Category: Cəmiyyət

  • Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilər? – İNFOQRAFİKA

    2018-ci ildə Azərbaycan vətəndaşları vizasız rejimdə 62 ölkəyə səfər edə bilərlər.

    “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi – 2018” reytinqində Azərbaycan 72-ci yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 2015-ci ildə 58, 2016-2017-ci illərdə isə 62 ölkəyə vizasız rejimdə səfər edə bilirdilər.

    Trend 2018-ci ildə Azərbaycan vətəndaşlarının vizasız səfər edəcəyi ölkələrin infoqrafikasını təqdim edir:

    Эти страны граждане Азербайджана могут посетить без визы - ИНФОГРАФИКА

  • İşəgötürənlər qarşısında tələb: İşçilərə pulsuz qida verin!

    “Zərərli işlərdə çalışan insanlara pulsuz süd verilməsi hər zaman qanunvericilikdə olub”

    Sovet dövründə ağır işlərdə, daş karxanalarında, kimyəvi maddələrlə işləyən insanlara, zərgərlərə, yeraltı və bu kimi insan sağlamlığı üçün zərərli olan işlərdə çalışanlara dövlət tərəfindən gün ərzində yarım litr süd və bəzən kollektiv qatqılı qidalar verilirdi.

    Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydaya görə, zərərli işlərdə çalışan şəxslərə, Sovet vaxtında olduğu kimi, 0,5 litr pulsuz süd veriləcək. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən, həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə veriləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nda öz əksini tapıb.

    Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qanun əvvəldən var və bəzi qurumlarda indi də həyata keçirilir: “Zərərli iş yerlərində çalışanlara süd və ona uyğun məhsullar, digər qatqılar, vitamin qarışıqları, sağlamlaşdırıcı xüsusiyyətləri olan qidaların verilməsi bəzi qurumlarda indi də var”.

    Məmmədovun sözlərinə görə, bu, dünya praktikasında olan bir məsələdir: “Bu qanun təşkilat və mülkiyyət formasından asılı olmayaraq, bütün idarələrdə tətbiq ediləcək. Nəzərdə tutulan qidalar işəgötürənlərin vəsaiti hesabına veriləcək. Yəni verilən qidalara görə, işçinin əmək haqqından heç bir vəsait tutulmayacaq”.

    “Bir məsələ var ki, Sovet dövründə süd bidonlarda gətirilir, yeməkxanalarda verilirdi. İşçilər həmin südü dərhal içirdi. Amma texnologiyanın inkişafı nəticəsində indi südü qutularda verdikləri üçün işçilər onu içmir, evlərinə aparırlar. Halbuki o, yerində qəbul edilməlidir. Amma işçini buna məcbur etmək mümkün deyil” – deyə təşkilat rəhbəri bildirib.

    Məmmədov qeyd edib ki, Sovet dövründə işçiyə daha çox qayğı vardı: “İndi tək-tək şirkətlər var ki, işçi qarşısında məsuliyyətini dərk edir. Məsələn daş karxanalarında çalışan işçilərə süd verilməyəcək, çünki onların əmək müqaviləsi yoxdur. Qərarın qəbul edilməsi hələ o demək deyil ki, qərar həyata keçiriləcək. Daş karxanalarındakı zərərli tozlar orda çalışanların ciyərlərini sıradan çıxarır, nəfəs orqanlarını məhv edir. Zərərli işlərdə çalışanlar digərlərinə nisbətən təqaüdə də daha tez çıxırlar. Yəni bu insanlar həyatdan tez köçürürlər”.

    “Sözügedən qərar zərərli işlərdə çalışanların sağlamlığının qismən qayğısına qalır. Süd və süd məhsulları yeraltı işlərdə, zərərli kimyəvi qatqılarla işləyən sexlərdə, zəhərli maddələrlə çalışan insanlara və s. bu kimi işlərdə çalışan insanlara verilir” — həmsöhbətimiz əlavə edib.

    Hüquqşünas Mais Əliyev də Sputnik Azərbaycan-a deyib ki, bu qərar yeni deyil, amma onun nə dərəcədə reallaşması sual altındadır: “Bu, heç bir zaman qanunvericilikdən çıxarılmayıb. Zərərli işlərdə çalışan insanlara pulsuz süd verilməsi hər zaman qanunvericilikdə olub. Bu, Əmək Məcəlləsində də o öz əksini tapıb. Bu məsələnin Nazirlər Kabinetinə tapşırılması o deməkdir ki, məsələ ilə yaxından maraqlanılsın”.

