Category: Cəmiyyət

  • Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər

    Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, agentlik əməkdaşları Tovuz Rayon Mərkəzi Xəstəxanasına gələrək, uşaqların yenidən tibbi müayinədən keçirilməsini təşkil ediblər. Daha sonra azyaşlılar xəstəxanadan götürülərək Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.

    Uşaqların anası Təranə Ələsgərovanın isə xəstəxanada müalicəsi davam etdirilir.

    Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixi xəstə olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

    Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı – 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.

    Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.

  • Azərbaycanda terror fəaliyyətində iştiraka görə YENİ CƏZALAR müəyyənləşir

    Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir.

    Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Belə ki, Cinayət Məcəlləsinin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.

    Məcəllənin 214-4.2-ci maddəsində (terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır – red.) nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

    Həmçinin Azərbaycanın iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına dair obyektlərin siyahısı genişlənir.

    Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlərlərinə görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzaları müəyyənləşir.

    Həmçinin eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur.

    Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir.

    Həmçinin burada da təxribatın hazırlanmasında iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

    Yekunda layihə səsə quyularaq birinci oxunuşda qəbul olunub.
    //oxu.az

  • Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar – Sənəd təsdiqləndi

    Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

    Sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

    Sazişə əsasən iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

    Qeyd olunur ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.

    Sənədə əsasən, tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraq tanıyırlar. Sazişin müddəaları sürücülük vəsiqələrinin ixtisas imtahanından keçmədən dəyişdirmək hüququnun həyata keçirilməsi, ərizə ilə müraciət qaydaları, müəyyən edilmiş daxili rüsumların ödənilməsi, sürücülük vəsiqələrinin ekvivalentliyi, nümunələrinin mübadiləsi, bunun üçün səlahiyyətli qurumların müəyyən edilməsi, zəruri məlumatların ötürülməsi, fikir ayrılıqlarının həllini və sair məsələləri tənzimləyir.

    Layihə müzakirə olunduqdan sonra bir oxunuşda qəbul olunub.

  • Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər

    Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki bilikləri xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndiriləcək.

    Sözügedən məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

    Qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur.

    Vurğulanıb ki, bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

    Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.

    Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.

    Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

    Qeyd olunub ki, layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.

    Həmçinin sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.

    Layihə səsə qoyulduqdan sonra üçüncü oxunuşda qəbul olunub.

  • Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər – FOTO

    “Sülh Körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

    Median.Az AZƏRTAC-a xəbər verir ki, bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.

    Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

    Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

    Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.




  • Azərbaycanda veb-resursa kiberhücum: Serverdən xarici sistemlərə müdaxilə edilib – XƏBƏRDARLIQ

    Dünyada müşahidə olunan geosiyasi proseslər fonunda əksər ölkələrə qarşı kiberhücumların miqyası artmaqdadır. Bu hücumlar birbaşa ölkəni hədəf almaqla yanaşı, eyni zamanda ölkədə informasiya və kibertəhlükəsizlik tələblərinə cavab verməyən platformadan istifadə etməklə, digər dövlətlərin informasiya sistemlərini hədəfə alırlar.

    Bu istiqamətdə Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən (NCSC Hungary) daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) Rəqəmsal Təhqiqat Mərkəzi geniş araşdırma aparıb. Təqdim edilmiş texniki göstəricilərin (URL və IP ünvanlar) təhlili nəticəsində hadisənin mənbəyi və xarakteri müəyyənləşdirilib.

    Araşdırma zamanı məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər. Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub.

    Elektron Təhlükəsizlik Xidmətinin (ETX) həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.

    Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha informasiya sistemləri və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir.

  • Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

    Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişiklik olub.

    Bununla bağlı “BakuBus” MMC məlumat yayıb.

    Bildirilib ki, Maştağa qəsəbəsində Axund Mirzə Əbdülkərim küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq M8 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Mehdi Hüseynzadə küçəsi ilə, 172 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Seyid İbad Ağa küçəsi ilə hərəkət edir.

    Bundan başqa, Sahil qəsəbəsində Vaqif Ələkbərov və Emin Quliyev küçələrində yolda yaranmış çuxurlarla bağlı 149 saylı marşrut xətti son dayanacağa gedə bilmir. Marşrut müvəqqəti olaraq Sahil qəsəbəsində Rövşən Rzayev parkının yanında dayanır.

  • Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ: Alarkən mütləq DİQQƏT edin – Video

    Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satışda olan bəzi təkərlərin üzərindəki rəqəmlər əsl həqiqəti əks etdirmir. İşbazlar xüsusi üsullarla köhnə şinlərin üzərindəki istehsal tarixini silib yerinə yeni tarix yazırlar.

    Saxta möhürlə dırnaqarası təzələnmiş təkər təkcə maddi ziyan deyil, həm də yollarda hər an qəza riski deməkdir. Vaxtı keçmiş rezin daxildən çürüməyə başladığı üçün ən kiçik təzyiqdə faciəyə yol aça bilir.

    Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, təkər alarkən yalnız rəqəmlərə güvənməsinlər, rezin hissənin teksturuna və tarixin yazıldığı hissədə kələ-kötürlüyün olub-olmamasına mütləq diqqət yetirsinlər.

  • Ölkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar – Video

    Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.

    Bu barədə İTV-nin videomaterialında bildirilib.

    Nəzrin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dördüncü kurs tələbəsidir. O, magistr təhsilini Oksford Universitetində davam etdirəcək.

    “Hüquq tələbəsi olmaq eyni zamanda çox gözəl hissdir və təbii ki, çox məsuliyyətlidir. Mənim Hüquq fakültəsinə girməyimin ən böyük səbəbi ədalətə böyük inancım idi. Hüquq və maliyyə proqramına qəbul oldum. Çünki marağım beynəlxalq iqtisadi hüquqadır”.

    Nəzrin deyir ki, Oksforda gedən yolun planını hələ 3-cü kursdan qurmağa başlayıb. Rəqabətin yüksək olduğunu bilsə də, məqsədindən geri çəkilməyib.

    Həmidə Sadıqova isə Kembric Universitetinin Siyasət və Beynəlxalq Araşdırmalar proqramına qəbul olub. Birinci sinifdən birgə addımlayan bacıların yolları ilk dəfə ayrılacaq. Onlar fərqli şəhərlərdə, fərqli ixtisaslar üzrə yeni bir yola başlayacaqlar.

    Qeyd edək ki, bacılar tələbə olduqları ilk gündən Prezident təqaüdçüləridir və bu statusu uğurla qoruyub saxlayıblar.

  • Keyfiyyətsiz pestisid məhsullarının idxalının qarşısı alındı

    Fiziki şəxs Səfail Zəki oğlu Qənbərovun İrandan idxal etdiyi ümumi çəkisi 12 028 kq “Emulsifiable Oil Aria 80% L” əmtəə nişanlı pestisid məhsulundan (kənd təsərrüfatı bitkilərini, ərzaq ehtiyatlarını və heyvanları zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qorumaq üçün istifadə edilən kimyəvi və ya bioloji maddələr qarışığı – red.) nümunələr götürülərək laborator müayinələrə təqdim olunub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.

    Uyğunsuzluqla əlaqədar, məhsul partiyasının geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Məhsullar mənşə ölkəsinə geri qaytarılıb.