Category: Cəmiyyət

  • Azərbaycanlı iş adamının övladına etdiyi dəbdəbəli toydan – VİDEO

    Bakıda “Böyük Saray”da baş tutan dəbdəbli toy mərasimindən yeni görüntülər yayılmaqdadır.

    Baku.ws xəbər verir ki, toyda türk müğənnilər Murat Boz, Fərhat Göçer, Mustafa Ceceli iştirak edib.

    Rus müğənni Leonid Aqutin də toyda bəy və gəlini təbrik edib. İnstagram-da paylaşılan görüntülər toyun çox dəbdəbəli olduğunu göstərir.

    Məşhur müğənnilər sevilən mahnılarını ifa edib, məclisə gələnləri əyləndiriblər. 

    Qeyd edək ki, Türkiyə mətbuatı toy sahibinin azərbaycanlı iş adamı olduğunu yazır. Murat Boz üçün 400 min dollar ödənildiyi iddia edilir. 

    Həmin görüntüləri təqdim edirik:  

  • Kardioloq: “İsa Qəmbər infarkt keçirib”

    “Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər evində olarkən infarkt keçirib. Bundan sonra təcili yardımla kardioloqa və səhhəti ciddi problem olduğundan Mərkəzi Klinikaya gətirildi”.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında İ.Qəmbərin həkimi, kardioloq Firdovsi İbrahimov deyib.

    Onun sözlərinə görə, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır və şok vəziyyətində olub: “Təzyiqi 70, ümumi vəziyyəti çox ağır idi. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti toparlaya bildik. İndi hər şey qaydasındadır. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”.

  • Mirşahin yeni televiziya açır – ANS-çilər orda

    İki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır. “Qafqazinfo”ya daxil olan məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.

    Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.

    Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

    Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

    Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

  • “Qızılca bəlası” ilə bağlı valideynlərə çağırış edildi

    Avropa ölkələrində keçən ilə nisbətən qızılcaya yoluxma sayı üç dəfə artıb. Yoluxmanın sürətlə artımı İtaliyada, Ruminiya, Almaniya və Ukraynada qeydə alınıb. 

    Təkcə Ukraynada dekabrın sonu, yanvarın əvvəlləri 200 nəfər qızılcaya yoluxub, bu da keçən illərə nisbətən 70 dəfə artım deməkdir. Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə üçü uşaq olmaqla, beş nəfər qızılcadan ölüb. Kiyevdə qızılcanın belə geniş yayılmasının səbəbi olaraq uşaqların vaxtında peyvənd olunmaması göstərilib. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına qadağa qoyulub. 

    Ukraynada “qızılca bəlası” əlaqədar Rusiya hökuməti Ukrayna ilə sərhəd məntəqələrdə sanitar nəzarəti gücləndirib.

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva İtaliyada, Rumıniya, Almaniya və Ukraynada qızılcaya yoluxma halları çoxaldığından həmyerlilərimizi ehtiyatlı olmağa çağırıb: 

    “Qızılca əleyhinə peyvənd olmayan vətəndaşlar xarici ölkələrə gedirlərsə, mütləq müalicə müəssisəsinə gedib peyvənd olmalıdır. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Tibb müəssisəsinə müraciət edərək uşağını peyvənd etdirsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır”. 

    A. Əliyevanın sözlərinə görə, 2013-cü ilin iyul ayından sonra Azərbaycanda heç bir qızılca xəstəliyi qeydə alınmayıb: 
    “Vəziyyət tam normaldır. Hətta ölkəmiz 2015-ci ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qızılca və məxmərə xəstəliklərinin elimnasiyası ilə (hadisələrin qeydə alınamaması səviyyəsi) əlaqədar sertifikatını alıb. Ölkədə hətta şübhəli xəstələr belə yoxdur”. 
    Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini qeyd edib ki, ölkə üzrə peyvəndlə həm vaksinasiya, həm revaksinasiya 98 faizdən yuxarı təşkil edir. 

    “Ölkəmizdə vaksinlər ÜST standartlarına uyğun, UNİCEF xətti ilə ölkəmizə çatdırılıb. Vaksinlərin daşınması və saxlanması tam qaydasında aparılır. Bizdə planlı şəkildə uşaqlara 12 aylığında, ikinci dəfə isə altı yaşında qızılcaya qarşı peyvənd vurulur. Nəticədə orqanizmdə qoruyucu immunitet yaranır. Keçən illərdə ölkəmizdə əlavə immunlaşdırma tədbirləri həyata keçirilib, miqrasiya ilə böyük yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı peyvənd vurulması istiqamətində işlər aparılıb. Bu nöqtəyi-nəzərdən xəstəliyin yayılması ehtimalı yoxdur”. 

