət qrup vaxtilə təcili yardım stansiyası üçün inşa edilən və tikintisi yarımçıq qalan binanın həyətində aparılan qanunsuz tikintilər və Zeytunluq deyilən ərazidəki ağacların kəsilməsi, Azadlıq prospektində yaşıllıqların məhvi ilə bağlı faktlar toplayır, rayon sakinləri sorğu-sual olunur. Bu günə qədər Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə səlahiyyətlisinin də rayonda baş verən cinayət xarakterli əməllərlə bağlı dindirildiyi bildirilir. Qaynağımız bildirib ki, istintaq qrupu yanvarın 5-6-da Binəqədi rayonuna ezam olunub və bu günə qədər topladığı çox ciddi faktlar var.

    X.İsgəndərov  bir müddət əvvəl ətrafındakıları başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili səliqəyə salmalarını tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. Bundan sonra rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar.

    Buna baxmayaraq, tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur.
    Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefon zənglərimiz cavabsız qaldı. 







    Mənbə: “Yeni Musavat”