Category: Cəmiyyət

  • Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB

    Azərbaycanda miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydalarında dəyişiklik olunub.

    Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qərar imzalayıb.

    Belə ki, işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, işçi onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölməyə (şəxsə) məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi miqrasiya orqanına akt üzrə təhvil verilməlidir. Tərəflərdən biri miqrasiya orqanı olan əqdlərdə işçi digər tərəf ola bilməz.

    Həmçinin işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. İşçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölmənin (şəxsin) rəyini öyrənməlidir.

    Yeni qərara qədər işçi birbaşa rəhbərinə məlumat verməli və onun rəyini öyrənməli idi.

  • Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

    Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?

    Son vaxtlar sosial şəbəkələrdə özəl ali təhsil müəssisələrinin bir çoxunda pedaqoji ixtisasların ləğv edilməli olduğu təklifi müzakirəyə çıxarılıb.

    Qeyd edilir ki, bu addım pedaqoji ixtisasların keyfiyyətini artırmağa, nəticədə müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarında daha yüksək nəticələr əldə etməyə imkan verə bilər.

    Ümumiyyətlə, son vaxtlar pedaqoji ixtisaslara qəbulun azaldılması ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas səbəb kimi isə göstərilir ki, qəbul planı ilə vakant yerlər arasında kəskin fərq mövcuddur və buna görə də bu ixtisaslar üzrə qəbul sayının azaldılmasına ehtiyac yarana bilər.

    Qeyd olunur ki, məktəblərdə şagird sayının əvvəlki illərlə müqayisədə azalması gələcəkdə müəllimə olan tələbatın da azalmasına səbəb ola bilər.

    Bildirək ki, bir müddət öncə özəl ali təhsil müəssisələrində tibb, hüquqşünaslıq ixtisaslarının ləğvi nəzərdə tutulmuşdu. Özəl ali təhsil müəssisələrində pedaqoji ixtisasların ləğvi onların fəaliyyətinə ciddi təsir göstərə bilərmi? Ümumiyyətlə, bu istiqamətdə addımlar müəllim sayını azaldacaq?

    Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, əslində özəl ali təhsil müəssisələrinin bir çoxunda pedaqoji ixtisasların ləğv edilməsi ilə bağlı təklif düzgün addımdır:

    “Özəl təhsil müəssisələrinin bir çoxunda pedaqoji kadr hazırlığı zəif aparılır. Bəzi özəl təhsil müəssisələrində pedaqoji kadr hazırlığı məhdud sayda var. Pedaqoji ixtisaslar ümumi ixtisasların çox az faizini təşkil edir. Əmək bazarında xeyli ixtisaslar var. Digər ixtisaslar üzrə özəl ali təhsil müəssisələri fəaliyyətini davam etdirə bilsinlər. Özəl təhsil müəssisələrindən bu ixtisasların alınmasında məqsəd müəllim hazırlığına keyfiyyəti artırmaqdır.

    Ümumiyyətlə, keyfiyyətin yüksəldilməsində əsas məsələ ixtisasın hansı universitetdə olması yox, kadr hazırlığının standartları, tədris mühiti və nəzarət mexanizmləridir. Yəni təris planı zəifdirsə, praktiki dərs mühiti minimumdursa, müəllim heyəti pedaqoji innovasiyalara hazır deyilsə, təbii ki, ixtisasın dövlət və ya özəl universitetdə olmasının fərqi yoxdur.

    Guya dövlət universitetlərinin hamısında pedaqoji kadr hazırlığı yüksək səviyyədəmi aparılır? Bu səbəbdən yalnız ləğvetmə mexanizmi deyil, akkreditasiya tələblərini sərtləşdirib və müəllim hazırlığını vahid milli standartlara uyğunlaşdırmaq daha effektiv ola bilər.

    Dövlət yalnız güclü akademik bazası olan özəl müəssisələrə pedaqoji ixtisas saxlamağa icazə versə, bu həmin universitetin keyfiyyətli rəqabət mühitinə qoşulmasına səbəb olur. Eləcə də müəyyən qədər bu ixtisasların onlardan alınmasının təsiri olsa belə, birbaşa bağlanması anlamına gəlmir”.

    Ekspertin sözlərinə görə, hazırkı durumda Azərbaycanda pedaqoji ixtisasları bitirənlərin sayı bazar tələbindən daha çoxdur:

    “Son 1-2 ildə bunun qarşısı alınıb və daha yüksək balla qəbul olmaq üçün plan yerlərinin sayı azaldılıb. Reallığa gəldikdə, müəllimlərin işə qəbulu imtahanında 30-40 faiz keçid faizi göstərir, eləcə də tələbə sayı çoxdur, həm də hazırlıq zəifdir.

    Tələbata gəldikdə, daha çox fənn müəllimləri tapmaq çətindir. Xüsusilə də rus sektorlarında bu hal müşahidə olunur. Fikrimcə, real addımı keyfiyyətə yönəltmək lazımdır. Özəl universitetlərdən pedaqoji ixtisasları ləğv etməklə iş alınmır.

    Burada həm özəl, həm dövlət universitetlərinə sərt akkreditasiya standartları tətbiq etmək lazımdır. Biz açıq şəkildə görməliyik ki, hansı universitetlərin keyfiyyətli kadr hazırlığı var. Əslində bunu elm və təhsil naziri Emin Əmrullayev də dəfələrlə bildirib”.

  • Həkəri çayından Bakıya içməli su çəkilə bilər – Video

    Bu il Həkəri çayının üzərində daha bir anbarın tikintisi nəzərdə tutulur.
     
    Bu fikirləri “Xəzər TV”də yayımlanan “Cavabdeh” adlanan müsahibədə ADSEA-nın sədri Zaur Mikayılov bildirib.
     
    Onun sözlərinə görə, Həkəri suyu daha çox içməli suya imkan verəcək. Texniki imkanlar uyğun olarsa suyun Bakıya qədər çəkilməsi mümkün olacaq.

  • İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik

    İnsanlarla qurulan ilk təmas saniyələr ərzində formalaşır. Duruş, baxış və özünəinam hələ bir kəlmə kəsmədən qarşı tərəfə güclü mesajlar verir.
     
    Şir bürcü mühitə daxil olduğu an “mən buradayam” deyir. Onların təsiri sünilikdən uzaq, daxildən gələn bir liderlik hissi ilə bağlıdır.
     
    İnsanlar Şir bürcünün yanında özlərini təbii şəkildə onlara tabe olmuş və ya heyran qalmış kimi hiss edirlər. Onların bədən dili və geyim tərzi hər zaman mükəmməlliyə meyllidir.
     
    Əqrəblər qışqıraraq deyil, səssiz və dərin bir enerji ilə diqqət çəkirlər. Onları ilk baxışda unudulmaz edən ən böyük silahları baxışlarıdır.
     
    İnsanlar onlara qarşı həm maraq, həm də bir qədər çəkinmə hissi duyarlar. Əqrəbin təsiri sürətli deyil, zamanla daha da dərinləşən və qalıcı olan bir təsirdir.
     
    Tərəzi bürcü insanları ilk görüşdə yumşaq, lakin olduqca güclü bir təəssürat yaradırlar. Onların gücü müvazinət və estetika anlayışındadır.
     
    İnsanlar Tərəzi bürcünün yanında özlərini rahat hiss edirlər. Onların mimikaları və hərəkətləri son dərəcə ahəngdar olduğu üçün qarşı tərəfdə dərhal “güvənilir və kübar insan” obrazı formalaşır.
     
    Fərqli xarakterlərə malik olsalar da, bu bürcləri ilk saniyələrdə uğurlu edən ortaq nöqtələr var:
    Özünü tanımaq – net və güclü bir duruş təmin edir.
    Enerji nəzarəti – mühitə sürətli uyğunlaşma və təsir gücü.
    Bədən dili – sözlərdən əvvəl duruşun danışması (göz təması, dik postur).
    Təbii özünəinam – süni olmayan, səmimi bir cazibədarlıq.
     
    Nəticə olaraq, ilk baxışda təsir etmək təsadüf deyil, doğru siqnalları vermə bacarığıdır. Bürcləriniz nə olursa olsun, daxili enerjinizi düzgün idarə etməklə hər mühitdə iz qoya bilərsiniz.
    //sfera.az

  • Bakıda bəzi evlər çökə bilər – XƏBƏRDARLIQ

    Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin “Sovxoz Ramana” adlanan ərazisində yerləşən su hövzəsinin bir hissəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektarlıq hissəsi doldurulub və bununla da akvatoriya süni şəkildə kiçildilib. Məsələ ilə bağlı araşdırma aparılıb və fakt hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. Lakin məsələ təkcə bir gölün doldurulması ilə məhdudlaşmır. Şəhərin müxtəlif yerlərində analoji halların baş verdiyi barədə məlumatlar var. Bir sıra ərazilərdə göllərin və bataqlıqların doldurulması nəticəsində torpaq sahələri formalaşdırılır və sonradan həmin sahələr fərdi yaşayış evlərinin tikintisi üçün satılır. Qısa müddətdə əldə edilən bu qazanc uzunmüddətli ekoloji və sosial problemlərin yaranmasına səbəb olur.

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

    Eyni ərazidə iki icraedici qurum problemi

    Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov bildirir ki, ölkədə su hövzələri ilə bağlı torpaq istifadəsi məsələlərində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bəzi ərazilər təbii xüsusiyyətlərinə görə qorunma zonasına daxildir və bu yerlərdə torpaqdan istifadə xüsusi qaydalarla tənzimlənməlidir. Lakin praktiki vəziyyət göstərir ki, müəyyən ərazilərdə vaxtaşırı qrunt sularının toplanması nəticəsində kiçik bataqlıqlar formalaşır, sonradan isə həmin sahələr qurudularaq torpaq kimi satışa çıxarılır.

    Ekspert qeyd edir ki, bu cür hallara xüsusilə bələdiyyə torpaqlarında tez-tez rast gəlinir. Bununla belə, məsuliyyətin konkret olaraq hansı qurumun üzərinə düşməsi məsələsi çox zaman açıq qalır. Ekspertin fikrincə, torpaq sahəsinin ilkin satışını həyata keçirən qurum bu prosesdə əsas məsuliyyət daşımalıdır: “Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərində qərarların yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lakin reallıqda ərazilərdə iki icraedici struktur – həm icra hakimiyyətləri, həm də bələdiyyələr fəaliyyət göstərir. Formal olaraq əsas icraedici qurum kimi yerli icra hakimiyyətləri qəbul edilir. Cəmiyyət isə bələdiyyələri əsasən torpaq satan qurum kimi tanıyır”.

    E.Azadovun fikrincə, mövcud problemlərin əsas səbəblərindən biri eyni ərazidə iki icraedici strukturun fəaliyyət göstərməsidir. Bu, səlahiyyətlərin bölüşdürülməsində qeyri-müəyyənlik yaradır.

    Bələdiyyə sərhədlərinin müəyyənləşdirilməsi gecikir

    Ekspert xatırladır ki, hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib. Lakin aradan 5-6 il keçməsinə baxmayaraq, bu istiqamətdə işlərin cəmi 30-40 faizi tamamlanıb və proses hələ 50 faiz həddinə belə çatmayıb. Müsahibimizin fikrincə, sərhədlər tam müəyyən edildikdən sonra həmin torpaqlara rəsmi çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı aydın və şəffaf strategiyalar hazırlanmalıdır. Əks halda, qanunvericilikdəki boşluqlar və səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər torpaq idarəçiliyində problemlərin davam etməsinə səbəb olacaq.

