Category: Cəmiyyət

  • Ziya Məmmədovun bacısına vəzifə verildi

    Ziya Məmmədovun bacısına vəzifə verildi

    Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub.

    “AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

    Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

  • Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan əsla istifadə etməyin!

    Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan əsla istifadə etməyin!

    Bir çox infeksion xəstəliklər və soyuqdəymə bədən temperaturunun qalxması ilə müşahidə olunur. Uşaqlarda bədənin temperaturu azca yüksələn kimi valideynlərin çoxunun ilk gördüyü tədbir qızdırma salan preparatlardan istifadə etmək olur.

    Lakin effektiv qızdırma salan preparat seçməzdən əvvəl mütləq bilmək lazımdır ki, bədən temperaturunun yüksəlməsi orqanizmin təbii müdafiə reaksiyası hesab edilir.

    Həkim-konsultant, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, uşaqda bədən temperaturu yüksəlirsə, bu, çox hallarda orqanizmə infeksiyanın daxil olduğunu və hazırda bu infeksiyanın immun sistem tərəfindən neytralizə edildiyini göstərir.

    Bunu çox yaxşı hal kimi dəyərləndirən həkim qeyd edib ki, əslində, temperaturun qalxmaması immunitetin zəif olması deməkdir:

    “Lakin qızdırmanın 39-40 dərəcəyə qalxması təhlükəlidir. Yadda saxlamaq lazımdır ki, insan orqanizminə xəstəlik törədən mikroorqanizmlər üzərində qələbə üçün interferon – xüsusi müdafiə zülalı lazımdır. Bu zülal da bədən temperaturu ancaq 38 dərəcədən yüksək olduqda sintez edilir. Əgər bədən temperaturunun yüksəlməsini tez bir zamanda dəf etsək, interferon sadəcə olaraq sintez edilməyəcək və xəstəlik kəskinləşəcək. Buna görə də çox hallarda temperaturu aşağı salınmayan uşaqlar 2-3 gündən sonra sağalmağa başlayır, amma qayğı ilə “sağaldılan” uşaqların xəstələnməsi isə uzun davam edir”.

    Y.Abdiyeva qeyd edib ki, sağalma prosesini ləngitməmək üçün mütləq qızdırma salan preparatlardan istifadə qaydalarını bilmək lazımdır.

    Həmin dərmanlardan hansı hallarda istifadə edilməsinin lazım olduğunu da açıqlayan mütəxəssis əlavə edib ki, uşaqda bədən temperaturu 38.5-39 dərəcəni keçmirsə, uşaq yüksək temperaturu normal keçirirsə (əgər uşaqda febril qıcolmalar epizodları olubsa, onda temperaturun belə yüksək qalxmasını qəbul etmək olmaz), 3 ayından aşağı uşaqda temperatur 38 dərəcəni keçirsə, uşaqda “ağ qızdırma” müşahidə edilirsə, yəni yüksək temperatur zamanı dəri örtüyü solğun və göyərmiş və soyuq olursa, uşaqda ürək və ya tənəffüs yollarının xronik xəstəlikləri diaqnostika edilirsə, uşağın vəziyyəti bədən temperaturunun cüzi yüksəlməsi zamanı pisləşirsə, qızdırma salan preparatlardan istifadə edilməlidir.

    Y.Abdiyeva əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda qızdırma salan vasitələr arasında seçim preparat kimi parasetamolu (birdəfəlik doza 10-15 mq/kq və maksimal sutkalıq doza 60 mq/kq) tövsiyə edir.

    Y.Abdiyeva bəzi qızdırma salan preparatların istifadəsinin uşaqlar üçün yolverilməz olduğunu da açıqlayıb.

    Onun sözlərinə görə, aspirin və ya digər asetilsalisil turşusu əsasında olan dərman vasitələri yalnız böyüklərdə müalicə zamanı istifadə edilə bilər: “

    “Belə preparatların 15 yaşa qədər uşaqlarda istifadəsi qadağandır. Bu, uşaqlarda Rey sindromunun inkişaf etmə təhlükəsi ilə əlaqədardır. Bu sindrom klinik olaraq kəskin qaraciyər çatışmazlığı və ensefalopatiya müşahidə edilir. Uşaqlara analgin də məsləhət görülmür. Çünki o da aspirin kimi qanyaranma sisteminə mənfi təsir göstərir”.

