Category: Cəmiyyət

  • Beyləqanda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı – Video

    Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən fərdi sahibkar İsmayılzadə Elçin Cümşüd oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.

    Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı müəyyən edilib.

    Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

    Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

  • Müəllimlərin NƏZƏRİNƏ – İş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulu başladı

    Bu gündən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

    Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd edilib ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

    Namizədlərə qeydiyyatdan keçərkən və sənədləri yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

    Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:

    – Əri və ya arvadı hərbçi olduqda: nikah haqqında şəhadətnamənin surəti, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.

    – Şəhid ailəsi üzvü olduqda: şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;

    – İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə: həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti;

    – Yuxarıda qeyd olunan şərtləri ödədikdə: sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.

    Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb edilir.

    Namizədlər 20 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

    Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faq

  • Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı – Video

    Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir.

    Median.Az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.

    Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür. (Qafqazinfo)

  • Ağdamda FACİƏ: Qayınana kürəkəninin yas mərasimində ÖLDÜ – FOTO

    Ağdam rayonunda baş verən bədbəxt hadisə iki nəfərin ölümü ilə nəticələnib.

    İlkin Babayev iki gün əvvəl tikintidə işləyərkən faciəli şəkildə həyatını itirib.

    Məlumata görə, o, beton tökmə işləri zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan İlkin Babayevin həyatını xilas etmək mümkün olmayıb.

    Bildirilib ki, dünən onun dəfn mərasimi keçirilərkən mərhumun qayınanası Nüşabə Cəfərovanın halı qəfil pisləşib. Stres səbəbindən vəziyyəti ağırlaşan qadın xəstəxanaya aparılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.


  • Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq

    Ağdərədə 13-17 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

  • Polkovnik-leytenant 42 yaşında vəfat etdi

    Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov vəfat edib.

    O, uzun sürən xəstəlikdən 42 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, C.Cabbarov Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib.

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.

  • Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirildi – SƏBƏB

    Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib.

    Bu barədə “BakuBus” MMC məlumat yayıb.

    Bildirilib ki, 140 və 140E saylı marşrut xətləri gedərkən Mərdəkan dairəsindən Əliheydər Qarayev küçəsinə, oradan isə Almas İldırım küçəsinə çıxaraq öz sxemləri üzrə hərəkətlərini davam etdirirlər.

    Buna səbəb yolun çökməsi və aparılan təmir işləridir.

    Eyni zamanda, 30 saylı marşrut xəttinin hərəkət istiqamətində Kamran Əfkari küçəsində (UPD) aparılan təmir işləri ilə əlaqədar avtobuslar müvəqqəti olaraq Babək prospekti ilə hərəkət edirlər.

  • Sosial şəbəkələrdə yayılan gözəllik tələsi: Mənşəyi bilinməyən üz kremlərinə aldanmayın – Video

    Sosial şəbəkələrdə istifadəçilərə kustar üsulla hazırlanan üz kremləri təklif olunur. Problem ondadır ki, bu kremlərin qablaşdırılmasının üzərində nə adı, nə tərkibi, hansı üsulla hazırlandığı, nə də istifadə qaydaları göstərilir. Bu səbəbdən mənşəyi məlum olmayan belə kremlərdən istifadə ciddi təhlükələrə yol aça bilər.

    Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

    “İnsanlar əvvəlcədən istifadə qaydalarını bilmirlər. Məsələn, üz kremini bəzən göz altına da çəkirlər. Bu isə düzgün deyil. Bunlar qablaşdırmanın üzərində yazılmır. Bunu bilməyən insanlar var. Yaxud krem gözə düşərsə, nə etmək lazım olduğunu da bilmirlər. Bütün bu təlimatlar mütləq yazılmalıdır. İkincisi, məhsulun ev şəraitində hansı şərtlərdə hazırlandığı bilinmir”, – sakinlərdən biri bildirib.

    “Mən heç vaxt öz dərimi riskə atmaram. Çünki bilmirəm, hansı şəraitdə hazırlanıb. Ona görə də bunu çox tövsiyə etmirəm”, – deyə başqa bir sakin qeyd edib.

  • Qarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər – VİDEO

    Qışın uzun sükutundan sonra Ağdərəyə yaz gəlib. Yazın gəlişi ilə isə təbiət oyanır deyirlər. Buludların arasında bir gizlənib, bir görünən günəş isə qayıdışın isti nəfəsini hiss etdirir.

    Median.Az xəbər verir ki, AzTV əməkdaşları Həsənriz kəndində bir yaz gününə şahidlik ediblər.

    Uzun fasilədən sonra doğma yurdlarına qayıdan sakinlər burada həm məskunlaşıb, həm də təsərrüfatlarını quraraq yeni həyata başlayıblar.

    Torpağın oyanışı ilə kənddə gündəlik həyat öz axarına düşüb. Həm insanların zəhməti, həm də torpağa bağlılıq bu yerlərə yeni nəfəs gətirib.

    Artıq Həsənriz kəndində 273 ailədən ibarət 1 080 nəfər yaşayır.

    Ümidlər təzə, arzular diri, sabaha inam isə daha güclüdür. Rəna xalanın bişirdiyi hər təndir çörəyi burada yenidən qurulan həyatın, dirçəlişin və gələcəyə uzanan yolun ruzisinə çevrilir.

  • Prezident təqaüdçüsü prestijli London İmperial Kollecinə qəbul olunub

    Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.

    Median.Az bu barədə “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.

    R.Qasımova 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi olub və Prezident təqaüdünə layiq görülüb.

    Qeyd edək ki, o, 2024-cü ildə mübadilə ilə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində 1 semestr təhsil alıb. Eyni zamanda, Röya ACCA tələbəsi olaraq 2024-cü ilin dekabr sessiyasında “Financial Reporting” imtahanında 95% nəticə göstərərək ölkə üzrə ən yüksək balı toplayıb və “National Prizewinner” adına layiq görülüb.