    Dövlət qeydiyyatı olmayan əmlak satıla bilməz

    Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Ruslan Vəliyev deyir ki, bu kimi hallar hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilir. Qanunvericiliyə əsasən, belə əmlakların satışı mümkün deyil. Çünki hər hansı daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın əvvəlcə dövlət qeydiyyatına alınması və rəsmi çıxarışının olması tələb olunur.

    Hüquqşünas izah edir ki, əgər torpaq sahəsi su mühafizə zonasına düşürsə və ya tikinti üçün yararlı hesab edilmirsə, həmin ərazi üzrə dövlət qeydiyyatından imtina edilir. Bu halda torpaq sahəsi yaşayış və ya tikinti məqsədilə satıla bilməz.

    Hüquqşünas həmçinin bildirir ki, gölləri və ya su hövzələrini dolduraraq torpaq kimi satan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Hər hansı su hövzəsini torpaqla doldurmaq həmin ərazi üzərində mülkiyyət hüququ yaratmır.

    Vizual qərarlar çökmə riskini artırır

    Memar Cahid Həsənov isə hesab edir ki, göllərin və bataqlıq ərazilərin doldurularaq istifadə edilməsi məsələsinə birtərəfli yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illər mövcud olmuş gölməçələrin və su hövzələrinin qurudulması, həmin ərazilərdə torpaqlaşma və möhkəmləndirmə işlərinin aparılması müasir texnologiyalar vasitəsilə mümkündür.

    Mütəxəssis qeyd edir ki, bu gün dünyada dənizin ortasında belə iri tikililərin inşa olunduğu layihələr mövcuddur. Lakin əsas məsələ həmin ərazinin texniki və geoloji baxımdan düzgün qiymətləndirilməsidir. Hər hansı su hövzəsinin doldurulmasından sonra həmin əraziyə yenidən suyun dolub-dolmaması, yeraltı suların vəziyyəti, torpağın dayanıqlığı və digər geoloji xüsusiyyətlər xüsusi analizlər və laboratoriya tədqiqatları əsasında araşdırılmalıdır.

    C.Həsənov vurğulayır ki, əgər bu proseslər yalnız vizual müşahidələrə əsaslanaraq həyata keçirilirsə, həmin ərazilərdə keyfiyyətli və təhlükəsiz tikintidən danışmaq mümkün deyil. Belə hallarda iqlim şəraiti, yeraltı suların hərəkəti və torpaq qatlarının xüsusiyyətləri nəzərə alınmadıqda, müəyyən müddətdən sonra ərazidə çökmə riski yaranır. Bu isə təkcə tikinti aparılan binalar üçün deyil, ümumilikdə həmin sahənin dayanıqlığı üçün ciddi təhlükə yarada bilər.

  • Nazirdən Tural Kərimovla bağlı ƏMR

    Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.
     
    Bununla əlaqədar mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb.
     
    Əmrə əsasən, Tural Kərimov Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. (report.az)

  • Keçmiş ədliyyə naziri vəfat etdi

    Keçmiş ədliyyə naziri Südabə Həsənova vəfat edib.

    O, 79 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.

    Südabə Həsənova 1995-2000-ci illərdə ədliyyə naziri, 2000-2005-ci ilərdə isə Ali Məhkəmənin sədri vəzifələrində işləyib.

  • “İlham baba mənə “KamAZ” göndərdi” – Video

    Prezident İlham Əliyevin tapşırığı ilə arzusu reallaşan, Xocavənd rayonunun Xanoba kəndinin balaca sakini Ayaz sevincini bölüşüb.

    Median.Az AzTV-yə istinadən xəbər verir ki, Ayaz sevincini belə ifadə edib:

    “İlham baba mənə “KamAZ” göndərdi”.
     
    Qeyd edək ki, sakinlərlə görüş zamanı Prezident İlham Əliyev balaca Ayazla səmimi söhbət edərkən azyaşlı ondan “KamAZ” istəmişdi.

  • Kür çayında suyun səviyyəsi artıb

    Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.

    Son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.

    Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb.