Category: Cəmiyyət

  • Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, aprelin 14-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

  • Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağır

    Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Bölgədə yağıntılı hava şəraiti hökm sürür. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərində qar yağışı qeydə alınır.

  • Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağırdır

    Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağır stabildir.

    Median.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Bildirilib ki, onun Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilir və meninqoensofalit diaqnozu təyin edilib.

    Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında isə iki nəfərin müalicəsi davam etdirilir.

    Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir.

    Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

  • Prorektor işdən çıxarıldı – Nazirdən əmr

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov vəzifəsindən azad olunub.

    Median.Az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

    N.İsmayılov başqa sahəyə keçməsi ilə əlaqədar işdən çıxmaqla bağlı ərizə yazıb. Nazir onun ərizəsini qəbul edib.

  • Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 18 və 19 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

    Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

  • TƏBİB-ə yeni mətbuat katibi təyin olundu

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

    Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.

  • Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

    Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib.

    Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq, üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır.

    Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziyaya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb.

    Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda, nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

  • Azərbaycan əhalisinin sayı açıqlandı

    Azərbaycan əhalisinin sayı artıb.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-fevral ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Bildirilib ki, əhalinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 264 040 nəfərə çatıb.

  • Xankəndidə mağazada yararsız məhsullar aşkarlanıb

    Xankəndi şəhərində fəaliyyət göstərən şərab satışı mağazasında nöqsanlar aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Bildirilib ki, mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin, sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.

    Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

  • Prezidentin yeni Mətbuat katibi KİMDİR? – FOTO

    Xəbər verdiyimiz kimi, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

    Orxan Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur.

    Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.
    //unikal.az