Category: Cəmiyyət

  • Bakıda oğlan diz çöküb sevgilisinə evlilik təklifi etdi – VİDEO

    Bakı metrosunda gənc oğlan sevdiyi qıza evlilik təklifi edib.

    Baku.ws-in məlumatına görə, qatarda sevdiyi qızın qarşısında diz çökən oğlan musiqi sədaları altında etiraf edib. Xanım sevgilisinin dostları ilə birlikdə hazırladığı sürpriz evlilik təklifinə “hə” cavabı verib”. 

    Səbəbkarlar qatardakı sərnişinlərə fikir vermədən həyatlarının xöşbəxt anlarını yaşayıblar.  

    Sərnişinlər isə oğlanın evlilik təklifini videoya çəkiblər.  

    Sözügedən kadrları sizə təqdim edirik. 

  • Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib

    ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.

    Median.Az-ın xəbərinə görə, bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib.

    O bildirib ki, sabah Çingiz Sadıxovla vida mərasimi keçiriləcək:

    “Azərbaycan prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçi Çingiz Sadıxovun nəşi vətənə gətirilib. Yanvarın 16-da Çingiz Sadıxovla Təzə Pir məscidində 12.00-dan 14.00-dək vida mərasimi keçiriləcək, Xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək”.

    Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 

    Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

    Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

    Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.

  • Goranboyda tapılmış qadın Çeçenistanda sığınacağa yerləşdirilib

    Azərbaycanın Goranboy rayonunda, küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana çatıb.

    Oxu.Az-ın “Кавказ Реалии”yə istinadən verdiyi xəbərə görə, qadın respublikanın Naursk rayonunun Alpatovo kəndindəki sığınacağa yerləşdirilib.

    Əliyevanın Çeçenistana qayıdışı və sığınacağa yerləşdirilməsi ilə bağlı yerli telekanalda hazırlanan reportaja əsasən, qadın yaşlı olduğuna görə “Azərbaycana gəlişinə qədər olan bioqrafiyası ilə bağlı faktları səhv sala bilər”

    Çeçen telekanalının kamerası qarşısında Əliyeva uzun müddət İordaniyada, atasının qohumlarıgildə yaşadığını, ancaq hər zaman Çeçenistanda yaşamaq istədiyini bildirib.

    Bununla belə, Mədinə Əliyeva bəzən rus sözlərindən istifadə etməklə çeçen dilində səlis danışır və buna görə onun İordaniya çeçenlərindən olması inandırıcı görünmür. Qohumları ortaya çıxana qədər qoca dövlətin tam təminatı altında, sosial sığınacaqda qalmalı olacaq.

  • Ziya Məmmədov xüsusi təyinatlılarla biznesmenin oğlunu tutdu: “Atana de, oyun bitdi!”

    Sahibkar Hafiz Məmmədov (işgüzar dairələrdə daha çox “Hafka” adı ilə tanınır) dost-partnyorlarının onun biznes-imperiyasını necə fəlakət həddinə çatdırdıqlarından bəhs edib. Median.Az virtualaz.org-a istinadən H.Məmmədovun həmin vaxt yüksək vəzifələr tutan şəxslərlə bağlı çıxışını təqdim edir:

    H.Məmmədov yazıb ki, bu əhvalatı heç vaxt unutmayacaq: “Düzünü desəm, onu kiminləsə bölüşmək barədə də düşünmürdüm. Amma bu gün düşdüyüm vəziyyət, hansında ki, onun təşəbbüskarlarının aktiv rolu var, məni məcbur edir ki, bütün detalları ictimaiyyətə çatdırım.

    2014-cü ilin isti iyun günündə Azərbaycan paytaxtının mərkəzində baş verən hadisə kiməsə yalnız adi dedektiv əhvalat kimi görünə bilər. Amma mənə yox… Bir gün sonra oğlum Kənanın toyu olmalı idi, o qədər qayğılar vardı ki?! Üstəlik də mənə və ümumi işə sədaqət andı içmiş “başqa köhnə dostların” məni hər tərəfdən bürüyən bir çox problemləri. Bəli, qəliz hiylələrin yumağı daha kip yığılırdı və mən artıq yaxınlaşan növbəti qorxunc zərbəni bütün varlığımla hiss edirdim. Mən təbiətən zəif insan deyiləm, sonuna kimi mübarizə apara bilirəm. Bunu dostlar və düşmənlər də bilirlər. Amma nə vaxt ki, zərbəni haradan gözlədiyini bilmirsən, razılaşın, bu, insanı içdən parçalamağa başlayır. Ancaq o şeyləri ki, yüksək vəzifəli keçmiş dost- partnyorlarım mənə qarşı təşkil etdilər, mənim bütün gözləntilərimi üstələdi.

    “Baharı” məndən necə aldılar

    Bu problemlərdən necəsə çəkilmək üçün bir müddət onlarla əlaqəni kəsdim. Amma sonrakı hadisələr göstərdi ki, onlar başlanmış işi sonuna kimi çatdırmağa, yəni məni son iliyimə qədər sökməyə, bütün layihələrimi, o cümlədən “Bahar” yatağının işlənilməsi ilə bağlı ən bahalı layihəmi ələ keçirmək üçün qəti qərar veriblər. Günorta Kənan zəng vurdu və açıq hiss olunan həyəcanlı səslə bildirdi ki, “əmisi” Ziya Məmmədovun başçılığı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı bölməsinın böyük bir dəstəsi məni axtarır. Oğlumun həyəcanının səbəbini sonra bildim. Onu bir neçə xüsusi avtomobillə “sıxaraq” saxladıblar. Qabaq maşından Ziya Məmmədov düşüb, gözləyib ki, qara maskalarda on yekəpər oğlanlar da düşüb onun arxasında döyüş vəziyyəti tutsunlar. Bundan sonra, onu müşayət edən xüsusi təyinatlı dəstəyə işarə edərək, lovğa-lovğa, təkəbbürlə Kənana deyib ki, oyun başa çatdı. Yəni atana de ki, dərhal görüşə gəlsin.

    Ziya Məmmədov “spesnaz” komandiri kimi

    Onda nəqliyyat naziri olan Ziya Məmmədovun MTN-in Xüsusi Təyinatlı Dəstəsinə necə başçılıq etdiyi mənim üçün bu gün də müəmma olaraq qalır. Eləcə də məni, ümumiyyətlə, hansı səbəbdən xüsusi təyinatlı dəstənin axtarması… Amma o anda vəziyyəti necəsə yumşaltmaq üçün ona zəng vurdum. Ziya ciddi şəkildə şəhərdəki məşhur mehmanxanaların birinə getməyimi, orada “Bahar” Operating Company şirkəti rəhbərliyinin keçirdiyi toplantıya qatılmağımı və öz səlahiyyətlərimdən imtina etməyimi “tövsiyə etdi”. Bundan sonra ona qulaq asmağın mənası yox idi. O qədər “mehriban tövsiyədən” imtina etmək mümkün deyildi.

    Oteldə toplantı: toplaşanlar “Hafka”nı gözləyir

    Amma mehmanxanada nisbətən kiçik otağa daxil olanda mən daha çox təəccübləndim. Masanın baş tərəfində nazirin oğlu Anar Məmmədov oturmuşdu, masanın arxasındakı digər bütün yerlər də onun adamları tərəfindən tutulmuşdu. Və şirkətə rəsmən aidiyyəti olan yeganə şəxs, mənim amerikalı partnyorum “Grenfeld” şirkətinin başçısı onların arasında kasıb qohum qismində vurnuxurdu. Ona – tək rəsmi şəxsə stul çatmamışdı – bütün stullarda mənim tanımadığım insanlar oturmuşdular və hiss olunurdu ki, onlar yalnız mənim gəlişimi gözləyirlər.

    Və bu insanlar qara maskalarda onları əhatə etmiş yekəpər oğlanların dəstəyini hiss edərək kobud formada tələb etdilər ki, mən yazılı şəkildə “Bahar” Operating Company şirkətinin prezidenti vəzifəsindən imtina edim. Onlara izah etmək istədim ki, bütün bunlar qanunsuzdur, amma əbəs yerə. Əvəzində onların “izahedici işi” daha effektiv oldu. Bir müddətdən sonra anlayaraq ki, burada istənilən danışıqların tamamilə heç bir mənası yoxdur, müvafiq ərizəni yazmağa məcbur oldum. Hərçənd belə imtinanın tam mənasızlığını elə onda baş düşürdüm. Çünki müvafiq şikayətlə Dubayın hüquq-mühafizə orqanlarına müraciət etmək kifayətdir ki, beynəlxalq qalmaqal qopsun, xüsusi təyinatlıların işinin nəticələri ləğv edilsin və Hafiz Məmmədov şirkətin prezidenti vəzifəsinə bərpa olunsun 

    “Canik”in dostu Emin Sadiq: elit fahişələrin düşkünü

    Məsələ bundadır ki, “Bahar Operating Company” Dubayda qeydiyyatda idi və şirkətin rəhbərliyi ilə bağlı bütün dəyişikliklər ancaq bu ölkənin qanunları əsasında həyata keçirilə bilərdi. Lakin bizim başda Cahangir Hacıyev olmaqla bədnam sahibkarlarımıza öz sövdələşmələrini başa çatdırmaq üçün elə bu da kifayət edirdi.

    Mənim şirkətdəki payımı maliyyə baxımından ən alçaqcasına ələ keçirəndən sonra o, son nöqtəni qoydu və məni şirkətdən tamamilə uzaqlaşdırdı. Və “Canik” dərhal mənim yerimə özünün yaxın dostu, elit fahişələr və komfort düşgünü Emin Sadiqi təyin etdi. Hansı ki, tezliklə onun barəsində nəinki Azərbaycanın, qonşu ölkələrin də hüquq-mühafizə orqanları axtarış elan etmişdi.

    Sonradan aydınlaşdırdım ki, MTN xüsusi təyinatlılarını birbaşa Eldar Mahmudovun əmri ilə hazır vəziyyətə gətiriblər. Adətən bu cür xüsusi təyinatlı dəstələri xüsusi təhlükəli cinayətkarları, terrorçuları zərərsizləşdirmək üçün istifadə edirlər. Yəni xüsusi təyinatlıları işə salmaqla onların mənə qarşı oyunlarında zarafat etmədikləri aydın idi.

    Lakin hansı qanuni əmrdən söhbət gedə bilərdi ki, Eldar “Canikin” qudası idi. Qudanın sözündən çıxmaqmı olar? Buna görə nəinki xüsusi təyinatlılarının dəstəsini, bütün güc və qüvvələrini də oyuna atmağa hazır idi. Lakin bir məsələ qaranlıq qalırdı ki, nəqliyyat naziri hara, MTN xüsusi təyinatlıları hara? Bir halda ki, xüsusi təyinatlıların dəstəsində onsuz da kifayət qədər təcrübəsi olan yüksək rütbəli MTN zabitləri var idi.

    Ziya Məmmədov hara, MTN hara

    MTN bu cür fəxri missiyanı sıradan “xəbərçi”yə həvalə edə bilməzdi. Qoy oxucular özü düşünsün ki, nəqliyyat naziri MTN xüsusi təyinatlılarına necə başçılıq edə bilərdi. Bu barədə müvafiq dövlət strukturları da fikirləşsə pis olmaz. Mən bütün obyektlərimi, gəlirli aktivlərimi əlimdən necə aldıqlarına, əvəzində məni uydurma kreditlərin və borcların altında əzdiklərini göstərən cəmi bir misal göstərdim. Hamısını sadalasam buna vaxt çatmaz, üstəlik indi olanların çoxunu yada salmaq da asan deyil.

    Bundan əvvəl “Canik”in mənim belimə əslində öz şirkəti “Heaney Assets Corporation”a verdiyi 112 milyon dollar və 3.6 milyon avronu necə yüklədiyi haqda yazmışdım. Mənə yüklədikləri ödənilməmiş kreditin daha 47 milyon dolları “Azərikart” sisteminə görə ayrılmışdı, hansı ki, həmin krediti hələ 2012-2013-cü illərdə ödəmişəm. 330 milyon dollar (285 milyon dollar əsas borc, 45 milyon dollar isə faiz) məsələsinə gəldikdə isə bunlar bizə qarşı qaldırılmış 9 məhkəmə iddiasına hesablanıb və onların əsasında indiyə qədər milyonlarla dollar ödəmişik. Bizə yüklənən 770 milyon dollar sübut edir ki, Beynəlxalq Bank bizim şirkətlərin hesablarından uydurma faizlər və təkrarkreditləşmə adı altında yüz milyonlarla dollar artıq pul çıxıb. Məhkəmələr isə Beynəlxalq Bankın sifarişlərini yerinə yetirmək vərdişlərindən hələ də əl çəkməyiblər.

    772 milyon manat borc

    Nəticədə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev bu gün raport verir ki, “Hafka”nın Beynəlxalq Banka olan 772.5 milyon dollar borcu ödənilib. Bəli, “Canik” öz çirkin işini görüb qurtardı və getdi. O, törətdiyi əməllərinə görə cəzasını çəkir. Əvvəlcə belə düşünürdük ki, onun getməsi qalanları məsələnin nə yerdə olduğuna inandırmağa imkan verəcək. Lakin belə olmadı.

    “Canik”ə ələ keçirdiyi yüz milyonlarla dollarlıq aktivlər azlıq edirmiş kimi saxta sənədlər də hazırlayıb və onların köməyi ilə məni sonradan məhkəmələrdə şantaj etməyə hazırlaşıb. Ardınca Məmməd Musayev “Canik”in işini davam etdirir. Onların iddiası əsasında məhkəmələr gedir. Lakin bütün bunlar “Baghlan Group”un problemlərini həll etmir. 

    Sübut edə bilmirəm ki, mən Beynəlxalq Banka yox, bank mənə borcludur. “Canik”məni bax belə talayıb və hər şeyi saxtalaşdırıb, Məmməd Musayev isə məsələni ayırd etmədən Beynəlxalq Banka 772.5 milyon manat ödəyib və həmin pulları məndən tələb edir. Mən necə sübut edim ki, belə borc yoxdur və bütün bunlar bani donuna girmiş fırıldaqçının saxtakarlığı nəticəsində yaranıb.

    Tam məsuliyyətimlə deyirəm ki, “Canik”in vurduğu ziyan təkcə sadaladığım üç kredit maxinasiyası ilə yekunlaşmır. Bizim Beynəlxalq Bankla apardığımız digər kredit əməliyyatları da bu cür olub.

    “Badımcan” taksiləri küçələrdə saxlayıb apardılar…

    Hamıya məlumdur ki, London taksilərini ilk dəfə Bakıya bizim “Bakı Taksi” MMC şirkətimiz gətirdi. Bu gün şirkət ciddi çətinliklər içərisindədir. Məhkəmədə şirkətə qarşı bank tərəfindən qaldırılmış iddiaya baxılır. Hakim bizim dəlillərimizin heç birini nəzərə almadan bankın xeyrinə qərar çıxardı. Hansı ki, kredit sənədlərində aydın şəkildə bizim 20.5 milyon dollar götürdüyümüz yazılıb, bank isə 29 milyon dollar tələb edir. Aradakı bu fərq hakimin vecinə olmadı və o, bizim əleyhimizə qərar çıxardı. Məhkəməyə qərarı qüvvəyə minən kimi bizim London taksilərini küçələrdə saxlayıb DYP-nin cərimə dayanacaqlarına deyil, “Aqrarkredit” QSC-nin qarajlarına apardılar. Çoxsaylı pozuntular şəraitində taksilərimiz müsadirə olundu.

    Elə həmin hakim bizim digər şirkət “Baghlan Trading”ə qarşı da bu cür davrandı. Beynəlxalq Bankın iddiasını təmin etdi. Hansı ki, iddiaçı tərəf heç şirkətə 160 milyon dolların verildiyinə dair sənədləri belə təqdim etməmişdi. Aydın məsələdir, nəyə görə Beynəlxalq Bank 10 il ərzində hər ay bizim hesabımızdan sosial, idman və digər xərclər adı altında 500 min dollar silib. Bu pulların bir qismi də “Canik”in cibinə gedib.

  • “Qayınım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi” – FOTO

    Median.Az xəbər verir ki, Big.az saytı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyilə birgə “Susma” adlı layihəyə həyata keçirir.
     
    Layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. Növbəti dəfə danışan xanım əri tərəfindən övladı əlindən alınan Günel Məmmədovadır (ad şərtidir). 

    – Necə oldu ki, bu sığınacağa yerləşdirildiniz?

    – Mən 2011-cı ildə ailə qurmuşam. Onunla ailə quranda artıq o, 28 il idi ki, Rusiya vətəndaşıydı. Mən onun ikinci həyat yoldaşı oldum. Birinci xanımı sinif yoldaşı olub. Həmin xanımla 17 il ailəli olublar. Həmin nikahdan 2 qızı var. Hər kəs birinci xanımından üz döndərsə də, böyük bacısı onu çox istəyirdi. Ərim ailə quranda mənə dedi ki, sən kənd qızı olduğundan ailə qururam, anam-bacım deyən qızı ona görə almıram ki, onlar mən deyən yolu gedə bilməzlər. Avqustun 2-si onunla ailə qurdum. Ailə qurduğumuz ilk gündən ailəsi məni bəyənmədi. Məndən ayrılmasını istəyirdilər. O, oğlumuzun olmasını istəyirdi, qız olsa abort etdirməyimi tələb edəcəkdi. Elə oldu ki, oğlumuz oldu. 15 gün qayınatamgildə qaldım. Bu 15 gündə ancaq söz- söhbət olurdu. Böyük baldızım istəmirdi ki, ərim birinci ailəsini dağıtsın. 

    – Əriniz sizinlə necə davranırdı?

    -Çox mədəni insanıydı. Onun qoca, xəstə rus sahibi var idi. Mən oraya gedəndən həmin evin sahibinə atam kimi baxırdım. 2012-cı ildə oğlum dünyaya gəldi. Oğlumun artıq 6 yaşı var. Oğlum dünyaya gələn zaman rus öldü. Rus ölənə kimi bacısı, ailəsi, kənddən gələnlər evimizi futbol topuna döndərmişdilər. Məni çox incidirdilər. Ərimə deyəndə də, o, heç nə demirdi. Düzdür, yaxşı qazanırdı. Mən bu gün başıma gələnləri kiməsə danışanda deyirlər ki, ərin rus sahibəsinə görə dözürmüş. Çünki onun dərdini heç kim çəkməzdi. Rus sahibəsi öləndən sonra ərim evi öz adına çevirdi. Evi öz adına çevirəndə onlar kimi oldu. Mənim əlimdə döyülmə videolarım var. Telefonum əlimdən alınıb. Mən evə bağlı şəkildə saxlanılmışam. Sahibəsi öləndən sonra ərim məni Azərbaycana gətirib anamın üstünə atdı. Bəhanəsi də guya evi təmir etdirirdi. Anam təzyiq xəstəsi idi. İl yarım Azərbaycanda qaldım. Keçən ilin martında guya oğlumu gəzdirmək, paltar almaq adı ilə Dağıstana qədər qaçırtdı. Mən də qayınatamgilə gedib dedim ki, uşağımı qaytarmasanız, özümü öldürəcəyəm. Gedib uşağımı alıb Azərbaycana qayıtdım. 8 aya kimi anamla qaldım. O eşitdi ki, anam öləcək, məni geri apardı. 

    – Rusiyaya geri qayıdanda ailənin sizə münasibəti necə oldu?

    – Geri qayıdanda gördüm ki, evimiz adamla doludur. Yenə mən hər şeyə razı idim. Təki övladım yanımda olsun. Mən bütün günü evin işlərini təkbaşıma görürdüm. Əri evə gələndə məni döydürürdülər. Məni döyüb dəfələrlə meşəyə atırdılar. Orda ruslarla rastlaşırdım, məni evə gətirirdi. Dili də yaxşı bilmirdim. Onlar məni meşəyə ona görə atırdılar ki, mən həmin rusa yaxınlaşım. Adını da qoysunlar ki, guya mən gəzəyənəm, ərimə meşədə rusla xəyanət edirəm. Onlar bunu etməklə övladımı əlimdən almaq istəyirdilər. Rus sahibəsi öləndən sonra çalışırdılar ki, oğlumu əlimdən alsınlar. Azər həmişə mənə deyirdi ki, ailəmi həmişə səndən üstün tutacağam. Məni aparıb bacısıgilə atırdı. Bacısı da ağlayaraq ona zəng edirdi ki, Günel bizim yeməyimizə zəhər atıb, bizi öldürmək istəyir. Mən də deyirdim ki, mənim pulum var zəhər alım? O, məni hamının ayağa Verdi, arxamda durmadı. Övladım atasını çox sevirdi. Mən atasız böyüdüyümə görə istəmədim ki, oğlum da atasız böyüsün. Sonu da belə oldu. Qaynım mən yuyunanda hamama daxil olurdu, yataq otağıma girirdi. Hərəkətini, danışığını bilmirdi. Bu da əlbəttə, məqsədli idi. Çünki məni dəli kimi qələmə vermək istəyirdilər. 10 ayda mən gündə söyülmə və döyülmə ilə qarşılaşmışam. Evin pərdələrini, qablarını sındırırdılar. Yeməyi ayaqyoluna tökürdülər. Ərim evə gələndə də deyirdilər ki, Günel bizim yeməyi ayaqyoluna tökür. Xəstəxanadan ekspert gətirirdilər ki, gəlin dəli olub. Ərim bu dəfə də deyirdi ki, oğlumun anasıdır, bir dəfə də şans verirəm. Sonda isə məni dəli adlandırıb xəstəxanaya atdılar. Səbəb isə qaynımın uşağı oğlumu boğurdu mən də əsəbləşib onun qolunu dişlədim. Bunu onlar videoya çəkdilər. Həm də evi dağıdıb məni şərlədilər. Yalandan deyirdilər ki, guya mən uşağı eyvandan atıram, üstlərinə bıcaq çəkirəm. Ərim də bütün bu yalanlara sadəcə susurdu. Məni atdılar dəlixanaya. Adını da qoydular ki, guya uşağın psixologiyasını pozmuşam. Mən xəstəxanada 15 gün yatdım. Həkim mənə dedi ki, biz səni kameradan izləyirik normal, sağlamsan. Həkim ərimə zəng elədi. Ərim də yalandan həkimə dedi ki, mən Bakıdayam, 15 gün də yatırın, pulunu ödəyəcəyəm. 1 ay məni xəstəxanada yatızdırdı. Sən demə, 1 ay xəstəxanada yatan anaya uşaq vermirlər. Nikahımız silinib. Amma mən məhkəmədə iştirak etməmişəm. 

    – Oğlunuzun sizə münasibəti necədir?

    -Oğlum mənə ana demir. Atası hər kəsə məni günahkar kimi qələmə verir. Məni xəstəxanadan çıxarıb öz tanışı ilə Bakıya -dayımın üstünə atdı. Mənə hansısa dərman vermişdilər. Rayonda hamı şahiddir ki, mən hansı vəziyyətdə olmuşam. Gəldim 1 ay yatdım. Ayıldım ki, oğlum yoxdur. Pul tapıb Rusiyaya getdim. Soyuqda blokda yatırdım. Qaynım da, ərim də məni döyürdülər ki, sən bura kimlə gəlmisən. Övladımı mənə göstərmədilər. 

    – Oğlunuzu geri almaq üçün hara müraciət etmisiniz?

    – Hara gedirəm, dərdimə əlac yoxdur. Hər kəs deyir Rusiya vətəndaşı olduğu üçün gedin probleminizi orada həll edin. Mən hər yerə müraciət etmişəm. Son ümid kimi, Xoşqədəm xanımın verilişinə çıxdım. Mən keçmiş ərimdən heç nə istəmirəm. Artıq o, üçüncü dəfə evlənib. Ümidlə övladımın mənə qaytarılmasını gözləyirəm.



  • Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır

    Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, cari ilin fevral ayının 1-dən etibarən transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
    Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

    Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

    Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

    Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

    Ötən tədris ilində portal vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.

  • Səhiyyə Nazirliyindən sonsuzluğa, depressiyaya səbəb olan dərmanla bağlı açıqlama

    Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri tərəfindən insanda sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsi kimi xəstəliklərə yol açdığı deyilən dərman – “İbuprofen”lə bağlı açıqlama verib.

    Mərkəzdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycana bu adda dərmanların gətirilməsinə icazə verilir.

    Azərbaycana gətirilən “İbuprofen” dərmanları Belarusun Borisov Dərman Preparatları Müəssisəsi tərəfindən istehsal edilir.

    Bu dərman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2014-cü il noyabrın 4-də qeydiyyata alınıb. Qeydiyyat bitmə tarixi 2019-cu ilin noyabrın 4-dədir.

    Nazirlik bildirir ki, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir:

    “İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb”.

    Qeyd edək ki, Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

    Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, İbuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur.

    Doza həddinin aşılması zamanı qarında ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, tormozlanma, yuxululuq, depressiya, baş ağrısı, hipotoniya, qıcolmalar, ürək ritminin pozulması, tənəffüsün zəifləməsi kimi hallar baş verir.

    Dərmanın əlavə təsirləri-bağırsaq qanaxması, ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispepsiya, qarında ağrı, melena, qanlı qusma, xoralı stomatit, kolitin kəskinləşməsi və Kron xəstəliyi, çox nadir halda pankreatit, anafilaksiya, astma, bronxospazm və ya təngnəfəslik, ürək çatışmazlığının əlamətləri, yuxusuzluq, həyəcan, depressiya, huşun pozulması, hallüsinasiyalar, görmə sinirinin nevriti, baş ağrısı, paresteziyalar, başgicəllənmə, yuxululuq və s.-dir.

  • Azərbaycanın gəzib-görməli yerləri Ukraynanın məşhur şousunda – VİDEO

    Milli Turizm Təbliğat Bürosu ilə milli aviaşirkət AZAL-ın birgə dəstəyilə həyata keçirilən paytaxt Bakı və gəzməli yerləri haqqında video-rolik Ukrayna televiziyasında yer alıb. 

    “Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” – Azərbaycan və Bakı haqqında olan bu coşqun ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səsləndirilib. 

    “Зважені та щасливі” Ukraynada yüksək reytinqli televiziya verilişdir. Final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.
    Ukrayna bazarı ölkəyə turist cəlbi baxımdan ən əsas potensial bazarlardan biridir. Bu baxımdan, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir.

    Xüsusilə, Ukrayna hava yolları – UIA ilə əməkdaşlıq çərçivəsində uzun müddətdir birgə layihələr həyata keçirilir, bu ölkədən mütəmadi qaydada turizm agentliklərinin nümayəndələri, jurnalistlər və bloqerlərin Azərbaycana səfərləri təşkil edilir. Eyni zamanda, Milli Turizm Təbliğat Bürosu tərəfindən Ukraynada tədbirlər təşkil olunur. Sonuncu belə görüş isə paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın turizm potensialı haqqında iyirmiyə yaxın turizm şirkətinə təqdimatlar edilib, onlarla yerli turizm şirkətləri arasında əlaqələr formalaşdırılıb. 

    Qeyd edək ki, 2017-ci ildə Azərbaycana Ukraynadan 57 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi yeddinci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə daha da artacaq. 2017-ci ilin nəticələrinə əsasən, ümumilikdə, 2016-cı ilə nisbətdə Azərbaycana gələn turistlərin sayında 20%-dən artıq artım müşahidə olunub. 

    Xatırladaq ki, Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri ənənəvi turizm bazarlarında olduğu kimi, eynilə yeni bazarlarda da həyata keçirir. Bunlara ABŞ, Avropa, Çin, Hindistan və başqaları daxildir. Milli Turizm Təbliğat Bürosu bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri ilə birlikdə yeni xidmət paketləri, marşrutlar, turlar və s. üzrə müzakirələr aparır və formalaşdırır.//oxu.az

  • Deputat cəmiyyəti tütünlə bağlı qanunun icrasında fəallığa çağırdı

    “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun cəmiyyətin sosial sifarişindən irəli gəlir və onun qəbulu hər kəsin ürəyindən xəbər verir.

    Bunu  millət vəkili Qənirə Paşayeva bildirib.

    O deyib ki , bu vacib qanunun həyata keçməsi, icrası isə əhalinin sağlamlığının qorunmasına xidmət edən vacib addımdır.

    “Odur ki,  həmin qanunun yüksək səviyyədə həyata keçməsində, onun icrasında  bütün cəmiyyət fəal olmalıdır”, – deyə Q. Paşayeva sözlərinə əlavə edib.

  • “Zara” müştəriləri aldadır – İTTİHAM

    Bloqer Aysel Əhmədova “Zara” mağazalar şəbəkəsini dələzduzluqda ittiham edib.

    Bloqer bildirib ki, “28 Mall” ticarət mərkəzində yerləşən məşhur “Zara” mağazası müştərilərini aldadır. 
    A. Əhmədova məsələ ilə bağlı görüntü lentə alıb: 

    “Yeni ildə hədiyyə almaq üçün mağazaya getmişdim. Bütün paltarlar yerdə idi. Xanımlar paltarların üstündən keçirdi. Bir paltarı bəyəndik. Etiketdə paltarın 169 manatdan 79 manata düşdüyü yazılmışdı. Onu götürüb kassaya yaxınlaşdım. Kassada əyləşən xanım satıcı mənimlə olduqca kobud davrandı. Hədiyyə paketini üstümə atdı. Dedi ki, özün paketlə, mənim vaxtım yoxdur.  Hətta qiymətin 129 manat olduğu ortaya çıxdı. Halbuki 79 manat idi. Guya qiymət səhv düşübmüş. Mağazadan çıxanda istədim ki, bütün üstünə 79 manat yazılan paltarları çəkim. Oğlan cəld davranıb bütün paltarları yığışdırıb apardı.

    Bir sözlə, “Zara”nın satıcıları müştərilərinə qarşı çox mədəniyyətsiz şəkildə davranır. Onları qiymətlərdə aldadır, kobud davranış nümayiş etdirir”.