Sabunçu rayonunda yerləşən 12 saylı şəhər poliklinikasında diabet xəstələrinin dərman təminatında çətinlik yaranıb.
Artıq bir neçə gündür pasiyentlərə elektron sistemdə problem olduğu bildirilir və bu səbəbdən dərman talonlarının verilməsində gecikmələr baş verir.
Qeyd olunur ki, bu hal ilk deyil, əvvəllər də oxşar hallar qeydə alınıb və xəstələr insulin, digər dərman preparatlarını vaxtında əldə edə bilməyiblər. Dəfələrlə müraciətlər edilsə də, davamlı problemin həlli təmin olunmayıb.
Xüsusilə I tip diabet xəstələri üçün vəziyyət daha kritikdir. Onların gündəlik insulinə ehtiyacı olduğundan çətinlik uzandıqca bəzi şəxslər dərmanları öz vəsaitləri hesabına almağa məcbur qalırlar.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Naxçıvan Muxtar Respublikasında (MR) 3 min metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib.
Bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.
Verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub.
Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3 000 metr) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.
Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində 14 mm, Biçənək kəndində (Şahbuz) 10 mm, Şərurda 3 mm, Axura kəndində (Şərur) 7 mm, Ordubadda 8 mm, Parağaçayda (Ordubad) 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm olub.
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub.
Median.Az “Report”a istinadən xəbər verir ki, 1 298 ton dizel yanacağı yüklənmiş 22 ədəd vaqondan və 240 ton gübrə yüklənmiş dörd vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
* * * * *
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.
Median.Az “Report”a istinadən xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.
Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.
Sonuncu dəfə isə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel yanacağı göndərilib.
İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.
Bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.
Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.
Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.
Bunlara, ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.
Eyni zamanda, ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur.
Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir.
Azərbaycanda 80 min qadın fermer var. Bu qədər qadın da torpaq istifadəçisidir.
Bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasınin sədri Gülbəniz Qənbərova bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Onun sözlərinə gorə, bəzi hallarda hüquqdan daha çox haqq məsələsi problemi yaranır:
“Məsələn, yaylağa mal-qara aparan qadınlar üçün əlverişli yerlərin əldə edilməsi, suvarma suyunun cədvəlləşdirilməsi zamanı əksər fermerlərin suvarma vaxtının gündüz saatlarına düşməsi kimi məsələlər mövcuddur.
Biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təmin olunması qarşıda duran əsas məqsədlərdir. Təsərrüfatda çalışan qadınlar tamhüquqlu iqtisadi subyekt kimi iştirak etməlidirlər”.
Gülbəniz Qənbərova kəndlərdə kollektiv qadın bizneslərinə də diqqət çəkib. O bildirib ki, regionlarda kollektiv qadın biznesləri geniş vüsət alır:
“Bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək daha çox istehsal edir, satış həyata keçirir və gəlir əldə edirlər. Öz bizneslərini böyütdükcə kənddə yaşayan digər qadınları da işlə təmin edirlər. İndiyədək 780 qadın bu model əsasında özünü məşğulluqla təmin edib”. //trend.az
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
“Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır, obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib, yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb, obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb, obyektin tüstü bacası təmizlənməyib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – deyə məlumatda vurğulanıb.
Mərdəkan qəsəbəsində Almas İldırım və Yesenin küçələri aparılan təmir işləri ilə əlaqədar bağlanıb.
Bu barədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 140 və 140E saylı xətlərdə avtobuslar hər iki istiqamətdə müvəqqəti olaraq 28 May küçəsi, Əliabbas Əliyev küçəsi və Əliheydər Qarayev küçəsi ilə hərəkət edir.
Təmir işləri ilə bağlı 125, E1 və 149 nömrəli marşrut xətləri üzrə avtobuslar hər üç istiqamət üzrə 20-ci sahə ilə hərəkət edir və “Jurnalistlərin binası” yaxınlığında yerləşən dayanacaq məntəqəsinə daxil olmur.
Bundan başqa, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yolda yaranmış çuxurlar səbəbindən 149 saylı xətt son dayanacağa qədər hərəkət edə bilmir. Avtobuslar müvəqqəti olaraq Rövşən Rzayev parkının yanında dayanır.
Bakı-Quba yolunun Siyəzənin Yenikənd kəndindən keçən hissəsində, Gilçay üzərindəki körpüdə yaranan vəziyyət sürücülərin narahatlığına səbəb olub. Körpü üzərindəki problem sürücülər üçün təhlükə mənbəyinə çevrilib.
Sakinlər vəziyyəti Baku TV-yə belə şərh ediblər: “Maşınları pis günə qoyub. Hər gün buradan keçən avtomobillərin təkərləri partlayır. Üç-dörd gün olar. Hazırda dəmirlər üzdə qalıb”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə yaranmış problemdən xəbərdardırlar. Bu barədə agentliyə məlumat daxil olan kimi dərhal aidiyyəti üzrə tapşırıq verilib və problemin qısa müddətdə aradan qaldırılması təmin edilib.
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib.
Bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, A.İsayeva xarici dil üzrə fəlsəfə doktorluğu imtahanında 46.55 bal toplayaraq ölkə birincisi olub.