Category: Cəmiyyət

  • Bakının mərkəzində yol çökdü – FOTO

    Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb.

    Median.Az Bizim.Media-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama yayıb.

    Qurumdan bildirilib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində kanalizasiya kollektorunda qeydə alınan qəza aradan qaldırılıb:

    “Xətt təmir edilərək bərpa olunub”.


  • İrandan Azərbaycana indiyədək 3505 nəfər təxliyə olunub

    İrandan fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

    Müharibə başlayandan İrandan bir çox ölkələrin vətəndaşlarının Azərbaycan, Türkiyə və Ermənistan vasitəsilə təxliyəsi aparılır.

  • İlin ilk rübündə neçə subay qadın övladlığa uşaq götürüb?

    Bu ilin ilk 3 ayında 4 subay şəxs övladlığa uşaq götürüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Bildirilib ki, həmin şəxslərin hər biri qadındır.

    Qeyd edək ki, 2019-cu ildən indiyədək ümumilikdə 859 uşaq övladlığa verilib. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib. Onlardan 19-u qız, 21-i oğlandır. Yaş bölgüsünə görə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş, 8-i 7-11 yaş, 4-ü isə 12-18 yaş aralığındadır.

  • FHN avtomobildə sıxılı vəziyyətdə qalmış şəxsləri xilas edib – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V. Bədəlova və 1959-cu il təvəllüdlü F. İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Bu rayonda qaz olmayacaq

    Tovuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

    Bildirilib ki, Alakol AQPS-dən qidalanan xətlərdə aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar qazın verilişi dayandırılacaq.

    Belə ki, Yanıqlı kəndi ərazisində vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 219 millimetr olan ortatəzyiqli qaz xəttinin, eləcə də Alakol kəndində digər vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin vətəndaşların öz vəsaiti hesabına yerinin dəyişdirilməsi nəzərdə tutulur.

    Bu səbəbdən 2026-cı il aprelin 14-də saat 09:30-dan etibarən Yanıqlı, Əhmədabad, Alakol və 1№-li Qovlar kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

    Qaz kəsintisi müddətində ümumilikdə 1 949 abonentin qaz təminatında fasilə yaranacağı bildirilib.

  • İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır

    Son dövrlər qlobal iqtisadi proseslər, enerji, logistika və ərzaq qiymətlərində artım müşahidə olunur, həmçinin, rəqəmsal xidmətlərə tələbat sürətlə yüksəlib.

    Maraqlıdır, bunun fonunda internet qiymətlərində artım ehtimalı varmı? Əgər belə bir ehtimal mövcuddursa, bunu şərtləndirən əsas faktorlar hansılardır?

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert Elvin Abbasov bildirib ki, hazırda internetin qiymətinin artması ehtimal yox, qaçılmaz prosesdir.

    “Telekommunikasiya sektoru elə sahədir ki, həm sürətlə dəyişir, həm də çox investisiya tələb edir. İstifadəçilərin sayı məhdud olsa da, internet trafikinin həcmi artır. Daha çox video izlənilir, oyun oynanılır, “bulud” xidmətlərindən istifadə olunur. Bu yükü eyni qiymət və eyni sürətlə uzun müddət saxlamaq real deyil.

    Bununla yanaşı, avadanlıqların idxalı, valyuta dəyişiklikləri, enerji, logistika və daşınma xərcləri, provayderlərin əməkhaqqı fondu və digər amillər birbaşa maya dəyərinə təsir edir.

    Digər kommunal xidmətlərdə qiymətlər dünya bazarındakı dəyişikliklərə uyğun tənzimləndiyi kimi, internet də eyni qaydada bu təsirlərdən kənarda qala bilməz. İnternetin qiyməti də məhz müvafiq dəyişikliklərə uyğun olaraq indekslənməlidir”, – E.Abbasov qeyd edib.

    Ekspertin sözlərinə görə, burada əsas məsələ artımın olub-olmaması deyil, nə qədər artmasıdır: “Cəmiyyətin bu məsələyə həssas yanaşmasının səbəbi də budur ki, qiymətlər bizdə tez-tez yox, uzun fasilələrlə dəyişir. Ona görə də hər artım birdən-birə böyük görünür. Halbuki digər kommunal xidmətlərdə olduğu kimi, internet tariflərinə də mütəmadi, məsələn, illik baxılması daha sağlam yanaşmadır. Bu zaman qiymət artımı daha yumşaq olur və sürpriz effekti yaratmır.

    Əslində qiymətlər dəyişsə də, bir məsələni nəzərə almaq lazımdır ki, yüksəksürətli paketlərin qiymətlərinin əlçatanlığı digər ölkələrə nisbətən aşağıdır və maksimal sürətlər 250 Mbit/s ilə limitlənir. Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar”.

    “Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar.

    Mənim ehtimalım odur ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20% civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar.

    Kəskin qiymət artımları əvəzinə, bu tip yenilənmələr provayderlərə davamlı investisiya imkanı yaradır və istifadəçi üçün daha məqbul olur. Nəticə olaraq, qiymətləri uzun müddət sabit saxlamaq yox, sürət-qiymət balansını bazar və texnologiyaya uyğun tənzimləmək xidmət keyfiyyətinin qorunması üçün vacibdir”, – E.Abbasov əlavə edib.

  • Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır

    Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmini məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.

    “Elektron davamiyyət” sistemi vasitəsilə:

    · Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;

    · Dərhal valideynlərin vatsap nömrəsinə bildiriş göndərilir;

    · Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

    Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

    Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir.

  • Bakıdakı yollardan birində sürət həddi endirilib

    Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Yol polisindən sürücülərə MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

    Qurumdan bildirilib ki, hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

    Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.

    “Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbirli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, – məlumatda qeyd edilib.

  • Hansı yollarda qırmızı işıqda keçmək olar? – Video

    Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb. Məsələn, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə dönə bilərlər.

    Bunun üçün “Yol verməklə dönmək olar” nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.

    Baku TV sözügedən məsələ ilə bağlı sürücülər arasında sorğu keçirib. Onların çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.

    “Nişanı görmüşəm. Amma adam dönməyə ürək etmir”, “Birinci dəfədir görürəm. Belə nişanın olduğunu bilmirdim”, – deyə sürücülər məsələyə münasibət bildiriblər.

    Paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir. Lakin bir çox sürücü bundan məlumatsızdır.