    Həkim qeyd edib ki, qızdırma salan preparatların inyeksiya formasında istifadəsi məsləhət deyil: “Uşaqlarda bu dərmanların daxilə qəbul edilməsi və ya şam şəklində istifadəsi daha məsləhətlidir. Siropun tərkibinə isə rəngləyicilər və aromatizatorlar əlavə edilir. Bu da uşaqlarda allergik reaksiya yarada bilər. Buna görə ilk qəbuldan sonra uşağın reaksiyasına nəzarət etmək lazımdır”.

    Y.Abdiyeva qızdırmaya qarşı ilk 5 tədbirin nədən ibarət olduğunu da açıqlayıb:

    “İlk olaraq, paltarlara diqqət yetirilir. Temperatur 38.5 dərəcə olduqda uşağın üzərindəki artıq geyimlər çıxarılmalı və ona nazik, geniş paltar geyindirilməlidir. Uşağın maye qəbuluna diqqət edilir. Ona bol miqdarda su və sulu qidalar qəbul etdirilir. Mühitin istiliyinə nəzarət edilir: xəstənin olduğu mühitin istiliyini 21-22 dərəcə arasında olmalıdır. Xəstəyə 29-32 dərəcə istilikdəki ilıq su ilə duş qəbul etdirilir və ilıq-yaş bezlərlə sarğı edilir. Dərhal qızdırma salan dərmanlardan istifadə edilmir: qızdırmanın 38.5-39 dərəcəyə qalxdığı təqdirdə həkimlə məsləhətləşərək uşağa qızdırma salan preparatlar verilir”.

    Y.Abdiyeva qeyd edib ki, qızdırma vəziyyətində olarkən üşüyən və titrəyən qızdırmalı uşağın üstü qətiyyən örtülməməli, ona qalın paltarlar geyindirilməməli, soyuq su ilə duş qəbul edilməməli, spirt və sirkəli su ilə kompres tətbiq edilməməlidir. Bundan başqa, tez-tez qızdırma salan dərman istifadə edilməməlidir. Bir çox valideynlər tərəfindən edilən bu tədbirlər qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə səbəb ola bilər. Hərarətin tam normaya salınmasına cəhd edilməməlidir, temperaturun 1-1,5 dərəcə düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir.

  • Bu yerlərdə maşın saxlayanlar 60 manat cərimələnəcək

    Bu yerlərdə maşın saxlayanlar 60 manat cərimələnəcək

    Azərbaycanda sərnişin daşıma qaydasını pozan taksi sürücüləri 60 manat məbləğində cərimə ediləcək.

    Baku.ws-in məlumatına görə, bu barədə Yol hərəkəti haqqında qanunun 52-ci maddəsində qeyd olunur.

    Maddədə bildirilir ki, Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır

    İnzibati Xətalar Məcəlləsinə əsasən bu qaydanı pozan taksi sürüclərinə tətbiq edilən cərimənin miqdarı 60 manat, cərimə balı isə 3-dür.

  • Ana övladını efirdə qoyub qaçdı – Hər kəsi şoka salan hadisə (VİDEO)

    Ana övladını efirdə qoyub qaçdı - Hər kəsi şoka salan hadisə (VİDEO)

    Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verən hadisə hər kəsi göz yaşlarına boğub.

    Baku.ws-in məlumatına görə, aparıcı Xoşqədəm Baxşəliyeva Mənsurə adlı qadının öz övladını ataraq qaçmasından danışıb. O bildirib ki, qadın balaca körpəni götürmədən studiyanı tərk edib. Digər övladını da atan qadını tapmaq mümkün olmayıb.

    Sonda “Səni axtarıram” verilişinin əməkdaşları uşağın sənədlərini düzəldərək körpələr evinə aparıb. Uşağa bir müddət baxan Könül adlı qadın isə bu hadisədən çox təsirlənib və ağlayıb.

    Xoşqədəm Baxşəliyeva da uşağın taleyinə çox kədərlənib və göz yaşlarını gizlədə bilməyib.

