Category: Cəmiyyət

  • Bakıda intensiv yağış yağacaq (XƏBƏRDARLIQ)

    Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

    Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Şitkət rəhbəri dələduzluğa görə cəzalandırıldı – 40 min də vergi borcu var

    “RT Group Supply” şirkətinin təsisçisi və direktoru Turqut Osmanlı dələduzluq əməlinə görə cəzalandırılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə mühakimə olunan Turqut Osmanlıya 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzası şərti hesab olunub və 1 il 6 ay sınaq müddəti müəyyən edilib.

    İş materiallarından aydın olur ki, Turqut Osmanlı “Fortis Aqro” MMC-nin rəhbərliyinə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 90 ton gübrəni sərfəli qiymətə alaraq onlara təhvil verəcəyini bildirib. Bunun müqabilində isə 39 000 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib.

    “RT Group Supply” MMC 2 sentyabr 2021-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hazırda MMC-nin 40 418,83 manat vergi borcu var. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur.

  • Azərbaycanda ilk – Bu yolda sürət həddi 130 olacaq

    Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib.

    Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb.

    Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda – sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.

  • Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI

    “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı və 17-ci maddələrinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən “NNS Klinika” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama aparılıb.

    Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət göstərilməsi və qeydiyyatsız dərman vasitələrindən istifadə faktları aşkar edilib. Bununla bağlı hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib.

    Bundan əlavə, “NNS Klinika” MMC-yə məxsus tibb müəssisəsinin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılması üçün təqdimat verilib.

  • Qatarlara 18 dəfə daş atılıb

    2026-cı ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.

    ADY-dən verilən məlumata görə, nəticədə sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür; qatara ciddi zərər dəyir; maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.

    Məlumata görə, bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər.

    “Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar”, – məlumatda qeyd olunur.

    Xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir.

  • Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Şahin Həsən oğlu Həsənov Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub.

    Müavin təyin edilən Həsənov 1969-cu il avqustun 18-də Göyçay şəhərində anadan olub.

    1992-ci ildə Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirərək mühəndis-sistem texniki ixtisasına yiyələnib.

    1992–1993-cü illərdə Mingəçevir Energetika İnstitutunun “Ali riyaziyyat və informatika” kafedrasının müəllimi olub, 1993–1998-ci illərdə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində mühəndis-proqramçı vəzifəsində işləyib.

    1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnformasiya təminatı şöbəsi müdirinin müavini, az sonra şöbə müdiri vəzifəsinə təyin edilib, 8 il həmin vəzifədə işləyib, 2006-cı ildən 2026-cı ilədək Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2026-cı il aprelin 9-da Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.

    2-ci dərəcə dövlət müşaviridir.

  • Dəm qazından zəhərlənən uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı

    Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Xatırladaq ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan onların hamısı evə buraxılsa da, uşaqlardan biri – iki yaşlı qız dünyasını dəyişib. Daha bir gün sonra Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 4 uşaq geri qaytarılıb: onlardan iki nəfərin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil olub.

    TƏBİB-dən bildirilib ki, vəziyyəti ağır olan uşaqlardan biri Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub və ona meninqoensofalit diaqnozu təyin edilib.

  • Vado Korovin vəzifəsindən azad edildi

    “Space” televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, hazırda “Space” TV-də bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.

    Qeyd edək ki, ötən gün “Space” TV-nin baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılmışdı.

  • Yağış güclənəcək, QAR yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

    Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

  • Füzulidə tank əleyhinə mina PARTLADI: ANAMA-nın əməkdaşı ÖLDÜ

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.

    Bu barədə ANAMA məlumat yayıb.

    Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verib.

    Agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.

    Hadisə nəticəsində ANAMA əməkdaşı həlak olub.