Category: Cəmiyyət

  • Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

    “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var”.

    Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

    Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: “Məsələn, orfoqrafiya lüğətinin son nəşrində “qarğamaq” və “qarğımaq” sözləri yazılıb. Düzgün variant təbii ki, “qarğımaq”dır”.

    M. Nağısoylu qeyd edib ki, 2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.

    O, lüğətdən çıxarılacaq sözlərin sayının arta biləcəyini də deyib.

  • “Oğlum dedi mənə xəyanət edib, lazım deyil” – Gəlini Bakıya qaçan qadın

    Masallı rayonunda iki uşaq anasının övladlarını ataraq evdən qaçdığı barədə məlumat vermişdik.

    Median.Az Milli.Az-a istinadla xəbər verir ki, rayonunun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk etdikdən sonra hələ də ondan bir xəbər yoxdur.

    Qaçan gəlinin keçmiş qaynanası Fatimə xanım “Bizimləsən”ə danışıb:

    “Yeganənin evdən getməyi mənə pis təsir etdi. İki balası var evdə. 

    Birdən-birə evləndilər. Yolda görüb, istəyib, alıb. Dedim “Ay bala, qoy 1-2 ay görək”. Dedi “Yox, al”. Getdim aldıb gətirdim. 7 gün evimdə saxlamışam. Ondan sonra göndərmişəm. Demişəm “O arvadın, o da sən. Gedin. Bakıda qalırsan, harda qalırsan, get saxla”. O gedən getdi. Gəlirdilər də, gedirdilər də. 5 gün, 3 gün… Onun evində bir dəfə qalmışam. Onu da anası burnumdan tökdü. Deyirdim bala, nə iş görürsən? Deyirdim uşağa yemək bişir. Uşaqları da Mehdi saxlayırdı. Deyirdi telefonla danışıram, istəmirəm. Yaylığımı Mehdinin ayağının altına atdım. “Yiyə dur, iki balan var. Bala, heç kəs bilməsin bu məsələni” dedim. Atası dedi “İstəmirsən, gətir at evimə”. Mehdi apardı. Dedi “Mənə xəyanət edib, mənə lazım deyil”.

    Fikirlərinin sonunda keçmiş qaynana Yeganəyə efir vasitəsi ilə müraciət edib: “Mən keçirəm, Yeganə. Gəl uşaqlarına yiyə dur”.

    Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.

  • İnstitutda qalmaqal: Qoy, hamı burada qoyun kimi oturub qulaq assın – VİDEO

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovadan institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.

    Oxu.az-ın xəbərinə görə, video sosial şəbəkələrdə yayılıb.

    “Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə “emdiardı”, “eksdiardı”. Bəlkə, bu sizin “zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, “rifamiçin”ə  qarşı həssasdır, digərində – davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, – Səbinə Məmmədova deyib.

    Bu sözlərdən sonra o, zalı tərk edib.


    Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub.

  • Yol polisi ilə dalaşan şəxs özünü belə yandırdı – ŞOK VİDEO

    Ağdaş rayonunda sürücünün yol polisi əməkdaşları ilə mübahisədən sonra özünü yandırması hadisəsinin bəzi detalları məlum olub.

    Lent.az-ın əldə etdiyi məlumata görə, Ağdaşın mərkəzi bazarının qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. Səbəb isə H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub.

    Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib.

    H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bu günlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu və nəqliyyat vasitəsinin əlindən alınaraq polis şöbəsinə aparılmasına qarşı çıxıb və mübahisə zamanı avtobildəki şüşə qabdan benzini götürərək başına töküb. 35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb.

    Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılıb.

    Ağdaş rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, hazırda intihara cəhd edən şəxsin həyatı üçün təhlükə yoxdur. Lakin o, bu hadisənin izlərini ömür boyu daşımalı olacaq. Belə ki, H.Söhbətovun bədəninin 20 faizdən çoxdu ağır dərəcədə yanıb. Onun üz nahiyəsi tamamilə yanıb.

  • “Binə” və “Sədərək”də əsassız ödənişlər ləğv olunsun, icarə haqqı azaldılsın” – Nazirliyə TƏKLİF

    Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

    Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

    Median.Az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacaq.

    Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

    Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərinə. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.
    Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

    2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

    Məlumatlara görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərinin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir.

    ““Binə” və “Sədərk”də ticarət dövriyyəsi müəyyənləşdirilməlidir”

    Tanınmış iqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, ”Binə” və “Sədərək” ticarət mərkəzlərində dövriyyənin müəyyənləşdirilməsi və vergiyə cəlb edilməsi üçün kassa aparatlarının yerləşdirilməsi vacibdir:

    “Eyni zamanda, ticarət mərkəzlərindəki bəzi mağazalarda quraşdırılan kassa aparatlarının işləkliyi təmin olunmalıdır. Kassa aparatlarının işə salınması ilə yanaşı, “Binə” və “Sədərək”də xərclərin azaldılmasına ehtiyac var. Hazırda bu ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların xərcləri həddindən yüksəkdir. Daxili, həm də əsassız ödənişlərinin çox olduğu bir vaxtda, onların həm də vergiyə cəlb edilməsi xərcləri daha da artıracaq”.

    “Sahibkarların daxili xərcləri azaldılmalıdır”

    Ekspert deyib ki, ticarət mərkəzlərindəki problemə kompleks yanaşılmalıdır:

    “Hər bir sahibkar əldə etdiyi gəlir və dövriyyədən qanunvericiliyə uyğun olaraq, vergi ödəməlidir. İri ticarət mərkəzlərinin özündə də şəffaflığın təminatı olduqca vacibdir ki, həmin sahibkarların xərcləri artmasın. “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki mağazalarda sahibkarların xərclərinin azaldılması istiqamətində də danışıqlar aparılmalıdır. Onların normal fəaliyyətinin təminatı üçün əlavə və əsassız ödənişlər ləğv olunmalı, icarə haqqı azaldılmalıdır. Çünki sahibkarların həm daxili və əsassız ödənişlər ödəməsi, həm də vergiyə cəlbi onları çökdürə bilər. Nəzərə almaq lazımdır ki, xüsusilə 2015-ci ildə manatın məzənnəsinin kəskin ucuzlaşması sahibkarların işini çətinləşdirib”.

    Çıxış yolu…

    V.Bayramovun sözlərinə görə, ümumilikdə sahibkarların vergiyə cəlb olunması, avtomatik olaraq, onları daxili ödənişlərdən azad etmir:

    “Daxili ödənişləri azalacağı təqdirdə, sahibkarlar leqal şəkildə vergi ödənişlərinin icrasında daha çox maraqlı olacaqlar”.

  • Şamaxıda yollar buz bağlayıb – Maşın aşdı

    Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.

    Median.Az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində 99-FX-599 dövlət nömrə nişanlı, “Hyundai SantaFe” markalı minik avtomobili sürüşərək yoldan çıxıb və çökək əraziyə aşıb.

    Hadisə zamanı avtomobildə olan Qəbələ rayon sakinləri – 1986-cı il təvəllüdlü Cəlilov Murad Ağa oğlu, 1996-cı il təvəllüdlü Səfiyev Sənan Aqil oğlu və 1996-cı il təvəllüdlü Mehralıyev Cavidan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Şamaxıda başqa bir minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində rayonun Məlikçobanlı kənd sakini, 2008-ci il təvəllüdlü Ramazan Seyidov və Bakı sakini, 1990-cı il təvəllüdlü Nicat Şakirli xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı – VIDEO

    Masallı rayonunda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. Artıq 4 gündür ki, valideynlər qızlarından bixəbərdirlər.

    “Xəzər TV” xəbər verir ki, rayonun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk edib. Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O vaxtdan qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub yazıb.

    Yazdığı məktubda isə valideyinlərinə layiqli övlad olmadığını səbəb gətirərək, evi tərk etdiyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o, Bakı şəhərinə üz tutub.Atasının sözlərinə görə, hələ də qızlarının niyə belə addım atdığını bilmirlər. Deyir ki, bu günə kimi evlərində nə dava olub, nədə söz-söhbət.

    Filqət Abbasovun əldə etdiyi son məlumata əsasən, Yeganənin getdiyi maşına Biləsuvar rayonunda daha bir qadın minib. Yeganə Məmmədova ilk öncə sürücüyə Bakının Əhmədli qəsəbəsinə gedəcəyini bildirsə də, amma həmin qadınla birgə “20 Yanvar” ərazisində düşüb. Bu Yeganə Məmmədovanın hansı istiqamətə getdiyi haqqda əldə olunan son məlumatdır.

    Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verilib. Araşdırma aparılır.

  • Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir (FOTO)

    “Gəncə Beynəlxalq Hava Limanında sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır. Səhər reysi ilə uçuş üçün 7-dən tez gələnlər qapıda saxlanılır”.

    Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Elkin Xəlilov öz “Facebook” səhifəsində yazıb. O, vaxtından əvvəl getdiyi üçün soyuq havada aeroportun bağlı qapıları arxasında qaldığını, ayaqyolu əvəzinə mühafizəçinin ona ağaclığı göstərdiyini, hava limanının şəxsi mülk kimi işlədildiyini, həmçinin yüklərin aeroport işçiləri tərəfindən qanunsuz şəkildə açıldığını qeyd edib: 
     
    “Mühafizəçinin otağına yaxınlaşdım ki, tualetə getmək istəyirəm. Yəqin ki, açıq tualet olar. Dedi o da bağıdır. Özünü ver ağaclığa. Burda özümü saxlaya bilmədim. Dedim, a kişi, nə danışırsan, nə ağaclıq? Bura ölkənin ikinci böyük şəhərinin aeroportudur. Ölkəyə gələn turistlərə də belə deyirsiniz? Dedi ki, vallah belədir. Elə mən özüm də gedirəm ağaclıq tərəfə…
     
    Halbuki, Gəncə ən qədim tarixə malik şəhərlərimizdən biridir, Cümhuriyyətin ölkədə olan ilk paytaxtıdır, böyük sənaye şəhərdir. O boyda şəhərin aeroportunu obyekt kimi işlədirlər, saat 7-də açıb, axşam da bağlayırlar”.

    Bundan əlavə jurnalist Gəncə Beynəlxalq Hava Limanının normal bir sosial şəbəkə hesabının, e-mail adresinin və web saytının olmadığını bildirib. Dövlət qurumunun e-mail ünvanının “mail.ru” saytında açılması, həmçinin “@” işarəsinin (AT) şəklində yazılması isə sosial şəbəkə istifadəçiləri arasında tənqid olunub və savadsızlıq kimi göstərilib. “Aeraport-genja”nın isə hansı anlam daşıdığı isə məlum deyil. Azərbaycan dilində “aeraport” sözünün ikinci hərfinin o ilə yazıldığı hər kəsə məlumdur, həmçinin Gəncə şəhərinin adı isə beynəlxalq dildə “Ganja” yazılır ki, bu da heç bir çərçivəyə sığmır. (Aeroport haqqında məlumatlar isə ganja.az saytında yerləşdirilib – red.)
     
    Məsələnin xırdalıqlarına çox da varmadan, bircə suala cavab tapmaq istərdik. Hava limanı saat 7-də açılıb, axşam saatlarında bağlana bilərmi?


    Aeroportun məlumat bürosunun əməkdaşı Ceyran Əliyeva da bu problemin olduğunu və axırıncı reys uçandan sonra qapıların bağlandığını, səhər erkən gələn sərnişinlərin soyuqda gözləmək məcburiyyətində qaldıqları faktını təsdiqləyib: “Aeroport axırıncı reys uçandan sonra bağlanır. Məsələn, bu gün saat 18:00-da bağlanacaq. Səhər reysindən öncə gələnlər aeroport açılana qədər ya maşında gözləyirlər, ya da çox vaxt soyuqda qalmalı olurlar. Gəncədə belədir. Çox adam gələndə təəccüblənir ki, hava limanı beynəlxalq səviyyəlidir, amma necə olur ki, 24 saat işləmir?!”

  • “Əsgər” sözü “əskər”, “alqı-satqı” sözü “alğı-satqı” kimi yazılacaq – DƏYİŞİKLİK

    AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

    Median.Az-in AMEA-ya istinadla məlumatına görə, iclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. 

    Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib. 

    Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

  • Azərbaycanda rüşvət istəyən direktor işdən çıxarıldı – Rəsmi

    Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən kənarlaşdırılıb.

    Bu barədə baku.ws-ə Cəlilabad Rayon Təhsil Şöbəsindən (RTŞ) məlumat verilib.

    Məlumata görə, Cəlilabad RTŞ-nın 15 yanvar 2018-ci il tarixli 5 nömrəli əmri ilə Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra etmiş Lətif Seyfullayevdən həmin səlahiyyətlər alınıb.

    Qeyd edək ki,direktor məktəb müəllimlərini 50 manat rüşvət vermədiyi üçün təhqir edib. L.Seyfullayev müəllimlərdən rüşvət tələbi ilə bağlı səsyazısı yayılmışdı