    Həmin görüntüləri təqdim edirik:

  • 300 azərbaycanlı Ukrayna DİN-ə ultimatum verdi

    Триста азербайджанцев предъявили Авакову ультиматум

    Dünən Azərbaycanın Ukraynadakı diasporunun 300-dən çox nümayəndəsi Kiyevdə Daxili İşlər Nazirliyi binası qarşısına toplaşaraq, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyinə etiraz edib.

    Median.Az xəbər verir ki, azərbaycanlı sahibkarlar ölkədə baş alan quldurluğa görə şəxsən Ukrayna daxili işlər naziri Arsen Avakovun cavabdeh olduğunu hesab edir, azərbaycanlılara qarşı etnik zəminli cinayətlərin törədildiyindən şikayətlənir.

    Həmvətənlilərimiz bir həftə ərzində təhlükəsizlik qüvvələri əməkdaşları və quldurlar tərəfindən oğurlanan 20-dən çox azərbaycanlının qaytarılması tələbi ilə ultimatum verib. Əks təqdirdə sahibkarlar polis şöbələrinə və ukraynalı qatı millətçilərin qərargahlarına hücum edəcəklərini bəyan ediblər.

    Fəallar bildiriblər ki, digər millətlərin minlərlə nümayəndəsi, o cümlədən Ukraynada yaşayan qazaxlar, yunanlar, macarlar və digər millətlərdən olan nümayəndələr anoloji aksiyalarda iştirak etməyə hazırdır. Belə ki, həmin icmalardan olan iş adamlarının fəaliyyəti ilə bağlı vəziyyət acınacaqlıdır və fəalların dediyinə görə, ölkədəki korrupsiya, reyderçilik və şantaj yolu ilə soyğunçuluqda birinci növbədə Arsen Avakov və onun millətçi birləşmələri günahkardır. Belə birləşmələrin ticarət və inşaat sahəsində reket fəaliyyəti hesabına pul qazandığı bildirilir.

  • Azərbaycan-İran sərhədində zəlzələ

    Землетрясение на ирано-азербайджанской границе

    Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.

    Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən altı kilometr cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.

    Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

  • “Azerspace-2” peykinin orbitə çıxarılacağı vaxt məlum oldu

    Азербайджан в апреле запустит еще один спутник

    Biznesin davamlılığını təmin edəcək “Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir.

    Bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib.

    Onun sözlərinə görə, peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur: “Azerspace-2” hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb”.

    “Azərkosmos” ASC-nin sədri bildirib ki, “Azersky” peyki üzrə isə əldə etdiyimiz gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır:

    “Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, Dövlət Proqramının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar”.

  • Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə oğurlandı – REPORTAJ, VİDEO, FOTOLAR

    Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə oğurlandı – REPORTAJ, VİDEO, FOTOLAR

    Binəqədi rayonunda dəfələrlə “yaşıl soyqırım”ın həyata keçirildiyinin şahidi olmuşuq. Bu dəfə redaksiyamıza daxil olan şikayət isə bir qədər bizi təəccübləndirdi. Adının çəkilməsini istəməyən şəxs redaksiyamıza müraciət edərək “Dərnəgül” metrostansiyasının ətrafında yerləşən parkdan 200-ə yaxın ağacın bir gün içərisində yoxa çıxdığını bildirdi.

    Median.Az xəbər verir ki, Musavat.com-un müxbiri məsələni aydınlaşdırmaq üçün adıçəkilən parkda olub.

    Ərazidə olduğumuz zaman təəccüblü və dəhşətli mənzərənin şahidi olduq.

    Şikayətçinin dediyi kimi, “Dərnəgül” metrostansiyasının ətrafında salınan parkın bir hissəsində ağaclar yoxa çıxıb. Süleyman Sani Axundov küçəsində yerləşən parkdan təqribən 100-dən çox ağac kökündən çıxarılıb, bəziləri isə sındırılıb. Ağaclar yerindən çıxardıldıqdan sonra çalaların üstü bağlanıb. Bu ağacların nə üçün və hara aparıldığını isə heç kim bilmir. Təqribən 50 sota yaxın ərazi boş qalıb.

    Parkın yaxınlığında yaşayan sakinlərlə də həmsöhbət olduq. Onlar iddia edirlər ki, bu işlər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin göstərişi ilə həyata keçirilib: “Ötən il bu parkda abadlıq və quruculuq işləri aparıldı. Çox səliqəli park idi. Havası, mənzərəsi ilə göz oxşayırdı. Bu park 6 il öncə, yəni 2011-ci ildə salınıb. Hətta yeni təmirdən çıxmışdı. Ərazisi təqribən 10 hektara yaxındır. Təsəvvür edin ki, bir neçə ildən sonra hər tərəf yaşıllıqlar içərisində olacaqdı. Ancaq bir gün içərisində iki-üç ilin ağaclarını məhv elədilər. Bir neçə gün əvvəl 100-dən çox küknar və şam ağaclarını axşam saatlarında yük maşınları ilə əraziyə gəlib ağacları kökündən çıxardılar. Daha doğrusu, oğurladılar. Bu qanunsuz əməli törədənlər özbaşına hərəkət edə bilməzlər. Böyük ehtimalla Binəqəd Rayon İcra Hakimiyyətinin razılığı əsasında baş verib. Bəzi məlumatlara görə həmin boş ərazidə restoran tikilməsi nəzərdə tutulub”.

    Xatırladaq ki, “Dərnəgül” metrostansiyasının yerüstü ərazisini əhatə edən park 2011-ci ilin 29 iyununda metrostansiya ilə eyni gündə istifadəyə verilib.

    Süleyman Sani Axundov küçəsində yerləşən obyekt sahiblərinin də fikirlərini aldıq. Bildirdilər ki, ağacların yoxa çıxması elə parkın yaxınlığında yerləşən Binəqədi Rayon Polis İdarəsininin əməkdaşlarının da diqqətini çəkib: “Eşitdiyimizə görə, polis əməkdaşları ağacların çıxarılması ilə bağlı tədbir görməyə başlayıblar. Sonradan öyrəniblər ki, işin arxasında Binəqədi Rayon İcra Hakimiyyəti dayanıb. Daha sonrasını öyrənə bilmədik”.

    Məsələyə aydınlıq gətirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətini ilə əlaqə saxladıq. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı göndərdiyimiz sorğuya yaxın zamanda cavab veriləcəyini bildirdi.

    Musavat.com ağacların çıxarılması ilə bağlı videofaktı təqdim edir:

    Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə oğurlandı – REPORTAJ, VİDEO, FOTOLAR








  • Bakıda mərasim evində kazino fəaliyyət göstərir – VİDEO

    В Баку в доме церемоний функционирует казино - ВИДЕО

    Bakıda qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb.

    Baku.ws-in məlumatına görə, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə məlumat və video paylaşıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.

    Buna baxmayaraq Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, Gülüstan Şadlıq Sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz olaraq kazino fəaliyyət göstərir.

  • Hələ qanunun “sağı-solu” bəlli deyil, lakin şəhəri qadağa elanları bürüyüb

    Hələ qanunun "sağı-solu" bəlli deyil, lakin şəhəri qadağa elanları bürüyüb

    Artıq “Siqaret çəkmək qadağandır” elanına hər yerdə rast gəlmək mümkündür

    Ötən il dekabrın 29-da prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunu təsdiq edib. Qanuna görə, bir çox yerlərdə, o cümlədən restoran, kafe və barlarda siqaret çəkmək qanunla qadağan edilib.

    Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə kafe və restoranda olan son vəziyyətlə maraqlanıb. “İnşaatçılar” metrostansiyası yaxınlığında fəaliyyət göstərən kafelərdən birində nəzarətçi işləyən Samir İbrahimovun sözlərinə görə, yeni qanunun tətbiq edilməsi təqdirəlayiq olsa da, obyekt sahiblərini bir qədər çətin duruma salıb.

    “Belə ki, kafelərə müraciət edən müştərilərin əksəriyyəti siqaret aludəçisi olduğu üçün onlara “çəkməyin” demək asan olmur. Biz bir qədər məlumatlı insanlarıq. Amma elə müştəri var ki, yeyib-içdikdən sonra siqaret çəkmək istəyir. Düşünürəm ki, siqaret çəkmək qadağası nəticəsində biz müştəri itirəcəyik. Amma başqa çarə də yoxdur, çünki cərimə məbləğləri böyükdür” — İbrahimov bildirib.

