Category: Cəmiyyət

  • “Bəxt üzüyü” xalq artisti ilə İmanov qardaşlarını üz-üzə qoydu: “Onları hamının yanında…”

    Xalq artisti Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılan “Bəxt üzüyü”nün davamı çəkilib. “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilən filmdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir-Cabir İmanov qardaşları və başqaları rol alıb.

    Yenicag.az xəbər verir ki, “Planet Parni iz Baku” komandasının Ramiz Əzizbəylidən xeyir-dua almaması qarşı tərəfin xətrinə dəyib. Saytımıza açıqlama verən xalq artisti incikliyini belə ifadə edib:

    “Xəstəliklə mübarizə aparıram. Bir müddət öncə də Türkiyədə müalicə olundum. Yəni demək istəyirəm ki, başım özümə qarışıb. İndi sizdən eşidirəm ki, “Bəxt üzüyü”nün davamını çəkirlər. Tahirlə Cabir Süleyman Ələsgərov kimi böyük sənətkarın nəvələridir. İkisi də əjdaha oğlandı. Amma mənə nə zəng edib, nə də yanıma gəlib xeyir-dua istəməyiblər. Özləri bilər. Mən onlara etiraz edən deyildim, sadəcə xeyir-dua verəcəkdim. Çox istərdim ki, o filmə baxım, rəyimi bildirim. Premyeranın vaxtını mənə deyərsiniz, qaranlıq bir güşədə oturub filmi seyr edəcəm. Səhnəyə dəvət etsələr də, çıxmayacam, çünki şikəstəm, bu vəziyyətlə insanların qarşısına çıxmaq istəmirəm. Cabirgil bu filmi məndən yaxşı çəksələr, hamının yanında onları təbrik edəcəm. Film xoşuma gəlməsə də, onları təbrik edəcəm”.

    Qeyd edək ki, film Tahir və Cabir İmanovların ssenarisi əsasında çəkilib, quruluşçu rejissor Ənvər Mansurovdur.

  • Bakının parksız, yolsuz və kanalizasiyasız qəsəbəsi – REPORTAJ

    Heç kimə sirr deyil ki, son illər paytaxt Bakıda və onun ətraf ərazilərində aparılan irimiqyaslı quruculuq işləri nəticəsində şəhərimiz inanılmaz dərəcədə dəyişib. Yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığı ərazilərdən biri də Bakının Sabunçu rayonudur. Lakin təəssüflə qeyd etmək gərəkdir ki, ətraf qəsəbələrin heç də hamısında vəziyyət yaxşı deyil. Belə qəsəbələrdən biri də Zabrat-1 və Zabrat- 2 adlanan qəsəbələrdir.
     
    Sabunçu-Zabrat yolu ilə hərəkət etdikcə, yol kənarında muncuq kimi düzülmüş ticarət obyektləri, göz oxşayan fərdi evlər, mağazalar, ofislər insanda elə təəssürat yaradır ki, sanki bu qəsəbə Bakının ən baxımlı, diqqət mərkəzində olan qəsəbəsidir. Amma elə ki, Zabrata daxil olursan, odun-ocaq qoxusu, palçıq-çirkab dolu küçələr əslində bu qəsəbənin unudulmuş qəsəbə olduğunu xatırladır.
     
    Kadrlardan da göründüyü kimi, şəhərin mərkəzindən o qədər də uzaq olmayan qəsəbə könüllərdən iraqdır ki, iraqdır: “Zabratın yol və kanalizasiya problemləri öz həllini tapsa, inanın, digərləri də zamanla yoluna düşər. Bundan başqa, qəsəbənin Mədəniyyət Evi də dağılıb, fəaliyyət göstərmir. Musiqi məktəbi də acınacaqlı durumdadır. Bir əlac edən yoxdur ki, qəsəbənin uşaqları normal musiqi təhsili ala bilsin. Amma orta məktəblərin durumu yaxşıdır”.
     
    Təsəvvür edin ki, azacıq yağış yağan kimi qəsəbədə ayaq basmağa quru yer olmur. Kanalizasiya sistemi olmadığı üçün küçələrə açılan kanalizasiya boruları, kələ-kötür yolları Zabratın diqqətdən kənar qaldığını bir daha sübut edir: “Yol qırağında yaşayırıq. Evlərin içərisini görsəniz, dəhşətə gələrsiniz. Elə bil heç Bakı deyil. Müraciət etmədiyimiz ünvan qalmayıb. Siyahıya alırlar, deyirlər sökəcəyik, amma hələ də xəbər yoxdur. Uşaqlar evdən birbaşa magistral yola çıxır, qəzasız ötən həftəmiz olmur. Nə sökülür, nə də əlac olunur”.
     
    Qəsəbənin qeydiyyatda olan əhalisinin sayı 29 084 nəfər olsa da, faktiki yaşayanların sayı 34 099 nəfər təşkil edir. Qəsəbədə Qarabağ müharibəsi şəhidlərinin sayı 48 nəfər, Qarabağ müharibəsi əlillərinin sayı 34 nəfər, qeydiyyatlı fərdi yaşayış evlərinin sayı 8795, qeydiyyatsız evlərin ümumi sayı 3134 ədəddir.

    Qəsəbədə beş ümumtəhsil orta məktəbi, bir peşə liseyi, dörd körpələr evi-uşaq bağçası, bir poliklinika, Müalicə Diaqnostika Mərkəzi, kardiorevmatoloji sanatoriya fəaliyyət göstərir.
      
    Yolumuzu qəsəbənin Ruhulla Axundov küçəsi-14 ünvanındakı 15 saylı Bakı Peşə Liseyindən saldıq. Səliqə-sahmanı ilə diqqətimizi çəkən liseydə davamiyyət yaxşı olsa da, şagirdlər dərsdə palto-papaqla oturmuşdular. Müəllimə Mərcan Əliyeva deyir ki, payız-qış mövsümündə liseydə vəziyyət belə olur: “İstilik sistemi, demək olar, yoxdur. Məktəb öz gücünə nə edirsə, edir. Buna baxmayaraq, uşaqlar dərsə həvəslə gedib gəlir”. 
     
    Qəsəbədə Əvəz Paşayev adına Mədəniyyət Evi, 28 May və “Zərbəçi” adına kütləvi kitabxanalar, 21 saylı musiqi məktəbi də var. Amma bu mədəniyyət obyektlərinin yalnız adı və maketi var. Hazırkı vəziyyətləri isə acınacaqlıdır.
     
    Bu azmış kimi, sözügedən qəsəbədə uşaqların və gənclərin vaxtlarını səmərəli keçirməsi üçün idman meydançası da yoxdur. Əslində meydança var, amma qapısı bağlıdır. Biz də məcburən çəkilişimizi hasarın üstündən apardıq. Çünki meydançanın da qapısı qıfıllı idi: “Altıncı sinifdə oxuyuram. Nə oynamağa yer tapırıq, nə də gəzməyə. Heç məktəbimizin də meydançası yoxdur. Yay boyu ancaq küçədə oluruq. İdmanla məşğul olmağa yer yoxdur”.
      
    Paytaxtın müxtəlif qəsəbə və kəndlərində bir-birindən gözəl, göz oxşayan parklar, istirahət məkanları olsa da, Zabratda o da gözümüzə dəymədi: “Zabratda nə park var, nə də meydança, qızım. Uşaqlar üçün əylənməyə heç nə yoxdur burda. Mədəniyyət Evi ilə heç maraqlanan yoxdur da. Klub olub restoran. Sovetdən qalmışdı, amma indi yoxdur”.
      
    Zabratdakı 32 saylı Uşaq Musiqi Məktəbi də acınacaqlı vəziyyətdədir. 200 yerlik bu məktəbin hər an uçma təhlükəsi var. Divarlarda və tavanlarda dərin çatlar yaranıb. Pilləkən isə dayağı üzərində zorla dayanıb. Məktəbin direktoru Mübariz Quliyev deyir ki, musiqi ocağının vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi məlumatlıdır.
      
    Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə icra nümayəndəsi İlqar Süleymanovla görüşüb, sadaladığımız problemlərin nə vaxt həllini tapacağı ilə maraqlandıq.
      
    İlqar Süleymanov qeyd etdi ki, Zabrat sakinlərinin problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətlərinin çəkilişi yaxın vaxtlarda başa çatacaq, yollar asfaltlanacaq. Təkcə 2017-ci ildə 6 min kvadratmetr asfalt döşənib.
     
    Mədəniyyət obyektlərinin təmiri məsələsinə gəlincə, icra nümayəndəsi bildirdi ki, sakinlərin şikayəti əsasında artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət olub. Əhalinin istirahəti üçün park və bağlarının salınması üçün isə qəsəbədə ərazi məhdudiyyəti var.
      
    Zabrat haqqında bu bizim sayca üçüncü reportajımızdır. Amma nə fayda? Ciddi dəyişiklik yoxdur ki, yoxdur. Buna baxmayaraq, qışın oğlan çağında Zabrat qəsəbəsini yenidən aidiyyəti qurumların yadına salmağı özümüzə borc bildik.
      
    Ümid edirik ki, sakinlərin haqlı narazılığına səbəb olan mövcud problemlər tezliklə öz həllini tapacaq.//apa.tv

  • “Müəlliməni zorla qaçırmayıblar, sevib və ailə qurublar ” – Təhsil Şöbəsindən açıqlama

    Modern.az saytı Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq məsələnin detallarını öyrənməyə çalışıb.

    Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda tərəflərin öncədən razılığı qeyd edilib.

    “Siz buna necə qaçırılma deyirsiz?! Bunlar ali təhsilli insanlardır. Bunları zorla qaçırmaq olar?! Onlar ailə həyatı qurublar. Özlərinin razılığı olub. Müəllimə xanım Goranboydan gəlib kəndin sakinini sevib və ailə qurublar. İndi ailə quran cütlükdə nə axtarırsız?!
    Məqsədiniz nədir?! Onu başa düşmürük. Burada pis bir hadisə baş verməyib ki!”.

  • Bakıda əks yola çıxan avtobus sürücüsü işdən qovuldu (VİDEO)

    Bakı Nəqliyyat Agentliyinə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib. 

    Agentlikdən baku.ws-ə verilən məlumata görə, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.

    Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb.

    Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

  • 5 manatlıq əskinasın üzərindəki yazının mənasını bilirsinizmi? ARAŞDIRMA (FOTO)

    Azərbaycanın pul vahidi olan 5 manatlıq əskinasın üzərində heroqlif və qəribə hərflərə heç fikir vermisinizmi? Bu yazıların nə məna daşıdığını bilirsinizmi? Median.Az olaraq bu haqda qısa məlumat verəcəyik.

    Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunub.

    İlk olaraq xatırladaq ki, ağ kağızda çap olunmuş əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunub. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilib, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilib.

    Əskinasın üzərində Orxon-Yenisey əlifbası ilə yazılan Gül Tigin kitabəsində deyilir:

    “Türk millətinin adı sanı yox olmasın deyə atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı sanı yox olmasın deyə məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum”

    Yeri gəlmişkən qeyd edək ki, saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 5 manatlıq əsginasda su nişanı – üç alov təsvir olunub. 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər var.



    Orxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbasıdır. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılıb. Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanıb və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunub.
    Vilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürüb. 
    200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatıb. VII – X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir.


    Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur.


    Mənbə: faktxeber.com

  • 2 qızını atıb qaçan 23 yaşlı gəlin geri qayıtdı: Canlı yayımda duyğusal anlar – FOTO + VİDEO

    Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 23 yaşlı Yeganə Məmmədova dünən “Bizimləsən” verilişinə gəlib. 

    Baku.ws-in məlumatına görə, Yeganə Məmmədova canlı yayımda atası görüşərkən göz yaşlarını saxlaya biləyib. 

    23 yaşlı Y.Məmmədovanın sözlərinə görə, o, Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu deyib. 

    Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. 

    O, yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var. 









  • Bakıda tikilən ticarət mərkəzi uçdu – VİDEO

    Bakıda tikilən ticarət mərkəzi uçub.

    Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanında baş verib.

    Hadisə ilə əlaqədar görüntlər sosial şəbəkəlrədə yayılıb:

  • “Fədayə Laçının ailəsi kirayə qaldığı evdən çıxarılır, pulları yoxdur” – VİDEO

    Müğənni Manaf Ağayev canlı yayımda həmkarı Fədayə Laçın haqda danışıb. 
     
    “Xəzər TV”də yayımlanan “Hər şey daxil” verilişinə qonaq olan ifaçı bildirib ki, həbsdə olan müğənni Fədayə Laçının ailəsi imkansızlıqdan əziyyət çəkir: 
     
    “Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Məsələn, Fədayə Laçından danışdınız. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Yəqin, imkanları, çörək qazananları yoxdur. Ona görə də işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Bilmişəm ki, onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim”.
     
    Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb./azxeber.com

  • Bakıda yeniyetmə qız itkin düşüb

    Bakıda yetkinlik yaşına çatmayan qız itkin düşüb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, 15 yaşlı qız iki həftə öncə itkin düşüb.

    Onun anası Qalina Samoylova polisə ərizə ilə müraciət edərək bildirib ki, yanvarın 4-də saat 19 radələrində qızı, 2003-cü il təvəllüdlü Qabriella Samoylova yaşadıqları evdən çıxaraq gedib və itkin düşüb. O qeyd edib ki, 15 yaşlı Qabriella ruhi-əsəb xəstəsidir.

  • Bu rayonlarda Olimpiya İdman Kompleksi tikilir – RƏSMİ AÇIQLAMA

    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən Goranboy, Yardımlı, Yevlax və Neftçala rayonlarında Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir”.
    Bunu bizimyol.info-nun sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

    O qeyd edib ki, Dövlət Proqramına əsasən Abşeron və Ağcabədi Olimpiya İdman Komplekslərinin tikintisi başa çatıb və hər iki obyektin 2017-ci ildə rəsmi açılış mərasimi keçirilib.

    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən Gənclər və İdman Nazirliyi 7 tədbiri icra etməlidir. Belə ki, bu qurum Abşeron, Goranboy, Yardımlı, Yevlax, Ağcəbədi və Neftçala rayonlarında Olimpiya İdman Kompleksi, Bərdə rayonunda Gənclər evinin tikintisini həyata keçirməlidir.