Category: Cəmiyyət

  • Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI – FOTO – VİDEO

    Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, “Hyundai” markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.

    “BDYPİ bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər”, – məlumatda bildirilib.

  • Nazirliklərin saytlarında niyə problem yaranır?

    Azərbaycanda bir sıra dövlət strukturları və nazirliklərin rəsmi internet saytlarında problem yaranıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmi saytlarına giriş mümkün deyil.

    Problemin texniki nasazlıq, kiberhücum və ya digər səbəblərlə bağlı olub-olmadığı hələlik açıqlanmayıb.

    Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

    Qeyd edək ki, günlər öncə də analoji problem baş vermişdi.

  • Sabah Bakıda hava yağmursuz olacaq

    Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

  • Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

    Gürcüstanda Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğrayan Türkiyənin “C-130” hərbi yük təyyarəsi ilə bağlı aparılan texniki araşdırmalara dair hesabatda yeni detallar açıqlanıb.

    Bu barədə Median.Az “TRT Haber”ə istinadən xəbər verir.

    Hesabata əsasən, təyyarənin qalıqlarından götürülən nümunələrin təhlillərində nə daxili, nə də xarici hissədə partlayıcı maddə qalığı aşkarlanmayıb.

    “Qəza anına qədər rəqəmsal məlumat qeydləri göstərir ki, uçuş heyətinin söhbətlərində və təyyarənin sistemlərində hər şey normal qaydada olub, hər hansı nasazlıq aşkar edilməyib. Hadisənin qəfil baş verdiyi, quyruq konusunun gövdədən ayrılması səbəbindən Uçuş Məlumatları Qeydedicisinin (FDR) elektrik və məlumat kabelləri qopub, buna görə də qeyd cihazında qəzaya işıq sala biləcək əlavə məlumatlar tapılmayıb”, – deyə açıqlamada bildirilib.

  • Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı AÇIQLANDI

    Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Həmçinin bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

  • Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı YENİLİK

    Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.

    Bu işlərin cari ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır.

    Bundan əlavə, gömrük məqsədləri baxımından beynəlxalq yükdaşımalar üzrə əvvəlcədən məlumatlandırma sisteminin yaradılması istiqamətində normativ hüquqi bazanın təkmilləşdirilməsi də gündəmdədir. Bu istiqamətdəki fəaliyyətlər Dövlət Gömrük Komitəsi ilə bərabər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən reallaşdırılacaq.

    Paralel olaraq, səlahiyyətli iqtisadi operator statusunun həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi akt layihələrinin hazırlanması da nəzərdə tutulub. Göstərilən bütün tədbirlərin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

  • Azərbaycanda bəzi şəxslərin maaşlarında artımlar olacaq – Tapşırıq verildi

    Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən ediləcək.

    Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

    Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
    //oxu.az

  • Gəncədə ağır qəza: Ölən var

    Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Belə ki, “Chevrolet” və VAZ markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1953-cü il təvəllüdlü Mütəllim Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA

    2025-ci ildə Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə boşanmaların sayı məlum olub.

    Bu barədə oxu.az-ın sorğusuna Dövlət Statistika Komitəsindan cavab verilib.

    Belə ki, Bakı şəhərində ötən il ümumilikdə 6 307 boşanma faktı qeydə alınıb. Boşanma sayının ən çox olduğu rayon isə Xətai olub.

    Bölgələr üzrə boşanma göstəricilərində ən yüksək rəqəm Qarabağ iqtisadi rayonunda, ən az rəqəm isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb – müvafiq olaraq 1 590 və 577 boşanma.

    Ən az boşanma Xankəndi şəhərində qeydə alınıb – cəmi 12 boşanma.

    Rayonlar üzrə statistikanı təqdim edirik:

    Bakı şəhəri üzrə (6 307):

    Binəqədi rayonu – 821;

    Xətai rayonu – 836;

    Xəzər rayonu – 405;

    Qaradağ rayonu – 384;

    Nərimanov rayonu – 505;

    Nəsimi rayonu – 475;

    Nizami rayonu – 440;

    Pirallahı rayonu – 30;

    Sabunçu rayonu – 690;

    Səbail rayonu – 310;

    Suraxanı rayonu – 636;

    Yasamal rayonu – 775.

    Naxçıvan Muxtar Respublikası üzrə (889):

    Naxçıvan şəhəri – 223;

    Babək rayonu – 155;

    Culfa rayonu – 83;

    Kəngərli rayonu – 67;

    Ordubad rayonu – 70;

    Sədərək rayonu – 27;

    Şahbuz rayonu – 63;

    Şərur rayonu – 201.

    Abşeron-Xızı iqtisadi rayonu üzrə (1 504):

    Sumqayıt şəhəri – 820;

    Abşeron rayonu – 655;

    Xızı rayonu – 29.

    Dağlıq Şirvan iqtisadi rayonu üzrə (577):

    Ağsu rayonu – 181;

    İsmayıllı rayonu – 146;

    Qobustan rayonu – 70;

    Şamaxı rayonu – 180.

    Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə (1 374):

    Gəncə şəhəri – 793;

    Naftalan şəhəri – 26;

    Daşkəsən rayonu – 84;

    Goranboy rayonu – 183;

    Göygöl rayonu – 157;

    Samux rayonu – 131.

    Qarabağ iqtisadi rayonu üzrə (1 590):

    Xankəndi şəhəri – 12;

    Ağcabədi rayonu – 240;

    Ağdam rayonu – 437;

    Ağdərə rayonu – 18;

    Bərdə rayonu – 295;

    Füzuli rayonu – 283;

    Xocalı rayonu – 58;

    Xocavənd rayonu – 32;

    Şuşa rayonu – 59;

    Tərtər rayonu – 156.

    Qazax-Tovuz iqtisadi rayonu üzrə (1 228):

    Ağstafa rayonu – 198;

    Gədəbəy rayonu – 148;

    Qazax rayonu – 184;

    Şəmkir rayonu – 369;

    Tovuz rayonu – 329.

    Quba-Xaçmaz iqtisadi rayonu üzrə (922)

    Xaçmaz rayonu – 295;

    Quba rayonu – 249;

    Qusar rayonu – 168;

    Siyəzən rayonu – 101;

    Şabran rayonu – 109.

    Lənkəran-Astara iqtisadi rayonu üzrə (1 292):

    Astara rayonu – 182;

    Cəlilabad rayonu – 222;

    Lerik rayonu – 75;

    Lənkəran rayonu – 396;

    Masallı rayonu – 326;

    Yardımlı rayonu – 91.

    Mərkəzi Aran iqtisadi rayonu üzrə (1 442)

    Mingəçevir şəhəri – 255;

    Ağdaş rayonu – 234;

    Göyçay rayonu – 213;

    Kürdəmir rayonu – 207;

    Ucar rayonu – 179;

    Yevlax rayonu – 238;

    Zərdab rayonu – 116.

    Mil-Muğan iqtisadi rayonu üzrə (852)

    Beyləqan rayonu – 167;

    İmişli rayonu – 224;

    Saatlı rayonu – 187;

    Sabirabad rayonu – 274.

    Şəki-Zaqatala iqtisadi rayonu üzrə (1 065)

    Balakən rayonu – 157;

    Qax rayonu – 88;

    Qəbələ rayonu – 172;

    Oğuz rayonu – 98;

    Şəki rayonu – 329;

    Zaqatala rayonu – 221.

    Şərqi Zəngəzur iqtisadi rayonu üzrə (711):

    Cəbrayıl rayonu – 193;

    Kəlbəcər rayonu – 176;

    Qubadlı rayonu – 83;

    Laçın rayonu – 137;

    Zəngilan rayonu – 122.

    Şirvan-Salyan iqtisadi rayonu üzrə (922):

    Şirvan şəhəri – 214;

    Biləsuvar rayonu – 158;

    Hacıqabul rayonu – 156;

    Neftçala rayonu – 166;

    Salyan rayonu – 228.

  • Xəzərdə son iki gündə beşinci zəlzələ oldu – FOTO

    Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, dərinliyi 12 km olan zəlzələ yerli vaxtla saat 02:17-də baş verib.

    Xatırladaq ki, bu son iki gündə artıq beşinci zəlzələdir. Bunlardan ən güclüsü yerli vaxtla aprelin 8-i saat 13:05-də qeydə alınıb və maqnitudası 5.3 olub.