    Onun sözlərinə görə, onlar “Siqaret çəkmək qadağandır” elanını yazdıraraq divara vurublar: “Amma kafe kiçik olduğundan siqaret çəkmək üçün ayırmağa əlavə yer yoxdur. Bununla belə, hələ bizə sərt şəkildə xəbərdarlıq olunmayıb. Sahə müvəkkili sadəcə xəbərdarlıq etdi ki, “diqqətli olun”. Amma hazırda heç bri cərimələnmədən söhbət getmir. Biz də diqqətli olmağa çalışırıq”.

    Digər restoran nəzarətçisi Vasif Abdullayev isə bildirib ki, çalışdığı restoranda siqaret çəkmək üçün xüsusi salonlar var: “Biz restoranda bütün müştəriləri nəzərə alırıq. Buna görə də siqaret çəkənlər üçün ayrı, çəkməyənlər üçün ayrı salonlarımız var. Həmin salonlarda xüsusi havalandırma sistemi qurulub. Yəni biz əvvəldən öz qanunlarımızı qoymuşduq”.

    “Amma indi bir problem var ki, xüsusi kabinetlərdə siqaret çəkmək istəyən müştərilər olacaq ki, onlar çox zaman ailəvi olaraq gəlirlər. Düşünürəm ki, onlara da yeni qanundan söz açsaq, başa düşərlər. İndiki zamanda heç kim 30 manat məbləğində cərimə edilmək istəməz. Bizim bir məsuliyyətimiz var ki, hər yerə “siqaret çəkmək qadağandır” elanı vuraq. Gerisini müştəri özü düşünsün” — o, qeyd edib.

    V.Abdullayev də hələlik işlədiyi restorana heç bir xəbərdarlıq və cərimə tətbiq edilmədiyini deyib: “Düzünü deyim, biz də gözləyirik. Qanundan xəbərdar olsaq da, bizim də səhvlərimiz ola bilər. Bu barədə, məncə, 6-7 aydan sonra danışmaq yaxşı olar”.

    Sputnik Azərbaycan-a danışan hüquqşünas Ərşad Hüseynov isə siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı sahibkarlarda müəyyən narahatlıqlar yarandığını vurğulayıb: “Yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahiblərinin üzərinə bircə vəzifə qoyub: hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etmək. Belə yazı və işarədən sonra kimsə həmin obyektdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sahibkarlıq bir şey yoxdur. Sahibkar yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyır”.

    Hüquqşünas bildirib ki, 18 yaşına çatmayanlara siqaret satmaq, siqareti reklam etmək və sulu qəlyan təklif etmək də inzibati xəta məsuliyyəti daşıyır: “Yeni qanun obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. “Siqaret çəkmək qadağandı” elanı yoxdursa, buna görə fərdi sahibkar 400 manat, hüquqi şəxs 1000 manat cərimə oluna bilər. “Siqaret çəkmək qadağandır” elanı varsa, deməli orada çəkmək olmaz. Xüsusi tələb (havalandırma və s.) o halda və o yerdə məcbur olacaq ki, obyektdə ayrıca siqaret çəkmə yeri olsun”.

    Hüseynovun sözlərinə görə, əksər qapalı ictimai yerlərdə (iş yeri, restoran və s.) çəkməyin cəriməsi 30 man, amma bəzi xüsusi yerlərdə fərqli, məsələn, metroda 50 manatdır. Hüquqşünas hesab edir ki, bu qadağalara görə cərimələr, əsasən polisin səlahiyyətinə aiddir.

    Diqqətə çatdıraq ki, sözügedən qanun qüvvəyə minsə də, onun icra mexanizmləri hələ formalaşmadığından indiki halda kiminsə cərimə olunmasından söhbət gedə bilməz. Bunu millət vəkilləri qeyd edirlər.

    “İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2. maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, elə bu qanuna əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində dörd yüz manat cərimə tətbiq edilə bilər. Həmçinin qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib”.

    Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr “Tütün və tütün məmulatı haqqında” qanununa istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir.

    “Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İXM-nin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur” — deputat bildirib.

    “Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-nin 212. maddəsi sadəcə siqaret çəkməklə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan)” — o, əlavə edib.

    Millət vəkilinin sözlərinə görə, digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər: “Təbii ki, bu, qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın, Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək”-deyə millət vəkili bildirib.