Category: Cəmiyyət

  • Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır – Video

    Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu dəyişiklik “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən həyata keçiriləcək.

    Baş plana uyğun olaraq, şəhərin mərkəzi hissəsində piyada infrastrukturunun əsaslı şəkildə genişləndirilməsi nəzərdə tutulur. Əsas hədəf paytaxtda geniş piyada şəbəkəsinin qurulması, eləcə də rahat və müasir hərəkət mühitinin yaradılmasıdır. Hazırda məhdud olan piyada zonaları daha geniş sahələri əhatə edəcək və şəhər mərkəzində fasiləsiz marşrutlar formalaşacaq.

    Nəqliyyat məsələləri üzrə ekspertlərin fikrincə, sürət həddinin endirilməsi paytaxtda yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməyə və piyadalar üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək. Bütün bu dəyişikliklər Bakının mərkəzində hərəkətin daha rahat və fasiləsiz olmasını təmin edəcək.

  • Kulinariyanın yeni trendi “təbii maya” – Necə hazırlanır?

    Mətbəxdə son illər daha çox maraq doğuran təbii məhsullardan biri olan “təbii maya” həm dad, həm də sağlamlıq baxımından ev çörəyi hazırlayanların vazkeçilməzinə çevrilib.

    Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, keyfiyyətli və dadlı çörəyin sirri təkcə reseptdə deyil, həm də “təbii maya”nın düzgün hazırlanmasındadır.

    “Təbii maya” yalnız çörəyin qabarmasını təmin etmir, eyni zamanda onun dadını və teksturasını da tamamilə fərqli edir. Lakin bu “təbii maya” canlı orqanizm olduğu üçün müntəzəm “qidalanmaya” ehtiyac duyur. Düzgün bəslənməyən maya zamanla zəifləyir, xəmirin qalxmasını ləngidir və hətta tamamilə funksiyasını itirə bilər.

    Mütəxəssislərin sözlərinə görə, “təbii maya”nın sağlam qalması üçün onun mütəmadi olaraq un və su ilə qidalandırılması vacibdir. Bu proses yalnız aktivliyi qorumaqla kifayətlənmir, həm də mayanın ətrini artırır və çörəyin turşluq balansını daha ideal edir.

    “Təbii maya”nın bəslənmə tezliyi onun saxlanma şəraitindən asılıdır. Otaq temperaturunda saxlanılan maya adətən gündə bir dəfə qidalandırılmalıdır. Daha aktiv nəticə əldə etmək istəyənlər üçün isə hər 12 saatdan bir un və su əlavə etmək tövsiyə olunur. Soyuducuda saxlanılan maya isə həftədə bir dəfə qidalandırılmalıdır.

    Qidalandırma zamanı ən çox istifadə olunan nisbət 1:1:1-dir. Yəni maya, un və su bərabər miqdarda götürülür. Bu nisbət mayanın balanslı və aktiv qalmasına kömək edir.

    Un seçimi də mühüm rol oynayır. Tam buğda və ya çovdar unu mayanın daha sürətli aktivləşməsini təmin edir, çünki bu növ unlar daha zəngin qida mənbəyidir. Ağ un istifadə edildikdə isə proses bir qədər yavaş gedə bilər. Əgər maya zəifdirsə, az miqdarda tam buğda unu əlavə etmək onun güclənməsinə kömək edə bilər.

    Su seçimi də diqqətdən kənarda qalmamalıdır. İlıq su maya hüceyrələrinin daha aktiv işləməsini təmin edir, lakin çox isti su onları məhv edə bilər. Xlorlu kran suyu isə mayaya zərər verə biləcəyindən, içməli və ya qaynadılıb soyudulmuş sudan istifadə etmək daha məqsədəuyğundur.

    Qeyd olunur ki, maya qidalandırıldıqdan sonra onu isti və qaranlıq mühitdə saxlamaq aktivliyini artırır və daha uğurlu nəticə əldə etməyə imkan verir.

  • Kollektorun üzərində daha 22 ev var – 8-i sökülməlidir (Video)

    Xətai rayonu, Rəşid Bağırov küçəsində kollektorun üzərində tikilmiş ümumilikdə daha 22 ev var və bunlardan 8-i hazırda ərazidə aparılan təmir işlərinə maneçilik törədir.

    Bununla bağlı ATV kanalında süjet hazırlanıb.

    ADSEA-nın Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirovun sözlərinə görə, həmin tikililər qəza baş verən yerə çox yaxın məsafədədir: “8 ev zədəli zonada – qəza baş verən yerə 100-200 metr məsafədə yerləşir. Aşağı istiqamətlərdə də kollektor üzərində tikilmiş evlər var. Bu tikintilərin hamısı tam maneə törədir”.

    Qeyd olunub ki, kollektorun keçdiyi evlər siyahıya alınır. Sakinlər icra hakimiyyətinə çağırılıb. Onlara evlərinin sökülmə ehtimalının olduğu deyilib.

    Xatırladaq ki, ötən həftə sözügedən ünvanda üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalıb, nəticədə Səbuhi Məmmədova məxsus ev sökülüb.

    Daha ətraflı videomaterialda:

  • ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər – Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və yerli sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

    Bildirilib ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.

    Digah qəsəbəsi, Bakıxanov küçəsində kanalizasiya şəbəkəsi olmayan gölətrafı evlərə və həyətyanı sahələrə yığılan yağış sularının Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən gölə təxliyə edilməsi işləri davam etdirilir.

    Bağlar Sukanal idarəsinin əməkdaşları Məmmədli kəndi N.Nərimanov küçəsindəki tullantı su şəbəkəsi olmayan ərazidən evlərə və həyətyanı sahələrə yığılan yağış sularının təmizlənməsi işlərini icra edirlər.

    Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, döngə 2 ünvanında intensiv yağışlar nəticəsində toplanmış sular nasos vasitəsilə ərazidən kənarlaşdırılır.

    Nadir Quliyev küçəsində nasos quraşdırılıb. Nasosun çıxış xəttindən diametri 160 mm-lik boru xətti çəkilərək yağış sularının kənarlaşdırılması həyata keçirilir.

    Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivinə intensiv yağışlar nəticəsində toplanmış sular quraşdırılmış nasos vasitəsilə ərazidən kənarlaşdırılır.

    Sabunçu rayonu, Sabunçu vağzalının qarşısı yağış sularından təmizlənir. Novxanı bağlarının kanalizasiya şəbəkəsi olmayan ərazilərindən yağış sularının təxliyə edilməsi işləri davam etdirilir.

  • Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü

    Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

    Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

    Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.

    İdarədən bildiriblər ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.

    Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

  • Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

    Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Balın təbiiliyi necə müəyyən olunur? – Video

    Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir.

    Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir.

    Eyni zamanda, arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın təhlükəsizliyini təmin edir.
    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik baxımından tövsiyə olunmur.

  • Hacıqabul sakini itkin düşdü

    Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur.

    Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.

  • Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

    Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan müzakirə olunan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

    Bu qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Bu şəxslər məcburi işdən çıxarılacaq

    Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək:

    • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə;

    • işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.
    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az