    M.Əliyevin sözlərinə görə, 1999-cu ilə qədər “Əmək Qanunları Məcəlləsi” qüvvədə idi: “Bu Məcəllə 1971-ci ildə qəbul edilmişdi. Yeni “Əmək Məcəlləsi” isə 1999-cu ildə qəbul edilib və zərərli işlərdə çalışanlara pulsuz süd verilməsi bu məcəllədə öz əksini tapıb. Yəni bu, yenilik deyil”.

  • Siqaret aludəçilərinin və obyekt sahiblərinin narahatlığına son!

    Millət vəkili: “İnzibati Xətalar Məcəlləsində istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur”

    “İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2. maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, elə bu qanuna əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də bu mənada vəzifəli şəxs hesab olunurlar və barələrində dörd yüz manat cərimə tətbiq edilə bilər. Həmçinin qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib”.

    Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr “Tütün və tütün məmulatı haqqında” qanununa istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir.

    “Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İXM-nin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İXM-də istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur” — deputat bildirib.

    “Mövcud vəziyyət hazırda yalnız İXM-yə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İXM-nin 212. maddəsi sadəcə siqaret çəkməklə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan)” — o, əlavə edib.

    Millət vəkilinin sözlərinə görə, digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər: “Təbii ki, bu, qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın, Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İXM-yə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək”-deyə millət vəkili bildirib.

  • Oğlan barda içəndən sonra özünü qatarın altına atıb

    İstintaq: Ola bilsin, cavan oğlan sərxoş olduğu üçün platformada müvazinətini saxlaya bilməyərək relsin üstünə yıxılıb

    Hüquq-mühafizə orqanları Bakı metrosunun “Ulduz” stansiyasında özünü qatarın altına atan 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Əlixan oğlu Mustafazadənin hansı şəraitdə intihar etdiyini müəyyənləşdirib.

    Qeyd edək ki, hadisə yanvarın 8-də saat 22:10-da baş verib. Nəticədə “Həzi Aslanov”-“İçərişəhər” xəttində qatarların hərəkətində 20 dəqiqəlik gecikmə baş verib.

    Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Mustafazadə Gəncə sakini olsa da, Bakıda yaşayırmış. İntihardan iki saat əvvəl cavan oğlan Bakının Nəsimi rayonu ərazisində yerləşən “Sport Pub” barında olub. O, orada bir miqdar spirtli içki qəbul edib. Sonra taksi sifariş edərək “Ulduz” stansiyasına qədər gedib. “Ulduz”da Mustafazadə metroya düşüb və özünü qatarın altına atıb.

    İstintaq hadisənin təsadüfi olduğunu istisna etmir. Ola bilsin, cavan oğlan sərxoş olduğu üçün platformada müvazinətini saxlaya bilməyərək relsin üstünə yıxılıb. İstintaq zamanı valideynlərinin verdiyi izahata görə, Mustafazadə psixi çatışmazlıqdan əziyyət çəkirmiş. Buna görə də, Bakıdakı 1 saylı psixiatrik klinikada qeydiyyatda imiş.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü oldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

  • “Şəhid məzarı baxımsız vəziyyətdədir” – FOTOLAR

    Bizimyol.info”-ya müraciət edən birinci qrup əlil Vüqar Xəlilov şəhid Nəcəf Aslanovun məzarının baxımsızlıq üzündən dağılmasından şikayət etdi.

    O, deyib ki N.Aslanov Qarabağda döyüşüb şəhid olub və Zaqatala rayonu Yengiyan kəndindəki qəbiristanlığındakı məzarının uçub dağıldığını bildirib: “Övladlarımla şəhidin məzarını ziyarət edərkən dəhşətli mənzərənin şahidi oldum. Şəhid məzarı baxımsız vəziyyətdədir. Məzarını ətrafında təmizlik işi apardım. Amma bu yetərli deyil”.
    Vüqar Xəlilov səlahiyyətli şəxslərdən şəhid Nəcəf Aslanovun kəndin qəbiristanlığındakı qəbirüstü məzarında abadlıq və təmizlik işləri həyata keçiriləsini, qəbirüstü məzarda bərpa işlərinin aparılmasını istəyib.

    Qeyd edək ki, Yengiyan kənd tam orta məktəbi Nəcəf Aslanov adınadır.


    “Şəhid məzarı baxımsız vəziyyətdədir” – FOTOLAR

  • “Azəriqaz” abonentlərin ittihamlarını cavablandırdı

    “Azəriqaz” abonentlərin ittihamlarını cavablandırdı

    SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə abonentlər arasında narazılıq yaranıb. Belə ki, Smart İTRON məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar bu ilin yanvar ayında ödəniş etsələr də, təbii qazın qiymətinin limit çərçivəsində 10 qəpikdən deyil, 20 qəpikdən hesablandığını iddia edirlər.

    Oxu.az-a açıqlama verən “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirir ki, ötən ilin dekabr ayının sonunda 2017-ci il üzrə nəzərdə tutulan limit başa çatıb:

    “Bildirişlərin verilməsi istirahət və bayram günlərinə təsadüf etdiyindən yanvar ayının ilk həftəsi bu proses artıq yekunlaşdırılıb”.

    Sayğacların göstəricisində yaranan fərqlərlə bağlı şikayətlərə gəlincə, İ.Kərbəlayev deyir ki, Smart İTRON məişət qaz sayğaclarından istifadə edən abunəçi kartına 10 manat yükləyirsə, bu, 100 kubmetr qaz deməkdir:

    “Sayğacın göstəricisi qazın sərfiyyatını manatla deyil, kubmetrlə göstərir. Bəzən abunəçilər sayğaca vəsaiti daxil edirlər və sayğac 100 kubmetr göstərdikdə, istehlakçılar bunu 10 manat kimi başa düşürlər. Məsələn, abonentlər sayğacın kartına 10 manat yükləyir. Bundan sonra da deyirlər ki, sayğacda göstərici 10 deyil, 5 manatdır. Bu göstərici 50 kubmetr deməkdir.

    Digər tərəfdən, abonentin müraciəti əsasında bazaya baxanda aydın olur ki, abonent sayğacın smart-kartına dekabr ayında ödəniş edib. Limiti keçibsə, artıq bu, bazada kartın uçotu 20 qəpik tarifi ilə oturub. Yəni, dekabr ayında ödəniş edib, yanvar ayının ilk günlərində sayğaca 10 manat daxil edibsə, orada 100 kubmetr deyil, 50 kubmetr göstərəcək. Yəni, vəsait baxımından onu 5 manat kimi göstərəcək.

    Qısası smart-karta ödəniş ötən ilin dekabr ayında aparılıbsa və bu vəsaiti sayğaca yanvar ayında daxil edirsə, verilmiş limiti də keçibsə, o zaman bu abonentlər 10 qəpik tarifi ilə deyil, 20 qəpik tarifi ilə ödənişli qazdan istifadə edəcəklər. Ancaq bu ilin yanvar ayının 1-dən etibarən smart-karta ödənişi aparılıbsa, təbii ki, yeni 1700 kubmetr limitin verilməsi ilə əlaqədar “mavi yanacaq”dan 10 qəpik tarifi ilə istifadə edəcəklər”.

    Məlum olub ki, hazırda “Azəriqaz”ın mütəxəssisləri tərəfindən monitorinq aparılıb:

    “Mexaniki qaz sayğacları istifadə edən abonentlərin 20 faizi ayrılmış illik limiti keçiblər”.

  • Azərbaycanda pirlərdə bütpərəstlik – dəmir parçasına yalvarırlar, nəzir verirlər ŞOK VİDEO

    Bu gün Space Tv-də yayımlanan “OLar? Olmaz!” verilişində el arasında ocaqlar və pirlər adlanan məkanlardan danışılacaq.

    Teleməkanda ilk dəfə olaraq bəzi pirlərdə baş verən inanılmaz görüntülər tamaşaçılara təqdim olunacaq.

    Görünütlərdən də gördüyünüz kimi, insanlar dəmir parçasına yalvarır, nəzir verir və yardım istəyirlər. Bütpərəstliyi xatırladan görüntülər izləyənləri dəhşətə gətirir. Parçaya bükülmüş əşyanı öpüb ağlayan insanları görəcəksiniz. Biz hara gedirik?

    Bu axşam saat 19:55-də Space TV-də Amil Xəlilin təqdimatında “Olar? Olmaz!” verilişini mütləq izləyin…

  • Azərbaycanda 150 minə maşın nömrəsi satılır (SİYAHI)

    Azərbaycanda 150 minə maşın nömrəsi satılır (SİYAHI)

    Bakıda 150 min manata avtomobil nömrəsi satılır.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, alqı-satqı saytlarında olduqca yüksək qiymətə maşın nömrələri təklif edilir.

    Belə nömrələrin həddən artıq baha olması diqqət çəkir. Satışa çıxarılan 10 DD 888 dövlət qeydiyyat nömrəsi 150.000 manata təklif edilir.

    Bu qədər yüksək qiymətə olmasa da, saytda olduqca baha qiymətə təklif edilən başqa nömrələr də var. 10 VV 100 nömrəsi 50.000 manata, 10 OO 015 nömrəsi 46.000 manata, 10 EF 100 nömrəsi 26.000 manata, 10 AZ 550 nömrəsi 25.000 manata, 10 LF 009 nömrəsi 20.000 manata, 10 CL 010 nömrəsi 14.500 manata təklif edilib.

    Saytda hətta “AA” seriyasından olan nömrələr də var. Onların da qiyməti olduqca yüksəkdir. Məsələn 20 AA 888 nömrəsi 10.000 manata əklif edilib.

  • Alpinistlərin axtarışı ilə bağlı əməliyyat müşavirəsi keçirilir

    Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bünyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarının gedişatını izləmək üçün həmin əraziyə səfər edib.

    Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə Xınalıq qəsəbəsində bir qrup media nümayəndəsi nazir müavini ilə birlikdə axtarışları izləyib.

    Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

    Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

  • Bakıdakı avtobusda daha bir biabırçılıq – Oğlunun vəsiqəsi ilə sürür (VIDEO)

    Bakıdakı avtobusda daha bir biabırçılıq - Oğlunun vəsiqəsi ilə sürür (VIDEO)

    Xəbər verdiyimiz kimi, ötən həftə Zığ şossesində ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Nəticədə, 12 nəfər xəsarət alıb.

    Araşdırmalar zamanı məlum olub ki, avtobus sürücüsü Kamran Ağayevin nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi yox imiş. Odur ki, Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların daşıyıcı şirkətini yenidən dəyişmək məcburiyyətində qalıb.

    Əfsuslar olsun ki, bu nüans artıq paytaxt ərazisində analoji hala çevrilib. Son illər daşıyıcı şirkətlər və marşrut avtobusları üzərində nəzarət xeyli güclənsə də, dəfələrlə baş vermiş bu kimi qəzalarda sükan arxasındakı şəxsin sürücülük vəsiqəsinin olmadığı məlum olub.

    “Qafqazinfo” bu məqamda Koroğlu metrostansiyasının yaxınlığında yerləşən Nəqliyatın Mübadilə Mərkəzində olub, şəhərətrafı qəsəbə və kəndlərə xidmət göstərən marşrut sürücüləri arasında sorğu aparıb. Sorğu zamanı məlum olub ki, əksər sürücülərin vəsiqəsi üzərindədir. Onlar daşıyıcı şirkətlər tərəfindən hər gün vəsiqələrinin yoxlanıldığını bildirib.

    Ancaq 198 saylı marşrut xəttində mübahisəli məqam yaşanıb. Belə ki, marşrut üzrə hərəkət edən 10 TG 895 dövlət nömrə nişanlı avtobusun sürücüsü əvvəlcə vəsiqəsinin üzərində olduğunu desə də, daha sonra avtobusda əyləşən, oğlu olduğunu iddia etdiyi şəxsin sürücülük vəsiqəsini təqdim edib.

    Görünən odur ki, bu kimi halların daha çox qanunsuz fəaliyyət göstərən avtobuslarda rast gəlindiyi bildirilsə də, bunlar reyd və yoxlamaların tez-tez aparıldığı mərkəzi dayanacaqlarda da yaşanır.