Category: Cəmiyyət

  • Biləsuvarda iki yol qəzası olub, xəsarət alanlar var

    Biləsuvar rayonu ərazisində iki yol qəzası baş verib.

    İlk hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, rayonun Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Rövşən Abbasov idarəetdiyi motosikleti maneəyə çırpıb. Nəticədə o müxtəlif bədən xəsarətləri alaraq, rayon xəstəxanasına çatdırılıb.

    Digər yol qəzası isə rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasına yerləşdirilib.

    Hər iki faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Yaylaqlara köçlə bağlı qeydiyyata başlanılır – Fermerlərin nəzərinə!

    Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır.

    Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə (eagro.az) həyata keçirilir.

    Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 13 aprel, saat 10:00-dan etibarən qeydiyyatdan keçə bilərlər.

    Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.

    2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir.

    Fermerlərin köç portalına daxil etdikləri məlumatların tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək.

    Fermerlərə portalda qeydiyyat zamanı göstərdikləri mobil nömrəyə köç tarixinə dair SMS bildirişi göndəriləcək.

    Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tövsiyə olunur.

    Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

  • Bu yollarda gecə saatlarında təmir işləri aparılacaq

    Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

    – Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;

    – Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində).

    İşlərin icra tarixi və müddəti 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-a qədər və 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-a qədərdir

    Göstərilən tarixlərdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq, Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • Mario Adorf vəfat etdi

    “Tənəkə təbil” və “On zənci balası” filmlərindəki rolları ilə məşhurlaşan aktyor Mario Adorf 95 yaşında vəfat edib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun ölümünü onun meneceri və “Reinholz” kino agentliyinin nümayəndələri təsdiqləyib.

    “Bild”in məlumatına görə, aktyor aprelin 8-də qısa sürən xəstəlikdən sonra Parisdəki mənzilində vəfat edib.

    Mario Adorf 1930-cu il sentyabrın 8-də İsveçrədə anadan olub. O, kino karyerasına 1954-cü ildə başlayıb. Aktyor 200-dən çox filmdə (“Tənəkə təbil” (1979), “Balaca lord” (1996), “İnsan ovu” (1972), “Pinokkio” (2013) və s.) çəkilib.

  • Motosiklet və moped sürücülərinin təqsiri səbəbindən üç nəfər ölüb

    Cari ilin ilk üç ayı ərzində Azərbaycanda motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən beş yol-nəqliyyat hadisəsində üç nəfər həyatını itirib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, birinci rübdə sözügedən səbəbdən iki nəfər xəsarət alıb.

    Həmçinin təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib.

  • Sabah 22 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

  • Naxçıvanda 50 qida obyekti cərimələndi

    2026-cı ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada 50 qida obyektinə cərimə tətbiq olunub.

    Agentlikdən verilən məlumata görə, bu müddətdə ümumilikdə 68 yoxlama həyata keçirilib və əksər qida obyektlərində müxtəlif növ pozuntular aşkarlanıb.

    Yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektlərində, 2-si məktəb bufetlərində, 3-ü apteklərdə, 15-i isə emal müəssisələrində aparılıb.

    Aparılan nəzarət tədbirləri zamanı ən çox pozuntuların emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alındığı bildirilib.

    Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Həm planlı, həm də plandankənar yoxlamaların nəticəsi olaraq 50 qida obyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tənbehvermə qərarı qəbul edilib.

  • Bakıda 1,5 kilometrlik yolda 25 çala yarandı – Video

    Jurnalist Tural Yusifov Hövsan qəsəbəsində rastlaşdığı problemlə bağlı video paylaşıb.

    Yaşadığı qəsəbənin yollarında yaranmış çoxsaylı çalaları sayan T.Yusifov 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığını deyib.

    Hövsan-MİDA yolundakı vəziyyətlə bağlı narahatlığını ifadə edən jurnalist həmin çalaları zarafatla “dinozavr yuvası” adlandırıb və dövlət qurumlarına ritorik sual ünvanlayıb: “Görəsən Bakıda yağışla birgə nə yağır ki, yollar bu vəziyyətə düşür?!”

    Qeyd edək ki, bir neçə gün davam edən intensiv yağışlardan sonra Bakının əksər küçə və prospektlərinin asfalt örtüyündə problemlər yaranıb. Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur.

  • Sabiq ədliyyə nazirinin nəvəsi faciəvi şəkildə həyatını itirdi

    Azərbaycanın sabiq ədliyyə naziri Əlisaab Orucovun (1985–1992 və 1992-ci ilin aprel-iyul ayları) nəvəsi ehtiyatsızlıqdan dünyasını dəyişib.

    “Cebheinfo.az”a bu haqda ailənin yaxınları məlumat verib.

    Bildirilib ki, sabiq nazirin 19 yaşlı nəvəsi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

    O, elə hadisə yerindəcə dünyasını dəyişib.

  • Taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər müəyyənləşəcək

    Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək.

    Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

    Sənəddə qeyd olunur ki, müvafiq dəyişikliklərlə bağll təkliflər iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

    “Avtomobil nəqliyyatı haqqında” Qanunun 15.5-ci maddəsinə əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.