Category: Cəmiyyət

  • Çiyələyə zəhərli maddələr qatdığını dedi, araşdırma başladıldı – Video

    Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu “zəhər” adlandırması və zarafatla “çiyələyin ürəyi tutub” deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb.

    Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib:

    “Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur”.

    Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını bildiriblər.

    Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov bildirib ki, çiyələyin mövsümdən əvvəl yetişdirilməsi müəyyən risklər daşıyır. Onun sözlərinə görə, həddindən artıq gübrə istifadəsi və ya dozanın düzgün tənzimlənməməsi məhsulda hormonal təsirlər yarada bilər. Ekspert, xüsusilə uşaqların və hamilə qadınların mövsümdənkənar çiyələyi normadan artıq istehlak etməməsini tövsiyə edib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sözügedən görüntülər dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Natiq Bədirova məxsus təsərrüfatda monitorinq keçiriblər:

    “Təsərrüfatda istifadə olunan preparatlardan və yetişdirilən çiyələkdən nümunələr götürülərək laboratoriya sınaqlarına cəlb olunub. Həmçinin təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılıb”.

    Laborator analizlərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda bazarlarda çiyələyin kiloqramı 4-8 manat arasında dəyişir və satışda olan məhsullar əsasən Şəmkir, Cəlilabad və Lənkərandakı istixanalardan gətirilir.

  • Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

    Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

    Bildirilib ki, Nigar Qəhrəmanova 2 ildir ki onkoloji xəstəlikdən əziyyət çəkib. 6 ay əvvəl isə müalicə məqsədi ilə əməliyyat olunub, lakin xəstəliyi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Nigar Qəhrəmanova cəmi 4 yaşında Xocalı meşələrində ayaqları donduğu üçün hər ikisi amputasiya olunmuşdu.

    “Nigarın atası Təvəkkül silahlı olduğundan əsir düşəcəyimizi biləndə əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan Təvəkkül ağaclara söykənə-söykənə mülki əhali ilə birlikdə Əsgəran ərazisindəki şumlanmış əkin sahəsinə qədər gəlib. Oradakı dinc sakinlərin yerini aşkar edən erməni silahlıları atəş açaraq atasının çiynində olan dörd yaşlı Nigarı yaralayıblar. Uşağın anası Raya yaralı qızı Nigarı qucağına götürdükdə ermənilər güllə ilə qadının başından vuraraq onu qətlə yetiriblər”, – bu barədə onun ailəsi xatirələrində bildirib.

    Nigar Qəhrəmanova uzun müddət bacısı Xəzangüllə birlikdə yaşayıb. O, cəmi 7 il əvvəl ailə həyatı qurmuşdu.

    39 yaşında vəfat edən Nigarın anası Raya xanım 33, atası isə 37 yaşında Xocalı faciəsinin qurbanı olublar.

    Nigar Qəhrəmanova səhhətində yaranan problemlərə görə Xocalı işğaldan azad olduqdan sonra öz ata-baba yurduna gedə bilməyib.

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Hacıqabul, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Bazar günü yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

  • İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək

    İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub, təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək.

    Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, ilkin tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

    Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaqdır. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcəkdir.

    Qeyd edilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunmuşdur.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirir ki, ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən olan qala divarlarının qorunması prioritet vəzifədir. Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilmişdir. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir.

    Diqqətə çatdırılıb ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməmişdir. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

    Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcəkdir. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir.

    Vurğulanıb ki, prosesin gedişatı barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək.

  • Bakıda Gəncə prospektində sürüşmə olub – Mütəxəssislər hadisə yerindədir

    “Son günlər Abşeron yarımadasında müşahidə olunan intensiv atmosfer çöküntülərinin düşməsi ilə Bakıda Gəncə prospekti, 29/35 ünvanında sərt yamacda səthi yuyulma nəticəsində sürüşmə baş verib”.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

    Onun sözlərinə görə, bu gün səhər saatlarında 3-4 kubmetr süxur kütləsinin islanaraq yamac boyunca uçması hesabına sürüşmə olub:

    “Proses lokal xarakterli olub. Nisbətən yumşaq süxurların yağış suları hesabına yuyulması və islanması nəticəsində baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır”.

  • İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub

    İrandan fevralın 28-də saat 08:00-dan aprelin 11-də saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanın 192, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 46, Almaniya və Kanadanın hər birinin 27, İspaniyanın 26, Fransa 25, Gürcüstan 21, Səudiyyə Ərəbistanı və Yaponiyanın hər birinin 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreynin 16, Polşa və İsveçrənin hər birinin 14, Nigeriya, Qazaxıstan və Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Qırğızıstan, Rumıniya, Çexiya, Avstraliya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstriya, Yunanıstan və Vyetnamın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hər birinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin üç, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Uruqvay və Sloveniyanın hər birinin iki vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin bir vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

    Aprelin 8-də isə İranla ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

  • Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında

    Tanıdığı şəxslərin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclas zərərçəkən Fərrux Ələkbərovun ifadəsi ilə davam edib.

    Zərərçəkən ifadəsi zamanı bildirib ki, Zamiq Xankişiyev tikinti işləri ilə bağlı ona dəymiş zərəri tam ödəyib və bu səbəbdən ondan şikayətçi deyil.

    Buna münasibət bildirən iş üzrə əsas zərərçəkən Pərviz Səlimov isə qeyd edib:

    “Mən Fərruxu tanımırdım. Cinayət işinin ibtidai istintaqı zamanı Zamiq Xankişiyev iddia edirdi ki, Fərruxu mənim vasitəmlə şikayətçi kimi cəlb ediblər. Halbuki, onların arasındakı borc avtomobil məsələsi ilə bağlı olub. İndi isə söhbət hər hansı avtomobildən deyil, görülən beton işləri ilə bağlı yaranmış borcun ödənilməsindən gedir”.

    Pərviz Səlimov daha sonra bildirib ki, istintaq materiallarında Zamiq Xankişiyevin ona yarım milyondan çox ziyan vurduğu qeyd olunsa da, ümumi məbləğ bundan daha çoxdur. O, bununla bağlı bütün sənədləri məhkəməyə təqdim etməyə hazır olduğunu deyərək, təqsirləndiriləni yalan danışmaqda ittiham edib.

    Zərərçəkən onu da vurğulayıb ki, ibtidai istintaq zamanı ortaya çıxarılmış bir çox sübutlar iş materiallarına əlavə edilməyib. Pərviz Səlimovun iddiasına görə, Zamiq Xankişiyevin daha bir neçə nəfərə də külli miqdarda borcu var.

    Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

    İttihama görə, Zamiq Xankişiyev özünü geniş əlaqələrə malik işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib və onların təxminən 1 milyon manat pulunu mənimsəyib.

    İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə məsuliyyətə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

    Araşdırmalar zamanı məlum olub ki, Xankişiyevdən ən çox zərər görən onun tanışı olan iş adamı P.Səlimovdur.

    O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manat pulunu ələ keçirərək mənimsəməkdə ittiham olunur.

    Təqsirləndirilən şəxs digər bir vətəndaşa 180 min manat ziyan vurmaqda da təqsirləndirilir.

    Fərrux Ələkbərova isə KIA markalı avtomobili satmaq adı ilə təxminən 6 000 manat pulunun mənimsənildiyi bildirilir.

    Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

    Qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayılıb.

    Təqsirləndirilən şəxs vaxtilə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı səbəbindən vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.

    Bununla yanaşı, Zamiq Xankişiyevin qayınatası Şahin İbadov “Azəryolserviz” MMC-nin (sonradan qurumun adı dəyişdirilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olub – red.) sabiq sədri Saleh Məmmədovun müşaviri olub.

    Müttəhim, həmçinin bahalı avtomobil kolleksiyasına malik şəxs kimi də tanınıb.

  • Yanğın təhlükəsizliyinə əməl edilməyən avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki:

    – obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

    – odsöndürən balonlarla tam təmin edilməyib;

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

    – yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

    – yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib;

    – daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır;

    – yanğın zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə yaxınlaşaraq sərbəst yan alması üçün əlverişli şərait yaradılmayıb;

    – elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

    – obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

    – obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    “Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – deyə məlumatda bildirilib.

  • Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

    Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalicə üçün anasının himayəsinə verilib.

    Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

    Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı – 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.

    Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər. Ailənin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.