    Afaq Əliyeva qızılca xəstəliklərinin xarici ölkələrdə yayılmasının səbəbini də açıqlayıb: 
    “Həmin ölkələrdə qızılcanın yayılması peyvənd işinin zəif aparılması, peyvəndlə əhatənin ərazi üzrə aşağı olması ilə əlaqədardır. Xaricidən gələn vətəndaşda qızılca xəstəliyi aşkar edilərsə, onun müalicəyə cəlb olunması təmin olacaq. Bilirsiniz, xəstəliyin inkubasiya dövrü var, ola bilər ölkəyə daxil olanda onlarda əlamətləri olmasın, gələndən sonra əlamətləri ortaya çıxsın. Bu səbəbdən, ölkəyə daxil olan vətəndaşlarda qızılca xəstəliyinin aşkarlanması çətindir. Ölkədə qızılcaya yoluxma halı baş verərsə, lazımlı epidimioloji tədbirlər həyata keçiriləcək”.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il qızılcadan təxminən 150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu, uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Əgər qızılca əleyhinə peyvənd edilməzsə, hər 10 uşaqdan biri ölə bilər.

  • Stalinin yaxtası Azərbaycana gətirilə bilər

    “Moskva Çay Gəmiçiliyi” (“MÇG”) şirkəti 1934-cü ildə inşa edilən və “Stalinin yaxtası” adı ilə tanınan “Maksim Qorki”  teploxodunu əldə etməyə çalışan namizədlər tapıb.  

    İstismar xərcləri yüksək olduğundan gəmi 2014-cü ildən bəri restoran kimi fəaliyyət göstərir. “MÇG” gəminin satışından təxminən 20 milyon rubl əldə olunacağına ümid edir.

    Oxu.Az bu barədə “Kommersant”a istinadən xəbər verir.  

    Məlumata görə, potensial alıcılar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adı hallanır.

    “MÇG” baş direktoru Konstantin Anisimov bu informasiyanı təsdiq edərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Nijne-Novqorod administrasiyası ilə danışıqların aparıldığını bildirib.

    “Azərbaycanlıları gəmi həm də eksponat olaraq maraqlandırır, belə ki, həmin gəminin göyərtəsində dəniz donanması muzeyi yaradıla bilər; gəmiçilik 2018-ci ildə 160 illiyini qeyd edir”, – deyə Anisimov dəqiqləşdirib.

    “Ancaq Nijne-Novqorod üçün də “Maksim Qorki” gəmisi böyük əhəmiyyət kəsb edir, ilk növbədə ona görə ki, o, yerli tərsanələrdə inşa edilib. 2018-ci ildə yazıçının 150 illiyi qeyd olunacaq. Konstantin Anisimov sövdələşmənin məbləği barədə müzakirə aparmaqdan imtina edib.

    “Maksim Qorki” teploxodu 1934-cü ildə “Krasnoye Sormovo” tərsanəsində inşa edilib. Gəminin xüsusi tarixi əhəmiyyəti var, belə ki, SSRİ lideri İosif Stalinin şəxsi teploxodu olub və  NKVD-nin Vahid Dövlət Siyasi İdarəsinin hərbi-texniki şöbəsinin hazırladığı layihə əsasında inşa olunub. Gəminin uzunluğu 69 m, eni 13 m təşkil edir. Teploxod həmin vaxtlar üçün rekord sürət  (30 km/saatdan yuxarı) yığa bilib.

    Şirkət satışla bağlı sövdələşmənin ilin ilk rübünün sonuna kimi yekunlaşacağına inanır. Ancaq Nijne-Novqorod şəhər rəhbərliyi əmin edir ki, teploxodu almaq  fikrində deyillər. Sadəcə, onu “Maksim Qorki ilə Rusiya boyunca səyahət” adlı muzey-turistik layihənin təyinat nöqtələrindən biri kimi nəzərdən keçirdiklərini diqqətə çatdırıb. Xüsusi olaraq, gəminin Nijni-Novqorod sahilyanı parkına yerləşdirilməsi və orada müvəqqəti olaraq açıq havada muzeyin təşkil olunması təklif olunmuşdu. Layihədə teploxodun bələdiyyənin mülkiyyətinə keçirilməsinə dair heç bir təklif nəzərdə tutulmayıb.   

  • Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOlarını paylaşdı

    Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə yeni fotolar paylaşıb.

    Leyla anası Mehriban Əliyevanın hazırladığı yeməklərin görüntülərini paylaşıb və şərh bölməsinə bu sözləri yazıb:

    “Anamın bu gün hazırladığı nahar. Borş və kökə, kotlet, qiymə bükülmüş lavaş! Çox ləzzətli idi.”




  • Bakının qəsəbədaxili yollarının acı taleyi: proqramın vaxtı bitdi, palçıq bitmədi…- FOTO

    Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yolların vəziyyəti ötən illərdə xeyli asfalt işlərinin görülməsinə baxmayaraq əsasən bərbad olaraq qalır. Bu mövzuda hər il olduğu kimi yenə də payız-qış mövsümü başlayanda redaksiyamıza sakinlərdən şikayətlər, müraciətlər daxil olur.

    Median.Az Virtualaz.org saytına istinadən bildirir ki, Binə, Bülbülə, Buzovna, Hövsan, Ramana və digər qəsəbələrdən gələn şikayətlərin hamısının məzmunu demək olar ki eynidir: kortəbii məskunlaşma nəticəsində salınan yeni yaşayış məhəllələrində yol infrastrukturu yox dərəcəsindədir və nəticədə sakinlər payız-qış aylarında dizə qədər çıxan palçıqdan, yayda toz-torpaqdan əziyyət çəkirlər. Belə məhəllələrdə hər gün palçıqlı yollarla məktəbə gedib-gəlməli olan azyaşlıların çəkdikləri əziyyət isə ayrıca mövzudur.

    Maraqlıdır ki, bu cür kortəbii məskunlaşma yerli məmurların bilgisi və icazəsi daxilində baş verir, sənədsiz evlər, yaxud elə qanuni icazə ilə tikilmiş evlər onların gözü qarşısında ucalır. Yəni qəfildən yerin altından üzə çıxmır. Ancaq belə məhəllələrin infrastruktur, yol problemini həll etmək lazım gələndə yerli icra hakimiyyətləri, bələdiyyələr dərhal yaxalarını kənara çəkirlər. “Vəsaitimiz yoxdur”, “Dövlət Proqramında nəzərdə tutulub” kimi ümumi sözlərlə şikayətçiləri yola salırlar.


    Məsələn, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, “A” massivinin sakinləri 20 ilə yaxındır ki, eyni problemlə mübarizə aparırlar. Qəsəbələrin palçıq yollarına heç avtomobillər də davam gətirmir. Sakinlərin sözlərinə görə, bu problemlə bağlı dəfələrlə bələdiyyə və yerli icra strukturlarına şikayət etsələr də, heç kim əncam çəkmir.

    Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivinin yollarını isə qışda heç at da keçə bilmir. Yollar sakinlərdən toplanan vəsait hesabına təmir olunur: “Bakıya hər dəfə yağış yağandan sonra sakinlərdən yolun təmiri üçün pul yığırlar. Düzdür, konkret məbləğ qoyulmayıb, kimin nəyə imkanı çatırsa, bələdiyyəyə köməklik edir. Çınqıl alıb gölməçələri doldururlar. O da gələn yağışa qədər davam edir. Sonra yenə əvvəlki vəziyyət…”, – deyə şikayətçilər bildirirlər.

    İcra hakimiyyətləri şikayətçilərə yol probleminin “2014-2016-cı illər Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salındığı bildirilərək həll olunacağını deyirdilər. Artıq həmin proqramın vaxtı bir ildir bitib, amma problem hələ də həll olunmayıb. Bələdiyyələr problemi rayon icra hakimiyyətinin, rayon icra hakimiyyəti isə Bakı Şəhər İcra Hakimiyyətinin üstünə atır.

    Suraxanı Rayon İcra Hakimiyyətində qəsəbədaxili yolların bərbad vəziyyətdə olmasından xəbərdardırlar. İcra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov virtualaz.org-a açıqlamasında qəsəbələrdə məhəllədaxili yolların Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu deyir. Onun sözlərinə görə, icra hakimiyyəti ən çox şikayət gələn yollarla bağlı BŞİH-ə müraciət edir və bundan sonra yolun təmiri üçün vəsait ayrılır.

    “Suraxanı rayonunda bütün yollar mərhələli şəkildə təmir olunur. Biz yolun vəziyyətini araşdırırq, BŞİH-ə müraciət edirik. Bütün yolların birdən-birə təmir olunması mümkün deyil. Ötən il Qaraçuxur-Zığ, Zığ-Əmircan-Yeni Suraxanı yolları təmir olunaraq sakinlərin istifadəsinə verilib. İl ərzində Suraxanı rayonunda ümumilikdə 304 min kv metr yol təmir olunub. Bunun 196 min kv metri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir olunan əsas yollar, 108 min kv metri isə BŞİH tərəfindən təmir olunan məhəllədaxili yollardır”, – deyə şöbə müdiri bildirir.

    Lakin rəqəmlər böyük və cəlbedici görünsə də, bu problemin aradan qalxmasından xəbər vermir. Suraxanı, Sabunçu, Xəzər rayonlarının qəsəbələrində palçıqlı küçələr nə qədər desən var.

    Xəzər rayonunda da qəsəbədaxili yol probleminin nə vaxt düzələcəyi bəlli deyil. Bununla bağlı Xəzər Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Babək Mehtiyev virtualaz.org-a rəsmi məktubla müraciət etməli olduğumuzu bildirdi.

    Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bizə məhəllədaxili yolların təmirinin bələdiyyələrə aid olduğunu dedilər. Bunun qanunla həm də BŞİH-in təmir etməli olduğunu xatırlatdıqda isə bir saat ərzində araşdıraraq cavab veriləciyini bildirdilər. Lakin BŞİH-ə sonrakı zənglərimiz cavabsız qaldı.

  • “Bazarstore”da kərə yağı limitlə satılır – FOTO


    “Bazarstore” mağazalar şəbəkəsində kərə yağı limitlə satılır.

    Median.Az  “BakuPost” saytına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Yayılan fotoda mağazanın kərə yağları olan şöbəsində “Limit – 2 ədəd” tablosu qoyulduğu  əks olunub.

    Bu isə sosial şəbəkə izləyicilərinin narazılığına və tənqidinə səbəb olub.

  • “Səhər saat 8-də burada tualetə görə uzun növbə olur” – VIDEO

    “Əkiz qızlarım var. Biri talassemiya xəstəsidir, biri də daşıyıcısı. Onları mikrobdan uzaq yerdə böyütməliyəm, 18 ailənin ortaq hamamında bu nə dərəcədə mümkündür?”

    Sadəgül xanım bu sözləri deyib qonşuda ağlayan qızının yanına qaçır. Uşağı bir az sakitləşdirib sözünə qaldığı yerdən davam edir:
    “Balaca otaqdır, iki uşağı birlikdə saxlamaq mümkün deyil. Qızlarımdan biri yatdığı üçün digərini qonşuya keçirmişəm. Qonşunun vəziyyəti də elə məndən betər”.

    Redaksiyamıza daxil olan müraciət əsasında bu dəfə Məktəbli küçəsi: 6 ünvanında yerləşən 12 saylı peşə litseyinin yataqxanasında olduq. Həmsöhbətimiz Sadəgül Paşayeva və yataqxanada məskunlaşmış digər 18 ailə Füzulidən olan məcburi köçkünlərdir. Artıq 20 ildən çoxdur ki, bu yataqxanada yaşadıqlarını deyən sakinlər aidiyyatı qurumlardan tez bir zamanda köçürülmələrini xahiş edirlər:
    “18 ailənin ortaq hamam-tualeti nə olar? Mikrob mənbəyidir. Yataqxananın bir başında uşaq qrip olanda o biri başına kimi hamı xəstələnir. Yemək bişirməyə növbədir, paltar yumağa növbədir, tualetə belə növbə gözləyirik. Səhər uşaqlar məktəbə gedəndə dəhlizdə uzun növbə yaranır”.

    Sakinlər onu da bildirib ki, yataqxanada ötən il bir neçə yanğın baş verdiyi üçün mətbəx yenidən təmir olunub:

    “Yanğın olmasaydı, indi burada küləkdən durmaq olmazdı. Elə ailə var ki, üç övladı məktəbə gedir. Onda məcburdur biri gəlib mətbəxdə dərs oxusun…” (qafqazinfo.az)

  • Qubada qardaşlar robot hazırladı – Fotolar

    Qubada qardaşlar robot hazırladı – Fotolar

    Qubanın Amsar kəndində yaşayan Ramazanov qardaşları hidravlik üsulla idarə olunan robotlar düzəldirlər.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, 15 yaşlı Hüseynin və ondan iki yaş balaca qardaşı Emilin fizika fənninə böyük maraqları var.

    Onlar birlikdə müxtəlif texnikaların iş prinsipinə baxaraq hidravlik robot və qaldırıcı qurğu düzəldiblər. Bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar. Qardaşlar robotları düzəltmək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kartonlardan istifadə ediblər. Hidravlik üsulla idarə olunan bu robotlar vasitəsilə əşyaları yerindən götürərək kənara qoymaq mümkündür.

    Ramazanov qardaşlarının hazırladıqları qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanıb.