Category: Cəmiyyət

  • Məşhur reper xərçəngdən öldü

    Amerikalı məşhur reper Afrika Bambaataa (Lans Teylor) vəfat edib.

    Median.Az axsam-a istinadən xəbər verir ki, o, 68 yaşında ABŞ-nin Filadelfiya şəhərində dünyasını dəyişib. Məlumata görə, o, xərçəng xəstəliyinin yaratdığı ağırlaşmalar səbəbindən vəfat edib.

    Qeyd edək ki, Bambaataa hip-hop mədəniyyətinin yaradıcılarından biri sayılır. 1970-ci illərin sonlarında “Universal Zulu Nation” adlı təşkilatı quraraq bu mədəniyyətin dünyada yayılmasına töhfə verib.

    Onun ən məşhur işi 1982-ci ildə yayımlanan “Planet Rock” mahnısıdır. Bu trek hip-hopun inkişafına böyük təsir göstərib və ABŞ-da R’n’B çartında yüksək yerlərə yüksəlib.

    Sənətçi 1980–1990-cı illərdə azyaşlılara qarşı zorakılıq etməkdə ittiham olunub. O isə bu iddiaları rədd edib.

  • Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi

    Dövlət Gömrük Komitəsində rəhbər vəzifəyə kadr dəyişikliyi həyata keçirilib.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, Nazim İsayev Yevlax Gömrük Postunun rəisi vəzifəsindən azad edilib.

    O, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun müvafiq əmri ilə qurumun Gəncə Gömrük İdarəsinin rəisi postuna təyin olunub.

  • İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?

    Rəqəmsallaşma ictimai nəqliyyat sektorunda da ənənəvi ödəniş vərdişlərini sürətlə dəyişir. Nağdsız ödənişlər, xüsusilə NFC texnologiyası son illərdə sərnişinlər üçün həm sürət, həm də rahatlıq baxımından əsas alternativə çevrilib. Lakin son aylarda bu rahatlığın fonunda ciddi narazılıqlar yaranıb.

    Sərnişinlərin bir qismi nəqliyyatda bank kartlarından istifadə etmədikləri halda vəsait çıxıldığını, digərləri xərclərdən artıq məbləğin, bəzən bir gediş haqqının iki-üç dəfə çıxıldığını iddia edir, bəziləri isə kartlarının əsassız yerə məhdudlaşdırıldığını bildirirlər. Sosial şəbəkələrdə səslənən fikirlərdə qeyd olunur ki, bu ödənişlər əvvəlki uğursuz əməliyyatların əvəzində deyil, sistem tərəfindən sonradan avtomatik şəkildə həyata keçirilir. Xüsusilə son vaxtlar paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər metro və avtobuslarda NFC vasitəsilə ödəniş edərkən “kart məhdudlaşdırılıb” bildirişi ilə tez-tez qarşılaşırlar.

    Gecikmə haradan yaranır?

    Məsələnin əsas səbəbi ödənişin təsdiqi ilə vəsaitin faktiki silinməsi arasında yaranan zaman fərqidir. NFC ödənişlərində əməliyyat dərhal “uğurlu” kimi qeydə alınsa da, vəsait bank hesabından real vaxtda çıxılmır. Bu gecikmə bir neçə saat, bəzən günlərlə davam edə bilər. Nəticədə istifadəçi kartında kifayət qədər vəsait olduğunu düşünsə də, əvvəlki əməliyyatlar sistemdə “borc” kimi qalır və sonradan toplu şəkildə silinir. Xüsusilə oktyabr-aprel aylarında həyata keçirilmiş əməliyyatların bir hissəsinin gecikmə ilə emal olunması bu problemi daha da qabarıq göstərib. Hətta “Bakıkart” bununla bağlı açıqlama yayıb.

    Rəsmi açıqlama

    “Bakıkart”dan bildirilib ki, oktyabr-aprel aylarında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı ildən etibarən mərhələli şəkildə silinməsinə başlanılıb və bu proses başa çatdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq: “Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

    Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaq. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz”.

    Sistem necə işləyir?

    Qurumun məlumatına görə, “Bakıkart” tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “gecikdirilmiş avtorizasiya” prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Qurumdan bildirilir ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.

    Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

    “Gecikmiş silinmə” görüntüsü necə yaranır?

    İKT üzrə ekspert Elvin Abbasov bildirir ki, gecikmələrin əsas səbəbi nəqliyyat sistemi ilə bank infrastrukturu arasında sinxronizasiyanın real vaxtda aparılmamasıdır: “Validatorda kart oxunarkən sistem ilk növbədə kartın aktivliyini yoxlayır, lakin vəsaitin real vaxt rejimində silinməsi üçün hər bir avtobusdan banka anlıq sorğu göndərilməsi şəbəkə yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən tranzaksiya məlumatları paket şəklində toplanır və müəyyən fasilələrlə banka ötürülür ki, bu da “gecikmiş silinmə” görüntüsü yaradır”.

    E.Abbasovun sözlərinə görə, rabitə problemləri və texniki uyğunsuzluqlar da bu prosesə təsir edir: “Avtobus hərəkətdə olarkən validatorun internet bağlantısı zəiflədikdə məlumatların serverə ötürülməsi dayanır. Həmçinin bəzi smartfonların NFC modullarının validatorla sürətli əlaqə qura bilməməsi və ya token mübadiləsinin ləngiməsi ödənişin uğursuz olması və ya kartın qara siyahıya düşməsi ilə nəticələnir”.

    “Sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır”

    Gecikmiş ödənişlər sərnişinlər üçün maliyyə qeyri-müəyyənliyi yaradır. İstifadəçi balansının yetərli olduğunu düşündüyü halda, əvvəlki gediş haqları sonradan silindikdə balans mənfiyə düşə bilər. Bu isə xüsusilə debet kartlarda gözlənilməz bloklanmalara və digər ödənişlərin gecikməsinə səbəb olur.

    Ekspert əlavə edir ki, offline tranzaksiya modeli müəyyən hallarda saxtakarlıq risklərini də artırır: “Bu modeldə validator kartın balansını bankla anlıq yoxlamadığı üçün, balansı olmayan və ya bloklanmış kartlarla gediş etmək mümkün ola bilər. Bu boşluğu doldurmaq üçün sistem sonradan “qara siyahı” tətbiq edir, lakin məlumatların gecikməsi saxta və ya klonlanmış kartlarla sistemdən müvəqqəti istifadə imkanını artırır”.

    Bununla belə, ödənişlər zamanı tokenizasiya tətbiq olunur və kart məlumatları şifrələnmiş formada ötürülür.

    Mütəxəssislər sərnişinlərə kart balansını mütəmadi yoxlamağı, əməliyyat tarixçəsini izləməyi və şübhəli hallarda bankla əlaqə saxlamağı tövsiyə edir. Daha təhlükəsiz yanaşma kimi nəqliyyat ödənişləri üçün ayrıca kartdan istifadə etmək də məqsədəuyğun hesab olunur.

    Nəticə olaraq, NFC texnologiyası rahatlıq yaratsa da, mövcud gecikmələr göstərir ki, sistemin texniki dayanıqlığı və istifadəçi ilə kommunikasiya hələ də təkmilləşdirilməlidir.

    Mənbə: “Kaspi” qəzeti

  • Keçmiş ədliyyə naziri vəfat edib – FOTO

    Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib.

    O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.

    Qeyd edək ki, Südabə Həsənova ədliyyə naziri (1995 – 2000), Ali Məhkəmənin sədri (2000 – 2005) vəzifələrində işləyib.

  • Ötən gün Azərbaycanda 11 qanunsuz silah aşkarlanıb

    Ötən gün Azərbaycanda 11 qanunsuz silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Bildirilib ki, aprelin 10-da ümumilikdə 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 3 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.

  • “Artemis II” missiyasının heyəti Yerə qayıtdı

    ABŞ-nin NASA tərəfindən həyata keçirilən Artemis II missiyasında iştirak edən Orion kosmik gəmisinin heyəti Yerə uğurla qayıdıb.

    Astronavtların eniş anı qurumun rəsmi YouTube platformasında canlı yayımlanıb.

    Eniş Bakı vaxtı ilə saat 04:07-də baş tutub – ekipaj paraşüt sisteminin köməyi ilə San Diego sahilləri yaxınlığında Sakit okeana düşərək missiyanı təhlükəsiz şəkildə tamamlayıb.

    Bildirilir ki, kapsul tam şəkildə xilasetmə qrupuna təhvil verilməzdən öncə mütəxəssislər tərəfindən əlavə texniki yoxlamalar aparılıb. Daha sonra aparat ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS John P. Murtha gəmisinə götürülüb.

    Qeyd edək ki, missiyada Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen yer alıblar.

  • Bazar günü yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

  • Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir

    Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.

    Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

    Qeyd edilib ki, kollektor üzərində aparılan işlərlə bağlı ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub.

    Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.

    Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir.

    Xatırladaq ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuqun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.

    Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib.

  • Bakı küçələri yuyuldu

    Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb.

    Səhər saatlarından kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.

    Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

    Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yağan yağıların fəsadlarının tam şəkildə aradan qaldırılması və Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini verib.

  • Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək

    Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.

    Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.

    İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçiriləcək.