Category: Cəmiyyət

  • 28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)

    “28 may Müstəqillik günü ilə bağlı əfv sərəncamının verilməsi ehtimalını o qədər də yüksək qiymətləndirmirəm”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

    Komissiya üzvü bunun səbəbini Amnistiya aktının icrasının başa çatmaması ilə əlaqələndirib:

    “mnistiya aktının icrası davam etdiyi vaxtda əfv sərəncamının verilməsi bir qədər mümkün görünmür. Çünki bir humanist aktın icrası başa çatmalıdır ki, növbəti humanist aktın qəbul edilməsi üçün yeni imkanlar yaransın. Amnistiya aktının subyekti Milli Məclisdir, əfv sərəncamının subyekti ilə Prezidentdir. Amma mahiyyət, məzmun etibarı ilə hər ikisi humanizm, mərhəmət prinsiplərinə əsaslanır”.

    Əliməmməd Nuriyev əlavə edib ki, Azərbaycan Respublikası Konistitusiyasına əsasən, əfv Prezidentin müstəsna konistitusion səlahiyyətlərindən biridir və əfvin nə zaman verilməsi ilə bağlı qərar Prezident tərəfindən qəbul edilir:

    “Ötən ilin may ayında Prezident tərəfindən növbəti – 71-ci əfv sərəncamı imzalanıb. Bu sərəncam yüzlərlə məhkuma şamil olunub. Dekabrın sonunda Milli Məclis tərəfindən növbəti Amnistiya aktı qəbul edilib. Hazırda Amnistiya aktının icrası gedir və 4 ay müddətində bu proses başa çatmalıdır. Aprel ayının 21-də Amnistiya aktının icrası başa çatacaq. Nə qədər ki, Amnistiya aktının icrası gedir əfv sərəncamının verilməsi bir qədər uyğun görünmür”.

    Əliməmməd Nuriyev hazırda Əfv Komissiyasının iclaslarının keçirilmədiyini bildirib.

    “Amma Prezidentin hüquq-mühafizə orqanlarının iş şöbəsinin əfv sektoru və Əfv komissiyasının katibliyi fasiləsiz olaraq işləyir. Onlar bütün ilboyu daxil olan müraciətləri araşdırır və müraciətlərlə bağlı arayışlar hazırlanır. Proses gedir. Amma nə zaman əfv sərəncamı olacaq, onunla bağlı hər hansı fikir söyləmək qanunvericiliyin tələblərindən doğru olmaz”.

  • Ehsan, yoxsa xeyriyyəçilik – Hansı daha çox savab qazandırır?

    Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb.

    Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər.

    Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək?

    Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ənənəvi olaraq yas mərasimlərində və ehsan süfrələrində məqsəd mərhumun ruhuna dua etmək, onun xatirəsini yad etmək və ehtiyacı olanlara yardım göstərmək olub:

    “İslam dinində ehsanın əsas hikməti də məhz bundadır. Paylaşmaq, ehtiyac sahibinə əl tutmaq, savab qazanmaq və mərhumun ruhuna xeyir çatdırmaq dinimizin öyrətmək istədiyi əsas anlayışlardandır. Ehsan özünü göstərmək, lovğalıq vasitəsi deyil, səmimiyyət və xeyirxahlıq əməlinin təzahürüdür. Lakin zamanla bu ənənə bəzi hallarda mahiyyətindən uzaqlaşaraq, israf və göstəriş elementləri ilə yüklənib. Halbuki, İslam israfı qəti şəkildə qadağan edir. Qurani-Kərimdə israf edənlərin “şeytanın qardaşları” olduğu açıq şəkildə bəyan edilir. Bu ifadə israfın nə qədər ciddi və mənfi bir əməl olduğunu göstərir. Təəssüf ki, bu gün bəzi yas məclislərində süfrələrin həddindən artıq zəngin qurulması, insanların imkanlarını aşan xərclərə girməsi bu ilahi xəbərdarlığın unudulduğunu göstərir. Eyni vəziyyət daha qabarıq şəkildə toy məclislərində müşahidə olunur. Bəzən sadə bir sevinc mərasimi əvəzinə, böyük maliyyə yükünə çevrilən, israfın ən yüksək həddinə çatan tədbirlər təşkil edilir. Bir çox hallarda təməli yeni atılan gənc ailələr borc içində ailə həyatına başlayır, bu da ailə daxili problemlərin yaranmasına zəmin olur”.

    Rəsul Mirhəşimli vurğulayıb ki, yas mərasimi zamanı yemək-içmək məclisindən imtina edib, eyni vəsaiti yüzlərlə insanın gündəlik həyatını asanlaşdıracaq bir işə sərf etmək üçün atılan addım həm mərhum atasının xatirəsinə ehtiram, həm də cəmiyyətə xidmət kimi dəyərləndirilə bilər:

    “Belə əməllər təkcə bir günün deyil, uzun illər faydasını verir. İnsanların rahat hərəkəti, kəndin abadlaşması kimi nəticələr davamlı savab qazandıran işlərdir. İslamda “sədəqeyi-cariyə” anlayışı var. Bu ifadə davam edən savab anlamını verir. Yol çəkmək, su quyusu qazmaq, ağac əkmək kimi işlər insan dünyadan köçdükdən sonra da onun adına savab yazılmasına səbəb olur. Bu baxımdan, kənd yolunun təmiri kimi bir təşəbbüs həm mərhumun axirəti üçün böyük qazancdır, həm də bu işi görən şəxs üçün savab qapısıdır. İnsanlar bu cür xeyirxah əməlləri gördükdə dua edir, razılıq bildirir və bu dualar həm diri, həm də vəfat etmiş şəxslər üçün mənəvi qazanca çevrilir”.

    Onun sözlərinə görə, ehsanın mahiyyəti formasında deyil, məzmunundadır:

    “Əgər ayrılan vəsait cəmiyyətə real fayda verirsə, insanlara rahatlıq gətirirsə və uzunmüddətli xeyir yaradırsa, bu, ən gözəl ehsan nümunələrindən biri hesab oluna bilər. Xeyriyyə işi görmək kimi rast gəlinən belə nümunələr göstərir ki, ənənələri kor-koranə təkrarlamaq əvəzinə, onların ruhunu qoruyaraq daha faydalı istiqamətlərdə tətbiq etmək mümkündür. Bu yanaşma həm dini dəyərlərə daha uyğundur, həm də cəmiyyətin inkişafına töhfə verir”.

  • Bu bağçalara yeni müdirlər təyin olundu

    Gəncədə uşaq bağçalarına müdir təyin edilib.

    Bu barədə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, İbrahimova Zərqələm Kazım qızı Göygöl rayonu Xəqani kənd körpələr evi – uşaq bağçasının müdiri, Hüseynova Vüsalə Həsən qızı isə Gəncə şəhəri 19 nömrəli körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.

  • Böyük Mərdəkan qəsrində çökmə oldu – Giriş məhdudlaşdırıldı

    Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində dünən Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.

    Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

    Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tututlub.

    Qeyd edilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

  • Xalq artisti vəfat etdi

    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

    Görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov 13 aprel 2026-cı il tarixində, ömrünün 97-ci ilində vəfat edib.

  • Bu məhsulların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır – Video

    Sosial şəbəkələr və onlayn platformalarda idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) təbliği qeyd olunan sahəyə marağın genişlənməsinə səbəb olub. İdman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir.

    Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır.

    Bununla yanaşı, məhsulun etiket məlumatlarına və istifadə təlimatlarına diqqət yetirilməsi zəruridir. Belə məhsulların qəbulundan əvvəl onların tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır.

  • TƏBİB-ə yeni mətbuat katibi təyin olundu

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

    Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.

  • Reyd zamanı istehlaka yararsız 227 kq at əti aşkarlanıb

    Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Məlik Sabir oğlu Əzizov tərəfindən qanunsuz olaraq kəsildiyi, Əmrah İslam oğlu Kərimli tərəfindən isə 10-XP-977 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    9. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Zərifə Əliyeva küçəsində;

    14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Tez-tez xəstələnməyinizin SƏBƏBLƏRİ

    İnsan il ərzində altı və ya daha çox dəfə soyuqdəymə keçirirsə, bu artıq tez-tez xəstələnmə hesab olunur və bunun əsas səbəbi, adətən, virus infeksiyaları olur.

    Median.Az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən ailə həkimi Neha Vyas bu halın arxasında əsasən immun sistemin zəifləməsinin dayanmasını bildirir.

    İmmunitet sistemi orqanizmdə müxtəlif hüceyrə və mexanizmlərin birlikdə işləməsi nəticəsində yaranan mürəkkəb bir müdafiə sistemidir. O, mikroblara qarşı qoruyur və xəstəliklərdən sonra bərpa prosesinə kömək edir. Virus orqanizmə daxil olduqda, immun sistemi anticisimlər adlanan xüsusi zülallar istehsal edir. Bu zülallar viruslara yapışaraq onların məhv edilməsi üçün siqnal göndərir.

    Mütəxəssislərin fikrincə, tez-tez xəstələnməyin əsas səbəblərindən biri uzunmüddətli stressdir. Qısa müddətli stress bəzən immuniteti aktivləşdirə bilər, lakin xroniki stress əksinə, orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Bu isə yalnız soyuqdəymə riskini artırmır, eyni zamanda ateroskleroz, depressiya və digər ciddi problemlərin yaranma ehtimalını da yüksəldir. Stress həmçinin artıq mövcud olan xəstəliklərin gedişatını ağırlaşdıra bilər.

    Yaş artdıqca immun sistemin fəaliyyəti təbii olaraq zəifləyir. Bunun qarşısını tam almaq mümkün olmasa da, həyat tərzi ilə bağlı amilləri dəyişmək mümkündür. Fiziki aktivliyin az olması, qeyri-sağlam qidalanma və zərərli vərdişlər orqanizmi daha həssas edir və xəstəliklərə yoluxma ehtimalını artırır. Bu səbəbdən həkimlər sağlam həyat tərzinin formalaşdırılmasını vacib hesab edir.

    Digər mühüm amillərdən biri də gündəlik həyat şəraitidir. Xüsusilə uşaqlar tez-tez infeksiya mənbəyi ola bilirlər, çünki onlar gigiyena qaydalarına tam əməl etmirlər. Bundan əlavə, ictimai nəqliyyatdan istifadə və tez-tez səyahətlər də viruslara yoluxma riskini artırır.

    Ağız və diş sağlamlığı da ümumi immun vəziyyətə birbaşa təsir edir. Ağız boşluğunda çox sayda bakteriya mövcuddur və düzgün qulluq edilmədikdə bu bakteriyalar müxtəlif xəstəliklərə səbəb ola bilər. Müntəzəm diş təmizliyi və stomatoloq müayinəsi infeksiyaların qarşısını almaqda mühüm rol oynayır.

    Bəzi hallarda tez-tez xəstələnmənin səbəbi autoimmun xəstəliklər ola bilər. Bu zaman immun sistemi həddindən artıq aktiv olur və onun fəaliyyəti xüsusi dərmanlarla zəiflədilir. Xüsusilə steroid preparatlar immun sistemin fəaliyyətini aşağı saldığı üçün orqanizm infeksiyalara qarşı daha həssas olur.

    Həkimlər bildirir ki, immuniteti gücləndirmək üçün ilk növbədə stressi azaltmaq, balanslı qidalanmaq, kifayət qədər yuxu almaq və gündəlik fiziki aktivliyi artırmaq lazımdır. Eyni zamanda şəxsi gigiyenaya riayət etmək, xüsusilə əlləri tez-tez yumaq və ağız sağlamlığına diqqət yetirmək də böyük əhəmiyyət daşıyır.

    Nəticə olaraq qeyd olunur ki, tez-tez xəstələnmək əksər hallarda həyat tərzi və immun sistemin zəifləməsi ilə bağlıdır. Sadə, lakin davamlı sağlam vərdişlər bu problemi əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər.